“Qələm əhlinin tüfəngi,
silahı qələmdir...”
Bəxtiyar Vahabzadənin publisistikası
II yazı
Bəxtiyar Vahabzadənin publisistikası
mövzu genişlıyi,
gərəkliyi baxımından
həmişə araşdırıcıların
diqqətini çəkib. Bildirək
ki, Bəxtiyar Vahabzadənin “Sənətkar
və zaman", "Sadəlikdə böyüklük",
"Vətən ocağının
istisi", "Dərin
qatlara işıq",
"Gəlin açıq
danışaq", "Şənbə
gecəsinə gedən
yol" kimi publisistik əsərlərindən
ibarət kitabları
var. Bu kitablarda onun tənqidi və publisistik məqalələri
toplanıb.
Araşdırmaçı Bayram Gündoğdu bildirir ki, B.Vahabzadə publisistikasının problematikası
olduqca geniş və zəngindir: “Bu publisistika və onun problematikası ümumbəşəri problemlərə
xor baxmayan bir milliliyə, fəlsəfi lirizmə, poetik pafosa söykənir
və müəllifin
qələmində analitik
təfəkkür süzgəcindən
keçir. B.Vahabzadənin toxunduğu problemlər,
mövzular olduqca aktual, güncəl önəm daşıyır,
qələmiylə tarixin
keçmiş səhifələrində
gəzişərkən belə,
toxunduğu məsələlər
yaşadığı cağdaş
dövrün qayğılarıyla,
problemləriylə tam səsləşən
mövzulardır. Bədii publisistika,
ədəbi-tənqidi yazılar
B.Vahabzadə publisistikasında
cox önəmli yer tutur, bu
publisistikanın xarakterində
müəyyənləşdirici rol oynayır. İstər özündən öncəki,
istərsə də içində yaşadığı
çagdaş dövrün
ədəbiyyat və
sənət probləmləri
müəllifin-şairin yaradıcılıq
laboratoriyasında orijinal
şəkildə diqqətlə
araşdırılır və
dəyərli fikirlər
irəli sürülür,
təhlillər aparılır.
Burada yeri gəlmişkən onu da qeyd
edək ki, ədəbi tənqidi yazılara bədii publisistikanın, ümumiyyətlə,
publisistikanın bir növü kimi baxmaq daha doğrudur.
B.Vahabzadə publisist yazılarında,
ədəbi-tənqidi məqalələrində
də həm klassiklərə, həm də içində yaşadığı çağdaş
dövrün ədəbiyyat
və sənət sahəsində çalışan
sənətkarlara münasibətini
ifadə edib, bu sənətkarların özünəməxsusluğunu ustalıqla, obrazlı şəkildə göstərib.
B.Vahabzadə Azərbaycanın ədəbiyyat və sənət problemlərinə
ümumtürk kontekstində
yanaşıb ki, bu da onun
daha doğru yolda olduğunu, üstünlüyünü bildirir.
Özəlliklə Türkiyənin çağdaş
və klassik sənətkarlarının yaradıcılıqları
onun böyük sevgi ilə yanaşdığı və
təbliğ etdiyi mövzulardır”.
Şairin
publisistik yazılarını
araşdıran Bayram Gündoğdu daha sonra bildirir ki, B.Vahabzadə gəncliyə böyük
qayğı ilə yanaşır, onların uğurlarını sevinclə
qarşılayır, üstün
cəhətlərini dərhal
sezib dəyərləndirir,
bəzi nöqsanlarını
təssüflə qarşılayaraq
daha uğurlu addımlar atmaq üçün onlara tutarlı məsləhətlər
verir, əlvərişli
yollar göstərir. B.Vahabzadə
publisistik əsərlərində,
ədəbi-tənqidi yazılarında
ədəbiyyatın problem məsələlərini yüksək
bədii-elmi həssaslıqla
araşdırarkən söz
yaradıcılığına, sözə və dilə ədəbiyyatın
başlıca məsələsi
kimi baxır, söz və dili sənətkarlığın,
bədii ustalığın
başlıca müəyyənedici
meyarı kimi təqdim edir”.
Professor Yusif Seyidov yazır:
“Bir sıra hallarda şair Bəxtiyarla alim Bəxtiyarın problematikası
üst-üstə düşür.
Bunlardan birini qeydlə kifayətlənirik. O da
sözə, dilə baxışdır ki, B.Vahabzadənin bədii əsərlərində,
monoqrafiyalarında, tənqidi
və publisistik məqalələrində də
özünəməxsus yer
tutur.” Bəxtiyar Vahabzadənin publisistikasında
Vətən vətənsevərlik,
milli varlıq əsas yer tutur.
“Vətən sevgisi” adlı məqaləsində
yazır: “Vətən
sevgisi insani duyğuların ən alisi, ən yüksəyi və ən müqəddəsidir.
İnsan
mənsub olduğu vətəni sevməklə
özünü, cəmiyyət
qarşısındakı borcunu
tapmış olur.
