Uşaq ölümü problemi...
Daha çox yeni doğulmuş körpə və 5 yaşadək uşaqların
ölümü halları
baş verir
"Amerikanın Səsi" radiosunun məlumatına görə, əgər
1990-cı ildə 5 yaşından
aşağı 12.7 milyon
uşaq ölürdüsə,
2013-cü ildə bu göstərici 6.3 milyona enib. Bu isə gündə 17 min uşağın
həyatını itirməsi
deməkdir. Stanford Universitetinin
əhali sağlamlığı
üzrə eksperti Eran Bendavidin dediyinə görə, orta və aşağı
gəlirli ölkələrdə
malyariya xəstəliyi
və ishalın müalicəsi ilə bağlı vəziyyət
dəyişib. O, 54 ölkədə
keçirilən demoqrafiya
və səhiyyə sorğularına rəhbərlik
edib. Sorğular 929 min
ailədən 1.2 milyon
qadın arasında keçirilib. Bunun nəticəsi olaraq yoxsul ailələrdə doğulan 1000 körpədən
4.3, orta gəlirli ailələrdə 3.36, zəngin
ailələrdə isə
2.06 faiz uşağın
dünyasını dəyişdiyi
məlum olub.
Azərbaycan əhalisinin təxminən
30 faizini uşaqlar təşkil edir və bu say təxminən 3 milyondur. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu qeyd edir ki,
uşaqların qidalandırılması
ilə bağlı da ciddi problemlər
müşahidə olunur
və anemiya və qısaboyluluq (yaşa görə boy) hallarının geniş yayılması buna sübutdur. Bu faktorların
hər ikisi uşaqların əqli inkişafına və xəstəliklərə olan
fiziki davamlılığına
təsir edir. Bundan əlavə gənclərin HİV üzrə
məlumatlılığı və sağlam həyat tərzi, yaşam bacarıqları zəifdir və bunun nəticəsində də riskli davranış meylləri geniş yayılıb. Bu səbəbdən də hökumət onları özlərini müdafiə
etmək üçün
ehtiyacları olduqları
biliklər və uzun müddətli perspektivdə gedə biləcəkləri, fikirlərini
ifadə edə biləcəkləri, konstruktiv
qaydada hərəkət
edə biləcəkləri
məkanlar və yeniyetmələrin enerjisini
faydalı işlərə
yönəldən kanallar
ilə təmin etməlidir.
Azərbaycan Demokratiya və
İnsan Haqları İnstitutunun apardığı
araşdırmada müəyyən
edilib ki, HİV infeksiyasına yoluxma halları əsasən venadaxili narkotik vasitə istifadəçiləri
arasında yayılmışdır
və son zamanlar aparılmış tədqiqat
nəticəsində məlum
olmuşdur ki, narkotik vasitə istifadəçilərinin 96 faizi
təhlükəsiz cinsi
əlaqə təcrübəsindən
istifadə etmir, 46%-i isə eyni
şpris və iynələrdən istifadə
edirlər. Bir çox digər ölkələrdə bu problemin nəzarət altına alınmasına baxmayaraq, Azərbaycanda bu halın epidemiya
halına keçəcəyi
təhlükəsi vardır.
Uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyəti
embrional şişlərdir.
Ancaq doğulduqdan bir müddət sonra özünü göstərir. Yəni, böyüklərdə onkoloji
xəstəliklərin əmələ
gəlməsində ətraf
mühit, irsi faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma,
stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin
əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə
nisbətən daha yaxşı müalicə
olunur. Onkoloji xəstə uşaqların
80 faizi sağalır,
20 faizini isə təəssüf ki, sağaltmaq olmur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən
uşaqlarının diaqnozunu
gizlədir və övladının xərçəng
xəstəsi olduğunu
və sağaldığını
demirlər. Amma 20 faiz sağalmayan uşaqların valideynləri
bu barədə hər yerdə danışırlar. Bunun nəticəsində hər
kəs də düşünür ki, xəstəliyin müalicəsi
yoxdur və sonu ölümdür. Mütəxəssislərin dediyinə
görə, əsas onkoloji xəstəliklər
3-10 yaş arası uşaqlarda rast gəlinir. Ümumilikdə
onkolji xəstəlikli
uşaqların sayı
çox deyil. Həkimlərin fikrincə,
uşaqlar arasında xəstəliklərin əsas
səbəblərindən biri
onların erkən yaşlardan işə cəlb edilməsidir. Azərbaycanda əsasən
paytaxt küçələrində,
gül satan, ayaqqabı boyayan, maşın şüşəsi
silən uşaqlara da rast gəlinir.
Azərbaycanda valideyn himayəsindən
məhrum uşaqlarla yanaşı, ailədə
yaşayanların hüquqlarının
qorunmasıyla bağlı
da problemlər az deyil. Ölən
uşaqların statistikası yoxdur, intihar edənlərin də
dəqiq statistikası aparılmır. 2004-cü ildə 35
uşağın özünə qəsd etməsi məlumdur.
