“Neyləməli, göz
görür, ağlım kəsir...”
Mirzə Ələkbər Sabirin bənzərsiz şairliyi
Mirzə
Ələkbər Sabir
dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. XX yüzilin
əvvəllərində dünyanın
halında bir oyanma vardı: inqilabların yeni, daha fəlakətli mərhələsi başlayırdı.
Çünki bu prosesin ardınca idraka əsaslanma gəlmədi.
Sabirlər isə milləti
maariflənmə yoluyla
dəyişdirməyə, yönləndirməyə
çalışırdılar. Onların ayrıca bir konsepsiyası, fəaliyyət
proqramı isə yox idi.
Üslub sarıdan heç kəsə bənzəməyən
Sabirin şeirləri indi də çoxunun
dilində əzbərdir. Hər kəs
Sabirdən ən azı bir beyt
əzbər deyər.
Ancaq onun dərdinə gəlincə...
Əslində Sabirinki şairlik
deyildi, dərdkeşlik
idi. Şairlik ona fikirlərini
çatdırmaqda yardımçı
idi.
Sabirin Sabirliyini
aşkarlayan "Molla
Nəsrəddin" jurnalı
oldu. Sabir ədəbi cəbhədə
çalışsa da,
fəaliyyəti ilə
ictimai-siyasi problemlərə
də toxunurdu. Onun əsərlərində çağındakı
Şərqin ictimai-siyasi
problemlərinə də
bu və ya digər şəkildə
toxunulub. Sabirin satirasında
sərtlik var, kəskin tənqid var, güzəştsizlik
var. O, millət fədaisi
idi. Milətinin dərdləriylə yaşayırdı. Onun şairliyi
çağında heç
kəsin şairliyinə
oxşamırdı. İndi də
heç kəsin şairliyinə oxşamır.
Bənzərsizlik budur.
XX yüzilin əvvəllərində
dərdi göstərməyin
özü də (Sabir kimi, Mirzə
Cəlil kimi) hünər idi. İndi çağımızın
çatışmazlıqlarını Sabir kimi şeirdə
göstərmək, ifadə
etmək ənənəmiz
niyə səngiyib görəsən? Deməli, millət
daim hər sahədə irəliyə
doğru getməli, inkişaf etməlidir.
Sabirin dərdi millətin öz çatışmazlıqlarından
qurtulması idi.
O, Avropaya ümidlə
baxırdı. Bu cəhət o dövrdə
bir çox düşüncə adamlarında
vardı. Sabir məşhur taziyanəsində
yazırdı:
Əcnəbi seyrə balonlarla
çıxır,
Biz hələ avtomobil
minməyiriz.
Sabir Qərbin
maddi tərəqqisini
onun elmə olan həvəsində görürdü. Ancaq Şərqi məhz
zamanının gerçəkliyinə
bərabər saymaq o dövr düşüncə
adamlarımızın yanlışı
idi. Çünki Şərqin mahiyyəti
təkcə despotçuluqdan
ibarət deyil. Şərqin əzəli bəşəri imkanları
hələ də tam aşkarlanmayıb...
Sabirin satiraları
indi də dillər əzbəridir. Ancaq görəsən,
onun tənqid hədəfləri niyə
azalmır, əksinə,
artır? Çünki ədəbiyyat dərdi göstərir, daha yaxşı ifadə edir. Dərdi aradan qaldırmaq
isə insanlardan hünər istəyir.
Ümumiyyətlə, bütün dövrlər
üçün Sabirin
şeirləri aktual olacaq. O zaman ki, Sabirin tipləri
yalnız ədəbiyyatda
qalacaq, həyatda olmayacaq, bax, belədə demək olar ki, artıq
şairin dərdi dərmanını tapıb.
Ancaq Sabirin dərdinin dərmanı asan tapılmayacaq. Zaman-zaman bu
dərd Sabirlərin cismini öldürdü.
Yetər
artıq. İndi dərdli
özündə o dərəcədə
güc tapmalıdır
ki, dərdi öldürsün. Bu, o deməkdir ki, insan özüylə üz-üzə qalmalı,
özünü yaratmağı
bacarmalıdır. O zaman
dərd də yeniləcək. Fərdin içində yenilən
dərd cəmiyyətdə
də yoxa çıxacaq. Sabirləri yaşatmağın
yolu budur. Ümumən
dünyanın, çağımızın
ruhsuzluğuna, ümidsizliyinə,
idealsızlığına sabahlı, gələcəkli
baxış gərəkdir.
Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür,
itmir, yox olmur. Sabirin sənətkarlığının
bir cəhəti də onun meyxananın
imkanlarından bacarıqla
yararlanması idi.
