Əmək müqaviləsi: gələcəyin
təminatı
Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə vergi xidməti də təkmilləşdirilir, vergilərin ödənilməsinə nəzarət işi gücləndirilir. Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi, vergilərdən yayınma hallarının minimuma endirilməsi məqsədilə vergi nəzarətinin müasir texnologiyalarını tətbiq etməyə başlayıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin artırılmasını və sahibkarlığın genişləndirilməsini təmin etmək məqsədilə indiyədək aparılan vergi siyasətinin davam etdirilməsi, vergidən yayınma hallarının azaldılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi və digər tədbirlər vergi siyasətinin əsas istiqamətlərindəndir.
Hər halda yaxın perspektiv üçün vergi xidmətinin əsas hədəfləri - vergi sisteminin sabitliyi, vergi inzibatçılığının biznes iştirakçıları üçün maksimum rahat və əlverişli olmasıdır. Vergilər Hazirliyi iqtisadi proseslərdə daha çevik olmağa çalışır. Nazirlik vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdirmək niyyətindədir.
Əməkhaqlarının faktiki məbləği gizlədilir
Bunlarla yanaşı, Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əməkhaqlarının faktiki məbləğinin gizlədilməsi yolu ilə vergidən yayınma halları ciddi bir iqtisadi problemdir. Məsələ ondadır ki, özəl strukturlar dövlət büdcəsinə daha az vergi ödəmək və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da kiçik məbləğ köçürmək üçün işçilərə ödədikləri əməkhaqlarının faktiki məbləğini gizlədirlər. Bunun üçün ikili mühasibat sənədlərindən istifadə olunur. Yəni, onlardan birində faktiki ödənən maaşlar, digərində isə simvolik rəqəmlər göstərilir. Vergi orqanlarına və DSMF-yə isə məhz ikinci cədvəl təqdim olunur. Özəl strukturlar əmək haqlarının məbləğini məqsədli şəkildə aşağı göstərirlər ki, ondan daha az vergi ödəsinlər. Bu isə Vergilər Hazirliyinə və DSMF-yə ödəmələrin aşağı olmasına gətirib çıxarır, gəlirlər gizlədilir. Sahibkarlar isə bu məsələdə öz qazanclarını güdürlər. Ona görə də, indiki mərhələdə əsas məqsəd faktiki əməkhaqlarının tam rəsmiləşdirilməsinə nail olmaqdır. Hətta bəzi təkliflərə əsasən "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlara və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsi də nəzərdə tutulurdu.
Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da vergi və sosial ödənişlər mexanizminin təkmilləşdirilməsi məqsədi ilə iqtisadiyyatın ayrı-ayrı sahələrində minimum əmək haqları müəyyənləşdirilə bilər. Vergilər nazirinin müavini Natiq Əmirovun sözlərinə görə, bu məsələ ilə bağlı hökumətdə ayrı-ayrı qurumlar, o cümlədən Dövlə Sosial Müdafiə Fondu ilə müzakirələr aparılıb. N.Əmirov bildirib ki, hazırda xarici ölkələrdə minimum əmək haqqı tətbiq edilir: "Bəzi ölkələrdə saatlıq, bəzilərində isə həftəlik müddət üçün minimum əmək haqqı tətbiq edilir. Azərbaycanda da bununla bağlı müzakirələr aparılır".
Nazir müavini qeyd edib ki, son illər görülən tədbirlər nəticəsində əmək haqqından tutulan fiziki şəxslərin gəlir vergisindən yayınma halları xeyli azalıb. Lakin belə şirkətlər hələ də var və bəzi hallarda real əmək haqqı sənədləşmədə 15-16 dəfə azaldılır: "Bəzən ayda 2-3 min manat maaş alan əməkdaşın maaşı 120 manat kimi rəsmiləşdirilir. Bu göstərir ki, həmin şirkət hökmən vergidən yayınmaq yolunu tutub və onu heç bir islahatla könüllü vergiyə cəlb etmək mümkün deyil".
Nazir müavini bildirib ki, bu halların qarşısını almaq üçün həmin şirkətlərə qarşı tədbirlər görmək asan deyil: "Bunu etmək çox çətindir, bizim həmin şirkətlərə qarşı apardığımız böyük yoxlama tədbirləri məhkəmələr tərəfindən ləğv edilir. Yəni, məhkəməyə həm maaşı verən, həm də alan tərəf dəvət edilir. Hər iki tərəf maaşın aşağı məbləğdə olduğunu təsdiqləyirlər. Bunun əsasında da bizim analoji maşa uyğun tətbiq etdiymiz vergi ləğv edilir". N.Əmirov qeyd edib ki, ictimai dəstək olmasa, bu məsələnin həlli çox çətindir: "Belə şirkətlər ictimai qınaq obyektinə çevrilməlidir".