Ancaq səbəblər müəyyənləşdirilməyib.
Son illər uşaqların valideynləri tərəfindən
zorakılığa məruz qalması ilə bağlı
halların artması da həyəcan yaradan hallardandır. Digər
vacib problem internatlardan uşaqların ailələrə verilməsidir.
Hazırda ölkədə 50-yə qədər internat məktəbi
fəaliyyət göstərir . Onların himayəsində təxminən
20 mindən çox uşaq var.
Hələ
2012-ci ildə UNİCEF-in Azərbaycan nümayəndəliyinin
rəhbərliyi Mark Herevard mətbuata müsahibəsində
bildirmişdi ki, “BMT tərəfindən uşaq
ölümünün tərifi üçün müəyyən
olunmuş yanaşma Səhiyyə Nazirliyinin uşaq
ölümünün səviyyəsini hesablamaq
üçün istifadə etdiyi yanaşmadan fərqlənir.
Azərbaycanda hələlik beynəlxalq “diri doğum
meyarı” qəbul edilməyib. Bu səbəbdən də
ölümün səviyyəsi ilə bağlı rəsmi
statistik göstəricilər daha aşağıdır və
bu göstəricilərlə BMT-nin göstəriciləri
arasında çox böyük fərq var”.
Tibb elmləri
doktoru Adil Qeybulla isə bildirir ki, faktiki rəqəmlərlə
rəsmi statistika arasında fərq təkcə bu sahədə
deyil: “Bunun əsas səbəblərindən biri odur ki, əhalinin
böyük əksəriyyəti yaşadığı yerdə
qeydiyyatda deyil. Uşaq ölümü əsas doğuşla
bağlıdır. Bunların da çoxu qeydiyyata
alınmır. Çünki doğuşun özü bəzən
ev şəraitində həyata keçirilir və bu da rəsmi
statistikaya təsir edir. Rəqəmləri az göstərmək
üçün təəssüf ki, bəzən rəsmi
statistikada məqsədli endirimlər olur. UNISEF-in tək
uşaq ölümü yox, həm də bəzi başqa məsələlərlə
bağlı göstəriciləri rəsmi rəqəmlərlə
bir araya sığmır. Yaxud vərəmlə bağlı
Dünya Səhiyyə Təşkilatının
açıqladığı rəqəmlərlə bizim
statistika arasında ciddi fərqlər var. Bütün
bunların qarşısını almaq üçün qeydə
alınmayan doğuş və bu kimi başqa məqamlara ciddi
nəzarət olmalıdır. Əks halda real statistika ilə
rəsmi statistika arasında fərq yaranacaq".
Azərbaycan
hələ 2000-ci ildə BMT tərəfindən qəbul edilən
“Minilliyin İnkişaf Məqsədləri” bəyannaməsinə
qoşulan ilk ölkələrdəndir. Bəyannaməyə
görə, 2015-ci ilədək dünyada 5 yaşadək
uşaqlar arasında ölüm 2/3 dəfə, ana
ölümü halları isə 3/4 dəfə
azaldılmalıdır. Azərbaycan da bu bəyannaməyə
qoşulmaqla həmin öhdəliyi üzərinə
götürüb. Artıq qoyulan hədəflərə
çatılması üçün müəyyənləşdirilən
müddətin əsas hissəsi arxada qalıb. İqtisadi Tədqiqatlar
Mərkəzi İdarə Heyətinin üzvü Dünya
Camalovanın sözlərinə görə, əldə olunan
nəticələr göstərir ki, Azərbaycan ana və
uşaq ölümü səviyyəsinin azaldılması ilə
bağlı öhdəliklərə əməl edə bilməyən
ölkələrdən biri olacaq: “UNİCEF-in
açıqladığı son hesabata əsasən, Azərbaycan
uşaq ölümünün səviyyəsinə görə
195 ölkə sırasında 61-ci yeri tutur. Hesabatda son 20 ildə
Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında
ölüm hallarının 53 faiz azaldığı bildirilir.
1990-cı ildə Azərbaycanda dünyaya gələn hər
min uşaqdan 95-i beş yaşına çatmamış
ölürdüsə, ötən il bu rəqəm hər min
uşağa 45 fakt təşkil edib. Qeyd edim ki, Rusiya bu
siyahıda 128-ci, Ermənistan 102-ci, Gürcüstan 91-ci,
Qazaxıstan 78-ci, Özbəkistan 56-cı, Türkmənistan
54-cü, Tacikistan 46-cı yeri tutur.
