Qohumla yenidən qohumluq...
Belə nikahlar genetik
xəstəliklərə təsir göstərən önəmli
amillərdən biridir
Azərbaycan
əhalisi, xüsusılə bölgələrdə
yaşayanlar qohum nigahlarına daha çox üstünlük
verirlər. Qız adətən qohumdan alınır və
qohuma da verilir. Hətta qohumla yenidən qohum olma istəyi o qədər
güclüdür ki, valideyn ailə qurmuş
övladının ailəsini dağıtmaqdan belə çəkinmir.
Amma qohum nikahlar genetik xəstəliklərə təsir
göstərən önəmli amillərdən biridir.
Dünyaya gələn uşaqların ən azı 8,4 faizi
qohum nikahdan doğulur. Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi qohum nikahlara münasibətin
birmənalı olduğunu bildirir. Gələcək valideynlərin
öz sağlamlıqlarının qeydinə qalmaları
dünyaya gətirdikləri körpənin
sağlamlığının təminatıdır. Sağlam
uşaq sağlam ailədə böyüyür. Hər
hansı bir problemi öncədən bilib
qarşısını almaq onu həll etməkdən daha
asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz
sağlamlıqları barədə yalnız dünyaya xəstə
uşaq gətirdikdə və ya ümumiyyətlə, hər
hansı bir problemlə üzləşdikdə fikirləşirlər.
Halbuki bu xoşagəlməz hadisənin
qarşısını əvvəlcədən almaq
mümkündür. Sağlam ailənin formalaşması kimi
vacib bir prosesdə gənclərin ailə həyatı
qurmazdan əvvəl tibbi müayinədən keçməsi
bütün problemləri önləyə bilər. Komitədən
bildirirlər ki, qan qohumluğu nikahlarının təhsil səviyyəsindən
də asılılığı mövcuddur, yəni, natamam və
tam ali təhsilli şəxslər belə nikahları daha
çox tənqid edirlər. Qohumlar arasında bağlanan
nikahların əsas səbəbləri kimi bunlar göstərilir:
var-dövləti nəsildə saxlamaq, ailə fərdləri
arasında sevgi və hörməti qorumaq və s. Qan
qohumları arasında nikahlara qarşı ən çox irəli
sürülən arqument dünyaya gələcək
uşaqların irsi xəstəliklərlə
doğulmasıdır.
Səhiyyə
Nazirliyinin genetik problemlər üzrə baş mütəxəssisi
Kamilla Dadaşova mətbuata verdiyi müsahibəsində
bildirir ki, ümumiyyətlə, qohum nikahlar doğulan
uşaqlarda xəstəlik riskini daha da artırır: “İrsi
xəstəliklər çox böyük problemdir. Doğulan
uşaqlarda bir çox xəstəliklər var. Bəzi xəstəliklər
qadınlarda, genlərdə daşıyıcıdır. Onlar
qohumla ailə qurduqda uşaqların 50 faizi xəstə ola bilər.
Bəzən xəstələr deyir ki, bizim başqa qohumlar var
ki, qohum nikahları var, amma onlarda xəstəlik yoxdur.
Düzdür, biz demirik ki, qan qohumluğu xəstəlik
yaradır, biz deyirik ki, onun riski qalxır. Əgər bir
neçə xəstəliyin daşıyıcısı olan
insan qohumla ailə qurmazsa, o zaman onun riski azdır, əks təqdirdə
isə, onun qanında çox vaxt xəstəliyi daşıyacaq
genlər var. Mən qohum nigahları yaxşı hesab etmirəm”.
Mütəxəssisin
sözlərinə görə, qohum nikahların müxtəlif
səbəbləri var. Əsas səbəblərdən biri
odur ki, qohumlar bir-birlərini daha yaxından tanıyırlar.
Problemli tərəfə gəldikdə isə K.Dadaşova
qeyd etdi ki, hansısa xəstəlik, məsələn,
doğulan uşaqda talassemiya, qan xəstəliyi
aşkarlanır: “Qohum nikahlarda onun riski çoxdur. Ancaq ola bilər
ki, qadın qohumla ailə qurmasın, o zaman da orada belə gen
olur. Lakin qan qohumluğu bu riski qaldırır”.
