“Türk ata minincə”...
Fəxrəddin Məmmədvəliyevin
xalqımızın şərəfli keçmişini əks
etdirən rəssamlıq əsərləri
I yazı
Fəxrəddin Məmmədvəliyevin
xalqımızın şərəfli keçmişini əks
etdirən əsərləri rəssamlıq əsərlərindən
çox qədim tariximiz barəsində
möhürlü-filanlı sənədlərlə müqayisə
edilə biləcək bənzərsiz sənət inciləridir,
desək, həqiqəti söyləmiş olarıq. Çoxəsrlik
Azərbaycan təsviri sənətinin bizim dövrə gəlib
çatmış nümunələri ilə müqayisədə
etiraf etmək lazımdır ki, Fəxrəddin Məmmədvəliyevin
yaratdıqları çox fərqlidir. Demək
lazımdır ki, təsviri sənətimizin bir çox məziyyətlərinə
görə, ən kamil nümunələri sayılan
miniatürlərdən geri qalmayan bu əsərlərdə bəzən
bizə görünməsi çətin olan hadisələr
elə tarixi inandırıcılıqla ifadə olunub ki, bu
heyrətamizliyin yaradıcısının özünün də
qeyri-adiliyinə şübhə yeri qalmır. Bu əsərlərin yəqin ki, ən önəmli
xüsusiyyəti onların türk dünyasının qəhrəmanlıq
keçmişinə, bənzərsiz mənəvi dəyərlərinə
həsr olunmasıdır. Sevindirici
haldır ki, “Türklər tarix yaradıblar, lakin tarix
yazmayıblar” deyimini Fəxrəddin Məmmədvəliyev
kimi bir türk oğlu yaratdıqları ilə “gücsüzləşdirdi”,
şərəfli türk tarixinin onun elə özünə
layiq bədii salnaməsini yaratdı. Bu bədii irsə
“Türk ata minincə”, “Çin səddinin türklər tərəfindən
fəthi”, “Türk dünyası”, “Konstantinopolun
alınması”, “Nadir şahın Hindistana
yürüşü”, “Uyğurların mənşəyi
haqqında”, “Əmir Teymur”, “Şah İsmayıl Xətainin
Şeybani xanla döyüşü”, “Dünya Çin səddində
dustaqdır”, “Tabor çayı üzərində
döyüş”, “Uyğurlarla döyüş”, “Nəsirəddin
Tusi”, “Döyüş”, “Əjdaha – Əmir Teymur” və digər
neçə-neçə rəngkarlıq və qrafika əsəri
daxildir.
Etiraf edək ki, bu əsərlər yaradılan vaxtlarda
çoxları onlarda hifz olunan türk həqiqətlərindən
xəbərsiz idi. Odur ki, əsərlərə heyran kəsilənlərin
heyrət və təəccüb qaynağında onlarda nəyin
çəkilməsindən daha çox necə təsvir
olunması dururdu. Əgər bütün
onun elədiklərinə bizimlə olduğu 31 yaşın
zirvəsindən baxmalı olsaq, fəth etdiyi sənət zirvəsinə
doğru uzanan yol cəmisi 23 illik bir məsafədir. Sənətdə
bunun çox və yaxud da az olduğunu
söyləmək çox çətindir. Belə ki, əslində
sənətkarının ölməzliyini təmin edən əsər
onun uzunömürlülyünün də nəticəsi ola bilər, yarımçıq ömrün də...
Ölməz rəngkarlıq əsərləri
ilə özlərini dünyaya sevdirən Rafael, Vinsent Van Qoq,
Modilyani, Bəhruz Kəngərli kimi sənətkarların hər
birinin yaşı heç qırxa çatmamışdı.
Fəxrəddinin şaşırdıcı əsərləri
də cəmisi 31 il davam edən
ömür yolunun görüntüləridir. Bununla
belə belə bir mənəvi dəyərə bugünki təzadlı
münasibətdən asılı olmayaraq onların artıq
milli mədəni irsə çevrildiyi birmənalıdır.
Gəlin indi də Fəxrəddinin əsərlərinin
hər kəsdə heyrət doğurmasının səbəblərini
şərh etməyə çalışaq. Bədii məziyyətlərinə
görə istənilən tamaşaçını
şaşırda bilən və başdan-ayağa tarixə bələnmiş
bu lövhələrin ən diqqətçəkən
xüsusiyyəti onlarda türkə və türk
dünyasına nəhayətsiz sevginin mövcudluğudur.
