Naxçıvanın arxeoloji mənbələri bu ərazinin dünyanın

ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir

 

Azərbaycan Respublikasının ərazisi ən qədim tarix və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif dövrlərinə aid maddi mədəniyyət abidələri qeydə alınıb tədqiq olunmuşdur.

 

Son 60 ildə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixini tədqiq etmək üçün zəngin elmi materiallarmaddi mədəniyyət nümunələri tapılmışdır. Aşkar olunmuş arxeoloji, paleontolojipaleoantropoloji materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının ayrı-ayrı xüsusiyyətləri öyrənilir.

Son illərdə bu sətirlərin müəllifinin Avropa alimləri ilə birlikdə apardığı kompleks arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəllərdən yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1953-cü ilə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları iddia edilirdi. Lakin Azərbaycan arxeoloqlarının apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin ibtidai insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda, Azərbaycanda qədim sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olduğubunun əsasında ölkəmizdə və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyətin üzə çıxmasına şərait yarandı. Bu mədəniyyət Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinin maddi mədəniyyət qalıqları əsasında müəyyən olundu və tarixə Quruçay arxeoloji mədəniyyəti adı altında daxil oldu.

Hazırda Azərbaycan Respublikası ərazisində aşkar olunmuş Azıx, Tağlar, Qazma, Buzeyir, Zuvandçay, Qobustan, Gəmiqaya və digər arxeoloji düşərgələr ən qədim tarixi abidələr hesab olunur.

Azərbaycanda aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması sübut olundu, eyni zamanda bu yerlərdə ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və məmləkətimizin ən qədim sivilizasiya mərkəzlərindən biri olması arxeoloji mənbələrlə sübuta yetirilmişdir.

Məhz buna görə də Azərbaycan Respublikası ərazisində paleolit problemi üzrə aparılan elmi tədqiqat işləri son 10 ildə beynəlxalq xarakter almışdır. Çünki, həmin tədqiqatlar zamanı aşkar olunmuş elmi tapıntılar ibtidai insanların meydana gəlib inkişaf etməsi və formalaşmasının ayrı-ayrı inkişaf mərhələlərini öyrənmək baxımından mühüm elmi əhəmiyyətə malikdir. Bunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan, GürcüstanHollandiya alimləri tərəfindən beynəlxalq “İNTAS-2000” adlı proqram hazırlanmışdır. 2001-ci il iyulun 3-də Fransanın Totavel şəhərində keçirilən elmi konfransda mən həmin proqramın tədqiqi məqsədilə Azərbaycan üzrə əlaqələndirici seçildim. Bu proqrama uyğun olaraq Avropanın 25 görkəmli alimi 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Azərbaycana gələrək Qarabağın Azıx, Tağlar, Naxçıvanın Qazma və digər paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuşlar. Professorlardan Anri Lümley, Mariya Antuanetta Lümley, Ciakobini, Korbonelli, Sala, David Lordkipanidze, Vekua və başqaları Azıx, TağlarQazma paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının dünya arxeologiya elmi üçün müstəsna elmi əhəmiyyətə malik olduğunu qeyd etmişlər.

Həmin proqrama uyğun olaraq mən 2003-cü ilin fevral-mart aylarında yenidən Fransaya dəvət olundum, Paris, Nis, Kənson, Marsel, Perpinyan, Totavel şəhərində elmi tədqiqat işləri apardım və mühazirələr oxudum.

 

2001-2005-ci illərdə Avropa alimləri ilə birgə apardığımız elmi tədqiqatların nəticəsi olaraq Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəl məskunlaşması elmi əsaslarla sübuta yetirildi. Əgər Azıx paleolit düşərgəsində aparılan tədqiqatlar respublikamızın ərazisində ibtidai insanların yaşadıqlarını göstərirdirsə, Tağlar mustye düşərgəsində aparılan elmi tədqiqatlar isə neandertal tipli insanların inkişaf edib homo sapiens - kamil insanlara çevrilməsini arxeoloji materiallar əsasında sübuta yetirdi.

Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvan ərazisində qədim insan düşərgələrinin tədqiq olunmasının mühüm elmi əhəmiyyəti vardır. Azərbaycan arxeoloqlarının 1983-cü ilə qədər Naxçıvan Muxtar Respublikası ərazisində apardıqları arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində eneolit, tunc, dəmir, antikorta əsrlərə aid zəngin maddi mədəniyyət qalıqları tapılıb tədqiq olunmuşdur. Daş dövrü arxeologiyasına aid isə maddi mədəniyyət qalıqları və düşərgələri qeydə alınmamışdır.

1983-cü ilin iyul-avqust aylarında Azərbaycan Elmlər Akademyası Tarix İnstitututunun paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovunbu sətirlərin müəllifinin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının ərazisində paleolit dövrünün insanlarının yaşayış düşərgələrini müəyyən etmək məqsədilə arxeoloji kəşfiyyat işləri aparılmışdır.

Kiçik Qafqaz ərazisində karst mağaralarının yayıldığı bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasının ərazisidir. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Naxçıvan ərazisi öz təbii coğrafi şəraitinə görə respublikamızın başqa ərazilərindən kəskin surətdə fərqlənir. Bu fərq özünü karst relyef formasında da göstərir. Ərazidə qeydə alınmış karst mağaraları müasir təbii coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli iqlim şəraitinin təsiri nəticəsində formalaşmışdır. Alimlərin apardıqları paleogeomorfolojipaleogeoloji elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisi III geoloji dövrün sonlarından başlayaraq, intensiv tektonik qalxma hərəkətlərinə və dağ əmələgəlmə prosesinə məruz qalıb, miosenin axırlarından isə birdəfəlik dəniz sularından azad olmuşdur. Bu zamandan başlayaraq, ekzogen relyef əmələgətirici proseslərlə yanaşı, karst prosesləri də əlverişli iqlim şəraitində inkişaf etmişdir.

