İnsan hüquqları problemləri mediada
Bütün qəzetlərimiz problemi olan vətəndaşların
üzünə açıqdır
II yazı
“Bakı-xəbər“ qəzetinin baş redaktoru Aydın Quliyev: “Əslində insan haqlarını müdafiə etmək qəzetlərin birbaşa
funksiyası deyil. Sadəcə,
insan haqlarının müdafiəsi ilə bağlı həm müsbət, həm mənfi hadisələrin yerli mətbuatda işıqlandırılmasını çox yüksək qiymətləndirirəm. Bu
istiqamətdə mətbuat
orqanları, xüsusilə
də çap mətbuatı çox böyük işlər görür. Yəni insan
hüquqlarının müdafiəsi
sahəsində ayrı-ayrı
təşkilatların həyata
keçirdiyi tədbirlər
həmişə mətbuatın
gündəmindədir. Digər tərəfdən bu sahədən yazan jurnalistlərimizi də peşəkar sayıram.
Düşünürəm ki, insan hüquq və azadlıqlarının müdafiəsi,
təbliği sahəsində
sanballı jurnalistlər
nəsli yetişib.
Amma bir təklif verərdim ki, insanların fundamental hüquqlarından
sayılan ədalətli
mühakimə edilmək
hüququ və bu hüququn həyata keçirilməsi
sahəsindəki mənfi,
yaxud da müsbət halların mətbuatda işıqlandırılmasına
daha çox diqqət yetirilsin. Çünki bu gün insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində
məhkəmələr olduqca
böyük rol oynayır. Sözsüz
ki, məhkəmə prosesində baş verən mənfi halların mətbuatda dərc edilməsi ancaq işimizin xeyrinə ola
bilər. O ki qaldı qəzet səhifələrində “qara
piar“ formasında
bəzi vətəndaşların
şəxsi toxunulmazlıq
hüququnun pozulmasına,
belə hallara beynəlxalq təcrübədə
də rast gəlinir. Yəni seçki kimi
proseslərdə bu cür situasiyalar təbii qarşılanır.
Bir halda ki Azərbaycan
dünyaya inteqrasiya edir, onda müəyyən
dövrlərdə bizdə
də “qara piar“ın bəzi təzahürlərinə rast
gəlinəcək. Amma inkişaf
etmiş ölkələrdə
siyasi dairələr hansı ziddiyyətlərin
baş verməsindən
asılı olmayaraq “qara piar“ın əsaslı texnologiyasına
əməl edirlər.
Yəni heç vaxt “qara piar“ı faktsız, sübutsuz həyata keçirmirlər.
“Qara piar“ın
özü də mütləq faktlara söykənməlidir. Əks
təqdirdə “qara piar“ kimi
böyük bir siyasi texnologiya, sadəcə, qarayaxma kampaniyasına çevrilə
bilər. Bir sözlə, piar
kimsənin şəxsi
toxunulmazlıq hüququ
tapdanmadan aparılmalıdır“.
“Səs“ qəzetinin
baş redaktoru Bəhruz Quliyev: “Hesab edirəm ki, bununla bağlı
görüləcək xeyli
iş var. Yəni Azərbaycan mətbuatında
insan haqlarının müdafiəsi istiqamətində
dərc olunan materiallar məni qane etmir. Fikrimcə, indiki
dövrdə mətbuat
səhifələrində bu
sahəyə daha çox yer ayrılmalıdır. Digər tərəfdən
jurnalistikada peşəkarlıq
səviyyəsinin qaneedici
olmaması da vəziyyətə təsir
göstərir. Çünki bu gün Azərbaycanda
30 mindən çox insanın jurnalist vəsiqəsi daşımasına
baxmayaraq onların çox cüzi hissəsini peşəkar saymaq olar. Yəni hazırda hər bir redaksiyada
peşəkar kadra ehtiyac var. Düzdür, ali məktəblərdə
jurnalist kadrlar hazırlanır. Amma onların peşəkarlığı
bugünkü mənzərəni
dəyişəcək səviyyədə
deyil. Bizə sağlam tənqidçi-jurnalistlər
lazımdır. Çünki cəmiyyətimizin sağlamlaşmağı
üçün bu çox vacibdir. Digər tərəfdən müxtəlif
dövrlərdə qəzet
səhifələrində ayrı-ayrı
insanların şəxsi
toxunulmazlıq hüququnun
pozulmasına dair xoşagəlməz materiallar
dərc olunur. Təbii ki, buna dəstək
vermək doğru deyil. Ümumiyyətlə, hər bir jurnalist hazırladığı
materiala görə məsuliyyət daşımalı
və imzasına hörmət etməlidir.
