KİV-də nağıl və uşaq filmləri
“Valideynlər
nəşrlər vasitəsi
ilə övladlarına
hər şeyi başa salmağa çalışmalıdılar”
Mətbuatın, televiziyanın, internetin uşaq psixologiyasına təsiri böyükdür. Burada yer alan
mənfi kadrlar, şəkillər onlara təsirsiz ötüşmür.
Psixoloq, pedaqoq Tünzalə Verdiyevaya hesab edir ki,
kitab oxuyan, nağılların təsiri
ilə böyüyən
uşağın söz
ehtiyatı zəngin, nitqi isə rəngarəng olur: “İnsanın bütün
həyatı boyu əldə etdiyi onun qazancı hesab edilir. Buna
görə, uşaq ikən müxtəlif nağıllara qulaq asmaq, hərfləri tanıdıqdan sonra mütailə ilə məşğul olmaq gələcəkdə daha
da geniş lüğət ehtiyatına
malik olmaq üçün faydalı
təsirə malikdir.
İnsan
hər yaşda peşəsinə, yaşına
uyğun mütaiələrlə
məşğul olmalıdır.
Kitabların ətrafında böyüyən
uşaqlar 20-25 yaşa
çatdıqda həyata
baxışları, geniş
dünyagörüşləri ilə yaşıdlarından
kəskin fərqlənirlər.
Azyaşlıların düzgün tərbiyəsi
üçün uşaq
ədəbiyyatı seçərkən
valideyn övladının
psixologiyasını da
nəzərə almalıdır.
Çalışmaq lazımdır ki,
verilən məlumatlar
ona mənfi təsir göstərməsin.
Uşağın təxəyyülünün, söz ehtiyatının artması üçün
mütəmadi olaraq onlara nağıl oxumaq lazımdır.
Öncələr valideynlər bu
məsələyə çox
diqqətlə yanaşardılar.
Lakin indiki uşaqlarla ünsiyyətdə
olduqda onların çox az
nağıl bildiklərini
müşahidə edə
bilərik. Azyaşlılar daha çox
cizgi filmi çəkilən nağıllar
haqda məlumatlı olurlar. Nənə-baba yanında böyüyən
uşaqdan fərqli olaraq gənc ailədə böyüyən
azyaşlılarda nağıla
bir o qədər də maraq olmur.
Bunun səbəbkarı da valideynlərdir. Nağıllar uşağın nitqinin formalaşmasında mühüm
rol oynayaraq onda söz ehtiyatını
artırır. Məsələn, o dəfə şəklə
baxıb uydurma bir nağıl qoşaraq Əhmədin qoyunları örüşə
apardığını söylədim.
Uşaq
ilk dəfə olaraq “örüş” sözünü
eşitdiyi üçün
bunun hansı məna daşıdığını
dərhal soruşdu.
Bundan başqa kitablar, nağıllar insanın bir şəxsiyyət kimi formalaşmasında, düşdüyü çətin
vəziyyətlərdə necə
çıxış yolu
axtarmasında da mühüm rol oynayır. Elə “Cırtdan”ın nağılında
da uşaqların həmrəyliyi, çətin
vəziyyətdən necə
xilas olmaları əksini tapır. Bundan başqa nağıllar vasitəsi ilə azyaşlılarda pis insanlara, pisliklərə qarşı nifrət hissi yaranır”.
Onun sözlərinə görə,
KİV, kitablar uşağın
dünyagörüşünün formalaşmasında mühüm
rola malikdir: “Uşağa kitab, jurnal alarkən daha çox onun yaş təbəqəsi
nəzərə alınmalıdır.
Hər yaş təbəqəsi üçün kitab bölgüsü olduğu
üçün hər
uşaq yaşına uyğun kitablar oxumalıdır. Yeniyetməlik dövründə olan uşaqlar üçün
yazılan əsərləri
nisbətən yaşca
ondan kiçik olanların oxuması məsləhət deyil.
Böyüklər üçün
yazılan əsərləri
oxumaq onlarda çox erkən oyanmaya səbəb ola bilər.
Buna görə uşaqların bədii ədəbiyyat seçiminə
müəllimlər və
valideynlər diqqətlə
yanaşmalıdır. Uşaqda kitaba maraq oyatmaq
üçün valideynlər
əksər hallarda
al-əlvan, maraqlı
dizaynı ilə seçilən kitablara, jurnallara üstünlük
verirlər. Kitab da bir ticarət vasitəsi hesab olunur. Lakin valideyn kitab, jurnal alarkən təkcə onun dizaynı ilə tanış olmalı deyil. Ümumiyyətlə nəşrin üz
qabığı da onun içindəkilər
haqda məlumat mənbəyi olmalıdır.