Vətən və xalq hissindən məhrum olan şəxs bütün insani hisslərdən məhrumdur.
Vətəni sevən
adam həyatı
sevir, dünyanı sevir. Çünki o, nə üçün
yaşadığını, nəyin naminə çalış-dığını bilir. Vətən sevğisi insana
məslək, amal gətirir. Məslək isə ürəyə
cəsarət, qollara qüvvət, gözlərə
işıq verir”.
Bayram Gündoğdu vurğulayır
ki, B.Vahabzadə sözə və dilə iki baxımdan;
bir yandan bədii yaradıcılıq,
sənətkarlıq baxımından,
digər yandan isə sözə və dilə vətənin, milli varlığın ayrılmaz
tərkib hissəsi (həm də başlıca müəyyənləşdirici
ünsürləri kimi),
milliliyin rəmzi və meyarı kimi yanaşır: “Onun publisistik yaradıcılığını öyrənərkən, biz bunun
bir daha şahidi oluruq. “B.Vahabzadə
vətən və millət eşqini, ana dili sevgisini
bir dağ kimi qəlbində daşımış və
bunu oxucularına verməyə çalışmışdır.
Haqq və həqiqət yolunda qarşısına cıxan
bütün əngəllərə
baxmayaraq apardığı
mübarizədən bir
an belə əl çəkməyib.
Sovet rejiminin ağır basqıları
şəraitində əlverişli
vasitələrlə, üsullarla
amansız senzuradan
yayınmaq üçün
mətnaltı anlamlarla
milli istiqlaliyyət məsə-ləsini dilə
gətirən, millətini,
xalqını azadlıq
uğrunda mübarizəyə
səsləyən şair
burada da ümumtürk kontekstindən
cıxış edirdi.
B.Vahabzadə erməni təcavüzünü,
azğın erməni
şovinizmini kəskin
bir dillə, inandırıcı dəlillərlə
ifşa edərək onun çürük əsaslarını açıb
göstərir və Azərbaycan torpaqlarının
işğaldan qurtuluşuna
sarsılmaz inamını
bildirir və bu qurtuluş yollarını müəyyənləşdirir.
B.Vahabzadə milli təlim-tərbiyə, təhsil
sistemi məsələlərinə
Azərbaycanın və
bütün Türk dünyasının xoşbəxt
gələcəyinin ən
mühim şərtləri
kimi baxır, yüksək səviyyəli,
milli şüurlu
ziyalıların-aydınların yetişdirilməsini,
ən müasir qüdrətli təhsil sisteminin yaradılmasını
günün və gələcəyin təminatı,
tələbi kimi göstərir.
Mütəfəkkir şair zamanın siyasi, iqdisadi, sosial, əxlaqi-etik problemlərinin ən incə təfərrüatlarına
qədər enir, bu sahələrdəki catmamazlıqları, aşınmaları
ürək ağrısıyla
qələmə alır,
eyni zamanda bunlardan qurtuluş yollarına dair fikir və mülahizələrini
söyləyir. Burada onu da demək yerində olar ki, keçən
əsrin 80-ci illərinin
sonları 90-cı illərin
əvvəllərindən B.Vahabzadənin
fəaliyyətinin publisist-ictimai
xadim tərəfi daha qabarıq şəkildə görünməyə
başladı. Bu illərdə biz B.Vahabzadənin
şəxsində Azərbaycanın
yorulmaz publisist-ictimai xadimini görürük.
O, lirik şairdən publisist ,
ictimai xadimə qədər mübarizələr,
savaşlar ilə dolu bir ömür
yaşadı”.
“Fəlsəfilik B.Vahabzadənin
coxsahəli zəngin yaradıcılığının xarakterik özəlliyidir”-deyən araşdırmaçı
bu qənaətə gəlir ki, fəlsəfi
lirizm, fəlsəfi təfəkkür, analitik
düşüncə tərzi,
bədii və elmi müşahidə və ümumiləşdirmələr
B.Vahabzadənin coxsahəli
yaradıcılığında harmonik bir bütünlük
təşkil edir: “B.Vahabzadənin fəlsəfəsi
onun şerlərindən
publisistikasına, ictimai-siyasi
fəaliyyətinə keçir,
ümumən, bütün
özünüifadəsinə fəlsəfi ton verir. B.Vahabzadə publisistikası sənətkarlıq
baxımından mükəmməl bir publisistikadır.
O, Qərbi Avropa, Rusiya, Türkiyə və Azərbaycanın
mütərəqqi publisistik ənənələrindən
faydalanaraq həm problematika, həm də sənətkarlıq
baxımından orijinal bir publisistika təqdim edir. Müraciət etdiyi hər janrın (publisistik)
özünəməxsusluğuna uyğun olaraq
yazılarını maraqlı sujet və kompozisiyada, konfliktlər
əsasında təqdim edərək məqsədinə
uğurla çatır. Əlbəttə,
burada söhbət bədii ədəbiyyatın süjet,
kompozisiya və konfliklərindən fərqli olan publisistik əsərlərin,
B.Vahabzadə publisistikasının sənətkarlıq
xüsusiyyətlərindən gedir. Onun
publisistikanın dil və üslub özəllikləri rəngarəngdir.
