Milli azlıqların özünüifadə
azadlığı
Onların əlifbaları, doğma dillərində dərslikləri
hazırlanıb, kitabların, qəzetlərin nəşri
üçün dövlət büdcəsindən vəsait
ayrılıb, respublika radiosunda, yerli özəl televiziyalarda
və qəzetlərdə doğma dillərində veriliş
və materiallar hazırlanmasına şərait
yaradılıb.
Hazırda Azərbaycanda ölkənin əsas və
çoxluq təşkil edən əhalisi – azərbaycanlılarla
(Azərbaycan türkləri) yanaşı, bir sıra digər
millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə
yaşayırlar. Azərbaycanda yaşayan əhalinin 90,6%-ni azərbaycanlılar,
9,4%-ni isə milli azlıqlar və etnik qruplar, o cümlədən
ləzgilər – 2,2%, ruslar – 1,8%, talışlar – 1,0%, avarlar –
0,6%, tatarlar – 0,4%, ermənilər – 1,5%, gürcülər –
0,2%, kürdlər – 0,2%, ukraynalılar- 0,4%, yəhudilər –
0,2% və başqa xalqlar təşkil edir.
Dövlətin
milli azlıqlara münasibəti
Milli
azlıqlarn ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrin
və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə
qanuni zəmin yaradılıb. Bu məqsədlə
onlara müntəzəm şəkildə maliyyə
yardımları göstərilib. Milli
azlıqların mədəni mərkəzləri kommunal xərclər,
kirayə haqqı ödənilmədən yerlə təmin
olunublar. Onların əlifbaları, doğma dillərində
dərslikləri hazırlanıb, kitabların, qəzetlərin
nəşri üçün dövlət büdcəsindən
vəsait ayrılıb, respublika radiosunda, yerli özəl
televiziyalarda və qəzetlərdə doğma dillərində
veriliş və materiallar hazırlanmasına şərait
yaradılıb, müxtəlif konfessiyaların
hamısının sərbəst və azad fəaliyyət
göstərməsinə tam hüquqi təminat verilib.
Bu gün
Azərbaycan ərazisində kompakt halında yaşayan milli
azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının
azlığından və çoxluğundan asılı
olmayaraq, həmçinin özbəklər, qazaxlar,
litvalılar, latışlar, moldovanlar, estonlar,
qırğızlar, taciklər, türkmənlər, abxazlar,
aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər,
qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər,
çuvaşlar, adıgeylər, çərkəzlər,
qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər,
aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar,
koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən
olduqları kimi, digər səmavi dinlərin də
daşıyıcısıdırlar.
Hazırda
dövlətin özünü bu və digər milli
azlıqlara qarşı münasibəti
aşağıdakı prinsiplərlə
ölçülür:
- dövlətin ərazi bütövlüyü
və onun suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl
edilməsi;
- milli azlıqların hüquq və
azadlıqlarının qorunması;
- milli azlıqların dillərinin, mədəniyyətlərinin,
məişətinin qorunmasında dövlətin təminatı;
- ölkə Konstitusiyası, Milli Məclisin
müvafiq qanunları və prezdentin fərmanları əsasında
milli azlıqların hüqüqlarının qorunması;
Azərbaycan
qanunvericiliyində milli və dini azlıqlar
Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu
istiqamətindəki fəaliyyətində milli və dini
azlıqların hüquqlarının qorunmasına xüsusi
diqqət yetirir. Azərbaycan dövləti əhalisinin
çoxmillətli olmasını özünün tarixi nailiyyəti
hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin
zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.
Azərbaycanın qanunvericilik aktlarında milli
azlıqların hüquqlarının qorunması ilə
bağlı mühüm konkret maddələr var.