Mirzə
Ələkbər Sabir
1862-ci il mayın 30-da Şamaxıda
anadan olub. Uşaq vaxtı yazdığı üç
misralıq ilk şeri
məşhurdur:
Tutdum orucu irəmazanda,
Qaldı
iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxuyub, sonra məşhur
şair Seyid Əzim Şirvaninin açdığı yeni
üsullu məktəbə keçmişdi. 1885-ci idə ziyarət
adı ilə səyahətə çıxıb, Orta Asiyaya,
oradan da İrana gedir: Səbzivar, Nişapur, Səmərqənd,
Buxara, Xorasan və başqa şəhərləri gəzir. XX əsrin əvvəllərindən başlayaraq
Sabirin şeirləri mətbuat səhifələrində
görünür. 1906-cı ildə
"Molla Nəsrəddin"in ən fəal müəlliflərindən
biri olur. 1910-cu ilin əvvəllərində
Bakıya işləməyə gəlir. Əvvəlcə
"Zənbur" jurnalının redaksiyasında
çalışır. Az sonra
Balaxanı məktəbində böyük həvəslə
dərs deməyə başlayır. Aylarla
ehtiyac içində, işsiz, əzab-əziyyətlə
dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər
xəstəliyinə tutulur, Şamaxıya qayıdır.
1911-ci ilin mayında müalicə
üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadənin
evində yatır. Xəstəliyinin getdikcə
şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir
yazmağa davam edir. İyun ayında həkimlər
şairə cərrahiyə əməliyyatı
aparmağı təklif edirlər. Ancaq o,
buna razı olmur. O, Şamaxıya qayıdır. Axır
günlərindən birində şair deyir:
İstərəm
ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə
bədbəxtəm, əcəldən də gərək naz
çəkəm!
Xatirələrdə
deyilir ki, fədakar, qayğıkeş ailə
başçısı olan Sabir uşaqlarının maddi
ehtiyacını deyil, tərəqqisini də təmin etməyə
çalışıb. "Molla Nəsrəddin"
jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə
maddi yardım etməyə çağıran bir elan dərc
edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox
şəhərlərindən onlarla oxucu şairə məhəbbət
və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in
ünvanına ianə göndərirlər.
Xəstəliyinin
çox şiddətləndiyini və ona başqa bir əlac
olmayacağını görən şair cərrahiyə əməliyyatına
razı olur, iyulun 8-də Bakıya gəlir. Artıq həkimlər
cərrahiyənin də fayda verməyəcəyini söyləyir,
ona Şamaxıya qayıtmağı məsləhət görürlər.
Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son
görüşünü xatırlayaraq yazır: "... Qəzetdə
yazarsan, Sabir deyirdi ki, mən vücdumda olan ətimi
xalqımın yolunda çürütdüm. Əgər
ömür vəfa etsəydi, sümüklərimi də
xalqımın yolunda qoyardım".
1911-ci il
iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi
Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda
dəfn olunur.
Sabirin
xatirəsinə hörmət əlaməti olaraq vəfatından
bir il sonra 1912-ci ildə arvadı Büllurnisə xanım,
dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə
onun şeirləri "Hophopnamə" adı ilə
çap olundu. İki il sonra xalqın ianəsilə
"Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri
buraxıldı.
Sabir
boşboğazlara xitabən yazırdı:
Bir
bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət
ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız
yox, yazıdan qismətimiz...
Sovet
hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş
dərəcədə artır, "Hophopnamə"
böyük tirajla bir neçə dəfə çap olunur.
Sabirin həyatı
və yaradıcılığı haqqında dəfələrlə
elmi araşdırmalar aparılıb, əsərlərinə
nəzirələr yazılıb. Şairin
yaradıcılığı Şərq ölkələrindəki
satiriklərə ciddi təsir edib.
İndi də
Sabirin satiralarından məşhur parçalara qulaq kəsilək:
Daş qəlbli
insanları neylərdin, ilahi!
Bizdə
bu soyuq qanları neylərdin, ilahi!
***
İntelligentik,
gəzərik naz ilə,
Ömr edərik
nəşeyi-dəmsaz ilə!
***
Amalımız-əfkarımız
ifnayi-vətəndir.
***
Ah eylədiyim
nəşeyi-qəlyanın üçündür,
Qan
ağladığım qəhveyi-fincanın
üçündür.
Vəz
eylədiyim hədyəvü ehsandır, ancaq
Ümdə
qərəzim kisəvü-həmyanın
üçündür.
***
Könlüm
bulanır kuçədə cövlanını görcək,
Nitqim
tutulur hərzəvü-hədyanını görcək.
***
Nuri-çeşmanımmısan,
ey pul, canımmısan?
İsmətim,
namusum, irzim, qeyrətim, qanımmısan?
...Müshəfim,
Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
***
...İnsan
olanın cahü-cəlalı gərək olsun,
İnsan
olanın dövləti, malı gərək olsun!
***
Pah
atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə!
***
Cin
görürəm, can görürəm qorxmuram,
Harda
müsəlman görürəm qorxuram!
***
İş
görəcək yerdə söz əzbərlərik,
Aşiqik
ancaq quru, boş söhbətə!
***
Ta gəlirik
biz də bir az anlayaq,
Məhzəri-irfanda
vurur tək səbir.
***
Qəzaya
çarə yox, giryan ol, üryan ol, peşiman ol,
Səbur
ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!
***
Arif
çalışır ki, millət azad olsun!
Zahid
çalışır ki, məscid abad olsun!
Söz
boynu kraxmallınındır ki, deyir:
Bir
madmazel olsun ki, pərizad olsun!
***
Neyləməli,
göz görür, ağlım kəsir,
Mən
günəşi göydə dana bilmirəm!
Uğur
Xalq Cəbhəsi.-
2014.- 31 may.- S.14.