Unudur övladım günbəgün özün

 

Yad dildə danışmaqla fəxr edir, güvənməli ana dilin danışmır

 

Güney Azərbaycanın müasir poetik aləmində bir çox şairlər öz istedadları, deyimi, duyumu, hətta həssas ədəbi münasibətləri ilə diqqəti cəlb edir. Onlardan biri hazırda Tehranda yaşayıb-yaradan İbrahim Xəzayeridir. İbrahim 1968-ci ildə Güney Azərbaycanın Muğan-Germi şəhərinin Tülun kəndində anadan olub. 15 yaşına qədər elə o kənddə ibtidai orta təhsil alıb. Öz dediyinə görə, Tülun kəndi Şimali Azərbaycana çox yaxın olduğundan görə o, ilk musiqi ədəbi istedadını Bakı radio televiziyasından eşitdiyi səslər nəğmələrə uyğunlaşdırıb. Elə uşaqlıqdan şeirlər yazmağa başlayıb. Məktəbsiz, müəllimsiz musiqi fəaliyyətinə başlayıb. Köhnə bir «Kazan» qarmonu tapıb, Bakı radiosundan eşitdiyi Azərbaycan xalq havalarını, mahnıları, rəqsləri səs yaddaşının gücü ilə öyrənib, gecə-gündüz məşq edirmiş. İbrahim hazırda Tehran türk musiqi ədəbi ictimaiyyəti arasında tanınmış şair qarmonçulardandır. İran-İraq müharibəsi iştirakçısı olan İbrahim müharibədə neçə dəfə yaralanıb.

Dörd uşaq atası olan şair-musiqiçi bir an Azərbaycan poeziyası musiqisindən ayrı dura bilmir. Ümumən desək, onun şeirdə olduğu kimi, musiqi yaradıcılığı da çoxşaxəlidir. O, həm milli zərb alətlərimizdə, nağarada, qavalda məharətlə çalır. İbrahim istedadlı şairdir. Gözəl qəzəllər müəllifidir. Qəzəllərində, şeirlərində Əliağa Vahid təsiri açıq-aşkar duyulur.

Burada bir cəhəti qeyd etmək istəyirəm ki, Güney Azərbaycanda əvvəldə qeyd etdiyim kimi, Vahid şeirinə xüsusi məhəbbət duyulur. İbrahim Xəzayeri şeirlərini «Zahid» təxəllüsü ilə yazır. İrandakı konsertlərə o, musiqiçi kimi dəvət olunur. Özünün dediyi kimi, «Fars ölkəsinin paytaxtında qarmonumun dillərilə, şeirlərimlə musiqimizi, poeziyamızı bütün azərilər (türklər-red.) üçün səsləndirirəm”.

Ümumiyyətlə, bütün vətənpərvər Azərbaycan şairləri kimi Güney poeziyasının nümayəndələrinin müraciət etdikləri mövzulardan biri başlıcası ana dili məsələsidir. Yaradıcılığına müraciət etdiyimiz elə bir şair tapılmaz ki, o, doğma dilimizin, onun tədrisi, maarif dili olmaması etirazına öz əsərlərində yer ayırmasın. 90-cı illərin ortalarında poeziyaya gələn yaradıcılığına davam etdirən şairlər, ümumən ədəbi proses demokratik meyil ideyaların poetik təcəssümü haqqında xülasə, icmal fərdi xüsusiyyətlər haqqında ədəbi mülahizələri davam etdirmək istəyirik.

Öncə onu qeyd edək ki, 90-cı illər cənub şeirini formalaşdıran, inkişaf davam etdirən şairlər cəmiyyətin, zamanın ictimai sifarişinə vaxtında cavab verən əsərlər yaratmaqla, əsl vətənsevər sənətçi hünəri göstərməklə, çoxçalarlı, zəngin, rəngarəng, bədii-poetik formalarla təzahür etdirirlər. Şair İbrahim Zahid dilimizin, tariximizin assimilyasiya uğramasına dözə bilmir, bunu «Ürək ağrısı» şeirində hayqıraraq, həqiqətləri, gerçəkliyi qorxmadan, mərdliklə bəyan edir:

 

Baxıram balamın həyat tərzinə,

Ürəyim döyünür, gözüm qaralır.

Bu ağır itkiyə kim dözə bilər,

Bağçam solmadadı, gülüm saralır.

Unudur övladım günbəgün özün,

Uzaqlaşır, özlüyündən, əslindən,

Qabağa getməyir, dala qayıdır,

Geri qalır əcdadından, nəslindən.

