Milli saxlanc
boğçamızın inciləri
Rəssam təxəyyülünün
nəticəsi tarixi qaynaqlara tapınan bədii həqiqətdir
II yazı
Rəssamlıq məktəbinə qəbul olunması ilə
burada realist-gerçəkçi sənətin bədii vərdişlərinə
yiyələnən Fəxrəddin Məmmədvəliyevin həmin
illərdə yaratdığı yeni-yeni lövhələrində
də əvvəlki kimi təsvir etdiyi hadisələrin
yaddaqalanlığına meylli idi. Bunun üçün
o, görüntüyə gətirdiyi tarixi hadisələrı
tutumlu göstərməyə çalışırdı.
Belə kompozisiyalar panoram xarakterli tablonun mərkəzi
hissəsi kimi qəbul olunmaqla yanaşı,
tamaşaçıda onun möhtəşəmliyinə və
əhatəliliyinə inam yaradırdı. Qeyd edək ki, bədii şərhə cəlb etdiyi
süjetləri bu cür təqdim etmək ənənəsi
onun sonrakı illərdə ərsəyə gətirdiyi
lövhələrdə də müşahidə
olunmaqdadır. Bu mənada onun 70-ci illərdə -
fırçasının hələ “kövrəkliyi” duyulan
bir dövrdə yaratdığı “Konstantinopolun II Mehmet tərəfindən
fəthi” (1978) və “Şeybani xanla Şah
İsmayılın döyüşü” (1978) əsərlərinin
adlarını çəkməyi vacib bilirik. Sulu
boya ilə çəkilmiş bu qrafik lövhələrdə
biz tələbə-rəssamın bir qədər sonra əsərlərinin
kompozisiyalarını səciyyələndirən fiqurların
zəncirvari, zahirən xaotik, mahiyyətcə isə
bütöv görünən ritminə rast gəlmirik və
bunu da təbii sayırıq. Belə ki,
döyüşlərin gərginliyini və obrazların hərəkətlərindəki
ekspressivliyi ifadə etmək üçün onda istək
çox olsa da, hiss olunur ki, bir yaradıcı kimi bunu
reallaşdırmaq, obrazlı desək, onun təxəyyülünün
pərvazını arzulanan səmtə yönəldə biləcək
bədii-texniki vərdiş ehtiyatı hələ kifayət qədər
deyil. Odur ki, hər iki kompozisiyada ifadə
olunanları gənc rəssamın onu batal səhnələrin
istedadlı yaradıcısına çevirəcək növbəti
axtarışlar mərhələsinə keçid saymaq olar.
Ancaq etiraf edək ki, iri ölçülü bu qrafik lövhələrdə
(birinci əsərin ölçüsü 50x60 sm, digərinin
ölçüsü isə 56x45 sm-dir) kompozisiyaların cəlbediciliyini
və bütövlüyünü şərtləndirən bədii
məziyyətlər az deyil...
Əksəriyyəti ötən əsrin 80-ci illərində
yaradılan bu əsərlərdən biri “Döyüş”
adlanır. Bu
tablo sənətsevərlərə həm də “Nadir
şahın Hindistana yürüşü” (1985) adı ilə
tanışdır, təbii ki, yağlı boya ilə çəkilmiş
əsərdə məşhur döyüş öz əksini
tapdığına görə... Ölçü
etibarilə rəssamın yaratdıqlarının ən
böyüyü olan (80x52 sm) bu tablo əslində həm də
yüksək sənətkarlığın təzahürü
olan şaşırdıcı bədii ifadə vasitələri
və bu qeyri-adi bədii-estetik məziyyətlərin toplusu
kimi də diqqətçəkəndir. Burada
ilk və önəmli məqam döyüşün təsviri
üçün tapılan kompozisiya həllidir. Kompozisiya üçün şaquli format seçən
müəllif bununla da özü üçün
döyüşün gərginliyinin bütün məqamlarını
göstərmək imkanı yaratmışdır. Bunu əsərin yuxarı hissəsindəki
azacıq səma təsvirindən üzü
aşağıya doğru cərəyan edən qanlı
döyüşün ayrı-ayrı məqamlarının
görüntüyə gətirilməsi də təsdiqləyir.
