Prezident İlham ƏLİYEV: Ən böyük sərvətimiz olan

müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq

 

 XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və müstəqil dövlətlərin yaranması əsri kimi daxil olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Bunun da nəticəsində Rusiya imperiyası dağıldı. Bundan sonra xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın vətənpərvər, xalqını, millətini sevən milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika oldu. Bu, parlamentli respublika idi. AXC -nin dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdət təşkil edirdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Ancaq bu illər ərzində çox böyük işlər görüldü. Demokratik təsisatlar quruldu, ordu quruculuğu sahəsində böyük işlər görüldü, qadınlara səsvermə hüququ verildi. Müstəqil Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradıldı. Təəssüf ki, 1920-ci il aprelin 28-də bolşeviklərin XI ordusu Azərbaycanı işğal etdiAXC-nin fəaliyyətinə xitam verildi.

Uzun bir dövr ərzində Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizə aparmışdır. Bu mübarizə 1990 - cı ilin 20 yanvarında özünün kulminasiya nöqtəsinə çatdı. Həmin gün Azərbaycan xalqı Sovet imperiyasının müstəmləkəsindən birdəfəlik xilas olmaq üçün öz haqq səsini qaldırdı və istiqlaliyyət, azadlıq tələbi ilə küçə və meydanlara çıxdı. Bu dəfə də imperiya 70 il əvvəl olduğu kimi, silaha əl atdı. Ancaq xalqın haqq səsini boğa bilmədi. İmperiyanın ən müasir silahlarına sinələrini sipər edən mərd oğul və qızlarımız respublikamızın müstəqilliyi yolunda canlarını qurban verdilər və nəhayət, Azərbaycan müstəqillik yoluna qədəm qoydu.

Lakin müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, dövlət idarəçiliyndəki naşılığı və xalqın taleyüklü məsələlərindən çox öz şəxsi mənafelərinə üstünlük vermələri respublikamızı parçalanmaq, məhv olmaq həddinə gətirib çıxarmışdı. Lakin xalqın təkidli xahişi ilə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyat tədricən öz axarına düşdü və Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndi, əbədilik qazandı.

Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya birliyinin inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Hazırda dünyanın hər yerindən dövlət və hökumət başçıları Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər göndərir və ən xoş arzularını bildirirlər.

Paytaxtdakı “Buta” sarayında Azərbaycan xalqının milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilmiş və həmin mərasimdə dövlətimizin başçısı geniş nitq söyləyərək respublikamızın müstəqilliyədək keçdiyi çətin və şərəfli yoldan, xalqımızın azadlığa qovuşana qədər apardığı mübarizədən ətraflı söhbət açmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycanda yaranması ilə xalqımız haqlı olaraq fəxr edir. Prezident demişdir: “Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idiondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı”.

Möhtərəm Prezidentimiz diqqətə çatdırmışdır ki, biz 71 il ərzində Sovet İttifaqı tərkibində yaşamışıq və o illər ərzində xalqımız inkişaf etmişdir. Azərbaycan da inkişaf etmişdir və respublikamızın sovet dövründəki ən parlaq səhifəsi məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Tarixi faktlar da təsdiqləyir ki, respublikamız o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idi. Ancaq 70-ci illərin sonlarında artıq öncül yerlərə çıxmışdı. Dövlətimizin başçısı o illərdə qazanılan uğurları bir daha diqqətə çatdıraraq demişdir ki, iki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi.

Bütün bunlara baxmayarq, Azərbaycan müstəqil dövlət deyildi. Respublikamıza müstəqilliyin bərpası 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının süqutundan sonra digər müttəfiq respublikalarla bərabər Azərbaycan da müstəqillik əldə etdi. Azərbaycan Prezidenti müstəqilliyimizin ilk illərini bir daha xatırladaraq bildirmişdir: “Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu vəziyyət hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra, demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə, AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və ulu öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi”.

Azərbaycan xalqı çox yaxşı bilir ki, əslində real müstəqilliyimizin ilk ili 1993-cü il olmuşdur. Həmin ilin ikinci yarısından başlayaraq respublikamızda həyat tədricən öz axarına düşmüşdür. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşüdüşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi və tədricən beynəlxalq aləmə inteqrasiya olundu, əlaqələri genişləndi və mövqeləri möhkəmləndi. Ulu öndərin qətiyyəti sayəsində ölkədə yaradılmış davamlı ictimai - siyasi sabitlik dünyanın inkişaf etmiş dövlətlərinin və iri şirkətlərin diqqətini cəlb etdi və Azərbaycan inkişaf yoluna qədəm qoydu. 1994 - ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkə iqtisadiyyatında sürətli inkişaf yarandı.

Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul edilməklə siyasi sistem formalaşmışdır və bununla da Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin əsası qoyuldu. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Dövlətimizin başçısı da vurğulamışdır ki, bu illər Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Qeyd olunmuşdur ki, biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasiiqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə, regional dövlət kimi artıq dünyaya təqdim edir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın hazırda iqtisadi baxımdan xeyli güclənərək regionun aparıcı dövlətinə çevirildiyidünya birliyində layiqli yerini tutduğu artıq beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Son on il ərzində həyata keçirilən islahatlar, respublikamızın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, nüfuzunun artması da bunu təsdiqləyir.Təbii ki, bu uğurların təməli 1993-cü ildə qoyulmuşdur. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanmasını təsdiqləyən faktlardan biri ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsidir. Bu seçkilərdə dünyanın 155 ölkəsinin Azərbaycana dəstək verməsi müstəqil dövlətimizə olan inam və etibarın bariz nümunəsidir.

Beynəlxalq təşkilatlarla əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdıran Azərbaycan Prezidenti demişdir: “Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir. BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər vardır. Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona görə hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib çatıb. Ancaq hər halda bizbu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz daha da təsirli olacaqdır”.

Bu gün Azərbaycan müstəqil siyasət yeridən, heç bir beynəlxalq qurumdan asılı olmayan dövlətdir. Ölkə rəhbəri nitqində müstəqilliyimizi şərtləndirən əsas amilləri də vuğulayarq demişdir ki, müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz, sözün əsl mənasında, müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir.

Azərbaycan Prezidentinin xüsusi diqqət yetirdiyi məsələlərdən biriordu quruculuğunun gücləndirilməsi olmuşdur. Bu da səbəbsiz deyildir. İyirmi ildən atrıqdır ki, təcavüzkar Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Dünyada özünü haqq - ədalət tərəfdarı kimi göstərən bəzi dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bu ədalətsizliyə hələ də göz yumur, ikili standartlar nümayiş etdirir və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizliyinə laqeyd münasibət bəsləyirlər. Bu da ictimaiyyətin haqlı narazılığına səbəb olur. Odur ki, işğal altında olan ərazilərimizin azad edilməsi üçün güclü orduya malik olmalıyıq. Söz yox ki, Milli Ordumuz bu gün regionun ən güclü ordusudur. Buna baxmayaraq, ordu quruculuğuna diqqət daha da artırılmalıdır. Dövlətimizin başçısı öz nitqində bu məsələyə xüsusi önəm verərək bildirmişdir: “Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır və alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində əlavə işlər görülür və görüləcəkdir.

Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Bir sözlə, biz bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik”.

 Müstəqillik ən böyük sərvətimizdir. Söz yox ki, ilk dəfə 1918 - ci ildə qazandığımız müstəqilliyimizi cəmi 23 ay qoruyub saxlaya bildik. İndi isə Azərbaycan müstəqil dövlət kimi dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Çünki bizim yolumuz haqq yoludur. Möhtərəm Prezidentimizin dediyi kimi, “Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 31 may.- S.1-2.