Duyulur getbəget davranışından,

Özündən çəkilir, yadları sevir.

Danır doğulduğu müqəddəs kəndi,

«Mən burda anadan olmuşam» - deyir.

Yoxdur inam, özgələşir özündən,

Həqiqətə yaxın gəlib barışmır.

Yad dildə danışmaqla fəxr edir,

Güvənməli ana dilin danışmır.

 

Göründüyü kimi, milli faciəmiz ana dilimizi yad dilin assimilasiyaya uğratması, Güneydəki yeniyetmələrin milli-mənəvi dəyərlərə biganəliyi şairi sarsıdır, ürək yanğısı, vətənpərvərlik, böyük məhəbbətə bədii-poetik etirazını bildirir. Ümumiyyətlə, İbrahim Zahid yaradıcılığında poeziyamızın ədəbi, bədii mövzuları olan Ana, Vətən, Məhəbbət üstünlük təşkil edir . Elə bir sənətkar, ustad, habelə şeir həvəskarı tapmaq çətindir ki, o, öz doğma ana dilini əsərlərində vəsf etməsin. İbrahim Zahid «Ürək ağrısı» şeirində doğma dilə soyuq münasibəti belə ifadə edir:

 

Onunla danışmışıq öz evimizdə

Həm mən yad dilimdə,həm də anası.

O danışır, daim özgə dilində,

Əsl ana dilimi hardan qanım?

 

Şeirimizin müasir üslub əlvanlığına, intellektual zənginliyinə doğru qət etdikləri yolda 1990-cı il Güney Azərbaycan şairlərinin izi və addımları görünür. İbrahim Zahid Xəzayiri, Rəşid Kərbasi, Rəsul Rəhimi, Ayşin Ayda, Səhər Ərdəbilli, İsmayıl Mehdizadə, Mirəli Qurbanzadə, Beytulla Əfsər, Heydər Təhmasibi, Ədalət Duman, Azərelli, Vəli Şahmuhəmməd və bu kimi şairlər “fərdi intellektual üslub” deyilən bir istiqamətin nümayəndələridir. Məhz obrazlı emosional, poetik bir intellekti onların əsərlərinin yazarlara məxsus fərdi bədii ədasını şərtləndirir. Bunlarda realist, eyni zamanda romantik bir ruh, bədii-fəlsəfi ümumilləşdirmə meyli qüvvətlidir. Ümumiyyətlə, hər şeyi canlandırmaq, əyaniləşdirmək, bədii detala, rəmzə çevirib təsvir etmək bu poeziyanın əsas üslubi xüsusiyyətini təşkil edir. Zahid dönə-dönə gözəllik idealını irəli sürür. Hər qəzəlində sevgilinin gözəlliyindən danışmağı özünə borc bilir. Zahiri gözəllik canlı, insani gözəlliklə vəhdətdə götürülür. Hisslərin təzahürü, hərarəti insanı həyəcanlandırır. Hər dəfə oxunsa da, bu qəzəllər təzə, yeni görünür. Bu qəzəllərdə təkrar olunmaz bir insanilik vardır:

Bir də görsəydi gözüm dilbəri-şirin süxəni, Unudardım yenə də qüssəvi-dərdü-mühəni.

Zahid sevən qəlbin sevincini, kədərini, rəngarəng boyalarla qələmə alır. O, Vahid məktəbinin bədiilik üsullarından məharətlə istifadə edir. Ənənəvi üsul, obraz və təşbehlərlə səmimi insan duyğularının inikasına nail olur. Müəyyən bir fikri və ya hissi ifadə etməklə bərabər gözəl bədii lövhələr yaradır. Şair böyük heyranlıqla insanın gözəlliyini, daha çox bu gözəlliyin təsrindən doğan hisləri əks etdirir:

 

Tuti necə ki, şövqilə hər an şəkər istər,

Şəhdi-ləbini, ləblərin ondan betər istər.

 

Zahidin bir qisim qəzəllərində aşiqin vüsal dəmində keçirdiyi sevinci hissləri əks olunur. Bu tipli qəzəllərdə fikirlərini kiçik lövhələr cızmaqla ifadə etməyə çalışan şair oynaqlığa, şuxluğa xüsusi diqqət yetirir, aşiqlə məşuqənin görüşündən epizodlar verir, canlı mənzərələr yaradır:

 

Nə səbəbdən, gözəlim, sirrimi dünya bildi,

Məscidi-meykədəvü, deyri kilisa bildi.

