Şamaxı, ey
mənim sevimli yurdum...
Yəqin
ki, xatırladınız.
Düz tapmısınız. Dünyaca məşhur
olan Xaqaninin misralarıdır. Hər dəfə
yolum Şamaxıya düşəndə istər-istəməz
bu misraları xatırlayıram. Xatırlayıram
və sevinirəm ki, boy atdığın torpağa bax belə bağlı olmalısan. Bu misralarda nə qədər böyük ruh, böyük ürək
var. Qoy misranı tamamlayım, siz də görün, şahid olun:
Şamaxı, ey mənim sevimli yurdum,
Mən sənin
qoynunda xaniman qurdum.
Görürsünüzmü, bu, Vətən sevgisinin, yurda bağlılığın, qoynunda
xaniman qurduğun və ya qurmaq
istədiyin diyara həqiqi oğulluq etməyin ən ali nümunəsidir.
Ustad bu misraları ilə bu torpağı
sevməli olan insanlara çox mükəmməl bir yol göstəribdi. Bu yolun qurtaracağında
mütləq xaniman görünür. Belə olmasaydı,
yaşı o qədər
də çox olmayan gənc qələm dostum, şamaxılı Anar Turan bu torpaq,
onun insanları haqqında belə ürəklə, səmimiyyətlə
danışa bilməzdi.
Belə olmasaydı, Şamaxıda rastlaşdığım
nurani, ağsaqqal, dünyanın hər üzünü görmüş
ixtiyar qoca: “Oğul, bu torpağın
hər qarışı
bizə ana südü qədər əzizdir, doğmadır”,
– deməzdi.
Bu, müasir Şamaxı və şamaxılıların dedikləridir. Yol gördüyünüz kimi,
məlumdur və mən həmin yolu müasir günlərimizdə uğurla
davam etdirənlərin
əməlləri, Şamaxını
gülüstana döndərmək
üçün göstərdikləri
fədakarlıq barədə
dönə-dönə yazmışam.
Göylər kəndinə
gedən yol üstündə, sözün
həqiqi mənasında,
göylərə ucalan
milli bayrağımızla
süslənmiş Bayraq
Meydanı, regionun ən möhtəşəm
analoji qurğularından
olan Şamaxı Astrofizika Rəsədxanasının
“uzaqgörənliyi”, VIII əsrdə
tikilən, 2013-cü ildə
dövlət başçımızın
xüsusi nəzarəti
altında təmir və bərpa olunduqdan sonra bütün Şirvan möminlərinin ixtiyarına
verilən Şamaxı
Cümə məscidinin
əzəmətli görünüşü,
gələn il Azərbaycanda keçiriləcək
Birinci Avropa Oyunlarına hazırlıq
dövründə bilavasitə
ölkə Prezidentinin
iştirakı ilə
istifadəyə verilən
“Şamaxı Palase Platinium By Rixos” beşulduzlu otelinin təmtərağı, yeni
yolların və abad küçələrin
gözəlliyi barədə
nə qədər danışmışamsa, dəqiq
yadımda deyil. Bildiklərim
isə çox, lap çoxdur. Yaxşısı
budur, bu gün onlardan bəziləri barədə
sizi də tanış edim, xəbəriniz olsun.
Xaqanilər,
nəsimilər, seyid əzimlər, şirvanilər,
sabirlər yurdu olan Şamaxının bugünkü cah-cəlalını
yaradanlarla, bu diyarın əzəmətini,
şan-şöhrətini artıranlarla
çox söhbət
etmişəm. Rayon mərkəzindəki müxtəlif
zallarda, icra hakimiyyətinin binasında
keçirilən görüşlərdə,
kəndlərdə keçirilən
səyyar qəbullarda
iştirak etmişəm.
Rayon rəhbərləri
ilə əhalinin qonağı olmuşam. Bir həqiqəti deməliyəm
ki, hara getmişəmsə rayon icra
hakimiyyətinin başçısı
Asif Ağayevi qonaq kimi yox,
doğma adamları kimi qarşılayıblar.
Səbəbini soruşmuşam,
cavab belə olub: Rayon rəhbərinin
son zamanlar Şamaxıda
gördüyü işlər,
həyata keçirdiyi
tədbirlər, bu yurdun inkişafına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına
verdiyi töhfələr
belə deməyə əsas verir ki, o, artıq Şamaxının heç
bir kəndində qonaq deyil. O, bu torpağı dərindən sevən bir insan olduğunu
əməli ilə çoxdan sübut edib. Rayon rəhbəri
ən ucqar kəndlərdə belə
yaranmış hansısa
problemdən xəbər
tutan kimi sakinlərin mənafeyini müdafiə edən qərar verirsə, bütün kəndləri
gəzib insanlarla görüşürsə, toyda,
bayramda, dar ayaqda, çətin gündə camaatın yanında olursa, deməli, o artıq yad deyil.
