“Azərbaycançılıq - xalqın ləyaqətini
uca tutmaqdır”
Nizaməddin Şəmsizadə:
“Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həlli dünyada yaşayan bütün azərbaycanlıların
birliyindədir”
Filologiya
elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin ədəbiyyatşünaslıq
fəaliyyətilə yanaşı Azərbaycançılıq
ideologiyasının elmi tədqiqi ilə bağlı fəaliyyəti
də var. «Azərbaycan ideologiyası» (1996) və həmin əsərin
təzələnmiş nəşri olan «Azərbaycançılıq»
(2006) kitablarının müəllifidir. Onun fikrincə,
dünya müharibələri, inqilabi çevrilişlər,
qanlı repressiyalar və 70 illik bir dövrdə mövcud
olmuş sosializm rejimi ilə tarixə həkk olan XX əsri,
onunla birlikdə bizim eranın ikinci minilliyini tarixin panteonuna
yola salmışıq. Azərbaycan üçüncü
minilliyə yeni müstəqillik qazanmış bir ölkə
kimi daxil oldu: “Bu gün hər bir soydaşımız
yaxşı dərk edir ki, ən ağrılı problemimiz
olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həlli dünyada yaşayan bütün azərbaycanlıların
birliyindədir. Belə birliyi isə tarixin
bütün zehni və mənəvi təcrübələrini
özündə əks etdirən milli ideologiya yarada bilər.
Bu ideologiya Azərbaycançılıqdır.
Azərbaycançılıq coğrafi anlayış
deyil, o, daha çox siyasi anlayışdır.
İdeologiya cəmiyyətdə milli birliyi və
ümumxalq münasibətlərini qorumaq, millətin və
onun dövlətinin mövqeyini izah və təsdiq etmək
üçün yaradılır. O, xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərindəndir; xalqın
kimliyini əks etdirən təfəkkür, adət və
inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın,
millətin və dövlətin tarixi varlığının əsas
atributlarıdır. İdeologiyamızın təşəkkülü
ən qədim çağlardan - mifik təfəkkürdən
başlanır. Ən əski zamanlarda təbiəti
dərk etməyə cəhd, cəmiyyət amili ilə
hesablaşmaq zərurəti ideologiyanı yaradıb. Ona görə də ideologiyaya xas başlıca
xüsusiyyət tarixilikdir. Hər bir
ideologiyanın əsasında gerçəkliyə real
münasibət amili dayanır. Bu
münasibət tarixin təcrübəsinə əsaslanmalı,
tarixi xarakter daşımalıdır. Onun
dəyişməsi tarixin cəmiyyət qarşısında
irəli sürdüyü tələblərə müvafiq
olmalı və əslində həmin tələblər
ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir.
Beləliklə də, ideologiya tarixin gedişi
ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən
və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən,
həmin prosesdə xalqın və millətin rolunu təyin edən,
dövlətin tipini və tarixi simasını
formalaşdıran ən parlaq və obyektiv ideyaların və
sistemin məntiqi yekunudur. Azərbaycançılıq
xalq tarixinin obyektiv izahına xidmət edir. Tarixin hərəkəti
ilə təsdiq olunmayan ideologiya demokratik cəmiyyət
strukturu, xalqı irəli aparan dövlətçilik
üçün nəzəri zəmin ola
bilməz”.
N.Şəmsizadə düşünür ki, qədim
xalqların, o cümlədən Azərbaycan türklərinin
ideologiyası əvvəlcə mif, sonra isə din, daha
doğrusu, əski inamlar olub. Mif sinifli mərhələyə qədərki
çağların ideologiyasıdır: “Sərhədsiz
düşüncə tərzinin ifadəsi olan mif xalqın
özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətdir.
Onda sonralar Azərbaycan xalqının təşəkkülündə
rol oynamış tayfaların dünyaduyumu, əxlaq tərzi və
gələcəyə münasibəti ifadə olunub. Hansı xalqın mifik təfəkkürü
güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki
mövqeyi möhkəmdir. Mif ictimai təfəkkürün
genetik beşiyidir, «gerçəkliyin özüdür»
(A.F.Losev). Azərbaycan ideologiyasının
türk mifik təfəkkürü ilə vəhdət məqamı
«azad ruh» hissidir. Azad ruh türk
qövmünün genetik enerji mənbəyi, dünyaya
çıxış nöqtəsidir. Mifik
təfəkkür və inanclarımızda erkən ideoloji
sistemdə kodlaşan azad ruh sonrakı ictimai-tarixi dövrlər
üçün də nümunəyə çevrildi.
Sonralar Avropanın dahi filosofu Hegel etirafla yazacaqdı: «Biz
Şərqdən gəlirik; ümumdünya tarixi Asiyadan
Avropaya hərəkət edib... Şərqin
ilkin şərti və zəmini ailəyə əsaslanan
millilikdir». Azərbaycançılığın
əsasında mükəmməl ailə kultu dayanır.
