“Hərbi xidmətdən yayınma ilə
bağlı hallar azalır”
General-leytenant
Arzu Rəhimov: “SHXÇDX tərəfindən hərbi həkim
komissiyalarının təkmilləşdirilməsi istiqamətində
işlər aparılır”
Azərbaycan
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
(SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun APA-ya
müsahibəsi
- Cənab
general, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yaranmasından üç ilə yaxın vaxt ötür.
Geridə qalan dövrdə Xidmətin formalaşması və
Azərbaycanda hərbi xidmətə çağırışın
təşkili istiqamətində hansı işlər
görülüb?
- Azərbaycanda
vətəndaşların həqiqi hərbi xidmətə
çağırış sisteminin təkmilləşdirilməsi
məqsədilə tərəfimizdən mütəmadi təhlillər
aparılır. Deyə bilərəm ki, ötən müddət
ərzində səfərbərlik və
çağırış resurslarını tənzimləyən
mexanizmin formalaşdırılması istiqamətində
mühüm işlər görülüb, ciddi nailiyyətlər
əldə olunub. Çağırış sistemində
çağırışçıların hərbi
uçotunun dəqiq və düzgün aparılmasına,
yoxlamaların keçirilməsinə nəzarət
artırılıb ki, bu da Xidmətin yerli idarə,
şöbə, bölmələrinin və aidiyyəti
dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə
yanaşmasına və çağırış sistemində
şəffaflığın təmin olunmasına zəmin
yaradır. Bu məqsədlə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən
mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil
edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi
uçot sahəsində vahid elektron informasiya sisteminin
yaradılması sahəsində işlər həyata
keçirilir. Vahid elektron informasiya sistemi vasitəsilə
çağırışaqədər yaş həddində
olan vətəndaşların,
çağırışçıların və hərbi vəzifəlilərin
qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların
həqiqi hərbi xidmətə çağırış
sisteminin təkmilləşdirilməsində mühüm rol
oynayacaq.
- Rəhbərlik
etdiyiniz qurum hərbi qurumlar içində ilk dəfə
olaraq elektron xidmətlərin - elektron məlumatlandırma
sisteminin tətbiqin həyata keçirdi. Bu sahədə həyata
keçirilən layihələr barədə nə deyə
bilərsiniz?
-
Hazırda Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
tərəfindən vətəndaşlara 5 elektron xidmət
(çağırışçılara müddətli həqiqi
hərbi xidmətlərini hansı hərbi hissədə
keçmələri barədə məlumatların internet və
ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, hərbi xidmətkeçmə
haqqında arayışın verilməsi üçün
müraciətin və sənədlərin qəbulu, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə
(işə) qəbulla əlaqədar müraciətin və sənədlərin
qəbulu, arxiv arayışlarının verilməsi
üçün müraciətin və sənədlərin qəbulu,
itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata
alınma haqqında vəsiqələrin) əvəzinə
yenisinin verilməsi üçün müraciətin və sənədlərin
qəbulu) göstərilir. Cari ilin oktyabr ayından etibarən
çağırışçılar müddətli həqiqi
hərbi xidmətlərini hansı qoşun növündə
və yaxud hərbi hissədə keçmələri barədə
məlumatları SMS vasitəsilə də öyrənə
bilirlər. Müraciətlərin çoxluğu vətəndaşlar
tərəfindən elektron xidmətlərin maraqla
qarşılandığını göstərir. Hazırda
göstərilən xidmətlərin keyfiyyətinin
artırılması istiqamətində işlər
aparılır.
-
Qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində hansı işlər görülür? Bu
sahədə hansı yeni təklifləriniz var?
-
Qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində işlər daimi xarakter daşıyır.
Bu məqsədlə inkişaf etmiş ölkələrin
müvafiq istiqamətdə qanunvericilik təcrübəsi
öyrənilir, mövcud mütərəqqi nümunələr
əsas götürülməklə, yerli şərait nəzərə
alınmaqla təkliflər hazırlanır.
- Hərbi
həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində hansı işlər görülür?
Çağırışçıların tibbi müayinəsinin
tam olaraq Xidmətin üzərinə götürülməsi
məsələsi gündəmdə varmı?
- Xidmət
tərəfindən hərbi həkim komissiyalarının fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı aidiyyəti
qurumlarla məsləhətləşmələr davam etdirilir.
Görülən bütün işlərin yekun məqsədi
sağlam və fiziki cəhətdən hazırlıqlı
çağırışçıların seçilərək
qoşun növləri üzrə təyinatının verilməsidir.
-
SHXÇDX-nin ilk illərində korrupsiya faktları üzrə
həbs olunanlar, vəzifəsindən azad edilənlər oldu.
Bu hallarla mübarizə tədbirləri barədə nələri
söyləyə bilərsiniz?
