Firidun bəy
Köçərlinin yarımçıq qalmış
arzuları gerçəkləşdi
Əziz Şərif: "F.Köçərlinin arxivi
mədəniyyətimizin tarixi üçün çox əhəmiyyətlidir"
Firidun bəy Köçərli 1863-cü ildə Şuşada anadan olub. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir. Bu hadisədən sonra Firidun bəy taleyini seminariya ilə bağlayır. 1879-1885-ci illərdə burada təhsil alır, 1895-1918-ci illərdə dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləyir. Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, 58 yaşında güllələnir.
"Vətən dili" dərsliyinin I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş edib, nəzəri material, hekayələr artırıb, metodika və stilistikasını dəyişdirərək zənginləşdirib. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınıb.
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa - M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Tanınmış araşdırmaçı Əziz Şərif F.Köçərli haqqında yazır: "Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində Firudun bəy Köçərli əhəmiyyətli yer tutur. Müəllim, ədib, tənqidçi, alim, ictimai xadim kimi Firudun bəyi bütün savadlı Azərbaycan yaxşı tanıyır və ona qarşı dərin hörmət bəsləyirdı. Onun azərbaycanca və rusca yazıb nəşr etdiyi məqalə və kitabçalarını hamı maraqla oxuyur və yüksək qiymətləndirirdi. Bütün ömrü boyu bu nəcib və fədakar mədəniyyət fədaisi Azərbaycan ədəbiyyatına aid material axtarır, tapır, toplayır və tədqiq edirdi. Firudun bəyin vaxtsiz və faciəli ölümündən sonra "Azərnəşr" 1925 və 1926-ci illərdə onun tərtib etdiyi iki qalın cilddən ibarət olan və bu gün də əhəmiyyətini saxlayan ədəbi materiallarını çap etdirib".
Onun xatirələrindən məlum olur ki, Firudun bəy Köçərli Qurbanəli Şərifzadə ilə səmimi dost imiş: "1917-ci il 4 (17) iyunda Şərifzadə vəfat edəndə Qoridən Bakıya "Açıq söz" qəzetinin redaksiyasına göndərdiyi "İzhari təəssüf" sərlövhəli məktubunu bu sözlərlə başlamışdı: "Əziz və hörmətli Qurbanəli Şərifzadənin gözləmədiyimiz bir hal və zamanda vəfatı xəbəri bizi böyük yasa düçar elədi". "Açıq söz" qəzetinin 1917-ci il 15 iyun tarixli 498-ci nömrəsində çap edilmiş bu məktubun ictimai və tarixi cəhətdən müəyyən əhəmiyyətinə görə və ədibimizin qələmindən çıxmış son əsəri olduğu üçün onu bütünlükdə bura köçürməyi lazım bildim. Yuxarıda göstərilən ilk cümlədən sonra Firidun bəy yazırdı: "Mərhum hürriyyət və ədalətin ən səmimi dostlarından biri olduğu üçün onun bu hürriyət əsərində tərki-həyat şayani təəssüfdür. Azadi kəlam və əfkar onun müqəddəs arzularından birisi idi. O, heç bir vaxt da azadə danışıb rəy və fikirlərini açıq və aydın söyləməkdən çəkinməzdi. Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqda idi. Şərifzadənin məntiq üzrə söylədiyi şirin söhbəti hər kəsi maraqlandırırdı. Mərhumun gözəl süfətlərindən birisi də onun ədəbiyyatımızın tərəqqisi yolunda hümmət etməsi idi. Harda bir ədib və şair sədası eşitsəydi, onu arayıb ziyarət etməyi və onunla dostluq və yoldaşlıq əlaqəsini bağlamağı özünə borc bilərdi. Məşədi Qurbanəli kimi vücudların fovt ölüb getməsi millət üçün böyük bir yasdır. Vay o millətlərin halına ki, onların içindən M.Qurbanəlilər rəhmət edirlər və yerlərinə başqaları ərsəyə yetişmirlər. F.Köçərli, 12 iyun 1917 Qori"
Ə.Şərif Tiflisdən Bakıya köçür, "Azərnəşr"də təzə təşkil edilmiş şöbəyə baş redaktor təyin edilir. Bu şöbə Azərbaycan ədəbiyyatının rus dilində nəşri ilə məşğul idi: "1937-ci il, 12 yanvar. Axşam saat 7-də Həmidə xanımın yanına getdim ki, onunla birlikdə Firidun bəy Köçərlinin evinə gedək. Onun arxivinə baxmaq üçün Firidun bəyin xanımı bunu Həmidə xanımdan xüsusi xahiş eləmişdi. Getdik. Həmidə xanım məni Badsəba xanıma təqdim etdi. Bu, mədəni xanımdır. Firidunbəy kimi adamın təsiri dərhal duyulur. Mənimlə çox mehriban və eyni zamanda ciddi danışırdı. Tanış olan kimi Mirzə Fətəlinin təzə tapılmış arxivindən söhbət açdı və bu arxivi üzə çıxardığım üçün məndən razılıq etdi. Sonra öz ərinin arxivindən danışmağa başladı. Otağın bir küncündə duran iri sandığı nişan verərək Badsəba xanıma dedi: "Şübhə etmirəm ki, bu sandıqda olan yazılar da xalqımıza gərək olar. Firidun bəy bütün ömrü boyu axtarıb tapdığı yazıları, kitab-dəftəri burdadır. Bu sandığı bu günə kimi saxlamışam. İndi sizin vasitənizlə mən bu sandığı hökumətə vermək istəyirəm".
