Azərbaycan-Şumer əlaqələri
Azərbaycan ərazisi
sakinlərinin İkiçayarası ilə əlaqələri
çox qədimdən - neolit dövründən (e.ə.VII-VI
minilliklər) başlamışdı. Arxeoloji materiallar
göstərir ki, Azərbaycan qəbilələri ilə
Mesopotamiya qəbilələri arasında əlaqələr
bütün neolit dövrü ərzində olub.
Naxçıvanın I Kültəpə yaşayış
yerinin qədim mədəni təbəqəsindən Cənubi
Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin
ilkin çağlarını əks etdirən boyalı Xalaf
çölməkləri tapılıb.
Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin
sonu, IV minilliyin əvvəli) əlaqələri Ubeyd mədəniyyəti
materiallarında öz əksini tapıb. Ubeyd boyalı qab
nümunələri Güney Azərbaycanda Urmiya
gölünün hövzəsində, həm də Qafqaz
yaşayış yerlərindən tapılıb. Uzun müddətli
əlaqələr və təmas nəticəsində Azərbaycan
Ubeyd təbəqələri üçün tanınan bir
ölkə olub və yəqin onların diqqətini cəlb
edib. Araşdırmaçılar bu qənaətdədirlər
ki, Azıx mağarasının bəşərin təşəkkülündə
rolunu və digər tərəfdən, şumerlərin
İkiçayarasına Azərbaycan ərazilərindən
getdiyini nəzərə aldıqda əksinə
düşünmək daha düz olar (tarixçilər bunu nəzərə
almalıdır) və hər iki halda əlaqələr
göz önündədir, hər iki ərazi əhalisinin bir
kökdən olması inamı daha güclüdür. Bu əlaqələr
yaşayış düşərgələrindən, qəbirlərdən
tapılan maddi materiallarla da təsdiq olunur. Orta tunc
dövründə (III minilliyin son rübündən II
minilliyin ikinci yarısınadək) Şumer-Azərbaycan əlaqələri
daha da genişlənir. Araşdırmaçılar hesab edir
ki, həmin tarixi mərhələdə Azərbaycan ərazisinin
bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə
Şumer-Akkad mənbələri orbitinə düşür.
Bu mənbələr isə bizə müharibələr, e.ə.III
minilliyin son üç əsrində Azərbaycanda, ona
qonşu olan vilayətlərdə baş vermiş hadisələr,
orada yaşamış tayfaların adları və s.
haqqında ilkin məlumatlar verir. Kutilər, lullubilər,
hurrilər haqqında ilk məlumata bu mənbələrdə
rast gəlinir. Akkadların İkiçayarasını
işğalından sonra bu münasibətlərdə dəyişiklik
əmələ gəlmişdi. Zaqroş dağlarında və
onun şərqində yaşayan kaslar və lullularla
İkiçayarası münasibətlərindən
danışarkən (onları "düzənlik əhalisi"
və "dağlılar" deyə fərqləndirməklə)
Oppenheym yazır: "Ancaq çox nadir hallarda dağ əhalisi
ilə əlaqələr mehriban xarakterdə olurdu.
Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə
təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin
onların müqaviməti siyasi və iqtisadi şəraitdən
asılı idi.
Dağlılar düzənliyə gah işçi və
ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bəzən
onlar şəhərləri, bütöv dövləti özlərinə
tabe və idarə etmək üçün kütləvi
hücumlar təşkil edirdilər. Bu təhlükəyə
Babilistan və Assuriya eyni cür yanaşmırdılar.
Babillilər Şumer ənənələrini davam etdirərək
mədəni təsir göstərməyə
çalışırdılar.
