Məşədi Sicimqulu, deyək, ya deməyək?
Bu sətirlərin müəllifi Əli Nəzmi “Molla Nəsrəddin”
jurnalının ən layiqli davamçılarından biri,
dövrünün ən istedadlı yazarlarından idi. 1878-ci ildə
Yelizavetpol (Gəncə şəhəri)
yaxınlığındakı Sarov kəndində yoxsul bir ailədə
doğulub. Ibtidai təhsilini mollaxanada alan
Əli təhsilini sonradan rus-tatar məktəbində davam
etdirib.Atasının vəfatından sonra güzəran
üzündən doğma yurdunu tərk edərək Orta
Asiyaya gedir. Buxara və Səmərqənd şəhərlərində
iki il tacir dükanında şagird durur. Işləməklə bərabər, mütaliə
yolu ilə təhsilini artırır, klassik Şərq ədəbiyyatını
dərindən öyrənir. “Bikəs” təxəllüsü
ilə şeirlər də yazdığı da məlumdur.
Əli Nəzmi ədəbi fəaliyyətə
1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc
etdirdiyi “Kənddə ibtida” adlı ilk şeri ilə
başlayıb. Bu dövrdə 1905-1907-ci illərin
inqilabi hərəkatı onun yaradıcılığında
dönüş yaradır. “Molla Nəsrəddin”
ədəbi məktəbinin görkəmli nümayəndəsi
kimi tanınan şair satirik şeirlərini “Məşədi
Sicimqulu”, “Kefsiz” və başqa gizli imzalarla çap etdirir.
Şairin felyeton və satirik şerləri
satirik-yumoristik jurnallarda, xüsusən “Molla Nəsrəddin”in
səhifələrində müntəzəm çap edilib.
“Istibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey fuqəra”,
“Od tutub odlandı vətən” və başqa şeirlərində
azadlıq ideyalarını təbliğ edir. Şair
sonralar doğma kəndində təqib olunduğuna görə
ailəsi ilə Gəncəyə köçmüş,
burada kiçik ticarətlə məşğul olmuşdur.
O, eyni zamanda öz satirik şeirlərini gizli imzalarla
(A.S.Əlidəyənəkli, “Həcamətverdi”, “Sərsəri”,
“Qanacaqsız”, “Şəmşir”, “Şəmşirək”,
“Peşiman qoca”, “Gəncə Cavanları”, “Müt-şair”,
“Şallax”, “Kav-mahi”, “Qoca zığ-zığ”,
“Papiros-çəkən” və s.) çap etdirməyi də
dayandırmır.
Dövrü
mətbuatda daim satiric yazılarla çıxış edən
Əli Nəzmi "Keçmiş günlər" adlı
xatirəsində yazırdı: "Əgər "Molla Nəsrəddin"
məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər
məşhur ola bilməzdi. Mən isə
ya heç şair ola bilməzdim, ya
şair olsam da, bir növhə və mərsiyə şairi
olmaqdan irəli gedə bilməzdim. "Molla Nəsrəddin"in
bizim boynumuzda böyük haqqı var".
“Molla Nəsrəddin”də ilk dəfə nəsr ilə,
felyetonları ilə iştirak edir. Jurnalın 11-ci
nömrəsində Əli Nəzminin “Əlidəyənəkli”
imzası ilə bir kiçik məktubu dərc olunub. Burada gəncəli quşbaz Hacı Hüseynin
oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə
yıxılır, ayağı sınır. Atası bu əhvalatdan
xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu
olur: “Oğul, necəsən? - Quş cibində ölməyib
ki? Sağdırmı?”
Cəlil
Məmmədquluzadə Əli Nəzminin “Molla Nəsrəddin”
fəaliyyəti haqqında yazırdı: “O vaxt biz məcmuəmizin
12-ci nömrəsində ”Quli-biyabani" sərlövhəli
bir məqalə ilə varlılarımıza tənəli bir
xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Təmeyi-nahar”ı
bizim səsimizə səs vərdi. Burada Məşədi
Sicimqulu kefsiz də meydana çıxdı və “pənah
Allaha” - deyib, Sabirin “Tömeyi-nahar”ma cavab olaraq “Çayda
çapan qardaşım, ağlama, ağları gör” mətləli
şeirini göndərdi. Məşədi Sicimqulunu ilk dəfə
məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi
şeirini büruzə vərən haman
“Tömeyi-nahar” olubdur... Haman M.Sicimqulu ki, öz
dediyinə görə “Molla Nəsrəddin”in bu vaxtadək
bircə nömrəsini də başdan-ayağa
oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli
qeyri əşarına mütəəssir olmayıb, - nə qədər
ki, “Tömeyi-nahar”ına olub, ona bir
neçə aydan sonra cavab verməyi özünə borc
bilibdir. Nədir burada şairi mütəəssir
edən? Əlbəttə ki, Mollanın
mövzusudur".