Etiraf edək ki, milli təsviri və tətbiqi sənət
tariximizdə özündə vətən və millət
sevgisini yaşadan əsərlər az
deyil. Ancaq onlar Fəxrəddin Məmmədvəliyevin
yaratdıqları ilə müqayisə olunmazdırlar. Heç şübhəsiz, zaman etibarilə Fəxrəddinin
özündən əvvəl yaşayan yaradıcılar
qarşısında müəyyən üstünlüyü
olub. Bu mənada XV-XVI əsrlərdə Təbrizdəki
saray kitabxanasından çıxmadan sonralar onun
özünün də təxəyyülünü
qanadlandıracaq və ilhamlandıracaq ecazkar miniatürlər
yaradan Azərbaycanlı türkləri ilə XX əsrdə
yaşayan və çox-çox qədimlərdə belə
mövcud olmuş türk dövlətləri, onların
dünya mədəniyyətinin inkişafına istiqamət
verən sənətkarlıq nümunələri haqqında
bilgiyə malik olan Fəxrəddinin yaratdıqlarının
məzmun tutumundakı fərqin mövcudluğu təbiidir. Ancaq Fəxrəddini digərlərindən fərqləndirəcək
cəhət təkcə bu deyil. Hadisələrin
gedişinə rəğmən demək olar ki, bu məsələdə
həlledici rolu istedadla yanaşı həm də sənətkar
cəsarətinin oynaması danılmazdır. Biz Fəxrəddindən əvvəl yaşayan rəssamların
hamısının intellekt səviyyəsinin ondan
aşağı olması iddiasında deyilik. Onun XX əsrdə
yaşayan yaradıcı sələfləri, lap elə
müasirləri arasında da az qala
dünyanın altına-üstünə bələdçiliyini
sözdə sərgiləyən həmkarları da az
olmayıb. Onlarda olmayansa etiraf etməyə
gücləri çatmayan cəsarətləridir. Fəxrədinin yaradıcılığının
cərəyan etdiyi illərin də müəyyən qədər
onun əvvəlcə uşaq duyğularını, sonra isə
türklüyünün dərkinin ürəyində gəzdirdiyi
mövzularda ifadə etməkdə yardımçı
olduğunu da etiraf etməliyik.
Fəxrəddini bu gün də və yəqin ki, gələcəkdə
də yaşadan əsərlərində yüksək sənətkarlıqla
yanaşı həm də milli ruhun güclü
olmasıdır. Fəxrəddinin müxtəlif biçimli lövhələrində
xalqı azadlıq uğrunda mübarizəyə
çağırış, Boz qurdu təsvirə gətirməklə
qədim inanclarımızı tanıtmaq istəyi, tarixin
başlanğıcı kimi bir şərəfli
missiyasının daşıyıcıları olan şumerlərlə
qan qohumluğu olan türkün ululuğu və əzəməti,
türk dünyasının digər neçə-neçə
təzadlı səhifələri insanı heyrətə salan
və qürurlandıran kompozisiya həllində
görüntüyə gətirildiyindən türkü sevməyənlər
üçün təbii ki, arzuolunmaz idi.
Fəxrəddin Məmmədvəliyevin sənət
dünyasının yuxarıda qeyd etdiyimiz kimi ən önəmli
cəhətlərindən biri əksər əsərlərinin
daha çox muğamlarımızla birlikdə yaddaşlarda
keçmişdən bu günə daşıya bildiyimiz
tariximizin əksidirsə, digər əhəmiyyətli məziyyət
isə bütün bunların milli bədii ənənələr
əsasında işlənməsidir. Hesab edirik ki,
Bakıdakı iki təhsil ocağında rəssamlığın
bədii-texniki vərdişlərinə kifayət qədər
yiyələnən Fəxrəddin dünyəviləşən
real ənənələrə tapınmağa
hazırlığı olsa da, o, bunu bilərəkdən etməyib.
Yəqin ki, bu mılli tariximizin “yad dildə” səsləndirilməsinə
və yaxud muğamın ud–tar əvəzinə arfada,
violençeldə səsləndirilməsinə bənzəyərdi.
Yalnız çox qədim ənənələrə
məxsus olan Azərbaycan miniatürünün özündə
yaşatdığı bədii-estetik məziyyətlər Fəxrəddinin
tutumlu duyğularını görmək istədiyi
inandırıcı bədii görkəmdə ifadə etməyə
imkan verərdi. Odur ki, gənc
fırça ustasının qədim sələflərinin
Mani fəlsəfi təliminə, Çin-uyğur və ərəb-Mesopotamiya
rəssamlıq ənənələrinin qovşağından
yaratdıqları dünyaya və onun hadisələrinə
özünəməxsus türk bədii
baxışını – münasibətini çox məntiqli
hesab etmək olar. Hesab edirik ki, Fəxrəddinin həmin
ənənələrə qatdığı fərqli və fərdi
cizgilərin Azərbaycan miniatürünün müasir
simasının müəyyənləşdirilməsinə
yaddaqalan töhfə olduğundan indiki bu qədim ənənələrə
duyulası qayğının göstərildiyi bir şəraitdə
bu əsərlərdən nümunə götürüləsi
bədii xüsusiyyətlər də az
deyil. Süjetlərin
şaşırdıcı mürəkkəbliyini əldə
etmək üçün təbrizli ustaların tətbiq
etdikləri kompozisiyaların üst-üstə sıralanma və
spiralvari prinsipə əsaslanması, işıq-kölgə
həllini təzadlı rənglərin harmonyası ilə əvəzlənməsi
kimi bədii ifadə prinsipləri bir qədər də
dünyəvi gerçəkçi bədii-texniki vasitələrlə
zənginləşdirən gənc rəssam son nəticədə
özündə ənənə ilə müasirliyi əks
etdirən yaddaqalan əsərlərin yaranmasını şərtləndirib.
