Hüquqi dövlət, vətəndaş
cəmiyyəti və söz
azadlığı
Bunlar demokratiya ilə bağlı anlayışlardır
"Vətəndaş cəmiyyəti" dedikdə
cəmiyyətin xüsusi
tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti insanların
sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının
formalaşdığı, reallaşdığı
və müdafiə edildiyi sosial əlaqələr sistemidir.
Hələ XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş
cəmiyyəti" anlayışı
insanların digər birlik formalarından ayrıca öyrənilməyə
başlanıb. Bu cəmiyyətin
gerçəkləşməsi üç mərhələdən
keçib: XVI-XVII əsrləri
əhatə edən birinci mərhələdə
vətəndaş cəmiyyətinin
siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb.
XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə
vətəndaş cəmiyyəti
xüsusi mülkiyyətə,
azadlıq və
liberal-demokratiyaya əsaslanan
ictimai münasibətlər
şəraitində inkişaf
edib. Bu dövrdə
suveren, hüquqi, demokratik dövlətlər,
parlamentlər yaranıb,
vətəndaş cəmiyyəti
üzvlərinin hüquq
və azadlıqları
qorunub. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü
mərhələ müasir
dövrü - XX əsri
və XXI əsrin əvvəllərini əhatə
edir. Bu dövrdə
vətəndaş cəmiyyəti
və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə
çevrildi. Siyasi plüralizm,
söz, fikir, mətbuat azadlığı,
çoxpartiyalı sistem
formalaşdı. Vətəndaş cəmiyyətini qeyri-siyasi,
iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Vətəndaş cəmiyyəti dar
mənada "mülki
cəmiyyət" kimi
də qeyd olunur. Mülki cəmiyyət dedikdə,
qeyri-dövlət quruluşu,
dövlətin müdaxiləsinə
məruz qalmayan, azad və bərabərhüquqlu
adamların cəmiyyəti
başa düşülür.
Burada azad sahibkarlıq, təşəbbüskarlıq mühiti
hakimdir. XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər totalitarizmdən
demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğuna yol açdı. Sosial əsasını
vətəndaş cəmiyyətinin
təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində
qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi,
hüquqi mədəniyyət
və hüquqi savadlılıq dərəcəsinin
yüksək olması
gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu
ondadır ki, onlar vahid orqanizm
kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri
kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri
üçün birgəyaşayış
qaydalarını özündə
əks etdirən vətəndaş cəmiyyəti
etikası formalaşır.
Vətəndaş cəmiyyətinin
struktur elementləri sahələrə görə
aşağıdakı kimi
təsnif edilir: iqtisadi sahədə qeyri-dövlət müəssisələri,
birliklər, aksioner təşkilatları, korporasiyalar,
sahibkarlıq, digər
könüllü birliklər
və qeyri-dövlət
sosial-iqtisadi əlaqələr
və s.
Vətəndaş cəmiyyətinin sosial-siyasi
sahəsində struktur
elementlərini isə
aşağıdakı şəkildə
təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi
təşkilatlar və
hərəkatlar, siyasi
partiyalar, məktəblər,
məscidlər (kilsə,
sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil
məhkəmələr, təhsil
sistemi, müstəqil
kütləvi informasiya
vasitələri, ictimai
özünüidarə orqanları
və s. Bu sahədə
sosial konfliktlərin həlli, vətəndaşların
maraqları konstitusiya
və qanunlar vasitəsilə qeyri-zorakı
və sivil formada tənzimlənir, konsensus mühiti yaranır.
Vətəndaş cəmiyyətinin mənəvi
sahəsinə aşağıdakı
elementləri aid etmək
olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat
azadlığı, yaradıcılıq
azadlığı, öz
mövqeyini açıq
ifadə etmək azadlığı, yaradıcı,
elmi birliklərin müstəqilliyi və dövlətdən asılı
olmaması. Vətəndaş
cəmiyyətinin həm
də aşağıdakı
prinsiplərini göstərmək
olar:
1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət
formaları, bazar münasibətləri.
2. İnsan və vətəndaşların təbii
hüquqlarının qeyd-şərtsiz
tanınması və
qorunması.
3. Qanun qarşısında hamının bərabərliyi.
4. Demokratik və legitim hakimiyyətin mövcudluğu.
5. Hüquqi, demokratik, sosial, sivil dövlətin
formalaşması. 6. Siyasi,
ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu. 7. Müstəqil
kütləvi informasiya
vasitələri, azad mətbuat, söz, fikir azadlığı.
8. Dövlətin şəxsi
və ictimai həyata müdaxilə etməməsi, vətəndaş
və dövlətin qarşılıqlı vəzifələri,
məsuliyyət və
öhdəlikləri.
9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı
əməkdaşlıq.
10. Şəxsiyyətin ləyaqətli
həyatını təmin
edən səmərəli
sosial siyasət. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər
sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin
tələbatlarını ödəmək,
mənafeyini və hüquqlarını qorumaqdır.
Vətəndaş cəmiyyəti və
hüquqi dövlətin
arasındakı qarşılıqlı
münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada
şaquli əlaqələrin
üfüqi əlaqələrə
və əksinə, çevrilməsi prosesi baş verir. Demokratik cəmiyyətlərdə vətəndaş
cəmiyyəti və hüquqi dövlət arasında sıx
qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar
azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil
şəxsiyyət kimi yetişir. Vətəndaş
cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində
geniş fəaliyyət göstərir. Bu
cəmiyyətin formalaşması zamanı bütün sahələrdə
sivilizasiyalaşma baş verir. Vətəndaş
cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən
mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən
hüquqi dövlət, demokratiya və vətəndaşların
ictimai fəallığı ilə sıx bağlıdır.