Badsəba xanım
sandığı açıb ordan sapla bağlanmış bir
dəstə məktub çıxartdı, mənə
uzatdı. Üzərində Firidun bəyin
xətti ilə ərəb əlifbasında
yazılmışdı: "Məktubati Qurbanəli Şərifzadə".
Sandığın içindəki yazıları bir-bir gözdən keçirməyə
başladıq. "Molla Nəsrəddin",
Sabir, Səhhət, İsmayıl bəy Qasprinski, Ömər Faiq,
Əlimərdanbəy Topçubaşov, Salman Mümtaz və daha kimlərin yüzlərlə məktubları
səliqə ilə dəstələnmişdi. Məktublardan başqa müxtəlif əlyazmaları - şeir, tərcümə, atalar
sözü, tapmaca,
nağıl, dastan, ədəbi parça, saysız-hesabsız bu
kimi əsərlər! Firidun
bəyin bu arxivi XX əsr
ictimai həyatımızın güzgüsüdür. Bu
dövrdə yaşayan bir
nəfər də ictimai və mədəni
xadim yoxdur ki, burada bu
sandıqdan onun izi
salmasın. Hələ 18-ci və daha qədim əsrlərə
aid materiallar öz yerində! Burada Vaqif haqqında
Mirzə Fətəli
Axundovun əlyazması
var idi.
Deməklə başa
gələsi deyil! Adamın gözləri qamaşır! Qərara gəldim ki,
ölsəm də gərək bu qiymətsiz xəzinəni
gün işığına
çıxarım. Mərkəzi Komitədə məsələ
qoymaq və lazım olsa lap yuxarıya qədər getmək lazımdır.
Gedərkən mən Badsəba
xanıma öz sonsuz təşəkkürümü
bildirdim və arxivi üzə çıxarmaq üçün
var qüvvəmlə
çalışacağıma söz verdim. O zaman Firidun bəy
Köçərlinin arxivi
haqqında bəzi inandığım yoldaşlara
xəbər vermişdim,
ancaq nədənsə
heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi. Nəhayət, götürüb yuxarı
orqana aşağıdakı
məzmunda bir məktub yazdım. Məktubun rusca əlyazması və makinada çap olunmuş nüxsəsi məndə
durur. Budur onun tərcüməsi:
"Sizə məlum olduğu kimi Firidunbəy Köçərli
uzun illər boyu Azərbaycan ədəbiyyatı tarixinə
aid material toplamaqla məşğul
olub və görkəmli yazıçı
və ictimai xadimlərlə müntəzəm
məktublaşıb. Azərbaycan ədəbiyyatının
tarixinə aid onun hazırladığı materiallar
sonra sovet hakimiyyəti dövründə,
dörd cilddən ibarət olaraq nəşr edilib və bu günə
kimi ən qiymətli yoxlama materialı kimi durur. F.Köçərlinin ədəbiyyat məsələlərinə
olan canlı həvəsi tanışlarının
geniş dairəsi, özünün isə Azərbaycan ziyalıları
arasında güclü
nüfuzu və şöhrəti onun qoyub getdiyi ədəbi
irsin nə qədər əhəmiyyətli
olduğunu göstərir.
