Bəxtiyar Vahabzadənin publisistikası
Onun yaradıcılığı
ictimai fikrinin formalaşmasında önəmli
rol oynayıb
Xalq şairi
Bəxtiyar Vahabzadənin
publisistikası həmişə
oxucular tərəfindən
onun şeirləri qədər maraqla qarşılanıb. Vətəndaş şair həyatımızın
vacib məsələlərinə
şeirlərində olduğu
kimi publisistikasında
da eyni qayğıyla
yanaşıb. Bu mənada onun “Dərin qatlara işıq” (Bakı,
1986), “Gəlin açıq
danışaq”. (Bakı, 1988) və b. publisistik məqalələrdən
ibarət kitabları işıq üzü görüb. Şairin publisistik
yaradıcılığı müstəqilik dönəmində
də davam edib.
Araşdırmaçı Bayram Gündoğdu Bəxtiyar Vahabzadənin publisistikasını araşdırıb. O, bildirir
ki, Azərbaycanın ünlü şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana sahəni poeziya təşkil etsə də, bu gözəl poeziyanın yanında onun mövzu baxımından zəngin və aktual, sənətkarlıq baxımından
mükəmməl olan
publisistik yaradıcılığı
da diqqəti çəkir. Bəxtiyar Vahabzadənin publisistikası
Azərbaycan ədəbi-ictimai
fikrinin formalaşmasında,
inkişafında önəmli
rol oynayıb və öz təsir gücünü bu gün də
daşımaqdadır. Bəxtiyar Vahabzadə vətəndaş
şairdir. Milllətinin, ölkəsinin ağrı-acılarını,
uğurlarını, sevinclərini
bütün varlığıyla
yaşamış və
yaşamaqdadır. Belə bir
şairin isə publisistikaya müraciət
etməsi çox təbiidir.
Publisistika həyatın bütün
sahələrində (siyasi,
iqdisadi, əxlaqi-etik)
təşəkkül edən
situasiyaları, ən
aktual problemləri həm elmi, məntiqi dəlillərlə,
həm də obrazlı, bədii vasitələrlə əks
etdirən yaradıcılıq
sahəsi olduğuna görə istər obyektiv gerçəklikdəki,
istərsə də elmdə, sənətdə
(ədəbiyyat və
incəsənət), mətbuatda,
hətta sənədlər,
faktlar toplusunda əks etdirilmiş çağdaş həyat
sahələrinin bütün
cəhətləri bu
janrın predmetidir. Çağdaş cəmiyyətdəki ictimai fikrə təsir etmək, onu məqsədyönlü
şəkildə formalaşdırmaq,
sosial-siyasi qurumlara fəal şəkildə təsir göstərərək
onları daha da möhkəmləndirmək
isə publisistikanın
başlıca ictimai funksiyasıdır. Publisistika daim
çağdaş cəmiyyətdəki
mütərəqqi sosial-əxlaqi
ideala uyğun olaraq hərəkət edir, onu əldə
əsas tutur.
Cəmiyyətin inkişafında böyük
və müəyyənləşdirici
rol oynayan ictimai fikrin formalaşmasında publisistikanın
geniş imkan və vasitələri var.
Publisistika sosial informasiyanın təşkilində
və ötürülməsində
olduqca səmərəli
bir üsuldur. Bu baxımdan publisistika sonrakı nəsil üçün əvəzsiz
qaynaqdır, tarixdir, dövrün çağdaş
həyat hadisələri
gedişinin obrazlı,
canlı mənzərəsidir.
Publisistikanın çagdaş
həyat hadisələrini,
konkret situasiyaları əks etdirmədə, cəmiyyəti, milləti,
geniş xalq kütlələrini məqsədyönlü
şəkildə, yəni
sosial ideala uyğun yönləndirmədə
gücü oradan irəli gəlir ki, publisistika həm ağıla, həm də hissə, emosiyalara müraciət edir, onları göz önündə tutur. Publisistika tarixi inkişaf mərhələlərində daşıdığı
funksiyalardan asılı
olaraq sahələrə,
ideya-mövzu növlərinə
ayrılmış, onun
müxtəlif janrları,
üslubları və
üslub özəllikləri
müəyyənləşib”.
