Şumer tanrılarının adıyla
bağlı Azərbaycan toponimləri
Azərbaycanda etimologiyası düzgün açılmamış toponimlərdən biri də Quba şəhərinin adıdır. Bu adın etimologiyası ilə bağlı heç bir elmi əsasa söykənməyən və ağlabatmayan yozumlara rast gəlinir. Məsələn, tarix elmləri doktoru Yusif Yusifov yunan qaynaqlarında rast gəlinən "Xobota"nı Quba toponimiylə eyniləşdirərək yazırdı ki, Xobota sözündəki "ta" şəkilçisi sonralar düşüb və "Xobo" qalıb. Guya "Xobo" sözü uzun əsrlər boyu fonetik dəyişikliklərə uğrayıb, getdikcə "Quba" kimi tələffüz olunub. Burdaca sual doğur: Qubanın adı niyə yunan dilindən götürülməliydi? Bu yerin ilk sakinləri yunanlarmı olublar? Axı hər bir etnos hər şeydən öncə yurd saldığı yerə ad qoyur. Ona görə də adlar etnosun öz dilində olur. Toponimlərimizin etimologiyası ilə bağlı bu cür yanlış yozumlar o qədər çoxdur ki, onların hamısını sadalamağa ehtiyac yoxdur. Bu iki adı yanaşı qoyub bir kəsi inandırmaq olmaz ki, Xobota sözü fonetik (tələffüz) dəyişmələrinə uğrayıb Quba şəklinə düşüb. Burda heç olmasa əks varianta üstünlük verib, "Quba" sözünün yunan dilinə keçərkən "Xobota" şəklinə düşdüyünü söyləmək daha doğru olardı. Həm də qədim Şərq tarixinin yaxşı bilicisi olan Y.Yusifovun Quba sözünün etimologiyası haqqında fikir söyləyərkən onu öz kökündən bu qədər uzaqlaşdırmağı daha çox təəccüb doğurur. Çünki "Quba" toponiminin kökü birbaşa Şumerlə bağlanır və onun etimologiyasının düzgün yozumunu da orda axtarmaq lazımdır.
Şumer tanrılarından birinin adı Kuba/Quba olub. "K" və
"q" samitlərinin bir-birini əvəzləməsi bu
gün də türk dilində öz səciyyəviliyini
saxlayıb. Hətta Qubanı Kuba, qadını kadın
kimi tələffüz edənlər də var. Mixi
yazılı Şumer mətnlərində
Quba tanrı adına və onunla bağlı
"A-pil-Ku-bi" (tərcüməsi: tanrı Qubanın
varisi), "Nu-ur-Ku-bi" (tərcüməsi: tanrı
Qubanın işığı) kimi ifadələrə
çox rast gəlinir. Apil-Kuba (A-pil-Ku-bi). Londonda
çap olunmuş "Ur Excavationc Textc" kitabının V
cildinin 187-ci səhifəsindəki mətn belədir. Onun tərcüməsini yuxarıda verdik. Şahidlərin siyahısına aid başqa bir mətndən
apil-Qubanın tanrı Qubanın varisi və Sinbanın
oğlu olduğu aydınlaşır.
Digər mətnlərdən aydın olur ki, burada
söhbət Ur-Nannanın kürəkəni
(qızının əri) Apil-Qubadan gedir. O, yenə tanrı
Qubanın varisi adlandırılır. Göründüyü
kimi, Quba toponimi ilə Quba tanrı adı arasında heç
bir fərq yoxdur. Tanrı Qubanın adı 5-6 min il bundan öncə indiki Quba toponimiylə eyni
cür yazılıb və tələffüz edilib.
Tanrı
Qubanın adı sonralar Şumer
çarlarına keçib. Şumerin ən qədim
şəhərlərindən biri və Tufandan sonra onun ilk
paytaxtı olmuş Kiş şəhərində
çarlardan biri Quba adlı qadın olub. Bu qadın təxminən
100 il Kiş şəhərini idarə
edib. Quba adına bir də "Edigey
haqqında rəvayət" adlı Noqay dastanında rast gəlinir.
Dastanın qəhrəmanı Edigeyin ləqəbi
Qubaul olub ki, bunu da rus alimi, professor Fadeyev "bənizi
ağarmış gənc, yaxud ağbənizli gənc"
kimi tərcümə edib. Fadeyev tərcümə
zamanı sözün qədim türk dilindəki mənasını
əsas götürüb. Quba sözü
qədim türk dilində məhz "ağ" mənası
bildirib. Hazırda yele, şor və s. dillərdə
"quba" sözü "ağ" mənasını
saxlayıb.