Mən Firidunbəy Köçərlinin
arvadı Badsəba xanımın saxladığı
arxivin bir hissəsini ötəri gözdən keçirə
bildim və bu qərara gəldim ki, bu arxivdə ədəbiyyatımızın yalnız uzaq keçmiş tarixini deyil. Köçərlinin müasiri olan
və müntəzəm
surətdə onunla məktublaşan yazıçı,
şair jurnalistlərimizin
ədəbi-ictimai fəaliyyətini
də yüksək dərəcədə işıqlandıra
biləcək son dərəcə
qiymətli materiallar tapmaq olar. Köçərlinin irsi bir çox Azərbaycan təşkilatlarına məlum
idi. Elmlər Akademiyası Azərbaycan filialının xüsusi komisyası ilə bir neçə ay bundan qabaq bu
irslə müfəssəl
tanış olmuşdu,
lakin nə Akademiyanın Azərbaycan
filialı, nə də Dil və
Ədəbiyyat İnstitutu
bu arxivi almaq və ondan
istifadə etmək üçün bir tədbir görüb... Sizdən rica edirm ki,
göstərilən arxivlə
yaxından tanış
olmaq və nəticəni şəxsən
sizə bildirmək üçün xüsusi
komisyanın təşkil
edilməsi haqqında
göstəriş verəsiniz".
Ərizənin nəticəsini gözləməyə başladım. Mən güman edirdim ki, Mirzə Fətəli Axundovun arxivini almaq üçün təyin edilmiş komissiya kimi bu iş üçün də komissya təyin ediləcək. Lakin çox təəssüf olsun ki, belə olmadı. Aradan günlər keçdi. Azərnəşrdə işlərkən mən yuxarı orqanda mədəniyyət şöbəsinin müdiri ilə tez-tez görüşməli və öz bilavasitə vəzifələrimə aid məsələlər ətrafında onunla məsləhətləşməli olurdum. Fevralın 27-də mənə xəbər verildi ki, rəis məsələnin həllini maarif xalq komissarı Məmməd Sadıq Əfəndiyevə həvalə edib, mənə isə çatdırmağı tapşırıb ki, artıq belə işlərə qarışmayın.
Bu ikinci göstərişin mənasını və səbəbini anlamasam da tabe olmağa məcbur idim və artıq Köçərlinin arxivi ətrafında bir tədbir görməyi mümkün bilmirdim. Maarif xalq komissarına tapşırılmış məsələ həll edilməmiş qaldı, çünki komisarın biri getdi, biri gəldi, mən isə Bakıdan Tiflisə qayıtmalı oldum. Bir az sonra Böyük Vətən müharibəsi başlandı. Badsəba xanım Bakıdan rayona gedi. Sandığın başına nə gəldiyini bilmədim.
İndi təxminən 35 il keçəndən sonra bu əhvalatı xatırlatmaqda mənim yeganə məqsədim budur ki, gənc alimlərimiz - ədəbiyyatşünas və tarixçilərimiz axtarış aparsınlar, bəlkə birinin bəxti gətirdi, bu zəngin xəzinənin tapıb üzə çıxardı. Belə bir tapıntı demək olar ki, müasir mədəniyyətimizin tarixində inqilab olar, indi bilmədiyimiz çox şeyi bilər, şübhələrimizi rədd edər, məlumatımızı artırar, mədəniyyətimizi və elmimizi zənginləşdərdi.
Bu xatirəni yazıb hazırladıqdan sonra Bakıya gələndə öyrəndim ki, haqqında yazdığım arxivin özü əldə yoxdursa da ondakı materialların müfəssəl siyahısı Akademiyanin Əlyazmaları İnstitutunda var. Bu fonda müraciət etməli oldum. Fondun əməkdaşlarından hörmətli Əzizə xanım Cəfərzadə siyahını mənə göstərdi. Siyahi iki məktəbli dəftərində yazılmışdı, bunların birində müxtəlif əsərlərin əlyazmaları, ikincisində isə məktublar qeyd edilmişdi.
Bu siyahıda 200-ə qədər tanınan, ya tanınmayan adamın adı çəkilirdi ki, bunların hər birinin hər məktubu, heç şübhəsiz, yazıldığı vaxtın əhəmiyyətli mədəni-ictimai hadisələrinə həsr edilmişdi, bu hadisələrdən xəbər verirdi. Bakıda vərəqlədiyim bu siyahı Firidun bəy Köçərlidən qalan arxivin nə qədər zəngin və mədəniyyətimizin tarixi üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. 2 may 1971. Moskıva-Bakı".
Uğur
Xalq Cəbhəsi.-2014.-24
may.-S.11.