İqtisadi
Tədqiqatlar Mərkəzinin də üzv olduğu Yoxsulluqla
Mübarizəyə Çağırış Milli
Koalisiyası çərçivəsində aparılan
araşdırmalar göstərir ki, Azərbaycanda ana və
uşaq ölümünü artıran faktorlardan biri erkən
nikahlardır. Belə ki, erkən yaşda – 14-15 yaşında
ərə verilən qızlar arasında uşaqsalma,
ölüdoğulma və ana ölümü halları daha
yüksəkdir. Bunun bir səbəbi qızların orqanizminin
analıqla bağlı təbəddülatlara hazır
olmamasıdırsa, digər mühüm bir səbəb təhsil
almadan, necə deyərlər, “gözünü
açmamış” ərə verilmədir. Bu zaman erkən
hamilə qalan qızlar hamiləlik dövründə özlərinin
və uşaqların sağlamlıqlarını qorumaq
üçün zəruri olan tədbirlərdən xəbərsiz
olurlar: nə düzgün qidalanırlar, nə
vaxtlı-vaxtında həkim müayinəsindən keçirlər,
nə də orqanizmin müxtəlif fəsadlar barədə
veridyi həyəcan siqnalını tuta bilirlər. Hətta
bir çox hallarda 6-8 aylıq uşaqlarını itirən
“erkən” analar buna adi bir hal kimi baxaraq, heç həkimə
müraciət etmək barədə düşünmürlər
də. Yalnız 2-3-cü belə haldan sonra həkimə gedirlər
ki, əksər hallarda bunun faydası da olmur. 14-15 yaşlı
təhsilsiz, dünyagörüşü olmayan uşaqla 22-25
yaşlı, təhsil almış, həyatdan məlumatlı
olan qadının hamiləlik və analığa,
uşağa qulluğa, tərbiyə verməyə münasibəti
arasında fərq yerlə-göy qədərdir. Belə
analar yeni doğulmuş uşağa da doğru-düzgün
baxa bilmir, uşaqlarını müxtəlif xəstəliklərdən
qorumağı bacarmırlar.
Dunya
Camalovanın sözlərinə görə, erkən ailə
quran qızlarla bağlı daha bir problem onların qanunda nəzərdə
tutulan yaşa çatmadıqları üçün nikah
bağlaya bilməmələridir: “Bildiyiniz kimi, rəsmi
nikahı olmayan qadınlar əksər hallarda hamiləliklə
bağlı zəruri həkim müayinəsindən də
keçə bilmirlər. Eyni zamanda valideynlər və ər
evindəkilər məsuliyyətə cəlb olunmadan
qorxduqları üçün belə qadınlarda
uşaqların tələf olması faktlarını gizlədirlər.
Bu, həm də anaların özlərinin həyatını
itirməsi hallarına da aiddir: hamiləlik və doğuş
səbəbilə dünyasını dəyişən 18
yaşa çatmamış qadınların əsl
ölüm səbəbləri əksər hallarda gizlədilir.
Belə hallar xüsusilə ucqar rayonlarda tez-tez baş verir.
Respublikanın
baş pediatrı Nəsib Quliyev də ana və uşaq
ölümü faktlarının olduğunu gizlətmir. Onun
dediyinə görə, təkcə 2011-ci ildə Elmi Tədqiqat
Pediatriya İnstitutunda 615 körpə dünyasını dəyişib.
Ümumilikdə ölən uşaqların sayı isə 1903
nəfərdir”. Baş pediatr deyir ki, institutda daha çox yeni
doğulmuş körpə və 5 yaşadək
uşaqların ölümü baş verir: “5 yaşdan
yuxarı uşaqların ölüm hadisəsi nadir hallarda
olur. Bütün ölüm faktları qeydə alınır
və bu faktı gizlətmək mümkün deyil”.
Azərbaycan
Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə
hesab edir ki, ana və uşaq ölümü bir neçə
amillərlə bağlıdır: “Başlıca səbəb
hamilə qadınların bir qisminin bu məsələyə səhlənkar
yanaşmasıdır. Məsələ ondadır ki,
onların bir çoxu hamiləlik dövründə
vaxtında müayinədən keçmir. Qadının
özündə olan bir sıra xəstəliklər hamiləliyin
normal keçməsinə imkan vermir ki, bu da nəticə etibarilə
ölüm hallarına gətirib çıxarır. O
cümlədən, hamilə qadının kifayət qədər
normal qidalanmaması və əsəb gərginliyi də
doğuş zamanı ölüm risqini artıran faktorlardan
biri hesab olunur. Bu cür səhlənkar qadınlar arasında
erkən nikaha girmiş yeniyetmələr çoxluq təşkil
edir. Yəni bu cür halların yaşanmasında erkən
nikahların da özünəməxsus rolu var. Problem
ondadır ki, bir çox regionlarda qızları erkən
yaşlarda ərə verməyə çalışırlar.
Yetkinlik yaşına çatmayan azyaşlı qızların
orqanizmi uşaq dünyaya gətirməyə hazır olmur. Bu
zaman sözügedən bədbəxt hadisələrin baş
verməsi üçün olduqca münbit zəmin yaranır.
Nəticədə, ana ölümü çox olmasa belə,
bu, əksər anaların əlil və yaxud da sonsuz
olmasına gətirib çıxarır”.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 15 noyabr.- S.14.