Bu yaxınlarda Qonaqkənddə rayon rəhbəri
ilə görüşən
adamların heç biri öz problemi
ilə bağlı məsələ qaldırıb,
təklif vermədi. Biri kəndə təyinatla gələn müəllimlərə
torpaq sahəsi verilməsinin vacibliyindən
danışdı. Başqası köhnəlmiş elektrik
xətlərinin dəyişdirilməsini
təklif etdi. Digəri isə kənddəki, su ötürən qurğunun təmirə ehtiyacı olduğunu yada saldı. Bax şamaxılılar belədir.
Onlar üçün birinin problemi hamınındır.
Bu dəfə Şamaxıda başqa bir əlamətdar hadisənin də şahidi oldum. Rayon icra hakimiyyəti
başçısının müavini Gülnisə Ələkbərova bildirdi
ki, rayon məktəblərində
ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi
məqsədilə keçirilən
dərslər gənc
nəslin vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsində
xüsusi önəm kəsb edib. Eyni zamanda, müasir
Azərbaycan tarixinin ümumtəhsil məktəblərində
daha səmərəli
öyrədilməsi məqsədilə
Təhsil Nazirliyi tərəfindən müəyyən
edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın
sosial-iqtisadi inkişafının
təminatçısıdır” mövzuları üzrə
rayonun Heydər Əliyev Mərkəzində
keçirilən dərslər
ümumtəhsil məktəblərinin
11-ci sinif şagirdlərinə
uğurla tədris olunub. Həmsöhbətim bildirdi ki, bu dərslərin yüksək səviyyədə
təşkil olunmasının
nəticəsidir ki, həmin mərkəzin fəaliyyəti ilə maraqlananların sayı gündən-günə artır.
Rayon icra hakimiyyətinin başçısı
Asif Ağayevlə söhbətimizdə isə
təkcə Şamaxının
bugünü ilə deyil, eləcə də dünəni ilə bağlı bəzi məqamlar yada salındı. Asif müəllim qeyd etdi ki, ötən
əsrin 70-80-ci illərində
Şamaxı ulu öndər Heydər Əliyevin uğurlu aqrar siyasəti nəticəsində Azərbaycanın
ən böyük üzümçülük rayonuna
çevrilmişdi. Sonralar yaranan
vəziyyət, bu gəlirli sahəyə göstərilən münasibət
hamıya məlumdur.
Ona görə də hazırda bu sahənin inkişafına
xüsusi diqqət göstərilir. Bu baxımdan
dövlət başçısının
tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm
rolu olub. Hazırda rayonda üzümçülük
yeni inkişaf dövrünü yaşayır.
Fermerlər tərəfindən bu ilin üç
ayında 10 hektar yeni üzüm bağları salınıb.
Hazırda bu gəlirli sahənin 1627,5 hektara çatdırılmasına
nail olmuşuq.
Tarixi
şəhər olan Şamaxının abadlaşdırılması
və yenidən qurulması, sosial problemlərin həll edilməsi istiqamətində
də uğurlu addımlar atılır. Belə ki, Şamaxı şəhərinin mərkəzində
yerləşən, uzun
müddətdir ki, baxımsızlıq nəticəsində
yararsız hala düşən “Soyqırımı
abidəsi” yenidən qurularaq əsaslı təmir olunub. Abidənin ətrafında yerləşən
bütün fərdi yaşayış evlərinin
dam örtükləri, pəncərə
blokları yenisi ilə əvəz edilib, fasad hissələri
aqlay daşla üzlənib və evlərin giriş qapıları rənglənib.
Ərazidə olan bütün
barılar dekorativ üslubda üzlənilib.
Piyadalar üçün səkilər
çəkilib, asfalt-beton
örtüyü vurulub
və işıqlandırma
sistemi quraşdırılb.
Abidənin ətrafında 800 kvadratmetrdən artıq sahədə yeni yaşıllıq zolağı
salınaraq həmişəyaşıl
bəzək kolları
və dekorativ ağaclar əkilib. Şamaxının gecəsi də
gündüzü kimi
işıqlıdır. Baxdıqca baxmaq istəyirsən.
Rayon sakinlərinin böyük qürur və ehtiram ünvanı olan Şəhidlər Xiyabanının
əsaslı təmiri
və yenidən qurulması işlərinə
başlanılıb. İlk növbədə ərazinin tektonik zonada yerləşməsi
nəzərə alınaraq torpaq
sürüşməsinin qarşısının
alınması məqsədilə məzarların ərtafına
səthi möhkəmləndirən beton
qatı salınıb. Xiyabanın ərazisi boyük
parka çevrilərək 3 hektara çatdırılıb, orada 800-ə qədər ağac
əkilib.
Mən Asif müəllimdən Şamaxıda olarkən
bir çox ünvanlarda rastlaşdığım
faktların təsdiqini də eşitdim.