Satirik şair jurnaldakı fəaliyyəti ilə
şeirdə də məharət sahibi olduğunu isbat etdi. Onun müraciət
etdiyi mövzular demək olar ki, Sabirdən seçilmirdi.
Onun xurafatçı hacıları, kərbalayıları,
istismarçıları, nadan valideynləri, xalqı aldadan
falçı, cindar və dərvişləri, Məhəmmədəli
kimi şahları, xəsis və mənfəətpərəst
“millət xadimləri”ni, “intelli-gentləri”
həcv edən şeirlərində tam olaraq Sabir ruhu var. Sabir
ilə Əli Nəzminin şerlərini biri-birindən
yalnız imzaları ayırırmış.
M.Ə.Sabirin
vəfatından sonra istər “Molla Nəsrəddin”də, istərsə
də “Məzəli”, “Zənbur”, “Tuti” və başqa mətbu
orqanlarda ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi
olub.
Onun poeziyasında olduğu kimi, mənsur əsərlərində
də mövzu rəngarəng, həyat materialı zəngin,
müşahidə dərindir. Köhnə adət ənənələrin
tənqidi, zəmanəyə, çar üsul- idarəsinə
mənfi münasibət, ruhanilik, dini təəssübkeşlik
əleyhinə çıxışlar, ərəb əlifbasının
çətinliyini nəzərə çapdırmaq səyi,
yeni təlim qaydaları və mədəniyyətin təbliği,
ağır kənd məişətinin realist planda əks
etdtrtlməsi və başqa mövzular onun felyetonlarında əsas
yer tutur.
Əli Nəzmi, eyni zamanda, mollaxanalardakı falaqqa cəzasını,
sxolostik tədris üsulunu da tənqid edir. Ümumiyyətlə,
onun mənsur əsərləri ideya və sənətkarlıq
cəhətdən C.Məmmədquluzadənin felyetonlarına
yaxınlaşır. Əli Nəzminin 1906-20-ci illər
arasında yazdığı nəsr əsərləri
içərisində «Moizə», «Mərsiyəxanalar»,
«Söhbət», «Daş», «Tərbiyə, yaxud zavallı Məmiş»,
«Məni sayanı qurd yesin», «Şərab içmək», «Kəndlilərin
məişətindən», «Maşallah», «Ay Molla Nəsrəddin
əmi», «Hörmətli Molla Nəsrəddin əmi»,
«Üzüm var», «Arvad məsələsi», «Daha düzəldi»,
«Vəsvəsə», «Ata və oğul», «Ölü tutmaq» kimi
felyetonlar diqqəti daha artıq cəlb edir. Əli
Nəzminin felyetonları toxunduğu məsələ və tənqid
etdiyi obyekt cəhətdən də müxtəlifdir. Onun mənsur əsərləri falçılıq
və quşbazlıq kimi xırda hadisələrdən
tutmuş, ictimai-inqilabi hadisələrə qədər
geniş mövzu dairəsini əhatə edir. Yazıçı həcmcə kiçik olan
felyetonlarının hər birində, əsasən, bir məsələdən
bəhs edir, əlavə epizod və haşiyələrlə
hadisəni genişləndirir, həcmi böyütmək,
fikri dolaşdırmaq istəmir. Belə
konkretlik onun felyetonlarını sadə və maraqlı edir,
onların yadda qalmasını xeyli asanlaşdırır.
O, felyetonlarında əsas hadisəni çox zaman tiplərin
qarşılıqlı münasibətində, onların
öz dili ilə verir.
“Dəyişilir”
sərlövhəli müxəmməsində Əli Nəzmi
yazırdı: “Deməli, ömrünü yatmaqda keçirən
və bunu həyat bilən adamların hamısı olmasa da,
az bir qismi iyirminci əsrin təbəddülatını
duymuşdur”. “Müftahülfərəc” şeirində səbrə
ümid bağlayanları, “Ədəbiyyat, yaxud minacat”
satirasında qəzetlərdən qorxub küyə düşən
köhnəpərəstləri, “Məzəli” şeirində
Məhəmmədəli şahı tənqid atəşinə
tutan şair, kütlələri sayıq salmaq
üçün bu mənfur simaların bütün
çirkin əməllərini açıb göstərir,
camaatda onlara qarşı nifrət oyatmağa cəhd edirdi. Onun şeir dili sadə, səlis, üslubu rəvan,
ilhamı qüvvətlidir. Şair öz
şeirlərində həmişə sadəliyi saxlamağa
çalışır. Onda kitab dilinin təsirləri
azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu
şeirlərdədir. Satirasında
danışıq dili və canlı ifadə nümunələri
daha çoxdur. Əli Nəzminin təsvirləri
yığcam və əhatəlidir. O, vəziyyəti,
xasiyyət və lövhəni bir və ya bir neçə
söz ilə təsvir etməyi bacarır.