Lakin valideynlər dizayna diqqət yetirməklə yanaşı
aldığı kitabın,
jurnalın bir neçə səhifəsini
vərəqləməklə onun haqqında az da olsa məlumat əldə edə bilər. Valideynlər ətraf aləm
haqda bilgini uşağa məhz kitab, KİV yolu ilə daha asan
başa sala bilər. Bu yolla
azyaşlıda zaman və məkan anlayışı da formalaşdırmaq mümkündür.
Şəkildəki ağacın qış
fəsli olduğu üçün qara büründüyünü görən
uşaq reallıqda da bu kimi
hadisələrlə qarşılaşdıqda
hansı fəslin olduğunu dərk edərək özündə
zaman düşüncəsini
yaratmış olur.
Şəkillər vasitəsilə uşaqda
məkan anlayışını
da formalaşdırmaq
olar. Məsələn, şəkildə topun harda olmasına
baxaraq uşaq özündə məkan anlayışını formalaşdıra
bilər. Topun stolun
sağında, solunda və ya altında olması uşağa
məkan anlaşıyını aşılayır. Və yaxud da uzun, qısa xətlər vasitəsilə
o hansının böyük, hansının daha kiçik
olmasının fərqinə vara bilir. Bu
cür nəşrlər uşaqların həyat haqda bilgi
almasında mühüm rol oynayır. Uşaqlar televiziya
vasitəsilə də bu kimi bilgilərə sahib ola bilərlər. Lakin
bütün günü ekran qarşısında olmaq
yorğunluq, zəiflik yaratdığı üçün bu
amil azyaşlılarda müəyyən fəsadlar yarada bilər.
Valideynlər şəkillər, kitablar, jurnallar
vasitəsi ilə övladlarına hər şeyi başa
salmağa çalışmalıdır. Onlar
məktəbə getməmişdən öncə maraqlı
kitablar oxumaqla onlarda özlərinəməxsus
düşüncə tərzi formalaşdıra bilərlər.
Uşağın biliyinin yoxlanılması
üçün müxtəlif məntiqi testlərdən də
istifadə etmək gərəkir. Hazırda
uşaqların intellektual səviyyəsini yoxlamaq məqsədi
ilə müxtəlif yaş hədləri üçün məntiqi,
riyazi, şəkilli, ətraf aləmlə tanışlıq
adı altında testlər hazırlanıb ki, bu da
azyaşlıların biliklərinin yoxlanılmasına kömək
edir. Valideynlər də övladlarının zehni
inkişafı üçün bu cür testlərə
böyük maraq göstərirlər...”.
O. Həmçinin
əlavə edib ki, azyaşlılar keçmişdən daha
çox gələcəklə maraqlanırlar: “Başqa
planetlərə getmək, gələcəyə səyahət
etmək hər zaman onların maraq dairəsində olub. Lakin
uşağın xəyallarında qurduğu o qeyri-real hadisələri
müəyyən qədər ona başa salmaq
lazımdır... Fantastik nağıllar və
filmlər uşaq psixologiyasında keçici də olsa müəyyən
dəyişikliklər yaradır. Məsələn,
elə “Tıq-tıq” xanıma uşaqların müəyyən
qədər ikrah hissi var. Nağılı oxuyarkən
uşaqlar onun insan, ya heyvan olmasını ayırd edə bilmədiklərindən
daha sonra Tıq-Tıq xanımın siçanla ailə həyatı
qurmasın da qəbul edə bilmirlər. Buna
görə nağılı oxuduqdan sonra azyaşlılar hadisələrin
real olmadığını anlayaraq
aldadıldıqlarını dərk edirlər. Türkiyə telekanallarının birində
yayımlanan “Sehrli annem” serialında sehrli çubuq vasitəsi
ilə insanın istədiyi hər şeyi edə bilməsi
uşaqlarda müəyyən mənada da olsa buna inam
yaratdı. Bu serial onu izləyən
uşaqların psixologiyasında həqiqətən də dəyişiklik
yarada bildi. Azyaşlı bu cür qeyri-real nüanslara
inanmaqla müəyyən mənada yaşadığı həyatdan
ayrılaraq özlüyündə nəyəsə
gülümsəyərək əlinə aldığı
çubuqla hansısa sehrli bir iş görməyə
çalışır. Bu çox normaldır.
Cizgi filmləri, izlədiyi maraqlı uşaq
serialları onların hərəkətlərində, danışıq
tərzlərində müəyyən qədər də olsa
dəyişiklik yarada bilir. Lakin kənardan
baxan birisi uşağın gülümsəyərək nələrsə
etməsinə fərqli yanaşaraq onda müəyyən
problemlərin olmasını söyləyə bilər. Fantastik filmlər, nağıllar müəyyən qədər
də olsa uşağın real həyatdan təcrid edir. Bəzən böyüklərdə də fantastikaya
maraq olur. Lakin azyaşlı
üçün bunun zərərli olduğunu
düşünməklə valideynlər onların mütəmadi
olaraq bu cür filmlər izləməsinə maneə
olmağa çalışmalıdırlar”. Onun fikrincə,
əslində nağılla böyüyən uşaqlar öz
təxəyyülünə, yaşam və düşüncə
tərzinə uyğun şəkil çəkərirlər:
“Amma təxəyyülü inkişaf etməyən,
nağıl oxumayan uşaq bunu nə cür çəkəcəyini
bilmədi. Tapşırığı yerinə
yetirən uşaqlardan biri iri buynuzlu heyvan şəkli çəkmişdi.
