Arif Quliyev: “Ən yaxşısı yetim
olmaqdı”
Xalq
artisti Arif Quliyevin kulis.az-a müsahibəsini
oxucularımıza təqdim edirik
- Bir
neçə il əvvəl Cənnət
xanımın quruluşunda “O olmasın, bu olsun”
tamaşası hazırlandı, o tamaşada hambal rolunda
oynayırdınız. Tamaşa bərpa olundu, amma siz yox
idiniz…
-
Bilirsiniz, Heraklit deyib ki, hər şey dəyişir və
inkişaf edir. Bu prizmadan baxanda teatrda da yeniliklər
olmalıdır. Mən üç Məşədi
İbadla “Hambal” rolunu oynamışam. Birincisini
Xalq artisti, ölməz sənətkarımız Hacıbaba
Bağırovla, ikincini İrəvan teatrında Xalq artisti
Ramiz Əzizbəyli ilə oynamışam. Üçüncüsü isə, Musiqili Komediya
teatrında Xalq artisti Ramiz Məmmədovla. İndi oynamıram. Mən ümumiyyətlə
iki ildir təqaüddəyəm, xəstəliyimlə əlaqədar…
İndi Məşədi İbadı
Şövqi Hüseynov oynayır, quruluşçu rejissor da Cənnət
Səlimovadır. Mən gənclərə
inanıram, Cənnət xanım da həmişə onlara
üstünlük verir. Mən Cənnət
xanımın peşəkarlığına inanıram.
- Qocalar
evindən çəkilən “Sonuncu dayanacaq” komediyasında
oynadınız. Ümumiyyətlə, film necə
idi, özünüz gülə bildiniz?
- Burada
gülməli olan bunların düşdüyü vəziyyətdir.
Amma lap əslində bu özü faciədir. Yəni
qəmginlik aləminin situasiyasıdır. Niyə? Çünki qocalar evində
gecə-gündüz çalıb oxuyub oynasalar da bunun bir
başqa tərəfi də var. Axı niyə insan
övladı ola-ola qocalar evində yaşayır? O
obrazların hər birinin içində onları ürəkdən
gülməyə qoymayan bir kədər var.
-
Özünüz də internat məktəbində oxumusunuz. Bəlkə
də filmin qəhrəmanlarını - qocalar evində
yaşayanları sizdən yaxşı kimsə hiss etməz…
- Hə,
orada yaşamağın nə olduğunu yaxşı bilirəm.
Elələri var ki, onun yanına gələn
olur, elələri də var gələn olmur. Elələri var ki, ailəsi var, amma ondan imtina edib,
elələri də var ki, çoxuşaqlıdır, ayda bir
dəfə, ya iki ayda bir dəfə gəlib dəyirlər.
Bir də var, tamamən heç kimin yoxdur, yəni
mənim kimi.
-
Hansı nisbətən yaxşıdır?
-
Heç olmamağı daha yaxşıdır. Gəlib
dəyir, “ditt edib” gedir. Hər şeyi
hökumət alır. Ata-ana, ya
oğul-uşaq da gəlib dəyib gedir. Gəlməməyi,
olmamağı daha yaxşıdır. Yəni
yanına gəlirsə, aparmalıdır. Aparmırsa,
heç gəlməsin…
- Filmin
rejissoru Fikrət Əliyev improvizələrə imkan verirdi?
-
Düzü, rejissor improvizələri çox aqressiv
qarşılayırdı. Deyirdi ki, mən səni
başqa rakursdan təqdim etmək istəyirəm. Yəni, insanın, ağsaqqalın qəmginliyini də
oynamalısan. Haqlıdır da. Ora
düşən adam kefə gəlmir ki? İnsanların ümidi övladlarının
çiynində dünyadan köçmələridir. Amma ora düşən bilir ki, bu, ona qismət
olmayacaq.
- Çəkiliş
özü necə keçdi?
-
Çox ciddi.
-
Rejissorun, aktyorların yumor hissi…
- Fikrət
müəllim ciddi adamdır və ümumiyyətlə belə
bir ab-havanın yaranmasına imkan vermirdi. Düz
də edirdi. Bilirsiniz, o icazə versəydi
ki, mən Arifliyimi davam edəm, mənim filmdəki rolum da belə
alınmayacaqdı. Bu obrazım çox fərqlidir,
düşünən, gözləri kədərli bir
adamdır.
