O, nağıllarda
olduğu kimi rəqs edirdi…
“Qəmər
Almaszadənin rəqs
sənətkarlığını sözlə ifadə etmək mümkünsüzdür”
1940-cı
il aprelin 18-də Əfrasiyab Bədəlbəylinin
ilk milli baletimiz sayılan “Qız qalası”nın premyerası
oldu. Bu faktın önəmi göz qabağındadır: yüzillər
boyunca qadının kənar adamın yanında üzünü
göstərməyə cəsarət
etmədiyi bir ölkədə professional musiqili
teatr inkişaf etməyə başladı,
Azərbaycanın keçmişindən
və bu günündən söhbət
açan balet doğuldu. Elə bir balet ki,
burada qadın qəhrəmanın obrazını
bu ölkənin övladı, azərbaycanlı
qız, ilk azərbaycanlı
balerina Qəmər Almaszadə yaradırdı.
Azərbaycan klassik musiqisinin dühası Üzeyir Hacıbəyovun
təbirincə desək,
“Qəmər Almaszadə
öz ifasında müasir xoreoqrafiya sənətinin texnikasını
xalq rəqs yaradıcılığı ilə
uğurla birləşdirə
bilib”. “Onun yaratdığı obraz, inandırıcı və
məqsədyönlüdür. O, azərbaycanlı qadının
faciəsinin təcəssümü
olmaqla, uzaq fərəhsiz keçmişi
özündə xatırladaraq
bizi həyəcanlandırır”.
Kamil Şahverdiev yazır ki, o dövrdə Bakıda balet məktəbi yox idi, yalnız 1923-cü ildə özəl, şəxsi bir studiya yaradılmışdı.
Bu balet studiyasında əsasən qeyri millətlərdən olan uşaqlar məşğul
olurdular. Kiçik Qəmərlə qonşu
olan bir rəfiqəsi də həmin studiyaya yazılır və müəllimlərdən öyrəndiyi
hərəkətləri evə
gəlib Qəmərə
göstərirdi. Qəmər
rəfiqəsinə həsəd
apararaq hər gün onun balet
studiyasından qayıtmasını
səbirsizliklə gözləyir
və öyrəndiyi
yeni rəqs hərəkətlərini təkrarlamağa
tələsirdi. Getdikcə
Qəmərin rəqsə,
baletə olan marağı, həvəsi
onu nəhayət ki, studiyaya gətirir.
O, evdəkilərdən xəbərsiz
rəfiqəsi ilə
balet studiyasına gəlir. Bu studiya şəxsi olduğuna görə ora yazılmaq üçün
6 manat pul ödəmək lazım idi. Balaca qızcığaz heç kimə
bildirmədən bir müddət studiyaya ödəmək
üçün xəlvəti pul toplamağa başlayır.
5 manat topladıqdan sonra yenidən studiyaya gəlir. 1 manat
çatmasa da müəllimləri onun baletə olan həvəsini
görüb Qəməri studiyaya qəbul edirlər. Beləcə,
əfsanəvi balet ustası çox parlaq və şöhrətli
yaradıcılıq yolunun ilk cığırlarını
keçməyə başlayır. Qəmər elə ilk
gündən müəllimlərinin diqqətini özünə
cəlb edərək sonsuz həvəslə verilən
bütün tapşırıqları yerinə yetirir. O,
studiyada oxuyan sagirdlərin iştirakı ilə oynanılan
“Billur çarıq və Zoluşka”, “Karnaval”, “Sehirli fleyta”,
“Koppeliya”, “Kavaleriya düşərgəsi” və b.
tamaşalarda çıxış edir.
1926-cı
ildə Qəmərin həyatında əlamətdar və
maraqlı bir hadisə baş verir. Opera teatrının səhnəsində
balet studiyasının şagirdləri L.Delibın “Koppeliya” əsərini
oynayırdılar. Qəmər də bu tamaşada iştirak
edir. İkinci akt başlanır. Pərdə
açılır. Ğsta Koppeliusun düzəltdiyi kuklalar səhnədə
düzülüblər. Zalda tam sakitlikdir. Birdən zalda oturan
uşaqlardan biri qışqırır:
“Ana, ana!