Yəni jurnalistikamızı sifarişli,
qələminə hörmət
etməyən yazarlardan
təmizləmək lazımdır.
Düzdür, müvafiq qanunvericilikdə
belə insanlara qarşı müəyyən
cəza formaları nəzərdə tutulub.
Lakin bəzi hallarda biz həmin qanunların özlərinə belə
itaətsizlik görürük.
Bu isə ümumilikdə
insanların pozulmuş
hüquqlarının bərpasına
mənfi təsir göstərir“.
Media və Təhsil İnnovasiyaları Mərkəzinin
sədri Səidə Hüseynova: “Mediada insan hüquqlarının
qorunması işi yetərincə həyata keçirilir. Apardığımız monitorinqlər bunu
deməyə əsas verir. İstənilən Azərbaycan vətəndaşı
istənilən mətbuat
orqanında hüquqlarının
qorunması ilə bağlı müraciət
edə bilər və həmin orqanın da borcu onun fikrini
azad şəkildə
ictimailəşdirməlidir. Bu proses bizim mediamızda
mövcuddur. Bütün qəzetlərimiz problemi olan vətəndaşlarımızın
üzünə açıqdır.
İnsanlar fikir və şikayətlərini, problemlərini
maneəsiz şəkildə
mediada bildirirlər.
Bundan başqa bəzi qəzetlərimizdə insah
haqq və hüquqların qorunması
ilə bağlı maarifləndirici guşələr
açılıb. Hüquqşqnaslarımız insanların maariflənməsində
öz məsləhətlərini
verirlər”.
“Şərq“ qəzetinin
baş redaktoru Akif Aşırlı:“Ümumiyyətlə, yerli
KİV-lərdə mütəmadi
şəkildə insanların
hüquq və azadlıqlarının müdafiəsi
ilə bağlı materiallar, informasiyalar dərc edilir. Biz bu məsələni
həmişə gündəmdə
saxlayırıq. Hesab edirəm
ki, məhkəmələrdən
hazırlanan yazıların
özündə də
maarifləndirici məqamlar
mövcuddur. Amma
“qara piar“ kampaniyası çərçivəsində insanların şəxsi toxunulmazlıq hüququnun
pozulmasını düzgün
saymıram. Digər tərəfdən son dövrlər
ATƏT-lə birgə
hazırlanan “Jurnalistlərin
etik kodeksi“ layihəsində də bu sahə
ilə bağlı müəyyən düzəlişlər
edilib. Məsələn, şəxsiyyətin özünün razılığı
olmadan onun şəklinin çəkilməsi,
ictimai əhəmiyyət
kəsb etməyən
məsələlərin mətbuatda
işıqlandırılması təqdirəlayiq sayılmır.
Eyni zamanda “qara piar“ın
aparılması qeyri-peşəkarlıqdan
doğan və siyasi iddialara söykənən məsələdir.
Çünki hansısa qəzet
siyasi tərəfə
çevrildiyi məqamda
həmin qüvvələrin
siyasi baxışlarının
reallaşması üçün
bütün mümkün
vasitələrə əl
atır. Təbii ki,
özünü peşəkar
sayan qəzetçi “qara piar“la məşğul
olmamalıdır. Lakin
burada bir məqam var ki, ictimai əhəmiyyət kəsb edən
məqamlar ictimaiyyətdən gizlədilməməlidir.
Bu baxımdan hesab edirəm ki, insanların
hüquq və azadlıqlarının müdafiəsi istiqamətində
Azərbaycan mətbuatında kifayət qədər qaneedici məqamlar
var“.
“İki
sahil“ qəzetinin baş redaktoru Vüqar Rəhimli:
“Düşünürəm ki, bu gün Azərbaycan mətbuatında
bütün sahələrə kifayət qədər yer
ayrılır. Amma bununla yanaşı, Azərbaycanın haqq səsinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
daha geniş işlər görməyə ehtiyac var.
Çünki bu gün torpaqlarımızın 20 faizi düşmən
tapdağı altındadır, 1 miyondan çox
insanımızın hüququ pozulub. Bu istiqamətdə
yerli KİV-lərin xarici mətbuatla əməkdaşlıq
etməyi və həmin vətəndaşlarımızın
pozulmuş hüquqlarının dünya ictimaiyyətinə
çatdırılması olduqca vacibdir. Eyni
zamanda Azərbaycanda görülən müsbət işlərin
yerli mətbuatda daha geniş təbliği də zəruridir.