-
Obrazınıza əlavələriniz olub?
- Mənim
oynadığım Tapdıq, həyatda ağır günlər
keçirmiş bir adamdır. Həyatı gətirməyib,
yoldaşı ağır xəstə olub, bunu belə fikirləşmişəm.
Onun gözündəki qəmginlik də dünənin
yaralarıdır. Bu Tapdıq yəqin həmişə
düşünüb ki, arvadına qulluq edib sağaltsın.
Arvadı da ona qayğı göstərsin,
uşaqları da olmayıb. Yəni
arvadımı da itirmişəm, sonra tanışların
köməyi ilə bu qocalar evinə düzəlmişəm.
Mən özüm üçün obrazı belə
cızmışam. Tapdıq artıq qocalar evinə
öyrəşib, gələnlərə də dost
gözü ilə baxır. Ona görə kapitanın da
işinə can yandırır. O istəyir ki, kapitan evlənsin,
özünün ailə həyatı gətirməyib,
heç olmasa onunku gətirsin. Sözlərə
də əlavələrim oldu, amma bəzilərini
çıxardıblar.
- 90-larda
cox uğurlu çıxışlarınız olurdu, yumor sahəsində
ölkədə sizdən məşhuru yox idi. Bu
uğuru nə ilə bağlayırsınız?
-
Yumoristik proqramlar hazırlanırdı, ora çıxıb
öz istedadını göstərə bilirdin.
- Bu həmişə
var idi. Amma siz indiki terminlərlə desək
“stand-up show” edirdiniz və yaxşı
qarşılanırdı. İndi o zarafatlarla
çıxsanız, camaat yenə əvvəlki kimi gülərmi?
- Niyə
gülmürlər? Yaxşı danışsan
gülərlər. Mən, məsələn, 10 il əvvəlin yumorunu elə
danışıram ki, gülürlər. Sadəcə
danışdığına yeni çalar, yeni dinamika verməlisən.
Mahnını standart oxuyurlar, ona əlavə edə
bilmirlər, amma sözə obraza əlavə etmək olur.
Teatr da ona görə maraqlıdır. Əlbəttə, auditoriyadan da asılıdır.
- Komik
aktyorlar arasında kumiriniz olub?
-
Əliağa Ağayev, Lütfəli Abdullayev, Səyavuş
Aslan, Yaşar Nuri… Hər birinin öz
ifaçılıq manerası, üslubu var.
- Bəs
indiki aktyorlardan kimə gülürsünüz?
- Rafael və
Coşquna, “Komediya.az”da çıxış edən Səməndərə,
Cabir İmanovun, Tahir İmanovun obrazlarına gülürəm.
“Bozbaş pikçers”də çıxış edənlər
də maraqlıdır… Günün nəbzini də
tuturlar.
- Cem Yılmaza baxırsınız?
- Hə,
çox əladır… Bilirsiniz, şəraitdən
və vəziyyətdən çox şey asılıdır.
Bir gün biri desə ki, mən maya qoyuram,
çıx televiziyada veriliş apar, mən də apararam.
Bilirsiniz, indi hər şey maddiyyata
bağlıdır, sponsorsuz veriliş etmək olmur. Mən də istəyirəm efirə
çıxım, veriliş açım, amma məni efirə
buraxan kimdi? Mən də apara bilərəm,
orada nə var ki? Mən də yeni variantlar
fikirləşərəm. Ümumiyyətlə, heç
vaxt sənət və sənətdə olan adam
sönmür. Ona şərait olmur. Mən teatr aktyoruyam, amma paralel şəkildə mono
ifaçılığa da meyl etmişəm. İndi buna daha stəndap deyirlər, nə deyirlər.
Amma mən çıxırdım, təkcə
bir hadisəni və o hadisədəki insanı göstərirdim.