1983-cü ilin yay aylarında Naxçıvan Muxtar Respublikasının Ordubad və Şərur ərazisində aparılan kəşfiyyat işləri nəticəsində bir neçə karst mağarası qeydə alınmışdır. Ekspedisiyanın Ordubad rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı Araz çayının sol sahilində yerləşən möhtəşəm Kilit mağarası qeydə alınmışdır. Mağaranın qabaq hissəsi və giriş yolu torpaq çöküntüsü ilə əhatə olunmuşdur. Ekspedisiyaya o vaxt sərhəd xidməti tərəfindən verilən vaxt qısa olduğuna görə, mağarada kəşfiyyat qazıntısı aparmaq mümkün olmadı. Gələcəkdə Kilit mağarasında aparılacaq arxeoloji qazıntı işləri zamanı düşərgənin stratiqrafiyası və ayrı-ayrı arxeoloji mədəniyyətlərin xüsusiyyətlərini öyrənmək mümkün olacaqdır. Çox güman ki, Kilit mağarasında paleolit dövrü insanları məskunlaşmış və özlərinin ibtidai icma həyatını qurmuşlar.

Paleolit arxeoloji ekspedisyası 1983-cü ildə Naxçıvanın Şərur rayonu ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı Qazma dərəsində paleolit dövrünə aid mağara düşərgəsini qeydə almışdır. Düşərgə dərənin adına uyğun olaraq Qazma adlandırılmışdır. Qazma mağara düşərgəsi Şərur rayonu ərazisində olub, Tənənəm kəndindən 3 kilometr şimal - şərq hissədə, Araz çayından 17 kilometr aralıda, Arpa çaydan isə 14,5 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1450 metr yüksəklikdə yerləşir. İlkin arxeoloji kəşfiyyat qazıntısı zamanı Qazma mağarasının çöküntülərində 4 mədəni təbəqə qeydə alınmışdır. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, dəmir və orta əsrlərə aid maddi mədəniyyət qalıqları, III və IV təbəqədən isə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. 1983-cü ildə Qazma mağara düşərgəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı tapılmış daş məmulatının texnikitipoloji tədqiqi zamanı onların orta paleolit dövründə hazırlanıb istifadə olunduqları müəyyən edilmişdir.

Rəhbərlik etdiyim ekspedisiya Qazma paleolit düşərgəsində 1987-1990-cı illərdə də arxeoloji qazıntı işləri aparmışdır. Arxeoloji qazıntılar zamanı I və II təbəqələrdən eneolit, tuncorta əsrlərə aid gil qab qırıqları, III təbəqədən ovlanmış heyvan sümükləri, IV və VI təbəqələrdən 725 ədəd daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Daş məmulatlarının texniki-tipoloji tədqiqi zamanı onların mustye mədəniyyəti zamanı hazırlandıqlarını söyləmək mümkündür. Lakin IV təbəqənin daş məmulatının içərisində üst paleolit mədəniyyəti üçün xarakterik olan alətlər də qeydə alınmışdır.

Qazma paleolit düşərgəsindən daş məmulatları içərisində levallua itiucluları, bir işlək ağızlı qaşovlar, iki işlək ağızlı qaşovlar, limas tipli alətlər, bıçaqlar, qaşovcuqlar və digər əmək alətləri tapılmışdır. Düşərgənin daş məmulatı dəvəgözü və çaxmaq daşlarından hazırlanmışdır. Qazma paleolit düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi burada qədim Naxçıvan sakinlərinin mustye mədəniyyəti dövründə yaşadıqlarını göstərir. Düşərgədən tapılmış ovlanmış heyvanquş sümükləri onların əsas məşğuliyyətinin ovçuluqdan ibarət olduğunu söyləməyə imkan verir.

KilitQazma mağara düşərgələri hələlik daş dövrünə aid Naxçıvan ərazisində ilk qədim insan məskənləri hesab olunurlar. Əgər bizim elmi tədqiqat işlərinə qədər Naxçıvan Muxtar Respublikası ərazisində insanların yaşaması eneolit dövrünə, yəni 6-7 min il bundan əvvələ aid olunurdusa, yeni aşkar etdiyimiz maddi mədəniyyət qalıqları əsasında bu ərazidə ən qədim insanların 120 min il bundan əvvəllərdən yaşadıqlarını arxeoloji mənbələr sübuta yetirir.

Naxçıvan Muxtar Respublikası ərazisində daş dövrünün aşel, mustye, üst paleolit, mezolit, neolit, eneolit, tunc, dəmir, antiqorta əsrlərə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Bu faktlar Naxçıvan ərazisinin ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu sübut edir.

Aparılan arxeoloji tədqiqatlar zamanı Naxçıvan diyarından ilk dəfə olaraq sənədləşdirilmiş çoxtəbəqəli qədim insan düşərgəsinin qeydə alınıb tədqiq olunması Azərbaycan ərazisində neandertal tipli insanların daha geniş ərazilərdə məskunlaşmasını göstərir. Maraqlıdır ki, belə qədim insan düşərgələri Türkiyə və Cənubi Azərbaycan ərazisində də qeydə alınıb tədqiq olunmuşdur. Güman etmək olar ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində paleolit dövrü üzrə aparılacaq kəşfiyyat işləri nəticəsində daha yeni-yeni arxeoloji abidələrin qeydə alınmasına şərait yaranacaqdır.

 

Əsədulla CƏFƏROV,

 

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 25 may.- S.5.