Publisistikanı “çevik, fəal xarakter daşıyan bir yaradıcılıq növü” hesab edən araşdırmaçı
bu qənaətə gəlir ki, hər dövrdə cəmiyyətin, millətin,
xalqın irəliləyişi
durumuna laqeyd olmayan böyük siyasi-ictimai xadimlər, mütəfəkkir və
dərin zəkalı
şəxsiyyətlər publisistika
janrına müraciət
edib, onun imkan və vasitələrindən
bu və ya digər dərəcədə
istifadə ediblər. Belə
şəxsiyyətlərdən biri Azərbaycanın görkəmli şair-alimi,
ictimai xadim-publisisti olan Bəxtiyar Vahabzadədir: “Bəxtiyar
Vahabzadə publisistikasından
danışarkən ilk öncə
bu publisistikanın tarixi-ədəbi qaynaqlarını,
qidalandığı publisistika
ənənələrini qısa
şəkildə olsa
da xatırlamağımız
gərəkir. Bu qaynaqları, ənənələri
sırasıyla Qərbi-Avropa,
Rusiya, Türkiyə və Azərbaycan sosial-siyasi və ədəbi mühitlərində
təşəkkül etmiş
olan publisistik ənənələr təşkil
edir. Bəxtiyar Vahabzadə Qərbi
Avropa və Rusiyada, Türkiye və Azərbaycanda pulisistika ənənələrinin
ən yaxşı cəhətlərini mənimsəyib
və milli ruhlu müasir bir publisistikanı ortaya qoyub. Fildunq,
Fransada Volter, Deni Dıdro, Jan Jak Russo kimi görkəmli ədiblərin
publisistik
əsərləri dövrün, zamanın sosial-siyasi hadisələrinə
böyük təsir göstərib, güclü ictimai rəy
formalaşdırıb. XIX əsrin birinci yarısında
Almaniyada Lüdviq Börn, Henrix Heyne, XIX əsrin ikinci
yarısında isə Fransada Viqtor Hüqo, Emil Zolya, XX əsrdə
ümumiyyətlə, Qərbdə Romen Rollan, Anri Barbüs,
Henri Mann, Tomas Mann, Bertolt Brext, Teodor Drayzer, Ceyms Oldriç,
Alber Kamyu, Alberto Moravia, Henri Böll və s. kimi dünya
çapında olan bədii söz ustaları həm də
gözəl publisistik əsərlərin müəllifi idilər.
Rusiyada A.S.Puşkin, İ.S.Turgenyev, F.M.Dostoyevski, L.N.Tolstoy,
A.P.Çexov və s. dünya şöhrətli şair və
yazıçıların yaradıcılığında
publisistika mühüm yer tutur. Onlar XIX-XX əsrlərdə
Rus publisistikasını yeni bir inkişafa
çatdırıblar.
Türkiyədə islahatlar dövrü kimi xarakterizə
olunan Tənzimat dövründə (1839-1876) cəmiyyət həyatının
bütün sahələrində yeniləşmə hərəkatları
başlandı. Tənzimatın özəlliklə ikinci dönəmində,
mərhələsində (1856-1876) Türkiyədə
müasir anlamda mətbuatın, publisistikanın doğuşu
baş verdi. XIX əsrin birinci
yarısında Ali Suavi, Namiq Kamal, Ziya Paşa, Əhməd
Midhəd və Şəm-səddin Saminin publisistik
yazılarında dövrün ən aktual, güncəl
sosial-siyasi, iqdsadi, fəlsəfi, əxlaqi-etik, ədəbi və
s problemlərinə toxunulur, təhlillər
aparılırdı. XIX əsrin sonu XX əsrin
başlarında M.Emin Yurdaqul, Ömər Seyfəddin, Ziya
Göyalp, Rza Tofiq və s. kimi istedadlı yazarlar dövrün
dərdlərini, probləmlərini əks etdirən publisistik
əsərləriylə Türkiyədə publisistika
yaradıcılığının inkişafına təkan
verdilər, onu zəngınləşdirdilər. Məhz XIX əsrin sonu XX əsrin ilk onilliklərində
Türkiyə və Azərbaycan elmi-ədəbi mühiti
arasında sıx əlaqə yarandı. XIX əsrin
ikinci yarısında XX əsrin başlarında Azərbaycanda
M.F.Axundov, Q.B.Zakir, H.B.Zərdabi, Ə.B.Hüseynzadə,
Ə.B.Ağaoğlu, M.Hadi, Ə.B. Haqverdiyev, H.Cavid, N.Nərimanov,
C.Məmmədquluzadə və b. kimi görkəmli ədiblər,
şair və nasirlər Azərbaycan cəmiyyətinin,
xalqın bütün aspektlərinə toxunan, gələcək
inkişaf üçün yollar arayan publisistik əsərlər
ortaya qoydular.
Cumhuriyyət dövründə, XX əsrdə Türkiyədə
yüksək səviyyəli publisistika formalaşdı. Yahya Kamal, Orxan Seyfi Orxon,
Yusif Ziya Ortaç, F.N. Çamlıbel, T.S. Halman, O.V.
Kanık, Ceyhun Atıf Qansu, N.F. Kısakürək, Ə.H.
Tanpınar, Ə.Q. Təcər, Əziz Nesin və s kimi
istedadlı şair və nasirlər publisistikanın gözəl
örnəklərini yaratdılar.