Xüsusilə Şərqdə, türk-müsəlman
arealında tarixin təcrübəsi göstərir ki, ailəsi
möhkəm olmayan xalqın dövləti də möhkəm
ola bilməz. Çünki
ordu müxtəlif ailələrdən çıxmış
fərdlərdən ibarətdir. Əsgərin
tərbiyəsi, Vətən eşqi ailədən, anaya məhəbbətdən
başlanır. Azərbaycançılıqda
ailə kultunun davamı olan şəxsiyyət kultu əsas
yer tutur. Çünki «Mədəni əxlaq
fərdlərdə şəxsiyyətin yüksək
olmasına söykənir. Əski türklərin
dinində şəxsiyyəti göstərən simvollar var»
(Z.Göyalp). Azərbaycançılıqda
zora yer yoxdur, bu xalqa zorla özünə hörmət etdirmək
olmaz. Buna görə də azərbaycançılığın
şərti xalqın ləyaqətini uca tutmaqdır. Azərbaycançılığın əsasında
dayanan inanclardan biri zərdüştizm idi (e.ə. VII əsr).
Əməyi azadlığın mənbəyi qəbul edən
zərdüştizmdə, dual fəlsəfə zəminində
azad iradəyə malik şəxsiyyət, ədalətli insan
və dünya problemi zərdüştizmin
konsepsiyasındakı üç prinsipə əsaslanır:
«Xeyir fikir, xeyir söz, xeyir iş» (sonralar yaranmış «Məlik
Məmməd» nağılını, dahi Nizaminin «Xeyir və
Şər»ini, «Haq mövcud» nağılını
xatırlayaq).
Zərdüştizm (Ahura Məzda) sonralar məzdəkizm
təlimini yaratdı. Böyük filosof Mani (215-ci il) zərdüştizm,
xristianlıq və buddizmi birləşdirərək
«İrandan Roma imperiyasının ucqarlarınadək, Afrika və
İspaniyaya... Orta Asiyaya qədər yayılan»
manizm ideologiyasını yaradır. Həm Maninin, həm
də Məzdək Bəmdad oğlunun təlimləri ədalətli
dövlət, cəmiyyət, əmlak bərabərliyi, azad
ruhun qüdrətinə inam ifadə edirdi. Bu
minvalla məzdəkizmin Azərbaycan mifik təfəkküründən,
zərdüştizmdən (atəşpərəstlikdən) qəbul
etdiyi ziya xürrəmilərin azadlıq yoluna işıq
saldı, əxilərin qardaşlıq ocağına,
hürufizm ideyasına («İnsan həqdən qopmuş nur
parçasıdır»), orta çağlar fəlsəfəsinin
«İşıq heykəlləri»nə (Ş.Sührəverdi)
çevrildi. İllər keçdi, xalq
göydən enmiş nurlu daşdan Koroğlunun əfsanəvi
Misri qılıncını düzəltdi, XIX əsrdə
A.Bakıxanov və M.F.Axundzadədən başlayaraq
maarifçilik əlində həmin nur tarixdə və
yaddaşda Azərbaycanı axtarmağa üz tutdu. Burada epos təfəkkürünü xüsusi qeyd
etməliyik”.
O, hesab
edir ki, Azərbaycançılığın, Azərbaycan
dövlətçilik təfəkkürünün ən
möhtəşəm qaynağı «Kitabi-Dədə Qorqud»
eposudur. Azərbaycan təfəkkürünün (müştərək
türk düşüncəsinin) ən böyük abidəsi
olan «Kitabi-Dədə Qorqud»un əsas
ideyası türk tayfalarını - 24 oğuz tayfasını
vahid xalq və dövlət halında birləşdirməkdən
ibarətdir. Burada tayfa bizim indi anladığımız məhdud
mənada deyil, müəyyən ərazi, maddi, mənəvi-əxlaqi
birlik əlamətlərinə malik el mənasında işlənir:
“Əsasən VI-VIII əsrlərdə cərəyan etmiş
hadisələri əhatə edən epos I minilliyin inanc,
düşüncə və dövlətçilik təsəvvürlərini
əks etdirən ideoloji sistemlər toplusudur. Tayfa
və birliklərin erkən dünyaduyumu və
düşüncə tərzini əks etdirən mifdə hələ
dövlətçilik təsəvvürləri yox idi. Dövlətçilik haqqında ilkin təsəvvürə
«Kitabi-Dədə Qorqud»da rast gəlirik. Bunun
atributları aşağıdakılardır: Vətənçilik;
Bayandır xanın başçılıq etdiyi siyasi-hərbi
ierarxiya; ailə kultu («Ana haqqı - Tanrı haqqı»); Ordu və
özəl ənənələrə malik El kultu («Qonşu
haqqı Tanrı haqqıdır»). «Kitabi Dədə
Qorqud» oğuz türkləri haqqında Azərbaycan
ensiklopediyasıdır. Dədə Qorqud üzünü
elə tutub «Dövlətimiz əbədi olsun!»