Hər janrın daşıdığı
ictimai funksiyanı göz önündə tutaraq əlverişli
üslublar seçib, xalq deyimlərindən, bayatılaradan, məna
tutumu samballı olan söz və ifadələrdən, poetik
örnəklərdən məharətlə istifadə edib, bu
da yazının obrazlılığını, cazibəsini,
emosionallığını yüksəldib. Ümumiyyətlə, B.Vahabzadə publisistikası
obrazlılıq ilə səciyyələnir. Beləliklə, Bəxtiyar Vahabzadə
publisistikası mövzu, predmet, toxunduğu problemlər
baxımından zəngin və geniş olub, yüksək,
mükəmməl bir sənətkarlıq örnəyidir.
Bu publisistika uzun illər sovet rejiminin
ağır basqısı altında yaşamış Azərbaycanın
sosial-siyasi, əxlaqi-etik tarixinin, zəngin mənəviyytının,
istiqla-liyyət uğrunda savaşlarının, nəhayət
milli bağımsız dövlət quruculuğu tarixinin
obrazlı inikâsıdır, güzgüsüdür.
B.Vahabzadə publisistikası bütün yüksək keyfiyyətləri
ilə Azərbaycanın milli
publisistikasında yeni bir inkişaf mərhələsini təsbit edir”.
Professor
Qüdrət Əbdülsəlimzadənin fikrincə, Bəxtiyar
yaradıcılığında öz əksini tapmış cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərinə
ayıq münasibəti onun əsl vətəndaşlıq
mövqeyinin birmənalı ifadəsi kimi qiymətləndirilməlidir:
“Həmin aktual məsələlər sırasında Vətən,
Millət, Vahid Azərbaycan, Dil, Azadlıq, Tarix, Mədəniyyət,
Haqq-ədalət, Türk Birliyi onun
yaradıcılığının bütün sahələrində
- poeziyasında, dramaturgiyasında, publisistikasında qan
yaddaşımızın pozulmaz naxışları kimi öz
məntiqi ifadəsini tapıb.
Cəmiyyətdə və milli şüurda böyük
əks-səda doğurmuş "Gülüstan"
poemasında Azərbaycanın iki yerə bölünməsi,
zaman-zaman torpaqlarımızın itirilməsi faciəsi,
Qarabağ ağrısı onun
yaradıcılığında xüsusi bir yer tutur. "Eynəkli
cənabla, təsbehli ağanın" 200 il bundan əvvəl
qəsbkarlıqla imza atdıqları ədalətsiz
müqaviləyə "bəs hanı həqiqət, bəs
hanı qanun?" mövqeyindən yanaşan şair bu milli
faciəmizə vətəndaş mövqeyini ortaya qoyurdu”.
Şairin milli mədəni irsimizə münasibəti ilə
bağlı Q.Əbdülsəlimzadə bu fikirdədir:
"Zamanın sınaqlarından çıxmış
mütərəqqi adət-ənənələrimizə, ulu
sələflərimizin böyük xidmətlərinə,
xalqımızın sosial-iqtisadi və mənəvi-əxlaqi
qayğılarına cəsarətli müdaxiləsi, qanlı
Yanvar hadisələrindəki mövqeyi rəğbətlə
qarşılanaraq, onu elin gizli düçüncələrinin
aşkar tərcümanı kimi cəmiyyətə sevdirib”.
B.Vahabzadə yazır: "Məni yaşadan, qəlbimi yaşamaq eşqilə alovlandıran, istiqlal uğrunda mübarizəyə səsləyən, ulu əcdadlarımızdan keçib qanımızda, canımızda və tarixi yaddaşımızda yaşayan həmin bu Vətən və Millət sevgisinə borcluyam. İstiqlal mücahidi olan əqidə müəllimlərim - M.F.Axundzadə, H.B.Zərdabi, Mirzə Cəlil, H.Cavid, Əlibəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, S.Vurğun, R.Rza və uzun illər həmkarım, həmdərdim olan böyük alim Xudu Məmmədovun xatirələri önündə baş əyirəm… Qələm əhlinin tüfəngi, silahı qələmdir... Sabir və Mirzə Cəlil qələmlə döyüşməkdən başqa daha neyləmişdilər... Yazıçı yalnız qələmlə döyüşməlidir və bunu sən də, mən də imkanımız daxilində edirik. Bəlkə mitinqlərdə qışqırmağı da vacib hesab edirsən? Bu 75 yaşlı xəstə ağsaqqala yaraşarmı?... Giley notları da var. Bunu da müəyyən dərəcədə qəbul edirəm. Günah nə səndədir, nə də məndə. Durum o qədər ağır, o qədər dözülməzdir ki, çaşmışıq. Buna görə də hamı günahı başqasında axtarır."
Uğur
Xalq Cəbhəsi.- 2014.- 18 noyabr.- S.11.