O ki qaldı “qara piar“ çərçivəsində
insanların şəxsi toxunulmazlıq hüququnun
pozulmasına, bu bəzi KİV-lərin yaratdığı
xoşagəlməz mənzərədir. Yəni
radikal qəzetlər insanların şərəf və ləyaqətini
ləkələməkdən çəkinmirlər. Düşünürəm ki, belə hallara birmənalı
şəkildə son qoyulmalıdır“.
Söz, fikir, məlumat azadlığı, o cümlədən
mətbuatın inkişafı ilə bağlı həyata
keçirilən islahatlar Naxçıvan Muxtar
Respublikasında da uğurla davam etdirilir. 1995-ci ildən
ötən dövr ərzində bütün sahələrdə
əldə olunan inkişaf və yüksəliş muxtar
respublikanın kütləvi informasiya orqanlarını da əhatə
edib. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbovun mətbuat
orqanlarına, teleradiolara olan hərtərəfli
qayğısı yeni keyfiyyət dəyişikliklərinin
yaranmasına səbəb olub. Ali Məclis
sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət
mətbuat orqanlarının maddi-texniki vəziyyətini
yaxşılaşdırmaq tədbirləri haqqında” sərəncamı
kütləvi informasiya vasitələrinin hərtərəfli
inkişafı istiqamətində yeni üfüqlər
açıb.
Kütləvi informasiya orqanlarının maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması muxtar respublikada həm də
bu sahədə qəbul olunan qanunların tətbiqi və
icrası baxımından mühüm əhəmiyyət
daşıyır. Artıq aparıcı mətbuat orqanı
olan “Şərq qapısı” qəzeti həftədə 5 dəfə
nəşr olunur. Bu gün muxtar
respublikanın hər bir şəhər və rayonunun
özünün mətbu orqanı vardır və onların
dövriliyi təmin edilib. Bu sahədə
qazanılan uğurlar eyni zamanda elektron medianı da əhatə
edir. Belə ki, 2011-ci ildə
Naxçıvan Muxtar Respublikası Dövlət Tele¬viziya və
Radio Verilişləri Komitəsinin binası yenidən qurularaq
istifadəyə verilmiş, komitədə yeni nəsil rəqəmsal
avadanlıqlar quraşdırılmışdır. “Kanal 35” televiziyasının, “Naxçıvanın
səsi” radiosunun da fəaliyyəti üçün lazımi
şərait yaradılıb. 2005-ci ildə
Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə
isə Televiziya və Radio Şurasının
yaradılması və fəaliyyəti də muxtar
respublikamızda bu sahədə həyata keçirilən tədbirlərdəndir.
Artıq muxtar respublika sakinlərinə yüksək
səviyyədə İP televiziya, genişzolaqlı internet və
digər elektron xidmətlər göstərilir. Bu ilin sonuna qədər isə muxtar respublikada rəqəmsal
tele¬viziya yayımına keçid tamamilə başa
çatdırılacaq.
Fikir və söz azadlığı məlumat
azadlığı ilə üzvi surətdə
bağlıdır. Məlumat azadlığının tərkib
hissəsi isə informasiya əldə etmək hüququdur.
Muxtar respublikada məlumat azadlığının və
informasiya əldə etmək hüququnun daha effektiv müdafiə
və təmin edilməsi məqsədilə 2011-ci il dekabrın 29-da “Naxçıvan Muxtar
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar
Respublikasının Qanununda müvafiq dəyişikliklər
edilmişdir. Qanunda edilən dəyişik¬liyə
əsasən, “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanunundan irəli gələn vəzifələrin
Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsinə
nəzarəti həyata keçirən təsisat qismində
Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən
edilib. Qanunun icrasını və müvəkkilin bu sahədə
fəaliyyətini təmin etmək məqsədilə
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən
informasiya sahibi olan dövlət orqanları və yerli
özünüidarə orqanları müəyyən
edilmiş, onlar haqqında məlumat bazası
yaradılmış, eləcə də həmin orqanların rəsmi
internet səhifələri və elektron poçt
ünvanları məlumat bazasına daxil edilib. Muxtar
respublikada azad mətbuatın fəaliyyətinin getdikcə
gücləndirilməsi cəmiyyətin hər bir
üzvünün öz fikrini sərbəst şəkildə
ifadə etməsinə imkan verir. Bu da mətbuat
və söz azadlığının təmin olunmasında
mühüm amildir.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 4 noyabr.- S.11.