Jurnalist sənətkarlığı
İnformasiya sadə,
aydın, anlaşıqlı, yığcam və tutumlu,
dolğun şəkildə hazırlanaraq oxycuya təqdim
olunmalıdır
“Bəllidir ki, jurnalistika cəmiyyətdə ictimai fikrin
formalaşmasında çox fəal rol oynayan peşə sahəsidir. Bu peşənin
lazımınca icra edilməsi üçün qarşıda
mühüm vəzifələr, jurnalistin bilməli olduğu
çoxsaylı incə məsələlər, mətləblər
vardır”. Bu fikirləri filologiya elmləri doktoru, professor Alxan Babayev öz yazısında
bildirib: “Əvvəlcə jurnalist sənətkarlığı
anlayışı ilə jurnalist sənətkarlığı
məfhumu arasındakı fərqə, sərhədə diqqət
yetirək. Bir var publisistika, publisistika sənətkarlığı,
bir də var jurnalistika və jurnalistika sənətkarlığı.
Bu iki məsələni çox zaman bir-birinə
qarışdırır, jurnalistika deyəndə publisistik mətn
və əksinə, publisistika deyəndə də elə
jurnalistika başa düşürlər. Bir
sözlə, bu iki məfhum çox zaman ya eyniləşdirilir,
ya da biri digəri ilə dəyişik salınır. Hər iki hal jurnalistika (və sənətkarlığı)
ilə publisistika (və sənətkarlığı) məfhumları
arasındakı "sərhədlərin", "səddin"
fərqinə varmamaq və ya həmin sərhədləri təsəvvürə
belə gətirə bilməməklə bağlıdır.
Publisistika jurnalistikanın hazırlayıb ortaya
çıxardığı və artıq emala hazır etdiyi
mətndir. Eyni zamanda bədii-publisistik
janrdır. Publisistika sənətkarlığı
da bu hazır mətnin ideya-estetik xüsusiyyətlərini onun
uğurlu və kəsir cəhətlərini müəyyənləşdirməklə
məşğul olur”.
Onun
sözlərinə görə, bundan fərqli olaraq,
jurnalistika sənətkarlığı fənni jurnalistin həmin
hazır mətnə qədər gördüyü mürəkkəb,
cürbəcür maneələrlə dolu ağır və
eyni zamanda maraqlı və romantik zəhmətinin xüsusiyyətlərini,
xarakterik cəhətlərini, qarşıda duran
çoxnövlü vəzifələrin yerinə yetirilməsi
yollarını və prinsiplərini öyrənir: “Daha
doğrusu, əgər belə demək mümkünsə,
jurnalist sənətkarlığı fənni jurnalistin
publisistik (və ya xəbər və s.) mətni
meydana çıxarana, yazı masasının arxasından
durana qədər gördüyü və görməli
olduğu texniki və təşkilati işlərin, mürəkkəb
texnoloji gedişlərin reallaşdırılması proseslərini
və onların prinsip və üsullarını öyrədir.
Əsl jurnalist peşəsinə yiyələnməyin
elmi-texniki, təşkilati, hüquqi və sosial-psixoloji
yolları haqda bir təlim rolunda çıxış edir.
Məlumdur
ki, bir çox ixtisaslar kimi, jurnalistika da ali
məktəblərdə və ya ayrı-ayrı kurslarda
keçilir, öyrədilir. Lakin bu təlim
prosesi həmin peşəyə yiyələnmək istəyənlərə
ancaq nəzəri səviyyəli bilik verir. Tədris prosesində keçilən istehsalat təcrübəsi
də bu peşəni normal səviyyədə mənimsəmək
üçün kifayət etmir və edə də bilməz.
Təsadüfi deyil ki, məşhur jurnalistlərdən birindən
bu səviyyəyə necə çata bildiyini soruşanda o
bildirib ki, jurnalistikanın sirlərinin və onun nəzəri
əsaslarının səksən faizini ali
məktəbdə, qalan, özü də ən vacib olan iyirmi
faizini isə öyrənmək üçün on ildən
artıq vaxt sərf edib”.
Burada adamın yadına bir gəncin dəmirçilik sənətini
bir həftəyə "öyrənməsi" əhvalatı
düşür. Bir qadın özünün yeniyetmə oğlunu bir dəmirçi
ustanın yanına gətirib xahiş edir ki, ona dəmirçiliyin
sirlərini öyrədərək, gələcəkdə
usta kimi yetişdirsin. Onlar razılığa gələndən
sonra ana oğlunu dəmirçinin yanında qoyub gedir. Yeniyetmə bir həftə işə (şagirdliyə)
davam etdikdən sonra daha dəmirçixanaya gəlmir. Dəmirçini maraq götürür və o, təzə
şagirdinin başında bir qəza
olub-olmadığını öyrənmək məqsədilə
yeniyetməgilə gəlir. Qapıya uşağın
anası çıxır və dəmirçinin: uşaq
dükana niyə gəlmir? - sualına
cavabı belə olur:
-
Oğlumun daha dəmirçi şagirdi kimi çalışmasına
lüzum yoxdur. O, dəmirçiliyin bütün sirlərinə
artıq bələd olub.
