Azərbaycan tarixində ilk maarifçi qadınlardan biri
Hənifə xanım Həsən bəy Zərdabiyə təkcə
həyat yoldaşı
yox, həm də mübarizə yoldaşı olub
Bakıda çeşidli fəaliyyətlər
göstərən Həsən
bəy Zərdabi
1872-cü ildə hələ
evlənməmişdi. Həmin
il Tiflisdə
müqəddəs Nina məktəbini
bitirən qızların
siyahısı “Qafqaz”
qəzetində dərc
olunur. Məktəbi bitirən qızlar
içərisində Ter
vilayətinin Nalçik
şəhərindən olan
Hənifə xanım
Abayevanın da adı keçir. Gənc siyahıda ziyalı müsəlman qadının adını
görən kimi Tiflisə getmək və onunla tanış olmaq qərarına gəlir. Hənifə xanımla ilk tanışlığı
Həsən bəydə
gözəl təəssüratlar
oyadır. Hənifə
xanım təhsilini bitirib vətəninə dönəcəyini düşünsə
də, Həsən bəyin qurduğu plan Hənifə xanımı
məktəbi tərk
eləməyinə mane olur.
Həsən bəy Tiflisə
yalnız getmişdi.
Ona görə də qıza özü elçi düşməli
oldu. Məktəbə molla gətirdir
və kəbin kəsdirir. Beləliklə, Hənifə xanım
Məlikova-Zərdabi sevimli
Balkariyası və onun möcüzəli dağlarının yerinə
Xəzər sahillərinə
gəlir. Burada onu tale yoldaşı ilə birgə iş, şan-şöhrət və
bütün bunlarla bərabər keşməkeşlər
gözləyirdi.
Hənifə
Məlikova 1856-cı il mayın 5-də
Şimali Qafqazda, Nalçikdə dünyaya göz
açıb. Azərbaycan xalqının ilk
maarifçi qadınlarından olan Hənifə xanım təhsilini
Tiflisdə “Müqəddəs Nina” qız məktəbində
alıb. O zaman müsəlman qızların xristian
ölkəsində təhsil alması çox nadir hadisə
idi. Onun həyatı əziyyət, sınaqlar,
hətta bəzən təqiblərlə dolu olsa da, heç
vaxt mübarizədən yorulmayıb. Hənifə
xanım deyirdi: “Həyatımın məqsədi - avam
kütlənin, xüsusən də qadınların
hüquqları və istismara qarşı mübarizədə
türk qadınlarının mədəni səviyyəsini
qaldırmaq olmuş və olacaqdır. Xoşbəxtəm
ki, türk qadınının əsarətdən qurtarması
üçün bütün üfüqlərin
açıldığı dövrə kimi yaşamışam”.
Bakı Hənifə xanımı qəribə
qarşılayır. Həsən bəyin görünməmiş
izdivacı müsəlmanlar arasında söz-söhbət
doğurmuşdu. Hənifə
xanımın çadrasız gəzməyə
çıxması bakılıların qəzəbinə səbəb
olurdu. Onlar bunu özləri
üçün təhqir sayırdılar. Hətta gəzməyə çıxarkən
onları söyməkdən və daşa basmaqdan çəkinməmişdilər.
Yeri gəlmişkən, Hənifə xanım
çadrasız gəzən ilk müsəlman qadınlardan
olub. Onun adı Azərbaycan tarixinə həm
də ilk maarifçi qadınlardan biri kimi düşüb.
Hənifə xanım Həsən bəy Zərdabiyə
təkcə həyat yoldaşı yox, həm də mübarizə
yoldaşı oldu.
Həsən bəy Zərdabda yaşadıqları
dövrdə, 1880-ci ildən başlayaraq Hənifə
xanımla birlikdə öz evlərində pulsuz məktəb
açdı.
Onlar təqib və təzyiqlərə
baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad
öyrədirdilər. Bu zaman Bakıda
çadrasız gənc müsəlman qadının
görünməsi xəbəri ildırım sürətilə
şəhərə yayılır. Hənifə
xanımın Bakıya özü ilə gətirdiyi
maarifçilik işığının gücü ilə
ziyalı xanımların sayı getdikcə artır. Zadəgan ailəsində böyüyən,
ömründə heç bir çətinliklə
qarşılaşmayan Hənifə xanım Həsən bəy
Zərdabiyə qarşı hücumlara və ağır
şərtlər altında çalışmalarına
baxmayaraq öz yolundan çəkinmir.
Həsən
bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova
xatirələrində yazırdı: “Evimizdə 10 uşaq
qalırdı. Anam onları məktəbə
hazırlayırdı. Bu uşaqların
biri Qubadan gəlmişdi. O, oxumaq istədiyini qətiyyətlə
atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın
Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu
uşaq sonra ali hüquqşünas təhsili
aldı. Atam bu uşaqlara çox qayğı və
diqqət göstərirdi. Uşaqlar onun ümid və
iftixarı idi...”.