Bax, o, Qəmərdir”. Cəhrayı rəngli çox gözəl
paltarda olan kukla – Qəmər hərəkətə gəlir.
O, səhnənin önünə yaxınlaşaraq onu
görüb qışqıran qardaşı Ənvəri
sakit olmağa çağırır. Sonra yerinə
qayıdaraq yenidən “cansızlaşır” və kuklaya
çevrilir. Tamaşaya mane olduqlarına görə Qəmərin
qardaşı Ənvəri və anasını zaldan
çıxarırlar. Balaca Qəməri də tamaşadan
sonra müəllimləri möhkəm danlayırlar. Lakin
sonralar hamı bu hadisəni bir lətifə kimi sevə-sevə,
gülə-gülə xatırlayır.
Tamaşadan
sonra Qəmərin atası qızının xəlvəti məşğuliyyətindən
xəbər tutur. Bu xəbər onu dəhşətə gətirir.
Atası heç cürə qəbul edə bilmir ki,
qızı teatrda səhnəyə çıxıb
tamaşalarda iştirak edir. Kamil Şahverdiyev Qəmər
xanımın qeydə aldığı xatirələrində
belə yazır: “Atam baletlə məşğul
olmağımı və səhnəyə
çıxdığımı biləndə qəzəbindən
evdə hər şeyi sındırıb dağıtmağa
başladı. Mən qorxumdan gizlənmişdim. O, məni
tapanda gizləndiyim yerdən çıxıb otağın
ortasındakı dəyirmi stolun ətrafında dövrə
vurmağa başladım. Atam əlində ağacla
qaçaraq qışqırırdı: “Səni öldürəcəyəm.
Ay qız, sən dəli olmusan? Məşədi
Hacıağanın qızı… açıq camaatın
qabağına çıxır. Bu nə deməkdir?
Öldürəcəyəm səni”.
Həmin
gün bir təhər canımı atamın əlindən
xilas edə bildim. Bir neçə gün studiyaya getmədim.
Anam əzab çəkdiyimi görüb atamı
yavaş-yavaş sakitləşdirməyə və onu
yumşaltmağa başladı. Nəhayət, atamın qəzəbi
keçdikdən sonra o, mənim studiyaya getməyimə
razılıq verdi. Lakin dönə-dönə
tapşırdı ki, bir daha səhnəyə
çıxmayım. Biz anamla atamın studiyaya getməyimə
razılıq verməsinə çox sevindik. Ümumiyyətlə,
həkim işləyən anam çox mütərəqqi bir
qadın idi. O, teatrı, xüsusilə də baleti çox
sevirdi. Anam mənim ilk tənqidçim idi. Hələ
uşaqlıqdan və hətta sonrakı illərdə də,
peşəkar səhnədə
çalışdığım zamanlarda da mən
bütün rəqslərimi ilk olaraq anama göstərirdim.
Anam mənə çox qiymətli məsləhətlər
verirdi. Hərdən hətta elə olurdu ki, onun tənqidlərindən
mən hönkür-hönkür ağlayırdım. Lakin
sonra başa düşürdüm ki, anam haqlıdır”.
Kamil
Şahverdiyev yazır ki, 20-ci illərdə Azərbaycanda
müxtəlif teatr truppaları fəaliyyət göstərirdi.
