Mədəniyyət xalqın tarixdə yaşamaq hüququnu müəyyənləşdirir

 

Bu xəbəri paylaş  Kəmaləddin Heydərov ABŞ rəsmisilə görüşüb  MTN daha bir narkoşəbəkəni ifşa etdi  50 Azərbaycan zəvvarı itdi  Tanınmış rejissor həbs edilib

Hər bir xalqın folklorunun səviyyəsi onun yaratmış olduğu maddi-mədəniyyət nümunələri ilə ölçülür. Bu mənada Azərbaycan folkloru da qədim maddi-mədəniyyət nümunələrinə sahib olmasına, həmin mədəni dəyərlərin ümumbəşəri əhəmiyyət kəsb etməsinə görə dəyərləndirilir. Milli adət-ənənələrin deqradasiyaya uğramasının qarşısının alınmasında da folklor ənənələrinin mühüm əhəmiyyəti var. Folklor ənənələri qloballaşmanın mənfi təsirlərinin aradan qaldırılmasında əsas vasitələrdən biridir. Milli mədəniyyət amili hər bir xalqın tarixdə yaşamaq hüququnu müəyyənləşdirir. Mədəniyyət xalqın milli kökləri ilə bağlı olub, onun milli varlığının tərkib hissələrindən birinə çevrilir. O, uzun əsrlər boyu formalaşır, ədəbiyyatın, incəsənətin, folklorun, elmin təşəkkülündə və inkişafında rol oynayır. Onlar arasındakı əlaqə birtərəfli şəkildə qurulmur. Bir tərəfdən elm, ədəbiyyat, incəsənət və folklor mədəniyyətin formalaşmasına təsir edir, digər tərəfdən səciyyəvi xüsusiyyətləri ilə onların inkişafına təkan verir. Bu mənada ibtidai mədəniyyət ilk münasibətlərin əsasını təşkil edir. İbtidai mədəniyyətin əsasını qədim insanların sosial davranış sistemi təşkil edir. Müxtəlif əmək alətləri, dini-mifoloji görüşlər, qaya üzərindəki rəsmlər, mağaralardan tapılan nümunələr ilkin mədəniyyəti əks etdirir.

Mədəniyyəti ayrı-ayrı nümunələr üzrə də götürmək olar, ona bütöv bir dünyagörüş sistemi, folklor mədəniyyəti kimiyanaşmaq olar. Ayrı-ayrılıqda götürülən mədəniyyət nümunəsi xalqın milli sərvəti, dünyagörüş kimi götürülən mədəniyyət isə bəşəri səciyyə daşıyır. Bu deyilənlərdən çıxış edərək deyə bilərik ki, Azərbaycan folkloru bütövlükdə mədəniyyət baxımından ümumbəşəri səciyyə daşıyır.

Mədəniyyət amili hər bir xalqın tarixdə yaşamaq hüququnu müəyyənləşdirir. Mədəniyyət xalqın milli kökləri ilə bağlı olub, onun milli varlığının tərkib hissələrindən birinə çevrilir. O, uzun əsrlər boyu formalaşır, ədəbiyyatın, incəsənətin, folklorun, elmin təşəkkülündə və inkişafında rol oynayır. Onlar arasındakı əlaqə birtərəfli şəkildə qurulmur. Bir tərəfdən elm, ədəbiyyat, incəsənət və folklor mədəniyyətin formalaşmasına təsir edir, digər tərəfdən öz səciyyəvi xüsusiyyətləri ilə onların inkişafına təkan verir.

Azərbaycan folklorunun kulturoloji səviyyələrini aşağıdakı kimi səciyələndirmək olar. Azərbaycan folkloru mədəniyyət hadisəsi kimi dünyaya "Kitabi-Dədə Qorqud" dastanını verib. Dünya xalqları 200 ildir ki, bu maddi-mədəniyyət abidəsi ilə tanışdır. Kulturoloji baxımdan dastan qədim oğuzların mədəni adət-ənənələrini, milli-mədəni dəyərlərini özündə yaşadır; Azərbaycan folkloru aşıq yaradıcılığı və saz kimi ən qədim mədəniyyət hadisəsini özündə əks etdirir. YUNESKO tərəfindən sazın milli Azərbaycan aləti kimi tanınmasını ona verilən yüksək dəyər kimi qiymətləndirmək olar; Novruzun türkün bəşəri bayramı - Azərbaycan folklorunun mədəniyyət hadisəsi sayılması da yenə YUNESKO tərəfindən verilən dəyər kimi qiymətləndirilməlidir; "Avesta" qədim azərbaycanlıların dünya mədəniyyətinə verdiyi ən böyük töhfədir; Görkəmli aşıqlarımızın - Aşıq Ələsgərin, Aşıq Alının və başqalarının ədəbi yaradıcılığı folklorun mədəni-kulturoloji aspektləri içində özünə görə yer tutmaqdadır. Onu da qeyd edək ki, mədəni dəyərlər, mədəni adət-ənənələr olmasa, xalqın folkloru da yarana bilməz. Folklorun yaranması kulturoloji görüşlərin mükəmməlliyindən asılıdır.

