Əlillərin hüquqları ilə bağlı BMT-nin tövsiyələri müzakirə olunub

 

Səlim Müslümov: "Hazırda əhalinin 5,6 faizi - 530 min nəfəri əlilliyi olan şəxslərdir”

 

Mayın 22-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Hazirliyin məlumatına görə, tədbiri giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova hüquqi cəmiyyət quruculuğunun geniş vüsət aldığı Azərbaycanda sosial qanunvericiliyin, o cümlədən əlilliyi olan şəxslərlə bağlı hüquqlar sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsinin dövlətin mühüm prioritetlərindən biri olduğunu qeyd edib. E.Süleymanova BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunmasını və Konvensiyanın icrası istiqamətində artıq müvafiq işlərin görülməsini ölkənin bu sahədə irəliyə doğru yeni mühüm addımı kimi dəyərləndirib. Ombudsman Konvensiyanın icrası ilə bağlı Azərbaycanın hesabatına dair BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin də ciddi şəkildə nəzərdən keçirilərək müvafiq tədbirlərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dinamik tərəqqi dövrünü yaşayan Azərbaycanın eyni zamanda özünün sosial dövlət statusunu bütün istiqamətlərdə doğrultmaq əzmində olduğunu qeyd edib: "Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Azərbaycanda əlilliyin səviyyəsi digər ölkələrə nisbətən aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi belə şəxslərdən ibarətdir".

Nazir bildirib ki, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm də müvafiq hüquqi-normativ sənədlərdə təsbit olunub: "Qüvvədə olan "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun 1992-ci ildə qəbul edildiyi üçün konvensiyanın müddəalarını tam əhatə edə bilmir. Buna görə də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanaraq nazirliyin vebsaytında yerləşdirilmiş, beynəlxalq ekspertlər tərəfindən baxılmış və BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin rəylərinin də nəzərə alınması məqsədi ilə həmin qurumun Cenevrədəki ofisinə göndərilmişdir. Yeni qanun layihəsi Konvensiya ilə ölkənin üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə dövlət siyasətinin əsas prinsipləri, dövlət təminatları, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, məşğulluq, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir. Bununla yanaşı, "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsi hazırlanmışdır. Bu layihə də nazirliyin vebsaytında yerləşdirilmiş və müvafiq dövlət orqanları ilə razılaşdırılması üçün həmin orqanlara göndəriləcək".

Nazir çıxışında əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsi və sosial müdafiə hüququnun təmin edilməsi ilə bağlı müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb: "Respublikada əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir. Əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, prezident təqaüdü alanların isə 52,2%-i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb". S.Müslümov həmçinin "Sosial xidmət haqqında" qanuna əsasən, evlərdə və sosial xidmət müəssisələrində ümumilikdə 3666 nəfər tənha əlilliyi olan şəxsə sosial xidmət göstərildiyini bildirib: "Müvafiq qanunvericiliyə əsasən, əlillərin məşğulluğu üçün müəssisələrdə kvotalar nəzərdə tutulub. 2009-2013-cü illərdə məşğulluq mərkəzlərinə müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunub. Belə şəxslərdən 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub".

ndiyədək dövlət hesabına 4300-dən çox əlilliyi olan şəxsə avtomobil, 5000-ə yaxın əlilliyi olan şəxsə isə mənzil verildiyini, cari ildə bu prosesin daha da sürətləndirildiyini qeyd edən S.Müslümov hazırda ölkədə olan əlillərin 15 reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyib: "Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir". Nazir çıxışı zamanı əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması sahəsində görülən işlərdən də danışıb.

S.Müslümov nəzərə çatdırıb ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 2014-cü ilin 1-2 aprel tarixlərində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında ölkəmizin bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi dinlənilib. Azərbaycanın Komitənin hesabatlar üzrə təlimatına uyğun hazırlanmış ilkin hesabatı Komitə tərəfindən məmnunluqla qarşılanıb. Həmin iclaslarda ölkəmizin müvafiq nazirlik və qurumlarının nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması, Komitə üzvlərinin suallarının səmimi cavablandırılması yüksək qiymətləndirilib. Nazir Azərbaycanın hesabatı ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin əsas tövsiyələrini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazir Komitə tərəfindən verilən rəy və tövsiyələrin ölkəmiz tərəfindən diqqətlə nəzərdən keçirilərək aidiyyatı üzrə işlərin aparılacağını və əlilliyi olan şəxslərlə əlaqədar milli qanunvericiliyin daha da təkmilləşdiriləcəyini vurğulayıb.

Tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, ayrı-ayrı dövlət qurumlarının, əlilliyi olan şəxslərin ictimai birliklərinin nümayəndələri öz fikirlərini ifadə ediblər. Dəyirmi masada BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələri geniş müzakirə olunub, təkliflər irəli sürülüb.

 

 

Tərlan

 

Xalq Cəbhəsi.-2014.-23 may.-S.12.