İndi də gəlin onların bəziləri ilə
yaxından tanış olaq...
Rəssamın
1978-ci ildə çəkdiyi “Uyğurların
döyüşləri” adlı iki qrafik lövhəsinin bədii
həllindəki bitkinliyin duyulası kamilliyi
qarşısında onların Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq
məktəbinə qəbul olunmağa hazırlaşan orta məktəb
şagirdi tərəfindən işləndiyinə inanmaq
çox çətindir. Amma inanırıq.
Onların birində güclə sezilən
dağ mənzərəsi fonunda görüntüyə gətirilən
döyüş səhnəsi kifayət qədər dinamik
olmaqla qeyri-adi dərəcədə ekspressivdir. Qərb
və Şərq bədii prinsiplərini bir araya gətirməkdən
çəkinməyən gənc rəssamın qanlı
döyüşün gərginliyi¬ni yaddaqalan ovqatda təqdim
edə bilməsi qabarıqdır...
Fəxrəddinin rəssamlıq məktəbinin birinci
kursunda oxuduğu dövrdə yaratdığı “İsgəndərlə
Daranın döyüşü” əsərində onun
artıq malik olduğu ikin bədii-texniki vərdişləri
duyulası dərəcədə artırdığı
görünür. Uşaqlıqdan tarixi mövzulara meylli olan Fəxrəddin
üçün dəfələrlə ətrafındakıların
“Cənubi Azərbaycan” sözünü dilə gətirməklə
keçirdikləri təzadlı duyğulara şahid kəsildiyindən,
onun Arazın o tayında baş verən ən müxtəlif
hadisələrə bədii münasibət göstərməkdə
maraqlı olması təbii idi. E.ə. 333-cü ildə
İss yaxınlığındakı vuruşmada
Makedoniyalı İsgəndərin III Daranı məğlubiyyətə
uğratdığı məşhur döyüşün təsviri
ona həm də bu vaxta qədər görüntüyə gətirmədiyi
obrazları, onların yaşadıqları dövrü səciyyələndirən
maddi-mədəniyyət nümunələrini, etnoqrafik
materialları əks etdirməyə imkan vermişdi. Kağız səthini həmişəki kimi müxtəlif
fiqurlarla, döyüş səhnəsinin gərginliyini
qabardan elementlərlə“yükləməyə” məqsədli
şəkildə meylli olan gənc rəssam bununla da
kompozisiyanın arzuladığı dinamikliyini əldə edə
bilib. Ön planı həlak olmuş
döyüşçülərlə, onların artıq
istifadəsiz qalan əlbəsələri ilə zənginləşdirən
rəssam, təzadlı rənglərin məcmusu ilə bir qədər
arxa planda havada dalğalanan bayraqların və digər rəmzi
atributların altında müharibənin tərəfləri qələbəyə
çatdıracaq həlledici məqamını, onun gərgin
durumunu görüntüyə gətirib. Əgər
desək ki, kompozisiyaya daxil edilmiş hər bir detal ümumi
fikrin açılmasına “işləyir”, yəqin ki,
yanılmarıq. Nəzərə alsaq ki, mürəkkəb
tutumlu bu əsər hələ əlinə rəssamlıq məktəbinin
diplomunu almayan bir gənc yaradıcının təxəyyülünün
məhsuludur, onda onun varlığında gəzdirdiyi qeyri-adi
istedadın bundan sonra da ətrafındakıları təəccübləndirmək
gücündə olduğuna başqalarında inam
yaratmış olub... İkinci kompozisiyada isə
döyüş səhnəsinə duyulası dərəcədə
yaxından göz qoyan Fəxrəddin süjeti təşkil
edən döyüşçülərlə yanaşı digər
detalların da fikrin açılmasına xidmət edən səciyyəvi
xüsusiyyətlərini qabartmağa nail olub.
Ziyadxan Əliyev,
sənətşünas
Xalq Cəbhəsi.-
2014.- 4 noyabr.- S.14.