Qanunsuz məşğulluqla mübarizə
Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə birlikdə qanunsuz məşğulluqla mübarizə çərçivəsində əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydalarını işləyib hazırlayıb. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə "Asan İmza" vasitəsilə bütün hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar ƏƏSMN-nin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil etməlidilər. Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əmək haqqı ilə bağlı arayışların alınması asanlaşacaq. Arayışda faktiki əmək haqqı ilə bağlı informasiya əks olunacaq ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirmiş olacaq.
"Asan İmza" mobil elektron imzanın bütün istifadəçiləri üçün həm dövlət, həm də özəl sektorda yeni xidmətlər təqdim ediləcək. "Asan İmza" mobil elektron imzanın Azərbaycanın aparıcı banklarının internet və mobil bankçılıq sisteminə inteqrasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. "Asan İmza" mobil elektron imza istifadəçiləri birbaşa olaraq, mobil telefondan bütün bank əməliyyatlarını (öz maliyyə vəsaitləri ilə bağlı qısa məlumatı almaq, hesab qalığını öyrənmək, istənilən bank müqavilələrini bağlamaq, bank kartının limitini müəyyənləşdirmək, kredit və lizinqlə bağlı ərizə vermək, sığortanı və b. rəsmiləşdirmə əməliyyatlarını) asan, sadə və təhlükəsiz şəkildə, istənilən yerdə həyata keçirə biləcəklər.
Qeyd edək ki, "Asan İmza" mobil elektron imza - telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. "Asan İmza" mobil elektron imza texnologiyasının əsas üstünlükləri smart-kartın oxunması və proqram təminatı üçün əlavə qurğuların istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imzanın rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarına, hüquqi və fiziki şəxslərə "Asan İmza" mobil elektron imza üçün təkmil sertifikatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.
Vergilər Nazirliyinin təşəbbüsü
Bu ilin may ayından "Asan İmza" mobil elektron imza xidməti üçün tariflərin endirilməsi ilə bağlı yeni kampaniya başlayıb. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan "Asan İmza"nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən "Asan İmza" mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib. Kampaniya mayın 16-dan etibarən başlayıb. "Asan İmza" mobil elektron imza xidməti üçün yeni tariflər bir ay ərzində qüvvədə olacaq.
Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları "Asan İmza" mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə - 18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. "Asan İmza" mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40%, hüquqi şəxslər üçün 90% və dövlət qulluqçuları üçün 80%-ə qədər təşkil edir. Qeyd edək ki, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün "Asan İmza" mobil elektron imza üçün sertifikat ödənişsiz əsaslarla təqdim edilir. Bundan əlavə, "Asan İmza" mobil elektron imza istifadəçisi bir neçə hüquqi şəxsi təmsil etdikdə, bütün hüquqi şəxslər üçün bir "Asan İmza" SIM kartına sahib olması kifayət edir.
"Asan İmza" mobil elektron imza Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun gələn yeganə mobil elektron imzadır. Hazırda "Asan İmza" mobil elektron imza istifadəçiləri üçün Elektron Hökumət portalında - www.e-gov.az (320-yə yaxın xidmət), Azərbaycanın Vergilər Nazirliyinin elektron xidmətlər portalında - www.e-taxes.gov.az (50-yə yaxın xidmət), Hesab.az internet-ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur. Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin "Asan İmza" vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı xidməti istifadəçilər arasında xüsusi populyarlıq qazanıb.
Əmək münasibətlərinin rəsmiləşdirilməsinin yeni sistemi
Aparılan islahatların mühüm tərkib hissəsi kimi, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi sisteminin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edir. Bu o deməkdir ki, formal şəkildə əmək müqavilələrinin bağlanması hallarına artıq son qoyulacaq. Bağlanan hər bir əmək müqaviləsi bildirişi EİS-də qeydiyyata alınmaqla tam hüquqi sənəd olacaq və vətəndaşların əmək hüquqlarının müdafiəsi, onların gələcək sosial təminatı üçün vacib hüquqi əsas yaradacaq.
Bu sahədə aparılan avtomatlaşdırma işləri, işçilər barədə məlumatların elektron bazasının yaradılması əmək kitabçalarının da tədricən bir hüquqi sənəd kimi ortadan qalxmasına səbəb olacaq. Aparılan islahatlar birbaşa olaraq işəgötürənlər qarşısında müəyyən öhdəliklər qoyur. İlk növbədə isə hər bir işəgötürən EİS-dən istifadə ilə bağlı müəyyən texniki imkanlara yiyələnməlidir. Ona görə də işəgötürənlər arasında müvafiq məlumatlandırma işlərinin aparılması, tətbiq olunan yeniliklər barədə onlarda aydın təsəvvürlərin formalaşdırılması, həmçinin onların bu proseslərdə fəal iştirakının təşviq olunması əsas məqsədlərdən biridir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2014.- 28 may.- S.12.