Əli Nəzminin
“Sicimqulunamə”sində toplanmış əsərlərindən
başqa jurnal və qəzet səhifələrində də
bir çox şeirləri var. Azərbaycanda kapitalizmin
inkişafı əsrin ilk on illərində Bakıda sənayenin
artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də
məfkurə aləmində hakimlik etməsi Əli Nəzmiyə
təsirsiz qala bilməzdi. Bu zaman pul hər şey idi! İstismar dünyasında pula "bütün
müşkül işlərin açan" deyirdilər.
Əli Nəzmi bu həqiqəti "Pul"
adlı müsəddəsində çox parlaq bir şəkildə
ifadə edir. Əgər böyük Sabir
bir pulpərəst, köhnə görüşlü
kişinin pula necə sitayiş etdiyini göstərmişsə,
Əli Nəzminin şeirində pul
hökmranlığının özü, bir ictimai azar kimi təsvir
olunur. Şair göstərir ki, "hər quru cismə
can", "sahibu-hök-mi-rəvan",
"zindeyi-cavidan", "amirü-şahu",
"amiru-xan", "cinu, ləqəb, nişan"...
hamısı ancaq, ancaq puldur. Müəllifın
satirası burada müstəsna şiddət kəsb
etmişdir. Gülüş ilə yanaşı göz
yaşı, istehza ilə yanaşı təəssüf, tənqid
ilə yanaşı məyusluq! ("Ay zəhrimar pul! Ay gidi
pul!") Əli Nəzminin şerində pul,
"məğlubedilməz" bir qüvvə kimi göstərilir.
Bu acınacaqlı vəziyyətin səbəbləri
şair üçün aydın olmasa da, fəlakətli nəticələri
aydındır. Sabirin "Yat qal dala laylay" ruhunda
yazılmış "Yat!" sərlövhəli şeirində
şair müsəlman ətalətini satiraya tutur:
"Dünya və axirət səadətinin yatmaqda"
olduğunu düşünən və ömrünü
yatmaqla keçirən, əsrin ən böyük ictimai hadisələrinə
arı vızıltısı kimi baxan, dünyanı
sarsıdıb kökündən dəyişən inqilablar ilə
belə ayılmayan müsəlman Oblomovlarına qarşı
bundan kəskin nə söz ola bilər? Şair cəhalət və qəflət yuxusuna
dalmış həmvətənlərinə qəzəblənir.
Bu qəzəb şairin ruhunda da, məntiqi
silsilə təşkil edən məcazlarında da eyni
şiddətdədir. Şair o qədər
təsirlənmiş, o qədər həyəcanlanmışdır
ki, sözünü sakit, soyuqluqla deyə bilmir; tənqid qəzəb
ilə, gülüş kədər ilə
qarışmış olur. Bu daxili həyəcan
nəticəsində, bəzən özü hiss etmədən
şəxsi kədərini bildirən misralar da yazır.
Birinci beyt ilə ikinci beyti müqayisə edək:
Axşam
namazını tələsik qıl, yubanma, yat!
Sol
böyrün üstünə uzanıb, qurdalanma, yat!
Bu beyt nadan bir müsəlman mömünü haqqında
təsəvvür verir. Bu mömün yeyən, yatan, bir də
kor-koranə ibadət edən qafil adamdır. Ancaq ikinci
beyt tamam başqa təsəvvür verir:
Çoxdur
məşəqqəti gözü
açıqlığın, inan,
Açsan
gözünü, qəm görəcəksən, oyanma, yat!
Bu sözü, bu xitab avam möminə deyil, dərin
düşünən, baxdığı, gördüyü
hadisələri duya bilən, o zamanın bütün mütəfəkkirləri
kimi kədərlənən, cəmiyyətin dərdini anlayan
adama deyilir. "Gözü açıqlıqda əzab
duyan", "Gözünü açıb qəm görən"
mömün deyildir. Burada şairin öz kədəri
təzahürünü tapmışdır. Bu da yuxarıda dediyimiz kimi təsirdən, öz
mövzusunu daxilən yaşamaqdan, ilhamın hərarətindən
irəli gəlir. Ə.Nəzminin Sabiri
xatırladan bir sıra şeirində bu hərarət
açıq duyulur. "İrsi-pədər",
"Gülürəm", "Yorğun bir baxış"
şeirlərində də cəhalət və
nadanlığın ibrətli mənzərələri vərilmişdir.
Ancaq bu şeirlərin hər biri şəkil, əda
və ümumən sənətkarlıq cəhətindən
bir-birindən çox fərqlidir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 6 noyabr.- S.11.