 

Burada real insan hərəkət və duyğuları ecazkar sənət dili ilə səmimi bir tərzdə tərənnüm edilir. Aşiqlə məşuqə arasındakı münasibətlər o qədər insani cizgilərlə verilir ki, insanın sevmək, sevilmək, sevginin nəşəsi ilə yaşamaq hüququ obrazlı bir şəkildə bəraət qazanır. Şair insanın mənəvi arzu və meyillərini tərənnüm etməklə həyat eşqini, gözəlliyi təsdiq edir.

Zahid bu səpgili qəzəllərində vüsal dəmlərini sevinci və şadlıq hisləri ilə əks etdirərək oxucusunu da sevincə, şadlığa səsləyir. Zahidin qəzəllərinin bir qədər geniş şəkildə nəzərdən keçirilməsi onu göstərir ki, bu qəzəllər insan haqqında dərin düşüncələrin məhsuludur. Bu qəzəllər ancaq geniş fəlsəfi mənada aşiqanə əsərlərdir. İnsanlığın, gözəlliyin, idealın təsdiqidir. Bu qəzəllər sadədən mürəkkəbə, müəyyənlikdn mücərrədliyə, dünyəvi məhəbbətdən fəlsəfi məhəbbətə doğru inkişafı vermək baxımından isə ardıcıllıq, qanunauyğunluq İbrahimin qəzəllərini müasir divan ədəbiyyatının ən yaxşı nümunələri kimi qiymətləndirməyə bizə haqq qazandırır.

Zahidin qəzəlləri istər mövzusu, istərsə də bədii gözəlliklərinə görə də səciyyəvidir. Bu qəzəllər bədii ümumiləşdirmələri, forma rəngarənglikləri ilə seçilərək heyrətamiz bir gözəlliyi vəsf edir:

 

Ya rəbb,o gülü gündə səhər görməsəm, olmur,

Neynim, ürəyim istəyini verməsəm, olmur.

Dünyada hərə bir gülə aşiq yaranıbdır,

Mən də o gülün vurğunuyam,dərməsəm,olmur.

Didəmdən axan qan-ürəyimdən verir izah,

Zahirdə ağlamsına ki, gözdə nəm olmur.

Ya rəbb, yaradardın məni divanə əzəldən,

Xoş halına divanələrin dildə qəm olmur.

Dövran dolanır çoxlarının kamina daim,

Hər iş bu geniş dünyada mən istəsəm, olmur.

Zahid,bu fələkdən bu qədər etmə şikayət,

Hər kim ki cəfapişədir, əhli-kərəm olmur.

 

Qəzəllərdə Zahid gözəlin təsvirinə nə qədər geniş yer versə də, bu təsvirlər sevgi duyğularına haqq qazandırır, onu əsaslandıran bir vasitə kimi götürülür. Vahid ədəbi məktəbininı şagirdlərindən biri olan İbrahim Zahid klassik poetika qanunlarına bələd olduğu üçün olduqca sadə, rəvan, vahid ölçüdə və vahid qafiyə prinsipi əsasında qəzəllər yazıb. Bu qəzəllər əruzun oynaq vəznlərində yazılmış, səlis, koloritli nümunələrdir və ürəyəyatımlı ahəngləri ilə nəğmə-təranə məqamındadır.

Daha bəsdir tükənib səbrü-qərarım gözəlim, Həsrətindən saralıb bağü-baharım gözəlim.

Zahid qəzəllərinin çox orijinal avazı var, sanki bu qəzəllər Azərbaycan musiqisinin təməli, kökü olan muğamların hər guşəsi üçün cilalanıb. Güney Azərbaycanda xanəndələrin muğam üstündə Zahid qəzəllərindən istifadə etməsi, onların ifa zamanı nəfəslərinə, zəngulələrinə, xırdalıqlarına yardımçı olur, onların öz səslərindən məharətlə istifadə etməsi üçün zəmin yaradır. Zahid qəzəllərinin dili olduqca rəvan, səlis, tez anlaşılan, tez yaddaqalan və sadə olduğuna görə hələ xanəndəlik sənətini öyrənən gənc müğənnilər oxuduqları muğam şöbələrini bu qəzəllər vasitəsiylə ifa edəndə, onun daha asan səslənməsi üçün şərait yaranır. Gənc mügənnilər Zahidin qəzəlləri vasitəsilə muğamı daha tezliklə mənimsəyir, bir neçə il müddətində peşəkarlığa yiyələnirlər. Zahidəm, Vahid babam, həm Şəhriyar olmuş atam, Başımın üstündə ol dahilərin var sayəsi...

 

Vüqar Əhməd

professor

Xalq Cəbhəsi.- 2014.- 13 noyabr.- S.14.