Öz yaradıcılığında qədim
miniatür sənəti ənənələrinə
tapınan Fəxrəddinin bu mənada ona süjeti
üst-üstə sıralanma prinsipinə “təslim” etməyə
imkan verən şaquli kompozisiya formatı seçməsi də
təsadüfi deyil. Bu seçimin ona
ölüm-dirimə köklənmiş döyüşün
bütün gərginliyini ifadə etməyə imkan vermişdir,
desək, yanılmarıq. Çoxsaylı
fiqurların kətan boyu düzülüşünün
yaratdığı ritm və dinamika kifayət qədər məntiqli
olduğundan təqdim olunanlara tamaşıçıda inam
yaradır. Görüntünün ilk
baxışda xaotik təsir bağışlayan
qarışıqlığı əslində
döyüş meydanındakı gərginliyin
inandırıcı ifadəsindən qaynaqlanıb. Sərt qayalıqdan aşağıya doğru uzanan
enişin özü miniatürün üst-üstə
sıralanma prinsipini gerçəkləşdirməyə
imkan verib. Bu seçim duyulası dərəcədə
dinamik olan döyüşü bütün gərginliyi ilə
duymağa imkan verir. Atlı-dəvəli
Nadir şah qoşununun həm də fillər üzərində
qərarlaşmış düşmən
döyüşçüləri ilə
qarşılaşmasının “olum ya ölüm” kimi
savaş fəlsəfəsinə köklənməsi rəssam
tərəfindən çox təsirli kompozisiya elementləri
ilə verilib.
Reallıqda rəqiblərin ayrı-ayrı fərdlərinin
qarşıdurmasının görüntüsü olan bu
döyüşlər əslində çoxsaylı
döyüş motivlərinin məcmusu olduğundan, müəllifin
yaradıcı sənətkarlığı sayəsində təsvirdə
də buna müvafiq, yəni bütövdürlər. Dünya
xalqlarının, o cümlədən də
özümüzün geyim tariximizə duyulası səyləri
nəticəsində bələd olan rəssam bunu əsərin
bədii həllində də nümayiş etdirə bilib.
Odur ki, tərəflərin geyimləri və
döyüş atributları inandırıcı qəbul
olunur. Əsərlərində demək
olar ki, təsvir sahəsinin bütün hissələrini
“danışdırmağa” meylli olan Fəxrəddin bu əsərində
də kətanın bütün “rəng həsrətli” səthini
kompozisiyanın ümuni məna-məzmun
daşıyıcılığına kömək edə biləcək
elementlərlə zənginləşdirməyə nail olub.
Elə bu duyulası tutumun sayəsində də
əsərlərini bədii heyrət qaynağına
çevirə bilib. Etiraf etmək lazımdır ki, Azərbaycan
təsviri sənəti tarixində özünün qeyri-adi bədii-estetik
tutumluluğuna görə şaşırdıcı təsir
bağışlayan “Döyüş”ə bənzər ikinci
bir əsəri xatırlamaq çətindir...
Əgər
desək ki, rəssamın bir neçə il sonra
yaratdığı “Çin səddinin türklər tərəfindən
fəthi” tablosu yüksək bədii-estetik tutumuna görə
“Döyüş”dən geri qalmır, yəqin ki,
yanılmarıq. Çox da böyük
ölçülü olmayan (140 x 95sm) kompozisiyanı gənc
rəssam 2 ilə (1989-1991) ərsəyə gətirib. Əzəmətinə görə haqqında əfsanələr
dolaşan bu müdafiə qurğusunu uzun illər ərzində
inşa edən çinlilər yəqin ki, onun nə vaxtsa fəth
ediləcəyini ağıllarına belə gətirməmişdilər.