Azərbaycan publisistikasının tarixi orta
çağlara qədər gedib çıxır. Füzulinin
“Şikayətnamə”si publisistikanın ən gözəl
örnəklərindən biridir. XIX əsrin ikinci
yarısı və XX əsrin başlarında M.F.Axundov,
İsmayıl Bəy Qutqaşınlı, H.B. Zərdabi, N.B.Vəzirov,
20-ci əsrin ilk onilliklərində C.Məmmədquluzadə,
C.Cabbarlı, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir,
Ə.Haqverdiyev, M.S.Ordubadi, sovet rejimi dövründə
S.Vurğun, M.Müşfiq, Mirzə İbrahimov, Mehdi
Hüseyn, R.Rza,Əli Vəliyev, S.Rəhimov, S.Rəhman,
İlyas Əfəndiyev, B.Nəbiyev, N.Babayev kimi istedadlı
şair və nasirlər, ədəbiyyatşünaslarla bir
sırada B.Vahabzadə də olmaqla, gözəl publisistik əsərlər
yaratmışlar. Onların publisistika sahəsində
yaradıcılıqları Azərbaycan publisistikasını
istər problematika, janr müxtəlifliyi, istərsə də
sənətkarlıq baxımından yüksək bir səviyyəyə
qaldırdı. Burada biz diqqəti
başlıca olaraq publisistik yaradıcılığa da
müraciət edən şair və nasirlərə yönəltdik”.
Araşdırmaçı bu qənaətə gəlir
ki, hər şeydən öncə şair olan B.Vahabzadənin
publisistik fəaliyyəti heç də təsadüfi
olmayıb, dərin kök atmış bir ənənənin
davamıdır. B.Vahabzadənin publisistikasının mövzularına
toxunan Gündoğdu maraqlı qənaətlərə gəlir:
“B.Vahabzadənin publisistika sahəsində
yaradıcılığının tarixi keçən əsrin
50-ci illərindən başlayaraq günümüzə qədər
uzun bir yol keçib. Görkəmli şairin
yaradıcılığı olduqca geniş, əhatəli və
zəngindir. Böyük miqdarda lirik-epik şerlərin,
poemaların, pyeslərin, hekayələrin,
senarilərin, monoqrafiya, elmi və elmi-publisistik məqalələrin,
müxtəlif çıxışların, müsahibələrin
müəllifidir. Bu geniş və coxsahəli
yaradıcılıqda B.Vahabzadə publisistikasının
özəl, mühim yeri var. B.Vahabzadə uzun illər boyu
publisistikanın müxtəlif sahələrində (siyasi, əxlaqi-etik
və s.), müxtəlif növ (analitik, bədii) və
janrlarında (müsahibə, rəy, məqalə, oçerk
(fıkra), yol qeydləri, səfərlər, təəssüratlar,
məktub və s) dəyərli və zamanın ən aktual,
güncəl problemlərinə toxunan əsərlər ortaya
qoyub, milli publisistikanı ideya-məzmun, mövzu, dil və
üslub baxımından daha da zənginləşdirib.
B.Vahabzadənin publisistikası orijinallığı, bədii
və elmi təfəkkürü özündə bir
bütün şəklində təcəssüm etdirməsi,
canlandırması ilə, nəticədə oxucu kütləsinə
daha güclü, effektiv təsiri ilə fərqlənir,
seçilir.
Hələ 1976-cı ildə tənqidçi-ədəbiyyatşünas
alim Bəkir Nəbiyev şairin məqalələrini, publisist
yazılarını əhatə edən ilk kitabına
yazdığı ön sözdə B.Vahabzadə
publisistikasının bu özəlliyinə, xüsusiyyətinə
diqqəti yönəldərək göstərirdi: “Əlimizdəki
məqalələrin hər səhifəsində analitik alim təfəkkürü
ilə zərif bir şairin ürək
çırpıntıları duyulmaqda və fikrin təsir
qüvvəsini artırmaqdadır”.
B.Nəbiyev
sözünə davam edərək fikrini belə dəqiqləşdirirdi:
“Bu publisistikanın başqalarından seçilən
xüsusiyyəti siyasi kəskinliklə bədiiliyi uğurla
özündə birləşdirməsidir. Yeri gəldikcə
öz şerlərindən, habelə qələm
dostlarının poeziyasından, tükənməz xalq ədəbiyyatı
xəzinəsindən gətirdiyi nümunələr şairin
məqalələrinin bədii səviyyəsini daha da yüksəldir,
əsərlərinə emosional təsir aşılayır.”
Araşdırmadan
aydın olur ki, Bəxtiyar Vahabzadə publisistikasında bədii
düşüncə və zövq ilə elmi
düşüncə və zövqün bir-birini uyumlu, ahəngdar
şəkildə tamamlaması və bu tamamlamanın, vəhdətin
hər bir publisist yazının təsir gücünü
artırması sonralar şairin
yaradıcılığını araşdıran mütəxəssislər
tərəfindən dönə-dönə göstərildi.
Professor
Nizami Cəfərov öz fikrini belə ifadə edir: “B.Vahabzadənin
təfəkkürünün həm bədii, həm elmi-fəlsəfi,
həm də publisistik təfəkkür olmasında
şübhəsiz, uşaqlıq dövründən bəri
keçmiş olduğu “idrak məktəbi” müəyyən
rol oynayıb. O, milli təfəkkürün ən müxtəlif
sahələrini öz gnoseoloji imkanlarında ehtiva etməyə
çalışıb”.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 15 noyabr.- S.11.