- deyir. İslamaqədərki
dövrün ən böyük tarixi-ideoloji yekunu Azərbaycan
xalqının yaranması idi. Bu həm də
Azərbaycan dilinin və ideologiyasının təşəkkül
dövrü idi. «Hər bir xalqın
köklərinin ən qədim dövrlərə gedib
çıxmasına baxmayaraq, tarixçilər bütün
bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən
vaxtdan başlamağı üstün tuturlar» (L.Qumilyov).
«Azərbaycan tarixi» (Z.Bünyadov və Y.Yusifovun redaktəsi
ilə, 1994) bu barədə təqdim olunan fikir belədir: Azərbaycan
xalqı Azərbaycan ərazisində təşəkkül
tapıb. Xalqımızın yarandığı ərazi
şimaldan Dərbənddən tutmuş cənubda Zəncan-Qəzvin
bölgəsinədək (daxil olmaqla), şərqdə Xəzər
dənizindən qərbdə İrəvan, Tiflis və Urmiya
gölünün qərb sahillərini əhatə edir. Tarixi baxımdan «Azərbaycan dilinin və
xalqının təşəkkülü II-VII əsrlərdə
baş verib, VII-VIII əsrlərdə başa çatıb.
Bu zaman Azərbaycanda gedən dini mübarizə
artıq sona yetmişdi».
N.Şəmsizadə
XIII-XIV əsrləri Azərbaycan ideologiyasının təşəkkülündə
milli təmayülə keçid mərhələsi
adlandırır, həmin keçidi hazırlayan ictimai-tarixi səbəbləri
belə ümumiləşdirir: “İlk dəfə məhz bu
dövrdə bədii təfəkkürdə klassik ənənələrlə
türk xalq poeziyası ənənələrinin sintezi
başlanır və XVI əsrdə başa çatır. Bu isə ədəbiyyat və sənətdə
millilik və bəşəriliyin vəhdətinə səbəb
olur. XIV əsrdə Azərbaycan şairi
İzzəddin Həsənoğlunun Misirdə türkcə
«Divan»ı meydana gəlir. Xalq ədəbiyyatının,
xüsusilə aşıq poeziyasının bədii-tarixi
baxımdan qüvvətlənməsi ideologiyada mifdən gələn
başlanğıca, el ruhu və psixologiyasına dayanan milli
müəyyənliyin yaranmasına səbəb oldu. Azərbaycanda orta əsrlərdə milli birliyin əsası,
enerji mənbəyi olan məfkurə məhz poetik formalarda
meydana çıxıb. Bu dövrdə
elm də, ədəbiyyat da sinkterik xarakter
daşıyırdı. Orta əsrlər
Azərbaycan etnik mədəni sistemində poeziya birinci yerdə
dayanıb, poetik təfəkkür dünyadərkində həlledici
olub. Bu zaman ədəbiyyat elmləri -
«ülumi-ədəbi» özündə on beşə qədər
elmi birləşdirirdi.
Azərbaycanın
Rusiya tərəfindən işğalından sonra
ideologiyamızın təşəkkülündə yeni bir
proses - Şərq və Qərb dəyərlərinin sintezi
başlanır. Bunu maarifçi ideologiya
adlandırmaq olar. Mifdən, Zərdüştizm,
İşraqilikdən gələn İşıq (Nur),
hürufizmdə ürfan və kamal vəhdətindən gələn
Zəka və İntibahın bayrağına iri hərflərlə
yazılmış İnsan maarifçi ideologiya
konsepsiyasında vəhdət təşkil edir. XIX
əsrin maarifçi ideologiyası bir növ məzdəkilərin,
xürrəmilərin, əxilərin və Azərbaycan-türk
cahangirliyinin tarixi dərslərinə yenidən müraciət
edir, milli şüur və azadlıq duyğusu tərbiyəsini
tarixi-mənəvi ideal seçməli olur. Azərbaycan
maarifçi ideologiyasının banisi M.F.Axundzadə «mali» və
«hüquqi» bərabərlik ideyasını irəli
sürür, orta əsr ideoloji sistemlərindən fərqli
olaraq Azərbaycan maarifçi ideologiyası insan və cəmiyyət
problemini ön plana çəkir. Özündə
Şərq-Qərb dəyərlərini uğurla sintez
etmiş Azərbaycan maarifçiliyinin əhəmiyyəti
bunda idi ki, Azərbaycan maarifçilərini müəyyən
bir sinfin ideoloqları kimi qələmə vermək cəhdləri
əbəsdir.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 12 noyabr.- S.14.