Xalq milli mentaliteti özünün inkişafında kənd və şəhər mədəniyyəti pillələrindən keçir. Bu pillələr bir-birinin inkişafına kömək edir. Qapalı mühitdə mədəniyyətin formalaşmasına folklor mühiti öz təsirini daha güclü şəkildə göstərə bilir. Kənd, elat mədəniyyəti folklor ənənələrini yaşatmaqda həmişə öndə gedib. Şəhər mədəniyyətinin kənd mədəniyyətinə təsiri nəticəsində xalqın folklor mədəniyyəti də unudulmağa başlayır. Belə ki, kənd yerlərindəki qədim mərasimlər, adət-ənənələr öz yerini daha mühüm qaydalara, yeni xüsusiyyətlərə verir. Bu gün qloballaşmadan danışırıq. Qloballaşmanın ilk təsiri kimi kənd mədəniyyətinin öz forma və keyfiyyətinin dəyişilməsini qeyd etmək olar. Qloballaşma ilk növbədə şəhər mədəniyyətinə təsirini göstərir. Milli mentalitetlə qloballaşma həm yaxşı mənada, həm də pis mənada iki dünyagörüş kimi biri digərini üstələməkdədir. Milli mentalitet xalq (folklor) dünyagörüşü ilə bağlı, xalq dünyagörüşünün həm də yüksək mərhələsi olduğundan qloballaşma ilə, onun məzmun və mündəricəsi ilə ziddiyyət təşkil edir. Qloballaşmanın yayılan ilkin mərhələsində xalq mentaliteti onun nailiyyətlərini qəbul edə bilmir, sonrakı inkişaf mərhələsində isə daha çox xalq milli mentalitetinə uyğun olmayan tələblər irəli sürüldüyündən onların arasında ziddiyyətlər yaranır. Xalq mədəniyyəti kənd və şəhər olmaqla mədəniyyətin iki tipini özündə birləşdirir, millət mədəniyyətində isə kənd və şəhər arasında fərqlər silinməli, kənd və şəhər dünyagörüşü birləşməlidir. Millətin milli mentalitetinin inkişafı bunu tələb edir.

Milli mentalitetin əmələ gəlməsinə üç faktor təsir edir: güclü iqtisadiyyat, milli təhsilin səviyyəsi və mənəviyyatın qorunması. Bu gün dünya yarış meydanını xatırladır. Dünyada iqtisadi birliklər, siyasi birliklər yaranır, dünyaya hökm edir. Avropanın iri dövlətləri avroməkanda birləşirlər. Bu gün mədəniyyətlərarası inteqrasiya və dünyanın birləşməsi prosesi gedir. Humanitar müqavimət - kulturoloji mübarizə milli kimliyi qorumaqda əsas rol oynayır.

Bu gün ümumxalq folklor təcrübəsi milli birliyin qorunmasında fəal rol oynayır. Biz bu gün şimal və cənub olaraq iki yerə ayrılmışıq, folklorda isə belə bölünmə yoxdur, sərhədlərimiz bölünməzdir. Deməli, folklorun ümdə qayəsi həm də bölünmüş xalqı adət-ənənədə, milli mentalitetdə qorumaq, birliyə nail olmaqdır.

Folklor regionlardakı unudulmuş adətləri bərpa edən, onları şəhər mühitinə yaxınlaşdıran milli sərvətdir. Folklor milli adət-ənənələrin qorunmasında konservatizmə meyllidir, onların keşiyində durandır. Folklor ənənələri dəyişikliyə uğrayanda da öz içindən deqradasiyaya uğrayır, lakin bu, onun mahiyyətinə təsir etmir. Folklorun milli mentalitetinin qoruyucusu folklordur. Bəs qloballaşma dövründə folklorun rolu nədən ibarətdir? Bu gün dünyada yaponlar kimi milli adət-ənənəyə, mentalitetə sadiq millət az tapmaq olar. Onlar öz milli köklərinə sadiq qalmaqla milli təhsillərini inkişaf etdirib qloballaşmanın müsbət tərəflərini əxz edib, mənfi tərəflərini isə rədd ediblər. Deməli, millətlərin beynəlxalq təcrübəsindən istifadə edərək, aşağıdakı vəzifələri yeninə yetirmək lazımdır: milli suverenliyi qorumaq; bunun üçün milli iqtisadiyyatı genişləndirmək, təhsilin səviyyəsini artırmaq lazımdır; Azərbaycan dilini beynəlxalq səviyyəyə qaldırmaq (bu sahədə Türkiyənin təcrübəsindən istifadə etmək olar): milli adət-ənənələrə sadiq qalmağı yüksək səviyyədə həyata keçirmək, milli kökə bağlı olmaq; Azərbaycan folklorunu və etnoqrafiyasını dərindən bilmək və s. Bütün bu qeyd edilənlərə əməl edilsə, xalq gələcəkdə hakim millətlərin mədəniyyətlərinin təsirindən yan keçə bilər.

 

 

Ramil Əliyev

 

Xalq Cəbhəsi.-2014.-24 may.-S.14.