- Prezident
İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
korrupsiya və rüşvətxorluğa qarşı kəskin
mübarizə aparılır. Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti tərəfindən mütəmadi olaraq korrupsiyaya
qarşı mübarizə və şəffaflığın
artırılması istiqamətində müvafiq tədbirlər
görülüb, daxil olmuş məlumatlar əsasında
müvafiq araşdırmalar aparılıb, qanunvericiliyin tələblərini
pozmuş vəzifəli şəxslər barəsində
toplanmış materiallar əməllərinə hüquqi qiymət
verilməsi məqsədilə Azərbaycan Hərbi
Prokurorluğuna göndərilib. Bu işlər SHXÇDX-nin
Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirlər
planına əsasən həyata keçirilib. Eyni zamanda,
ölkə başçısının «Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı»na və
«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı»na dair müvafiq
Sərəncamının icrasını təmin etmək məqsədilə
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
tərəfindən hazırlanmış tədbirlər planının
icrası davam etdirilib. Dövlət
başçısının vurğuladığı bir məqamı
xatırlatmaq istərdim ki, korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə ümumxalq işi olmalı,
ictimaiyyət də bu işlərə fəal
qoşulmalıdır. Bu kimi xoşagəlməz halların
aradan qaldırılması üçün daim yeni təşəbbüslərin
irəli sürülməsi zəruridir.
- Uzun illərdən sonra hərbi toplanışlar bərpa olundu. Toplanışlara vətəndaşların marağı necədir? Hərbi vəzifəli vətəndaşların bəzilərinin qeydiyyatda olduqları yer üzrə yaşamamaları problemi var. Bu, işinizə hansı təsiri göstərir?
- Bildirmək istəyirəm ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması həyata keçirilir. Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçirilən toplanışlara cəlb olunmuş və səfərbərlik sərəncamı ilə təmin edilmiş ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif vasitələrlə (o cümlədən telefon vasitəsilə) məlumatlandırılırlar. Çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müəyyən olunmuş vaxtda gəlməyən hərbi vəzifəlilər məsuliyyətə cəlb olunurlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 7-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Eyni zamanda, hər hansı səbəbdən (sağlamlıq, ailə vəziyyəti və s.) toplanışlara cəlb olunmayan hərbi vəzifəli barədə dərhal qərar qəbul edilir və bu kimi halların xidməti fəaliyyətimizə mane olmasına imkan verilmir.
- Vətəndaşların hərbi xidmətə marağı necədir? Hazırda xidmətdən yayınma ilə bağlı faktlar varmı?
- İlk növbədə qeyd edim ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi nailiyyətlərlə yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə xəttinə ardıcıl səfərləri, ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşü dövlətimizin orduya diqqətini əyani şəkildə nümayiş etdirir. Güclü ordu, müdafiə potensialımızın artması heç şübhəsiz ki, vətəndaşların Silahlı Qüvvələrə olan inamını daha da yüksəldir. Məhz bu kimi faktorlar gənclərin hərbi xidmətə marağını şərtləndirir və onlar yüksək əhval-ruhiyyə ilə ordu sıralarına qoşulurlar. Eyni zamanda, SHXÇDX-nin aidiyyəti dövlət orqanları ilə birlikdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və fiziki hazırlığı üzrə həyata keçirdiyi tədbirlər də öz təsirini göstərməkdədir. Əvvəlki illərlə müqayisədə hərbi xidmətdən yayınma ilə bağlı hallar faiz etibarı ilə azalan xətlə gedir. Biz əminik ki, Xidmət tərəfindən qarşıda həyata keçiriləcək mühüm tədbirlər nəticəsində ordudan yayınma faktlarına rast gəlinməyəcək.
- SHXÇDX nəzdində vətəndaşların hərbi xidmətə hazırlanması, hərbi hazırlıq dərsliklərinin təkmilləşdirilməsi və xüsusi ixtisas kurslarının keçirilməsi barədə hansı plan və təklifləriniz var?
- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan vətəndaşlar və çağırışçılar aidiyyəti dövlət orqanlarının sifarişlərinə əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunurlar. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı Xidmətin yerli idarə, şöbə və bölmələrində mütəxəssis hazırlığı kurslarına göndərilmə və xüsusi hərbi ixtisaslar üzrə hazırlanma məqsədilə onlarla fərdi söhbətlər aparılır. Daha sonra «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin mütəxəssis hazırlığı məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün namizədlər seçilir. Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təsdiq olunmuş plana əsasən, ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq” fənninin tədrisinin keyfiyyətinin artırılması üçün bir çox iş görülməkdədir. Belə ki, çağırışaqədərki hazırlıq üzrə rəhbərlərlə Xidmətin yerli idarə, şöbə və bölmələri metodik toplantılar keçirir, fənnin ciddi tədris olunmasına nəzarət edirlər. “Çağırışaqədərki hazırlıq” fənninin tədrisi prosesində gənclərə Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, xüsusiyyət və əhəmiyyəti, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğu öyrədilir. Eyni zamanda, gənclərlə hərbi hissələrdə görüşlər keçirilir ki, bu da onlarda şəxsi heyətin sosial-məişət şəraiti haqqında əyani təsəvvür formalaşdırır və praktiki vərdişlərə yiyələnməsinə imkan yaradır. Çağırışaqədərki hazırlıq istiqamətində işlərin təkmilləşdirilməsi daimi xarakter daşıyır və müasir texnologiyalardan istifadə, yeni metodların tətbiqi zəruri məsələ kimi qarşıda dayanır. Azərbaycan Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində xidmət edəcək gənclərin fiziki hazırlığı, onların ilkin hərbi bilikləri öyrənmələri fəaliyyətimizin mühüm tərkib hissəsidir.
Xalq Cəbhəsi.-
2014.- 18 noyabr.- S.5.