Amma onlar yəqin ki, türkün qüdrətinə
kifayət qədər bələd olmadıqlarından belə
düşünüblər. Odur ki, bu əfsanəvi
müdafiə səddinin zamanında cəsur və qorxmaz əcdadları
tərəfindən fəth edilməsi dünyanı dərk
etdiyi gündən Fəxrəddinin qürur qaynağına
çevrilmişdi. Həyatının bir
anını belə rənglərsiz təsəvvür edə
bilməyən gənc rəssam üçün ürəyində
özünə möhkəm yer eləmiş bu qürur
qaynağını bədiiləşdirmək həm də
bir arzuya çevrilmişdi. Bəlkə də
o, bu yaradıcılıq işinin yerinə yetirilməsini
özünün türk və yaradıcı kimi vəzifəsi
hesab edirdi. Rəssamın təsəvvüründə
bu əsər bundan əvvəl yaratdıqlarından
bütün mənalarda fərqlənməli və bəlkə
də üstün olmalı idi.
Gənc rəssamın “Döyüş”də tətbiq
etdiyi hadisəyə baxışını bu əsərində
də müəyyən dəyişikliklərlə təkrarlaması
ilk növbədə ona bu seçimin batal səhnələrin
gərginliyini bütün çalarları ilə göstərmək
istəyindən irəli gəlib.
“İlan” kimi qıvrılan məşhur səddin rəssam
təfsirində görüntüsü heç də
haqqında danışılan qədər də möhtəşəm
baxılmır. Bunu heç şübhəsiz, türk
şərəfinin imtahana çəkildiyini dərindən dərk
edənlərin ölüm-dirim mübarizəsini öz xeyirlərinə
həll etmələri anında-səddin fəthi məqamında
təsvirə gətirilməsidir. Qalib tərəfin
şux, məğlubların isə soyuq rəngli geyimlərdə
təqdimatında tarixə, etnoqrafik qaynaqlara tapınmanın əlaməti
ilə yanaşı, bu cür təzadlı təqdimatda yəqin
ki, döyüşün necə sonuclanacağına bədii
işarə də mövcuddur. Kompozisiyanın
mürəkkəbliyini şərtləndirən
çoxsaylı fiqurların kətan boyu zəncirvari
düzülüşündəki ritmin yaratdığı
ekspressiya və dinamikanın mayasında tərəflər
arasındakı döyüşün gərginliyinin
durduğu kifayət qədər duyulandır. Tamaşaçının rəssamın kətan
üzərində yaratdığı sənət
möcüzənin heyrətdoğuruculuğuna köklənməsini
və onda gördüklərinin
inandırıcılığına əminlik
yaranmasını şərtləndirən bədii məziyyət
kompozisiyada tətbiq olunan rəng həllini gerçəkləşdirən
bədii ifadənin özünəməxsusluğudur. Bu mənada kompozisiya daxili hər bir detalı
gerçəkləşdirən rənglərin şərti-lakonik
görüntü¬sünə onların bu vəziyyətinin
reallığa qovuşmasını
inandırıcılığa döndərən axıcı
keçidin qatılmasıdır. Əslində
bu cür bədii təqdimatda zahirən bizə məlum olanlarla
anım yaradan məqamlar olsa da, onların
qovşağının əldə olunması yeni və
duyğulandırıcıdır.
Əlavə edək ki, rəssamın bu cür cəlbedici
və uzun müddət tamaşaçını öz sehrində
saxlayan bədii təqdimatlara yüksəlməsi onun
davamlı axtarışlarından keçib. Müxtəlif
texnikalarda işlənmiş cizgi rəsmləri sona qədər
tamamlanmayıb bir qədər eskiz xarakteri daşısalar da
diqqətçəkəndirlər. Onların
hər birinin ölçü etibarilə böyüdülərək
rənglə işlənilməsi özündə tarixi
keçmişi yaşadacaq neçə-neçə yaddaqalan
lövhənin yaranmasını şərtləndirərdi,
desək, yanılmarıq.