AR
Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı
milli münasibətlər sahəsində dövlət siyasətini
müəyyən edir. Fərman Azərbaycan ərazisində
yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların
nümayəndələrinin Konstitusiyada müəyyən
edilmiş siyasi, iqtisadi, sosial, mədəni
hüquqlarını və azadlıqlarını qorumaq,
onların həyata keçirilməsinə yaxından kömək
göstərmək məqsədilə Nazirlər Kabineti,
ayrı-ayrı nazirliklər və rayon İcra Hakimiyyətləri
qarşısında konkret vəzifələr qoyur.
AR Konstitusiyasının “Bərabərlik hüququ”
adlanan 25-ci, 44-cü və 45-ci maddələri bu və ya digər
mənada milli azlıqların hüquqlarının
qorunmasını təmin edir.
AR Əmək Məcəlləsində göstərilir
ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən
və dinə münasibətindən asılı olmayaraq
hüquqların hər hansı şəkildə – bilavasitə
və dolayısı ilə məhdudlaşdırılmasına
yol verilmir.
AR Cinayət Məcəlləsi vətəndaşların
bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti
müəyyən edir.
MDB ölkələri içərisində Azərbaycanın
milli azlıqların hüquqlarının qorunması ilə
bağlı qoşulduğu beynəlxalq Konvensiyalar
qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT
Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli,
etnik, dini və dili azlıqlara mənsub şəxslərin
hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə
və Avropa Şurasının 1995-ci il fevralın 1-də
“Milli azlıqların hüquqlarının qorunması
haqqında” qəbul etdiyi Çərçivə
Konvensiyasını təsdiq edib. Azərbaycan
AŞ-ın Konvensiyasına 13 iyun 2000-ci ildə qoşulub.
Milli
azlıqların dili və təhsili
Respublikamızda yaşayan milli azlıqların demək
olar ki, hamısı Azərbaycan dövlət dilini və
onların təqribən beşdən dördü rus dilini də
bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək
səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası
ünsiyyət üçün kifayətdir.
Avropa
Şurasının tam hüquqlu üzvü olan Azərbaycan
bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi
“Regional dillərin və ya azsaylı xalqların dillərinin
Avropa Xartiyası”nın prinsiplərini daim
diqqət mərkəzində saxlayır.
Azsaylı xalqların mədəni-maarif inkişafı
tarixində Azərbaycanın müəyyən təcrübəsi
var. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların
uşaqları öz milli adət və ənənələrini,
mədəniyyətini öyrənmələri
üçün lazımi şərait yaradılıb. Belə ki, Quba, Qusar,
İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ
rayonlarının 126 məktəbində 24670 şagird ləzgi,
Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində
26070 şagird talış, Balakən, Qəbələ,
Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində
4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq,
kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər.
Beləliklə, respublikanın 407 məktəbində
azsaylı xalqların və etnik qrupların 55488 nəfər
uşağı öz ana dillərini öyrənirlər.
Azsaylı xalqların dillərində təlim
aparan müəllimlər müvafiq qaydalara uyğun olaraq
vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər.
Avropa Şurası və Azərbaycanın Təhsil
Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda “Təhsil
siyasəti və milli azlıqlar” mövzusunda seminar
keçirib, elə həmin noybarın son günlərində
isə bu məsələ ətrafında Strasburqda
AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin
iştirakı ilə müzakirələr aparılıb. Hər iki tədbirdə
ölkədəki milli azlıqların təhsilinə
münasibət yüksək dəyərləndirilib.
Bu gün
Təhsil Nazirliyi ölkə Konstitusiyası, “Təhsil
haqqında” AR Qanunun tələbləri və Avropa
Xartiyasının prinsiplərini əldə rəhbər
tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin
öyrənilməsi istiqamətində mümkün imkanlardan
istifadə edir.
KİV-də
milli və dini azlıqlara münasibət
Azərbaycanda milli və dini azlıqlara münasibətdə
ölkənin yazılı və elektron kütləvi
informasiya vasitələri də kifayət qədər
dözümlülük nümayiş etdirir. Milli Televiziya
və Radio Şurası ölkədə yayımlanan teleradio
yayımçılarına milli azlıqların
hüquqlarına hörmətlə yanaşmağı tövsiyə
edir, yeni yaranacaq teleradio kanallarından daha çox milli
azlıqların dillərindən istifadəyə meyilli
yayımçılara üstünlük verir.