Bundan
başqa, qan qohumluğunun mənfi amillərindən biri də
hüquqlarla bağlı olduğunu deyən mütəxəssisin
sözlərinə görə, qohum nigahlar çox zaman
valideynlər tərəfindən arzuolunan nigahlardır:
“Çox vaxt onun nəticəsində reproduktiv
sağlamlıqla bağlı hüquqlar pozulur. Uşaq xəstə
olduqda çox vaxt ailədə söz-söhbətə səbəb
olur. Belə ki, hər iki tərəf günahı
qarşı tərəfdə görür. Erkən
nikahların böyük əksəriyyəti də məhz
qohum nikahlardır”.
İrsi
xəstəliklərin müalicəsinə gəldikdə
mütəxəssis deyir ki, bu xəstəliklə doğulan
uşaqların bir qisminin müalicəsi var, bir qismi əlil
olur: “Çox vaxt profilaktika lazımdır. Yəni, ana bətnində
bilirik ki, uşaq saglamdır, ya yox. Qohum nikahların
qarşısının alınması üçün ilk
növbədə maarifləndirmə lazımdır. Biz
sorğu aparmışıq və kişilərin çoxu
bildirir ki, biz qohum nikaha ona görə getmək istəyirik ki,
həyat yoldaşım mənim valideynlərimə baxacaq.
Qadınlar isə deyir ki, bu evlilikdə məni incitməyəcək,
kobud davranmayacaq. Ancaq faktiki olaraq konflikt olur. Qadın da öz
hüquqlarını itirir, anası deyir ki, səsini
çıxarma, qohumlarımızla problemlərimiz
olmasını istəmirik. Bu zaman zorakılıq olur. Mənim
fikrimcə, bu, həm səhiyyə, həm sosial, həm də
hüquqi baxımdan problemdir”.
Qeyd
edə ki, qohum nikahlar Qərbi Aralıq dənizi və Cənubi
Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə
problemli uşaqların doğulma riski digərlərinə
nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya
qohum evliliklərinə çox az təsadüf edilən
ölkələrdəndir. İnsanların təhsil səviyyəsi
və genetik xəstəliklər mövzusundakı məlumatının
artması bu cür evliliklərin 0,3 faizdən
aşağı düşməsinə, hətta böyük
şəhərlərdə daha da azalmasına səbəb
olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir,
hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb
ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə
kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir.
Avropa və Amerikada isə qohum evliliklərindən
doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər
və əqli qüsurlu olma vəziyyəti geniş
yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin
genlərində daşıdıqları xəstəliklərin
uşaqlarına keçməsidir. Birinci dərəcə
qohumlar arasında evliliklərdə genlərin 1/8-i
paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik
riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan
uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən
qohumlar arasındakı evliliklərdə uşaqlarda
düşmə, ölü doğum, beyin iflici göstərilir.
Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən
olan Türkiyədə bu səbəbdən uşaqlarda bir
sıra irsi xəstəliklərin yüksək olduğu
müşahidə edilir. Belə ki, Türkiyədə qurulan
evliliklərin 30-35 faizi qohum nigahların payına
düşür. Bu evliliklər irsi xəstəlikləri
özü ilə gətirir. Ən
çox rast gəlinən irsi xəstəliklərdən biri
də talassemiya olduğu vurgulanır. Belə
ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin
150-i talassemiyalı xəstələrdir. Onu
da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində
doğulan uşaqların bir qismi 1 yaşına çatmadan
ağır infeksiyalar səbəbindən ölür. Bu isə immun çatışmazlığı ilə
bağlıdır ki, bunların da bir qismi məhz qohum evlilikdən
qaynaqlanır.
İnsanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun
biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni
formalaşdırır. DNT-nin
funksiyalarını müəyyənləşdirən,
kodlaşdıran bölümlərinə isə gen deyilir.
Bizlər nəsillər öncəsi atalarımızın
bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə
yaşayırıq. Qısası, bu genlər bizim
bütün həyat tərzimizin divarlarını
hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin
məlumatını özündə daşıyır. Qohum
evlilər eyni soydan gəldikləri üçün ana və
atanın eyni geninin sürətini daşıyırlar. Qohum
evliliklərdə zərərli genlərin bir-biri ilə
qarşılaşma ehtimalı yüksəkdir. Ona görə
də onların uşaqlarının müəyyən xəstəliklərə
tutulması ehtimalı çox yüksək olur. Beləliklə,
qohum nigahlar genetik xəstəlikləri artıran önəmli
faktordur. Əgər dünyada əngəlli doğulan
uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 faizdir. Bu ailələrdə
ölü və yarımçıq doğuşların
sayı yad evliliklərə nisbətən 2 dəfə
çoxdur. Həkimlər bildirir ki, qohum evliliklərdə ən
çox rast gəlinən qan xəstəlikləri, göz,
qulaq, əzələ – sinir, ürək – damar və şəkər
xəstəlikləri, ağıldankəmlik və sairədir.
Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya
və başqa qan xəstəlikləri daha çox
yayılıb.
Talassemiya
nəsildən-nəsilə keçən çox ağır
irsi qan xəstəliyidir. Belə xəstələrdə
lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə
dəmir də köçür ki, bu da orqanizmdə dəmir
artıqlığı yaradır. Dəmir
artıqlığı 11 yaşından sonra insanın qara ciyərini,
ürəyi, sonra endokrin sistemini zədələyir. Belə
uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ
gəlmir. Yığılmış dəmir ürək-damar
çatışmazlığının inkişafı nəticəsində
xəstənin ölümünə səbəb olur.
Talassemiyanın
ən ağır formalarına da əksər hallarda bir-biri ilə
qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə
də belə nigahlara yol verməmək məsləhət
görülür. Bir-biri ilə yaxın qohum olan gənclər
ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə
ağır patologiyalı (məsələn, talassemiya)
uşaqların doğulmaması üçün, onlar
müvafiq tibbi müayinədən (həmçinin genetik)
keçməlidirlər.
Bu
nigahın yaratdığı fəsadlardan biri otozomal resesif xəstəlikləri
adlanır. Burada genetik keçmənin özəllikləri isə
odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otosomal
resessiv xəstəliklər hər nəsildə
özünü göstərmir. Sağlam ata-anadan doğulan
uşaq xəstədirsə, həm ana, həm də ata
daşıyıcıdır (heterozigot). Normal olan ata-ananın
uşaqlarının 1/2-nin daşıyıcı olması,
1/4-nin isə genotipik olaraq tamamilə sağlam olması
gözlənir. Xəstə adam ilə genotipik olaraq tamamilə
sağlam şəxs evlənərsə, uşaqlarının
hamısı daşıyıcı olacaq. Xəstə şəxslə
daşıyıcı şəxs evlənərsə,
uşaqlarının yarısı xəstə, yarısı
daşıyıcı olacaq. Daşıyıcılar, fenotipik
olaraq sağlam olsalar da xəstə genləri sonrakı nəsillərə
ötürən daşıyıcı vəzifəsini yerinə
yetirirlər. Xəstə bir uşağın qardaş və
bacılarında xəstəlik çıxma riski 25 faizdir və
ailə bu təhlükənin hər hamiləlik
üçün eyni olduğunu yaxşı dərk etməlidir.
Yəni, ailədə bir xəstə uşaq olduğu
üçün bu risk azalmış deyil.
Onu da qeyd
edək ki, qan bağı olmadan da bu xəstəliklər, iki
daşıyıcı evlənərsə, ortaya çıxa
bilər. Ancaq eyni tip xəstəlikli genlə
qarşılaşma riski qohumluq olduğunda daha yüksək
olacağından, xüsusilə də ailəsində otozomal
resesif xəstəlikləri olan şəxslərin mütləq
genetik məsləhət almaları və yaxın qohumla evlənəcəyi
zaman ortaya çıxacaq təhlükələr haqqında məlumat
almalıdırlar.
Türkiyənin
Bahçeşehir Universitetinin prorektoru, sosioloq-professor Nilufər
Narlı deyir ki, indi qohum nikahlar daha çox feodal
bağlılığı olan cəmiyyətlərdə, məsələn,
Hindistan, Pakistan, ərəb ölkələrində rast gəlinir.
Sosioloq deyir ki, cəmiyyətlər inkişaf etdikcə dəyərlər
də dəyişir: «Burjua cəmiyyətlərinə
doğru irəliləmə çıxış yoludur. Məsələn,
Hindistanda güclü bir orta sinif yaranıb, amma burada hələ
də feodal bağlar çox güclüdür. Türkiyənin
şərqində və cənub şərqində də
qohum nikahlar geniş yayılıb, çünki orada da feodal
bağlar çox güclüdür».
Nilufer
Narlı deyir ki, ömür-gün yoldaşı kimi öz
qohumunu seçməyin bir neçə səbəbi ola bilər.
Adamlar qohumlarını daha yaxşı tanıyırlar, belə
evlilik etibarlıdır, bundan başqa kişilər başqa nəsildən
olan qadının başqa mədəniyyət
daşıyıcısı olmasından da narahat olub, risk etmək
istəmirlər, qohumla nikaha üstünlük verə bilər.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 15 noyabr.- S.13.