Əvvələn, bu dövr Babil hakimiyyəti
dövrüdür və artıq şumerlər hakimiyyətdə
deyil. İkincisi, babillilərlə dağ əhalisi - lullubilər
ərazi etibarilə çox yaxındır, münasibətlər
yaxşı olsa, dağlar İkiçayarası
üçün bufer zonadır. Üçüncüsü,
dağ əhalisi-lullubilər və kaslar (kassilər) da sivil
dövlət yaratmışlar və işçi qüvvəsi,
qul kimi işlətmək üçün və ya şəhərləri,
əhalini dolandırmaq üçün tez-tez Babilə
hücumlar edirlər (halbuki bizim tarixçilər e.ə.I
minillikdən tez Azərbaycan ərazisində dövlət
tanımırlar). Şumerlərin qonşuları müxtəlif
tayfalardan ibarət idi. İkiçayarasının
şimalında sami tayfalarından olan akkadlar
yaşayırdılar. Akkadlar fərqli şivələrdə
danışırdılar. Tədricən onlardan assurlar və
babillər əmələ gəlmişdi.
İkiçayarasına yaxın mövqedə - Güney Azərbaycanın
qərbində kuti tayfaları məskunlaşmışdı.
Kutilər ilə qonşuluqda, Urmiya gölünün cənubunda
- Güney Azərbaycan ərazisində lullubilər
yaşayırdılar. Lullubi hakimi Anubanini öz hakimiyyətini
Zaqroş dağlarına qədər genişləndirmişdi.
Kutilərin və lulluların bir qismi III minilliyin əvvəlindən
İkiçayarasında da məskunlaşmışdılar.
Oppenheym yazır: "Lullubilər (lullu) də kutilər
kimi dağ xalqı idilər... Qaya üzərində
tapılmış İştarın təsviri və yazı
göstərir ki, lullibilər akkadların ilk dövrlərində
Mesopotamiya ilə əlaqəni müdafiə edirdilər".
Q.Kazımov tarixi mənbələrə əsaslanaraq bildirir
ki, Şumerlərin birliyinə baxmayaraq, ətrafda
böyük təhlükə yaranmışdı.
İkiçayarasının şimal hissəsində sami
tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi.
E.ə. 2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad
dilində Şarrumkenu- həqiqi, qanuni hökmdar) (e.ə.2316-2261)
Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50
Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri
işğal edir. Şumer-Akkad dövləti yaranır. Akkad
şəhərini də o saldırıb. Onun nəvəsi
Naram-Suenin hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad
arada itirdiyi qüdrətini yenidən bərpa edir. Naram-Suen
özlərinə yaxın ərazidə yerləşən
kuti və lullubilərlə də döyüşməli olur.
Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər,
elamlılar və samilər Akkad dövlətini tez-tez təhlükə
altında qoyur.
Kuti (quti) hökmdarı Elulumeş (e.ə.2177-2171) e.ə.2175-2172-ci
illərdə Akkadı qəti məğlubiyyətə
uğradır. Hökmranlıq kutilərin əlinə
keçir. Kutilər öz yazılarını akkad dilində
tərtib edir və Şumeri canişinlik şəklində
idarə edirlər. Kutilər yüz ilə qədər orada
hökmranlıq etmişlər. 21 kuti hökmdar adı məlumdur.
Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən
olduğu barədə fərziyyələr var.
Oppenheym göstərir ki, "Bu xalqın öz dili
vardı". Uruk hakimi Utuhenqal son kuti hökmdarı
Tirikanı məğlub edərək (e.ə.2104) hakimiyyəti
ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin
tezliklə - e.ə.2097-ci ildə Utuhenqal sui-qəsdlə
öldürülür və Ur şəhər hakimi Ur-Nammu
öz oğlunu Uruka ensi təyin edir. Ur-Nammu (e.ə.2112-2103)
III Ur sülaləsinin başçısı idi. Onun
başçılığı ilə Şumer dövləti
yenidən fəaliyyətə başlayır. Bu, sonuncu
Şumer dövləti idi. Ur-Nammudan 100 il sonra - e.ə.
2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur şəhərinə
basqını ilə Şumer və Akkadın minillik tarixi
başa çatır. Beləliklə, bütün Şumer ərazisi
şumerlərin, akkadların və babillilərin vaxtında
daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə
olmuş, lullubilərlə qardaşlıq münasibətində
yaşamış, kutilər tərəfindən 100 il, kassilər
tərəfindən 500 ilə qədər idarə olunub. Bu, hər
iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi
birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir.
Qəzənfər Kazımov,
Professor
Xalq cəbhəsi.- 2014.- 23 may.- S. 14.