Belə ki, rayonun Qaleybuğurd, Nağaraxana
və Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda
işlənən kənd ad göstəricisi
inşa edilib.
Başçı xatırlatdı ki, bu addımları atanda
Şamaxının qonaqlı-qaralı olduğunu,
getdikcə rayona daha çox turist gəldiyini
nəzərə almışıq. Bu kiçik memarlıq nümunələri nabələd
adamlar üçün
bir növ bələdçi
rolunu oynayacaq. Bu gün Şamaxı müasir standartlara cavab verən yeni turizm obyektləri ilə, sözün
həqiqi mənasında, fəxr edə bilər.
İstər-istəməz
söhbətimiz Şamaxının keçmişindən də
düşdü. Bu da səbəbsiz deyildi.
Şamaxıya son səfərimdə əlimizə
təsadüfən bir qəzet düşdü: “Yeni Şirvan”. Bu, Sovet dövründə Şamaxıda
çıxan qəzetin adıdır. Buradakı, bir yazı diqqətimi cəlb etdi.
Sərlövhəsi belədir: “Şamaxı Quberniyası: Qobustan polis sahəsi”. Debinski adlı bir müəllif
yazıb. Maraqlı kitabdır. 1903-cü ildə Tiflisdə çap olunub. Qəzet 18
nömrəsində həmin kitabdakı yazıya yer ayırıb. Kitabı tərcümə edəni
də tanıyıram. Bizim tələbə
yoldaşımızdır. Şamaxını öz
canı, qanı qədər sevən Cəlal Tağıyevi xeyli vaxtdır görmürdüm.
Məqalələrin bir neçəsini oxudum. Burada çox şey
var. Şamaxının özü,
kəndlərinin tarixi ilə bağlı
çox qiymətli sənəddir. Ötən
əsrin 80-ci illərinin sonlarında — hərc-mərclik
dövründə qəzetdə verilməsi, onun
Azərbaycan dilində, kitab şəklində
çap edilməsini heç
kəs ağlına belə gətirməyib.
Cəlala zəng vurdum, görüşdüm.
Başqa maraqlı bir
fakt da
danışdı: “Krasnodarda ”makulatura" zavodu var, — dedi. — Bir gün orada
işləyən yükdaşıyan buraya
təhvil verilən kağızların arasında 1902-ci ildə
çap olunan “Niva” adlı bir jurnalda Şamaxı haqqında şəkilli bir yazıya rast gəlir. Oxuyur, xoşuna gəlir. Tənbəllik
etmir, götürüb
Şamaxı tarix-diyarşünaslıq muzeyinə bir məktub yazır ki,
belə bir qiymətli jurnal
tapmışam. Çox yox,
cəmi 15 manat, göndərin ki, həmin jurnalı sizə yollayım. Adını dəqiq xatırlamıram, sağ olsun, o vaxtlar muzeydə işləyən
bir nəfər heç
kəsə demədən əsl vətənpərvərlik
nümunəsi göstərərək həmin məbləği
Krasnodardakı yükdaşıyana göndərir. Bax beləcə, hər şey
yoluna qoyulur. İndi həmin jurnal ən
qiymətli eksponat kimi
muzeydə nümayiş etdirilir.
Mən həmin məqaləni də tərcümə
etmişəm. 1902-ci ilin yanvar
ayında Şamaxıda baş vermiş zəlzələlər haqqında
müfəssəl bir məlumatdır. Burada Şamaxı haqqında qiymətli fikirlər
öz əksini tapıb...”
Cəlal
danışdıqca düşünürdüm.
Ürəyimdən keçirdi ki, biz bəzən öz keçmişimizə laqeyd
oluruq. Hər şey
hazırdır. Nəyi gözləyirik. Bu
maraqlı kitabı doğma dilimizdə çap etməyin vaxtı deyilmi?
Hə, əziz oxucu! Biz bu
yazıda Şamaxının, az da olsa, keçmişindən
və bu günündən
danışdıq. Aradan illər keçəcək,
Şamaxının bugünkü tarixini yaradanlar da xatırlanacaq. Bu gün isə mən hamını
Şamaxıya dəvət edirəm. Gəlsinlər, hər şeyi öz gözləri
ilə görsünlər. Burada hər şey var. Şəxsən
onları özüm qarşılayaram. Elmlə maraqlanan dostlarıma Astrofizika Rəsədxanasını göstərə
bilərəm, mömin
soydaşlarımıza Cənubi Qafqazın ən qədim İslam memarlıq abidələrindən olan Şamaxı Cümə məscidini, turizmi, istirahəti sevənlərə isə...
bax bunu deyə bilməyəcəm.
Çünki bugünkü
Şamaxının turizm obyeklərindən
danışmaq və ya yazmaq
lazım deyil, təkrar olmasın, sadəcə
görmək qərəkdir...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2014.- 31 may.- S.6.