Heyvanın buynuzları içəriyə doğru əyilməklə
ürək formasını almışdı. Uşaq
yaratdığı şəkli “Kişot”
adlandırmışdı. Bu şəkillə uşaq
böyüklərə qarşı olan aqressiyasını
ürəyinə saldığını göstərə
bildi. O, şəkil vasitəsi ilə buynuz olmaqla
özünün aqressiyasını, onun ürək
formasını alması ilə isə hər şeyi ürəyinə
saldığını ifadə etmişdi. Çünki bəzən
müəllim və valideynlər uşağı başa
düşməyərək onda nəsə dəyişiklik
etməyə çalışırlar ki, bu da uşaqda əks
reaksiya yarada bilir. Onun əsərinə bu cür ad
qoymasının da həmin uşağın fikirləri ilə
desək “mən kişiyəm, amma məni heç kəs qəbul
etmir” kimi də başa düşmək olar. Biz uşağa
testlər verməklə həm onun təxəyyülünü
işə salırıq, həm də bu yolla onun problemlərini
ortaya çıxara bilirik. Valideynlər əksər hallarda həkimlərlə
övladlarını qorxudurlar. Nəsə olan kimi “həkimə
deyəcəm ki, gəlib sənə iynə vursun.
Özünü çox pis aparırsan” deməklə
övladında həkimə qarşı həm qorxu, həm də
nifrət hissini yaradır. Qorxudulan uşaq heç vaxt normal
yata bilməz. Bu zaman onlar dəhşətli, vahiməli yuxular
da görə bilərlər. Bu isə onun yuxu rejiminin
pozulması, psixoloji gərginliklərinin yaranması ilə nəticələnə
bilər. Türklər deyir ki, yağı gəldi bas, biz isə
xoxan gəldi qaç deyirik. Buna görə, qardaş ölkədə
orduya maraq daha böyükdür. “Xoxan” əslində bir
düşmən obrazıdır. “Xoxan gəldi, qaç” deməklə
uşaqlarda qorxaqlıq hissini yaradaraq onları bu cür
olmağa vadar edirik. Bu gün zəhmətə
alışmayan, ordudan yayınan uşaqlar elə xoxanın təsiri
ilə böyüyən gənclərdir. “Polis gəldi”,
“xoxan gəldi” deyərək uşaqda qorxu hissini yaradaraq
mübarizə əzmini məhv edirik. Biz təhlükə
yaranarkən uşağı qaçıb gizlənməyə
sürükləyirik. “Xoxan gəldi, qaç” deyimi yalnız
bizdə var. Əks mövqedə dayanaraq uşağa çətinliklərə
sinə gəlməyi öyrətməklə daha müsbət
nəticələr əldə edə bilərik. Milli
nağıllar daha çox humanizm, cəsurluq, qəhrəmanlığı
təbliğ etdyi üçün onları KİV-də təbliğ
etmək uşaqlar üçün daha faydalı olarr. Məsələn,
“Cırtdan”ın nağılında böyük
uşaqların yaşca özlərindən kiçik olan
cırtdana qarşı humanist, qayğıkeş
yanaşması uşaqlara da özlərindən kiçiklərlə
necə davranmağın lazım olduğunu göstərir.
Nağılda qəhrəmanların birləşərək
divi aldatmaları və ya işıq gələn tərəfə
getmək, ya it hürən tərəfə getmək
üçün ümumi qərar qəbul etmələri də
uşaqlara birgə işin faydasını göstərmiş
olur. Hazırda yazılan müəllif nağıllarından
daha çox uşaqlara “Cırtdan”, “Qoğal”, “Turp”un
nağılını oxumağı tövsiyə edirəm.
Çünki bu nağıllarda humanizm, millilik əksini
tapır. “Qoğal”ın nağılını uşaqlar da
çox sevir. Bir çox hallarda bu nağılın təsirində
qalan uşaqlar özlərini qoğal da adlandırırlar.
“Turp”un nağılı da uşaqların tərbiyəsi
üçün önəmli rola malikdir. Nağıl qəhrəmanları
bütün güclərini birləşdirərək çətin
bir işin öhdəsindən gəlməyi bacarırlar. Bu
isə azyaşlılara hər zaman bir-birləri ilə həmrəy
olmaq hissini təbliğ edir”.
Əli
Xalq Cəbhəsi.-2014.- 5 noyabr.- S.11.