Təbii ki, gənc azərbaycanlı ziyalıların
yetişməsindən imperiya hakimiyyəti, çar rejimi
çox narahat idi. Təsadüfi deyildi ki, dövlət
orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti
yaratmaq icazəsini illərcə gecikdirmişdi. Hənifə
xanım yazırdı: “Cəmiyyətin təşkilinə
icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların
hər hansı bir təşəbbüsünə mane
olurdu... Hökumət adamlarının Həsən
bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər,
ehtiyat edirdilər”.
Hənifə xanım öz mənzilində uşaqlara dərs
deməklə bərabər, oba-oba, ev-ev gəzib qadınlara
biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən
nağıllar tərcümə edib danışır, mənzil-mənzil
dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı
obalarda qadın məsləhətxanaları təşkil
edirdi. O, Zərdab
camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas
etmişdi. Hənifə xanım 1875-1877-ci illərdə
Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin
nəşrində yaxından iştirak edərək çox əziyyətlərə
qatlaşır.
Həsən bəyin ən böyük arzularından
biri də Bakıda müsəlman qız məktəbinin
açılması idi. Böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin sərmayəsi ilə qız məktəbinin
binasının tikilib başa çatması Həsən bəyin
illərlə ürəyində gəzdirdiyi arzusunu
reallaşdırır. Ancaq bu məktəbdə
müdirə kimi işləməyə savadlı müsəlman
qadın tapılmırdı. Içərişəhərdə
Axund Abuturab ağa iki qızını bu məktəbə
yazdırdığına görə onu namaz üstə
öldürmüşdülər. Belə
bir mühitdə Hənifə xanım heç nədən
qorxmadan qız məktəbində müdirə işləməyə
razı olur. O, burada oxuyan qızların mənəvi
anasına çevrilir. Müsəlman qızlar
məktəbi sözün əsl mənasında istedadlı
qadınların ocağına çevrilir.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü
ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi
olaraq “Bakı xanımlarının ilk təşkilatı”
yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun
həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat
tezliklə böyüyüb Bakı Müsəlman
Qadınlarının Xeyriyyə Cəmiyyətinə
çevrilir. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və
rus-türk (Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində
çalışır. Azərbaycanın sovetləşməsindən
sonra, 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan
Xalq Maarif Komissarlığında məsul vəzifədə
işləyir.
“Həsən
bəy yaratdığı müsəlman tələbələrə
yardım cəmiyyəti üçün kifayət qədər
məbləğ toplamağa müvəffəq ola
bilmirdi. Az məbləğlə isə
çox tələbəni oxutmaq mümkün deyildi. Onların normal qidalanmasını, tərbiyəsini
təşkil etmək çətin idi. Halbuki
əgər evində bir neçə tələbə saxlamaq
üçün şəraiti olsaydı, daha çox tələbənin
təhsil alması mümkün olardı. Həsən
bəy bütün gücünü cəmiyyətə daha
çox üzv cəlb etməyə yönəldir. Çünki cəmiyyət o üzvlərin
hesabına yaşamalı idi. Qəribsultan
xanım yazır ki, atam bir qəbul otağından o birinə,
bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli
işbazın yanından o biri harınlamış mesenatın
qəbuluna gedirmiş. Bu iş Həsən bəyə
ağır gəlsə də, onun qəlbini əzsə də,
geri çəkilmirmiş. Uğursuz günlərin
birində hər yerdən əli üzülən Həsən
bəy əldən düşmüş halda Bakı
küçələrində çarəsiz gəzirmiş.
Rədd cavabları gah soyuq nəzakətlə,
gah həyasızcasına, gah da istehzalı gülüşlə
olurmuş. Bəziləri xahişə gələn
ziyalını inandırmağa
çalışırmış ki, onun xahişi tamam mənasızdır...
Bəli, zavallı Həsən bəy "bu qızıl
yuvalarından” çıxıb küləkli Bakı
küçələrində "xeyirxahların” ona
münasibətini düşünə-düşünə dolaşırmış.
Birdən...
Həsən bəy kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda, qarşısında
bir hambalın durduğunu görür. Hambalın
40-a yaxın yaşı olarmış. Günəşdən
yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında
çarıq varmış. Hambal Həsən
bəyə sevgi ilə baxırmış. Üzündə
də utancaq, çəkingən bir təbəssüm
varmış:
-
Eşitmişəm, bizim uşaqları oxutmaq
üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur,
götür. Bilirəm, azdı, amma ürəkdəndi.
Həsən bəy təəccübdən donub
qalır. Bir xeyli danışa bilmir. Nəhayət,
hambalın əlini sıxıb deyir:
-
Çox sağ ol, dostum! Sən
mənə o qədər pul verdin ki, onu mən həyatımda
heç kimsədən almamışam. Çünki
sən nəyin varsa, hamısını verdin!”