Dəmirçi:
- O nə
sirdir elə, mənə də deyə bilərsənmi? - deyə soruşduqda qadın cavabında:
- Bel
düzəltmək istəyəndə dəmiri döyüb
enlədirsən, yaba düzəldəndə isə
döyüb uzadırsan, - deyir.
Dəmirçi:
- Afərin
belə "fərasətli" şagirdə, bir həftənin
ərzində dəmirçiliyi həm özü öyrənib,
həm də anasına öyrədib, - deyə geri
dönür.
Jurnalistika da belədir, dəmirçilik kimi ağır
zəhmət, çoxlu enerji, səbr, təmkin, diqqət və
incəlik tələb edən peşədir. Jurnalist gərək əldə
etmək istədiyi "xammalı", informasiyanı yüzlərlə
informasiyanın içindən seçə, onu təxəyyül
və zehninin "kürəsində" tamamilə
"yumşalda" və öz yazı masasının
"zindanında" döyüb istədiyi (tələb
olunan) formaya sala, ona sözdən əlvan, sehrli və cazibəli
naxışlar vura bilsin. Bunun üçün o,
işgüzar fəallıq vərdişlərinə yiyələnməyi,
informasiya "iyinin", xalqın əksər qisminin
marağına səbəb ola biləcək
informasiyanın və ya hadisənin mənbəyini, baş verə
biləcək yerini müəyyənləşdirməyi
bacarmalıdır. Həmin vərdişlərə
təcrübəli jurnalistlərin yanında müəyyən
müddət ərzində assistentlik təcrübəsi
keçməklə yiyələnmək mümkündür.
Bu şərtlə ki, iti müşahidə,
qavrama və operativ analiz edib nəticə çıxarma
qabiliyyətin olsun. Əgər təcrübəli
həmkarından nəyin pis, nəyin yaxşı, nəyin
yararlı, nəyin yararsız olduğunu, həmçinin
hansı fakt və materialın birinci dərəcəli,
hansıların isə ikinci və sonrakı pillələri
tuta biləcəyini saf-çürük etməyi
bacardıqca öyrənə bilsən, demək, yolun
başlanğıcını düz getmisən. Eyni
zamanda təcrübəli həmkarın öz bilik və
bacarıqlarının sirlərini sənə öyrətməyə
meyilli olmalıdır ki, çalışqanlığın və
istedadın, məlumattoplama və s. keyfiyyətlərinlə
xalqın "gözü" və "qulağı" ola biləsən. Bu şərtlə ki,
informasiya mənbəyini tez tapa və onun bütün
qabalıqlarına, informasiya vermə
"şıltaqlıqlarına" səbrlə dözərək,
bütün mövcud sosial-psixoloji və ideya-əxlaqi,
ictimai-siyasi sədləri aşmaq üçün iradəli
və qılıqlı, yəni qarşı tərəfin
bütün xof və qorxu, şübhə və təlaş
dolu hisslərinin doğurduğu "gərginlik buzunu" əritmək
qabiliyyətinə malik olmalı, peşə və əxlaq,
yaş və sosial vəziyyət şəraitinin təlqin
etdiyi davranış vərdişlərinin
"qasırğasından" salamat çıxmağı
bacarmalısan. Bütün bunları edərkən,
informasiya almaq məqsədinə doğru irəliləyərkən
özünün malik olduğu əxlaqi və intellektual sərvətindən
maksimum yararlanmağı da bacarmalısan. Nəzərə
almaq lazımdır ki, jurnalistika əxlaq qaydalarının həssas
olduğu bir peşədir. Çünki
jurnalistlərin ictimaiyyət qarşısında bir məsuliyyəti
vardır. Demək, jurnalistin peşə sənətkarlığına
onun öz işini görərkən etik normalara riayət etməyi,
cəmiyyət və dövlət qarşısında
daşıdığı ictimai vətəndaşlıq məsuliyyətini
daim rəhbər tutmağı öyrənmək vərdişləri
də daxildir. Bunlarsız jurnalistin fərdi
imici formalaşa, yarana bilməz.
Fərdi imicin yaranması da uzun və son dərəcə
çətin, çətin olduğu qədər də
mürəkkəb bir prosesdir. Belə ki, peşə fəaliyyəti
ərzində əldə edilmiş məlumatın
yoxlanılması, onun şərhi, oxucuya
çatdırılması və operativlik məqamlarında
obyektivliyə, dəqiqliyə, etibarlılığa,
qarşı tərəfin ləyaqətinin gözlənilməsinə,
məlumatın inandırıcılığına və s.
maksimum həssaslıq və ədalət hissini qoruyub
saxlamağı bacarmalı və bu prinsipə heç vaxt xəyanət
etməməli, ona sadiq qalmalısan. Bütün
hallarda isə informasiya sadə, aydın, anlaşıqlı,
yığcam və tutumlu, dolğun şəkildə
hazırlanıb çatdırılmalıdır ki, oxucu ondan
nəsə götürə bilsin, bu zaman çətinliyə,
zehni gücə düşməsin”.