Məsələn, avtobusda əhvalat…. Şərait
olsa, mən də davam edərəm. Verilişlərə
çağırırlar, amma yumoristik çıxış
üçün verilişim yoxdur. İndi
stəndap edirlər, çox yaxşıdır. Yenilik həmişə çətin
qarşılanır. Mən gənclərə
inanıram. Fərdaya da, Elməddinə də, Tahirə
də, Cabirə də…
-
Adamları güldürmək əvvəl daha asan idi, ya indi?
- Mənə
indi onları güldürmək də, ağlatmaq da
asandır. Təki sən o
tamaşaçını inandıra biləsən.
İnandırmalısan ki, bu vəziyyət ola
bilər və həmin vəziyyət var.
- Olub ki,
ha çalışmısınız, güldürə bilməmisiniz?
- Niyə
olmayıb, sənətçini hamı qəbul etmir ki, eləsi
var ki, gülmür, yumoru qəbul etmir.
- Bəs
sınaqdan çıxmış zarafatınız varmı ki,
onu deyəndə gülürlər?
- Yox, elə
adam artıq heç nəyi qəbul etmir.
Auditoriyada hamı gülə bilər, 5-i
gülməyə bilər. O beş nəfəri
istəsən də güldürə bilməzsən. Çünki o özünü inandırıb ki, mən
gülməyəcəyəm. Çox
maraqlı bir məsələdir. Hamı
gülməyə məcbur deyil. Beş barmağın
beşi də bir ola bilməz.
- Bizim tənqidçilərin
belə sözü var: “Güldürərək
düşündürmək”. Bu, necə olur?
- Boş
şeyə gülmək olmur. Nəsə var ki,
onu düşünüb gülürsən. Baxın, kişi sərxoşdur, arvadı deyir ki,
biabır olduq, qonşular gördü. Kişi deyir ki, narahat
olma, sürünə-sürünə gəlmişəm,
heç kim görmədi. İlk
baxışda gülməlidir, gülürsən, amma fikirləşirsən
ki, mən də içirəm, yəni mən də bu günə
düşürəm? Bu nə
gündü, bu nə rüzgardı?
- Sonuncu
sualdır, sizi yormayacağıq.
-
Yorulmamışam. Mən jurnalistlərə
çox hörmətlə yanaşıram. Çünki jurnalistika hər sahədən
üstündür. Gərək yüksəl
intellektual biliyin olsun ki, hər kəslə söhbət edə
biləsən, istədiyini ala biləsən. Mən əvvəllər jurnalist olmaq istəyirdim.
Texnikumda oxuyanda gedib Əzizə Cəfərzadənin
dərslərində oxuyurdum. O, universitetdə jurnalistlərə
dərs deyirdi. Mənimlə bir internatda oxuyan
oğlan Əzizə xanımın tələbəsi idi.
Ona qoşulub dərslərə gedirdim. Amma mən aktyorluğu seçdim deyə bilmərəm,
mən aktyorluğu seçmədim. Elə
sənətlər var ki, insanın özü ilə bir
dünyaya gəlir. Rəssamlıq kimi, bəstəkarlıq
kimi…
Sizə
bir şey deyim… Bir dəfə
çıxış etməyə bir kəndə
getmişdik. Getdik çatdıq, məlum
oldu ki, kənddə hadisə olub, bir cavan oğlan kanalda
boğulub. Dedik ki, daha konsert olmaz,
çıxıb gedək. Amma camaat dedi ki, o qədər
yol gəlmisiniz, camaat da sizi gözləyirdi, allah
o ölənə rəhmət eləsin, heç olmasa
yüngülvarı bir konsert eləyin. Biz
razılaşıb çıxış etdik. Amma konsertdə mən öyrəndim ki, yas
düşən evin ailəsi gəlib ən arxa cərgədən
baxır. Sənətin gücü budur…
- Təqaüddəsiniz.
Günləriniz necə keçir?
-
Yaxşı, əla. Region tv-də “Yumurta”
adlı filmə çəkilirəm. Bir də
Nail Naiboğlu Ramiz Abdullayevin “Biznesmen” əsərini filmə
çəkir. Orada mən deputat roluna
çəkiləcəm. Hələ
ssenarini oxuyuram. Bir də, yeni yumoristik hadisələr
toplayıram ki, verilişlərə çağıranda gedim
danışım…
Xalq Cəbhəsi.-
2014.- 6 noyabr.- S.13.