Həmin truppalar həm dram əsərlərini, həm də
operaları tamaşaya qoyurdular. Üzeyir bəyin,
Müslüm Maqomayevin, Ərəblinskinin xidmətləri sayəsində
teatr truppaları iki yerə ayrılır. Üzeyir bəy həmkarları
ilə birlikdə ayrıca opera teatrının fəaliyyət
göstərməsini vacib bir məsələ kimi qaldırır
və nəhayət, 1925-ci ildə teatr truppalarının iki
yerə bölünməsi nəticəsində Azərbaycanda
“Türk opera teatrı” yaranır. 1930-cu ildə gənc Qəmər
Almaszadə balet studiyasını bitirərək opera
teatrına işə qəbul olunur. Atası qızını
müəllim görmək istəyirdi. Onun Qəmərin opera
teatrına işə girməyindən xəbəri yox idi. Qəmər
paralel olaraq atasının məsləhəti ilə pedaqoji
texnikuma daxil olur. Texnikumda təhsil almaqla yanaşı Qəmər
opera teatrında yaradıcılıqla ciddi məşğul
olmağa başlayır. Onun iştirak etdiyi bütün
tamaşalar böyük uğurlar qazanır. Üzeyir bəy
15 yaşlı Qəməri hər vasitə ilə müdafiə
edir və onun gələcəyi haqqında ciddi
düşünür. Qəmər Üzeyir bəyin diqqət
və qayğısından, məsləhətlərindən
ruhlanaraq öz üzərində ciddi surətdə
çalışır. Lakin atasının buna heç
cür razı olmayacağını dərk edərək vəziyyətdən
çıxış yolu axtarır. Qəmər xanım Opera
Teatrında çalışdığı ilk illərini belə
xatırlayır: “Hər dəfə səhnəyə
çıxandan sonra evə qorxa-qorxa gedirdim. Atamın qəzəbindən
çəkinirdim. Bilirdim ki, nə qədər gizlətsəm
də, əvvəl-axır o səhnəyə
çıxmağımdan xəbər tutacaq. Həmin dəhşətli
anın qorxusu məni rahat buraxmırdı.
Günlərin
birində qrim otağında idim. Tamaşanın
başlanmasına lap az qalırdı. Birdən qarderobçu
qadın otağıma girərək dəhşətdən bərəlmiş
gözlərini mənə zillədi və “Atan zaldadır”-
dedi. Mən özümü itirmişdim. Nə edəcəyimi
bilmirdim. Dizlərim əsirdi. Tamaşanı pozmamaq
üçün birtəhər özümü ələ
alaraq səhnəyə çıxdım. Tamaşadan sonra
qrim otağına qayıtdım və tez-tələsik qrimi
sildim. Evə getməkdən qorxurdum. Xeyli gözlədikdən
sonra qorxa-qorxa evə gəldim. Həmin gün atam mənə
heç bir söz demədi. Deyəsən,
çıxışım onun xoşuna gəlmişdi. Həm
də sonralar bildim ki, Üzeyir bəyin mənə öz
doğma qızı kimi göstərdiyi münasibət
atamı bir qədər sakitləşdirib. O, sonralar tez-tez mənim
oynadığım tamaşalara baxmağa gələrdi. Lakin
bu haqda heç vaxt mənə bir söz deməzdi”.
Qəmər
Almaszadə Moskvaya, SSRİ Böyük Teatrı
yanındakı xoreoqrafiya məktəbinə gəlir, Leontyeva
və Çekrıpinanın siniflərində təhsil
alır, Monyaxovanın sənətkarlığının sirlərinə
yiyələnir. O, yorulmadan çalışır.
Çünki tələsmək lazımdır, axı vətəndə
onu gözləyirlər.
1932-ci ildə
Üzeyir bəyin təşəbbüsü ilə Qəmər
xanım peşəkar balet təhsili almaq üçün
Moskvaya göndərilir. O, Böyük Teatrın nəzdindəki
balet məktəbinə daxil olur. M. Leontyeva, A. İ.
Çekrıgin, Monaxov kimi tanınmış balet
ustalarından dərs alan Qəmər xanım təhsilini
uğurla davam etdirir. Həmin ildə Bakıda M. F. Axundov
adına Dövlət Böyük Türk Teatrında R. M.