Fəxrəddin Məmmədvəliyevin əsərlərinin
sənətsevərlərlə yanaşı həm də
müxtəlif yaşlı həmkarlarını cəlb edən
xüsusiyyəti heç şübhəsiz, onun müraciət
etdiyi mövzulara çox fərqli rakursdan göz qoyması,
motivləri bənzərsiz bədii təfsirlə
görüntüyə gətirməsidir. Bütün
bunlarsa təsvirin elə ilk baxışdan adilikdən
çıxarılmasına səbəb olur. Əgər bunu onun şərəfli
keçmişimizi özündə yaşadan batal səhnələrinin
təsviri ilə əlaqələndirsək, onda öncə
onlardakı döyüş meydanını “qaynar qazan”a
çevirən fiqurların qeyri-adi dərəcədə
çoxluğunu qeyd etmək lazımdır. Əsərlərdə “Olum ya ölüm?”
sualına cavab axtaranların qələbəliyini gerçəkləşdirən
və sözün əsl mənasında görüntüdəkilərin
nəhayətsizliyinə zəmin verən
inandırıcılıq nə qədər müəllif təxəyyülünün
ifadəsi olsa da, ifadə baxımından bə əsərlərdə
çox şaşırdıcıdır.
Keçmişimizlə bağlı əksər Azərbaycan
filmlərindəki əski döyüş səhnələrinin
təəssüfdoğurucu cılız görüntüləri
ilə müqayisədə Fəxrəddinin bizə təqdim
etdiyi batal kompozisiyalar kino sahəsində
çalışanlara da örnək ola
bilər. Tarixi mənbələrdən toplaya bildiyi bilgilərə
fərdi duyğularını əlavə edən rəssamın
öncə az qala utopik - ilğım təəssüratı
yaradan döyüş səhnələri özündə nə
qədər irreallıq yaşatsa da, inandırıcı və
duyğulandırıcıdır...
Gənc rəssamın kompozisiyalarında
reallaşdırdığı gözlənilməz təsviri
“qarşıdurmaların” tamaşaçıya gerçəkçi
görünməsini şərtləndirən bədii vasitələr
içərisində ilk baxışda xaotik təəssürat
bağışlayan obrazlar qələbəliyinin onların hər
birinin fərdi cizgilərə malik olmalarından keçməsi
durur. Etiraf
etmək lazımdır ki, ən ciddi nüfuzedici
baxışla sınağa çəkilsə belə,
onların hər biri “məskunlaşdığı” məkanda,
malik olduğu biçimdə də tarixilik baxımından məntiqli,
bütün mənalarda təsir gücünü və cəlbediciliyini,
bütünlükdə isə yüksək bədii tutumunu
uzun müddət qoruyub saxlayandır. Heç
şübhəsiz, gördüklərimiz nə qədər rəssam
təxəyyülünün nəticəsi olsa da, küll
halında tarixi qaynaqlara tapınan bədii həqiqətdir.
Odur ki, Fəxrəddin Seyfəddinoğlunun tariximizə
bədii işıq salmaqla gerçəkləşdirdiyi
uzaq-yaxın tariximizlə bağlı çoxsaylı rəngkarlıq
və qrafika əsərləri bütünlükdə, bu
günümüzdən həm də gələcəyə
ünvanlanan və bədxahlarımızı ifşaya yönəli
təsviri ərməğan tarixi-bədii milli saxlanc
boğçamızın çox etibarlı incilərindən
sayılmağa layiqdir.
Ziyadxan Əliyev,
sənətşünas
Xalq Cəbhəsi.-
2014.- 8 noyabr.- S.14.