Vicdan azadlığı problemi bəşəriyyətin
inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin
aktual problemlərindəndir. Vicdan, şəxsi
və ictimai mənafeyi öz əqidəsiinə uyğun
olaraq insanın hərəkət etmək bacarığı və
imkanıdır. Geniş mənada vicdan
azadlığı, vətəndaşların bu və ya digər
əməllərə (ədalət və ədalətsizlik,
yaxşı və pis) qiymət verməkdə mənsub
olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda
tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət
etməkdə azad olmaq imkanıdır. Sözün
dar mənasında, vicdan azadlığı kateqoriyası
insanların dinə münasibətə tam sərbəstliyini
nəzərdə tutur. Vicdan
azadlığı istənilən dini seçib ona riayət
etmək və heç bir dinə inanmamaq, yəni ateist
mövqedə durmaq hüququnun təmin edilməsi kimi iki vacib
prinsiplə müəyyən edilir.
AMEA
İnsan Hüquqları İnstitutu Din və İctimai Təhlükəsizlik
şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar
İbrahimovanın fikrincə, vətəndaş cəmiyyəti
hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi
olmayan, lakin vətəndaşların hüquqlarını
müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən
azad fərdlər birliyinə əsaslanır. Kantın da
dediyi kimi: "Vətəndaş cəmiyyətindəki
insanlar dövlətdən asılı deyil və tam sərbəstdirlər".
Vətəndaş cəmiyyətinin inkişafı
üç mərhələdən keçib. Üçüncü
mərhələ indi yaşadığımız müasir
dövrü əhatə edir və məhz bu mərhələdə
vətəndaş cəmiyyəti və hüquqi dövlət
bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli
dövlət anlayışı ümumbəşəri dəyərə
çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat
azadlığı, çoxpartiyalı sistem həyata
keçirildi: "Demokratiyanı siyasi sistem
formalaşdırır. Onun dayanıqlı
olması üçün isə vətəndaş
mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də
hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan
azadlığı və hüquqlarından xəbərsiz,
özünü ifadə etməkdən çəkinən, məqsədlərinə
çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən
vətəndaşlardan yarana bilməz. Əgər
bir vətəndaş öz hüquq və
azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk
etmirsə, hüquqlarını tələb etməkdən vaz
keçirsə, onda nə demokratiya, nə də vətəndaş
cəmiyyətindən danışmağa dəyər".
G.İbrahimova
onu da deyib ki, hüquqi dövlətin formalaşması vətəndaş
cəmiyyətinin inkişafı ilə bağlıdır:
"Kanta görə, hüquqi dövlətdə qanunlar
xalqın iradəsi ilə qəbul olunur. Onun
fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas
prinsipi azadlığın hüquqi təminatçısı
olmaqdan ibarətdir. Hüquqi dövlət
konsepsiyası insanın azadlığının təzahür
sferasını müəyyənləşdirməyə
yönəlib. Dövlətin vətəndaşın
azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun
və qanunazidd kimi tanınır. Hüquqi
dövlətin yaradılmasının
formalaşdırılması insan hüquq və
azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş
qarşısında və vətəndaşın dövlət
qarşısında məsuliyyəti, qanunun nüfuzunun
yüksəldilməsi və hüquq-mühafizə
orqanlarının effektiv işi ilə əlaqələndirilir".
G.İbrahimova onu da vurğulayıb ki, vətəndaş
cəmiyyəti vətəndaşları birləşdirən
ictimai şəbəkə olmaqla dövlət vasitəsilə
deyil, vətəndaşların özü və müəssisələr
tərəfindən yaradılır, fəaliyyətdə olan
qanunlar çərçivəsində dövlətə
münasibətdə muxtar xarakter daşıyır. Vətəndaş cəmiyyəti
sivilizasiyasının müasir səviyyəsində fərdlər,
qruplar və birliklər arasında dövlət vasitəsilə
şərtlənməyən, özünəməxsus,
inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni,
hüquq və siyasi münasibətlərdir: "Hüquqi
dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən
müstəqil insan kütləsi məkanında vətəndaş
cəmiyyətinin olması mümkündür. Vətəndaş
cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada
siyasi elitanın "söz keçirməsi" cəmiyyətin
liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir
və sərbəstlik demokratiyanı yaradan şərtlərdən
biridir və demokratik şəraitdə hüquqi dövlət
daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd
bağlılığı göz önündədir.
Kantın da dediyi kimi: "Ümumdünyəvi vətəndaş
cəmiyyətinin formalaşması demokratiyanın
yaranması deməkdir". Hüquqi dövlət
və vətəndaş cəmiyyəti demokratiya ilə
sıx bağlı anlayışlardır, biri bərqərar
olmadan o biri mümkün deyil. Fransız
politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin
cəmiyyətdə oynadığı rolu təhlil edərək
bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət
anlayışını bütün adamlar üçün
aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da
hər bir vətəndaşın şüuruna
çatdırır".
Cavid
Xalq Cəbhəsi.-
2014.- 30 may.- S.11.