Qlierin məşhur “Şahsənəm” operası səhnəyə
qoyulmaq üçün hazırlanır. Azərbaycan dilində
libretto yazmaq Cəfər Cabbarlıya tapşırılır.
Eyni zamanda həmin dövrdə Moskva konservatoriyasının
dirijorluq fakültəsində təhsil alan Əfrasiyab Bədəlbəyli
də operanın yeni redaksiyasının hazırlanmasında
iştirak etmək üçün Bakıya
çağırılır. R. M. Qlier əsərdəki
“Vakxanaliya” və fars rəqslərinin yalnız Qəmər
Almaszadənin ifasında etməsini arzuladığını
təkidlə bildirir. Ona görə də Qəmər
xanımı Moskvadan Bakıya çağırırlar.
“Şahsənəm” operası ikinci redaksiyada çox böyük
uğurlar qazanır.
Daha sonra
yenidən təhsilini davam etdirir, ustalığını təkmilləşdirir.
Bu dəfə Leninqrad xoreoqrafiya məktəbində Romanova (Məşhur
balerina Qalina Ulanovanın anası) və Boçarovun siniflərində
oxuyur. Və 1937-ci ildə Bakıya qayıdır. Onun ilk
işi klassik repertuarın ən mürəkkəb
partiyalarından biri olan A.Adanın “Korsar” baletində Medora
rolu idi. Bu, özlüyündə onun yetkinlik imtahanı idi.
Çünki rol təkcə temperamentliyi deyil, həm də
formanın ciddi səlisliyini tələb edirdi. Qəmər
Almaszadənin təcrübəli pedaqoqların rəhbərliyi
altında keçdiyi məktəb dərhal öz
sözünü dedi. Balerina qüsursuz rəqs texnikası,
plastikası ilə seyrçilərin qəlbini fəth etdi. Gənc
aktrisa elə ilk günlərdən öz
bacarığını layiqincə nümayiş etdirdi. Lakin
o, şəxsi nailiyyəti ilə kifayətlənməyərək,
rəqs folklorunu ciddi şəkildə öyrənməyə
başlayır. 1938-ci il, Moskvada ilk Azərbaycan incəsənəti
və ədəbiyyatı dekadası keçirilir.
Ansamblın repertuarına Qəmər Almaszadənin
quruluşunda bir neçə xalq rəqsi daxil edilib. Burada gənc
baletmeysterin yaradıcı fantaziyası və rejissor
tapıntıları özünü büruzə verirdi.
Bakı Opera teatrının repertuarında bir milli baletin
olmadığı bir vaxtda, respublikanın rəqs sənəti
“Koroğlu”nun, “Nərgiz”in, “Şahsənəm”in opera
quruluşlarında öz əksini tapdı.
“Koroğlu”da kişilərin döyüş rəqsi həyat eşqi, hərarət və ehtirasla doludur. İndinin özündə də məni bir tamaşaçı kimi bu rəqs ruhlandırır və sanki dövrə vuranların sırasına qatır. O vaxt bu rəqs ənənəvi operanın adi xor və kordebalet nömrələrindən fərqlənirdi. Seyrçi təkcə bütövlükdə deyil, həm də bu kollektivin ayrı-ayrı iştirakçılarının rəqsini izləyir, lakin bu zaman ansamblın ahəngi pozulmurdu. Operalarda qadın rəqsləri çox lirik, yumşaq və gözəl olur. İlk dəfə Azərbaycan xalq rəqsləri milli operalarda göründülər. Qəmər Almaszadənin milli rəqs stili öz incə duyğuları ilə xüsusi fərqlənirdi. “Prima-balerina Qəmər Almaszadə – tamamilə müstəsna bir təzahürdür. O, nağıllarda olduğu kimi rəqs edir. Onu görmək lazımdır, çünki onun bütün rəqs sənətkarlığını sözlə ifadə etmək mümkünsüzdür”. SSRİ xalq aktrisası, müğənni V.V.Davidova belə yazırdı.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 4 noyabr.- S.15.