İkiçayarasında Quba adlı bir şəhər
də olub. Onun yeri hələlik dürüstləşdirilməyib,
lakin Dəclə çayının sağ sahilində,
İran körfəzinə töküldüyü yerin
yaxınlığında yerləşdiyini güman edirlər.
Bu şəhərin adını bəzən
Quaba kimi yazırlar. III Kiş sülaləsinin
çarının adını da Qubau kimi yazanlar var. Lakin
bunların eyni ad olduğunu danmaq mümkün deyil. Bu adların hamısı tanrı Qubanın
adından qaynaqlanır. Yəqin ki,
tanrı Qubanın məbədgahı da İkiçayarasındakı
Quba şəhərində olub. Bizə elə
gəlir ki Quba şəhəri hazırda İran körfəzində
suyun altında qalıb.
Yuxarıda
beş Qubanın adı çəkildi:
Şumer tanrısı; Ağşahlar sülaləsinin
qadın çarı; Noqay dastanının qəhrəmanı;
İkiçayarasında şəhər; Azərbaycanda şəhər.
III Kiş sülaləsinin çarı Quba qadın
olub. Azərbaycan folklorunda da Quba sözü gözəllik
bildirən epitet kimi həmişə qadınlara
ünvanlanıb. Görünür, bu da
xalqın qan yaddaşında minillər boyu yaşayıb, Quba
adlı Kiş çarının bir qadın kimi gözəlliyi
unudulmayıb, zaman-zaman epitetləşərək gözəllik
rəmzinə çevrilib. Şumer
tanrısı Qubanın bir çox əlamətləri (məsələn,
işıqlı olması) onun da qadın olduğunu
düşünməyə əsas verir. Quba
şəhərinin adıyla xalqın mifik düşüncəsindəki
quba gözəllik epiteti tamamilə üst-üstə
düşdüyünə görə, bu toponimin
etimologiyasının yuxarıdakı yozumu doğru
görünür. Onda belə qənaətə gəlmək
olar ki, Şumer tanrısı Qubanın
adından həm III Kiş sülaləsinin çarı
Qubanın, həm də İkiçayarasındakı və
Azərbaycandakı Quba şəhərlərinin adları yaranıb.
Yeni bilgilər prizmasından baxdıqda Qusar toponiminin etimologiyası
haqqında söylənən fikirlərin köhnəldiyi
aydınca görünür. Bəzi alimlərə
görə "Qusar" sözü macarca "süvari
qoşun növü" deməkdir. Guya
keçmişdə Qusar ərazisində olan süvari polkun adından
rayon adı yaranıb. Əgər belə
olsaydı, süvari polklarının yerləşdiyi
bütün yerlər Qusar adlanardı. Ona
görə digər müəlliflər haqlı olaraq bu fikrin
düzgün olmadığını yazırlar. Bu gün Qırğızıstanda, Tacikistanda,
Türkiyədə Qissar, Qusar, Qusarlıq adlı toponimlər
var ki, onların eyni kökdən olduğu şübhə
doğurmur. S.Abramzon 1635-1636-cı illərdə
qırğızların Qaratəkindən Qissara və Kulaba
doğru getdiklərini yazır. Türkiyədəki
Qissarlıq da əslində "Qusar" sözündən və
"lıq" sözdüzəldici şəkilçisindən
yaranmış türk mənşəli etnotoponimdir. Onların hamısının tarixi qədimdir və
kökü Şumerlə bağlıdır. E.ə. Hett dövlətinin paytaxtı
Kuşşar/Kussar/Kusar/Qusar olub. Məşhur
çex hettoloqu akademik B.Hroznı yazırdı ki,
kuş/kuşu/kaşi/kaşşu/kasu adlarının
hamısı kassilərə aiddir. Alman
alimi Hüqo Vinklerə görə, akkadlar kassiləri
quşçu adlandırırdılar. B.Hroznı
üstəlik kaspiləri də onlarla eyniləşdirib.
Deməli, quşçu, kaspi və kassi eyni
tayfanın, yaxud bir-birinə qohum tayfaların adlarıdır.
Quşçuların ən qədim türk
tayfalarından biri olduğu isə artıq sübut edilib.
Quşçu/kassilər qədim
İkiçayarasının ilk sakinlərindən biri olan
türk tayfalarıdır, şumerlərin qan qohumudurlar.
Hett dövlətinin paytaxtı olmuş Kussar/Qusar
toponiminin quşçu/kassi tayfasının adıyla
bağlılığı göz qabağındadır. Burdan da
aydın görünür ki, Qusar etnotoponim olub, qədim
türk tayfalarından birinin - quşçu/kassilərin
adından yaranıb.