Hazırda
bir ay ərzində Azərbaycan radiosunda talış, kürd,
ləzgi dillərində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə,
gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində
1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər
yayımlanır.
Azərbaycan dövlət televiziyası azsaylı
xalqlardan olan rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər
proqramı təqdim edir.
Ölkə teleməkanında ilk dəfə olaraq, məhz
İctimai Televiziyada Milli Azlıqlar üçün
Verilişlər Departamenti yaradılıb.
Özəl
kanallardan “ANS”, “Lider”, “Azad Azərbaycan” və “Spase”də rus
dilində verilən verilişlərin həcmi sutka ərzində
verilən verilişlərin 25-30%-ni təşkil edir.
Regional telekanallarda (10 regional kanal var) rus dilindəki
verilişlərin həcmi 25-40% təşkil edir.
Milli
azlıqların kompakt şəkildə
yaşadığı rayonlarda – Xaçmazda “Xaçmaz TV”,
Qubada “Xəyal TV” və “Qütb TV”, Lənkəranda “Lənkəran
TV”, Zaqatalada “Aygün TV” adlı yerli telekanallar fəaliyyət
göstərir.
Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar
dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində
verilişlər yayımlanır.
Dini və
mədəni müxtəliflik
Hazırda Azərbaycanda məscidlərlə
yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Müxtəlif
dini icmaların fəaliyyəti azaddır. Azərbaycanda 160 ildir ki, “Bibliya” çap olunur.
Hazırda Azərbaycanda 400 dini icma fəaliyyət
göstərir ki, onların da 350-si İslam təmayüllüdür. Bura Qafqaz və
İran xalqlarının icması da daxildir. Təxminən
60 xristian və yəhudi icması var. Müstəqillik illərindən
etibarən 5 gürcü, 5 rus və 1 udin pravaslav kilsəsi fəaliyyət
göstərir. Bununla yanaşı 5 sinaqoq, malakanların 14
icması, almanların “Lüteran” kilsəsi və Roma Katolik Məbədinin
fəaliyyəti bərpa olunub.
90-cı illərdə milli azlıqlar özlərinin
milli-mədəni birlikləri, assosiasiyaları və
ittifaqlarını yaratmağa başladılar. Bakıda və
rayonlarda azsaylı xalqların milli-mədəni mərkəzləri
açıldı. Milli azlıqların mədəniyyət
mərkəzlərinin işini əlaqaləndirən Respubilka
Şurası fəaliyyət göstərirdi. Onların
arasında Talış, Kürd (Ronahi), Ləzgi (Samur), “Saxur”,
Udinlərin “Orayin”, Tatların “Azəri”, Buduq, Xınalıq,
Azərbaycan Slavyanlarının, Ləzgilərin
Mifologiyasını Öyrənən Mədəni Mərkəzlər,
Şeyx Şamil adına Avar, Rus, Azərbaycan Tatları, Məhsəti
Türklərinin Vətən, Azərbaycan Yəhudiləri, Azərbaycan
Gürcüləri, Beynəlxalq “İudaika”, Azərbaycan
Ukraynalıları, Almanların Milli-Mədəni Cəmiyyətləri,
Azərbaycan Avropa Yəhudilərinin İcması və s. var.
Bütün bunlarla yanaşı, azsaylı xalqların
folkulorunun mədəniyyətinin geniş təbilği
üçün bədii özfəaliyyət kolektivlərinin
repertuarının milli zəmində inkişafı
üçün tədbirlər həyata keçirilir. Bu qəbilədən
olan bir çox xalq kollektivləri nəinki respubilkamızda,
eyni zamanda bir çox xarici ölkələrdə də məşhurdurlar.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 7 noyabr.- S.11.