“Həsən bəy qonaq qəbul etməyi çox sevərmiş. 1897-ci ildə
şəhərdə 6 otaqdan ibarət mənzil tutub ailəsi
ilə yaşayırmış. Bu otaqlar hər
vaxt kənar adamlarla dolu olarmış. Qonaqlar
və ya öz işi ilə bağlı Həsən bəyin
yanına gələn kəndlilər orada yeyib
yatarlarmış. Bundan əlavə, həmin
mənzildə 10 kasıb oğlan uşağı
yaşayırmış. Həsən bəyin
xanımı Hənifə xanım onları məktəbə
hazırlayırmış. Belə bir
zamanda "Kaspi” qəzetində çalışan Həsən
bəy kuryeri evə göndərib Hənifə xanıma
bildirir ki, onun yanına - redaksiyaya Rusiyadan əziz qonaqlar gəlib,
onları yüksək ehtiramla qarşılamaq lazımdır.
Hənifə xanım bu xəbəri evdəkilərə
də yetirir.
Hazırlıqlar başlayır. Hamı əyninə təzə paltar geyinir. Axşam qonaqlar Həsən bəylə birlikdə
evə təşrif buyurur. Hənifə
xanım onları eyvanda qarşılayır. Ev sahibəsinin
rus dilində mükəmməl bilməsi gələnləri
heyran edir. Qonaqlar otururlar, yeyib-içirlər, gecədən
xeyli keçənə qədər söhbətləşirlər.
Gələnlərdən biri hətta yaxşı oxuyurmuş.
Zərdabi qonaqlarla həmişəkindən çox
içir. Amma qonaqlar ölkədə Çar Rusiyası və
müstəmləkə altına saldığı xalqlar fəhlələrin
ağır, acınacaqlı vəziyyətindən
danışanda ciddiləşirlər. Gecə Hənifə
xanım qonaqlara yataq hazırlayır, ancaq onlar təşəkkür
edib mehmanxanadakı nömrələrinə qayıdırlar.
Uzun sürən qonaqlıqdan sonra Zərdabilər ailəsi
yatır. Ancaq səhər yuxudan oyanan Həsən bəy evdəkilərə
deyir ki, gələn qonaqların biri yazıçı Maksim
Qorki, o birisi isə müğənni Fyodor Şalyapin idi... “
“Bakıda
su qıtlığı varmış. Şəhərə
suyu iri çənlərdə gətirirlərmiş. Su kəməri
çəkmək məsələsi gündəmdə
imiş. Həsən bəy bu məqsədlə Dumanın
iclaslarında təmiz dağ suyundan istifadə etmək
lazım olduğunu deyirmiş. Şəhər
Dumasındakı bir başqa deputat - Ambarsum Məlikov isə
şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki
çeşmədən çəkilməsini istəyirmiş.
Bu, ona böyük gəlir gətirə bilərmiş.
Qızı Qəribsoltan xanım bir dəfə
atasının dostları ilə bir söhbətinin şahidi
olub. Həsən bəy həyəcanla deyirmiş: "Bu dələduz
şəhərə özü ilə bərabər
qızdırma gətirən su çəkdirmək istəyir.
Buna yol vermək olmaz!..”
Dumada Zərdabinin
müqavimətindən qorxan Ambarsum Məlikov onun üstünə
o vaxt üçün böyük məbləğ sayılan
bir neçə min rubl rüşvət göndərir. Qəribsoltan
xanım yazır ki, mən evimizdə hələ buna oxşar
fırtına görməmişdim: "Həmişə
özünü təmkinli və nəzakətli aparan atam bu dəfə
təsvirəgəlməz hiddətlə püskürən
vulkana dönmüşdü”. Həsən bəy dəli kimi
(qızı belə yazır) bağırırmış:
"O məni satın almaq istəyir!”. Hənifə xanım
var gücü ilə Həsən bəyi sakitləşdirməyə
çalışır, amma nail olmur. Əsl mərəkə
isə Dumanın iclasında baş verir. Həsən bəy
Ambarsum Məlikovu "yaramaz” adlandırır. Ambarsum bərk
hirslənib onu duelə çağırır...
Həsən
bəy:
- Nə?!
Sizinlə duel?! Siz, sadəcə axmaqsınız!
Özündən
çıxan Həsən bəy bu sözləri deyərək
Dumanın iclas zalını tərk edir. Evə gələndə
Hənifə xanım onu yatağa uzadır.
- Mən
bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə
gətirən odur ki, bütöv bir xalqın
sağlamlığı məsələsi həll olunarkən,
o dələduz utanmadan alicənablıq məzhəkəsi
oynadı və ləyaqətsizliklə üstün gəldi.
Həsən
bəy bu sözləri aramsız təkrar edirmiş...”
Qəribsoltan
xanım yazır ki, belə ağır mübarizələrdə
qalib gəlmək get-gedə çətinləşirdi və
atamın səhhəti günbəgün pisləşirdi...
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 18 noyabr.- S.14.