Onun
fikrincə, yadda saxlamaq lazımdır ki, aldığın hər
hansı informasiya kiminsə bildiyi faktın şərhidir:
“Bu, doğru da, yanlış da, səhv də ola
bilər. Məsələn, hansısa binanın
uçması, avtomobil qəzası haqqında məlumatı
rəsmi və ya mülki şəxsdən (mənbədən)
ala bilərsən. Bu isə sənin yox,
onun - məlumat aldığın mənbənin bildikləridir.
Ancaq həmin hadisəni, bir alimin
ixtirasını, idmançının uğurlarını, bədbəxt
və ya ürəkaçan, sensasiya yarada bilən fakt və
hadisəni özün görə bilirsənsə, yəni
özün şahidə çevrilə bilərsənsə,
artıq bu, sənin bildiyin, müxbiri olduğun
informasiyadır. "Jurnalist sənətkarlığının
əsasları" fənni bu vərdişlərə yiyələnməyin
yollarını da öyrədir, informasiya obyektinə,
üçüncü, beşinci mənbədən birinci mənbəyə
çevrilmək bacarığını, alınan
informasiyanı verən mənbənin həmin hadisəyə
münasibətinin tərzini - etinasız, maraqlı, qərəzli,
obyektiv və s. ayırd etməyin forma və
üsullarını öyrədir. Alınan məlumatı
oxucuya çatdırarkən onu elə təqdim etməyi
bacarmalısan ki, o, sənin dediklərinin həqiqiliyinə
inansın. Bu zaman baş verən hadisə
haqda hansısa mənbə başqa cür informasiya verirsə,
sən həmin məsələyə öz münasibət və
mövqeyini obyektiv, məntiqi və inandırıcı şəkildə
bildirməyi bacarmalısan. Bütün bu
və digər uğur və vərdişlərin arxasında,
əlbəttə, jurnalistin əxlaq və bilik intellekti
dayanarsa, uğur təmin edilmiş olur.
Jurnalistin intellekti dedikdə, onun malik olduğu bilik, əxlaq,
mənəviyyat və bütün bu sistemin gündəlik fəaliyyətdə
ifadə imkanları başa düşülür. Daha
doğrusu, jurnalistin əldə etdiyi bilik və
bacarıqları gündəlik fəaliyyəti - insanlarla,
informasiya daşıyıcıları ilə, oxucularla
ünsiyyət zamanı və ya əldə edilmiş
materialların emalı prosesində ifadəetmə qabiliyyəti
onun intellektinin göstəriciləridir. Ona görə
jurnalistin öz peşəsinin sirləri ilə yanaşı,
digər bilik sahələrinə də müəyyən norma səviyyəsində vaqif olması
vacibdir.
Uğurlu yazının təminatına xidmət edən
amillərdən başlıcası sırasına dilin leksik və
qrammatik imkanlarına, lüğəvi bazasına, ədəbi-bədii
zənginliyinə və ekspressiv imkanlarına bələd
olma, bunun üçün dərin bilik və mütaliə
qabiliyyət və yanğısı daxildir. Ona görə
jurnalist olmaq istəyən kəs çoxlu bədii ədəbiyyat
oxumalıdır ki, onun söz ehtiyatı zəngin, fikri ifadə
imkanları geniş olsun. Bundan başqa,
jurnalist xalqın tarix və mədəniyyətinə,
coğrafi və iqtisadi imkanlarına, siyasi, dini və
düşüncə mədəniyyətinə bələd
olmağın sirlərini və səmərəliliyini dərk
etməyi də bacarmalı, habelə fəlsəfə,
hüquq, dövlət və idarəçilik məsələlərindən
başı çıxmalıdır.
Jurnalist söz azadlığının bütün tələb
və qaydalarına, o cümlədən dövlət və hərbi
sirlərin qorunmasına cavabdeh olmağa borcludur. Bunun
üçün o, ayıq və ağıllı, tədbirli
və zirək, bilikli, siyasi, diplomatik cəhətdən
hazırlıqlı olmalıdır. Odur
ki, "jurnalistəm" deyib irəli duran hər bir kəs
istisnasız olaraq bu peşəyə hərtərəfli
hazır olmağın bütün yükünə və
ağırlığına dözməyi
bacarıb-bacarmayacağını qabaqcadan düşünməlidir”.
Əli
Xalq Cəbhəsi.-
2014.- 8 noyabr.- S.11.