Bəs quşçu/kassi etnoniminin etimologiyası bizə
nə deyir? Quba toponiminin etimologiyasında
gördüyümüz proseslə Qusar adında da
rastlaşırıq. Son nəticədə bu toponim də
Şumer tanrılarından birinin adıyla
bağlanır.
İkiçayarasında Kisur adlı bir şəhər
də olmuşdur. Əslində Kisur adı Qusarın təhrif
olunmuş şəklidir. Qusar tanrı
adı da bu fikri söyləməyə əsas verir ki,
İkiçayarasındakı şəhər Kusar/Qusar
adlanıb.
Qaynaqlarda
şumer tanrılarından birinin Qusar
adlandığı öz əksini tapıb. Sonralar bu ad bəzi
sami tayfalarında Kusar-va-Xusasa və
Madae-Xassissaye (uqarilərdə və hurrilərdə) şəkillərinə
düşüb.
Göründüyü kimi, Qusar tanrı adıyla Qusar
toponiminin yazılışı və tələffüzü
arasında heç bir fərq yoxdur. İndi tamamilə aydın olur ki,
Hett dövlətinin paytaxtı Kuşşar/Kussar və Azərbaycandakı
Qusar, Tacikistandakı Hissar, Qırğızıstandakı
Qusar, Türkiyədəki Qusarlıq toponimlərinin
hamısı Şumer tanrısı Qusarın adından
yaranıb.
Şumer tanrılarının adıyla bağlanan Azərbaycan
toponimlərindən biri də Astaradır. Astara toponiminin
etimologiyası ilə bağlı söylənən fikirlər
bir-birindən az fərqlənir. Onlar
bir-birinin təkrarını xatırladır: "Astara- fars
dilində aşağı yer"; "aşağıda
duran" deməkdir".
Görəsən, dünyada Astaradan aşağı yer
yoxdurmu ki, bu adı ora qoysunlar? Guya Bakının ətrafında
uca təpələr olduğuna görə, Bakı "təpəlik
yer" deməkdir. Onda gərək
yanında təpələr olan bütün yerlərə
Bakı deyilsin. Bunlar adların
etimologiyasına ötəri və qeyri-elmi yanaşmadan
başqa bir şey deyil.
Astara toponiminin etimologiyası haqqında düşünəndə
istər-istəməz İştar tanrı adını
xatırlayıram. İştar Şumerlərin sevgi, məhəbbət
və törəmə, nəsilartırma tanrısıdır.
İştar adı Misir və yunan
mifologiyalarında Aştaret/Astartı/Aştarta şəkillərinə
düşürdüsə, neçə minillik yaddaş
süzgəcindən keçərək Astaralaşması da
təbii görünür. Ahəng qanunu sözün
birinci hecasının (iş) ikinci hecasına (tar)
uyğunlaşmasını zəruriləşdirib və
söz İştar/Astar/Astara şəklinə
düşüb. Bu adları yanaşı qoyanda
Astara toponiminin şumerlərin sevgi, məhəbbət
tanrısı İnanna/İştarın adından
yarandığı heç bir şübhə doğurmur.
Bu adın şumercəsi İnannadır. İştar adın akkad dilindəki variantıdır. Bəzi alimlər
akkad dilini sami dillərinə aid edirlər.
Bu, yanlış fikirdir, alman alimi H.Vinklerə görə, akkad dili şumer dilinin bir ləhcəsidir.
Akkad dilini sami dili hesab edən alimlərin
İştar adının sami mənşəli
olmadığını söyləmələri də
H.Vinklerin fikrinin doğruluğunu təsdiqləyir. Həmin
alimlər bir tərəfdən deyirlər ki, akkad
dili sami dilidir, digər tərəfdən deyirlər ki,
İştar samicə deyil. Ona görə, ikinci
fikir birincini inkar edir.
Qədim Şumer mətnlərində İştar
qadın adının Astar kişi variantına rast gəlinməsi
də, Şumer çarlarından birinin Astar adlanması da
onların hamısının eyni kökə bağlı
olduğunu göstərir. Bu kökün də
tanrı İştarın adı olduğunu faktlar özü
diktə edir. Təxminən e.ə.
2400-cü illərdə hakimiyyətdə olduğu güman
edilən II Kiş sülaləsinin çarlarından birinin
adı Enbi-Astar olub. Enbi adın epitetidir,
belə adlar şumerlərdə çoxdur. Adın özü Astardır. O da yuxarıda
deyildiyi kimi, İştar qadın adının kişi
qarşılığıdır. Onların
hamısı İştardan yaranıb və Astara toponimi də
məhz bu kökə bağlanır.
İslam
Sadıq,
Araşdırmaçı
Xlaq Cəbhəsi.-
2014.- 30 may.- S.14.