Qaçırlar ulduzlar qanlı göylərdən...
Səhənd: “Öz dilimizdə
bizi danışmağa qoymurlar”
XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı, Vətənin ikiyə bölünməsi sənətkarların yaradıcılığında öz əksini tapırdı. XX əsrin əvvəllərindən etibarən isə daşnak-bolşevik ordu birləşmələrinin törətdiyi soyqırımlar, müsəlman əhaliyə qarşı ifrat dərəcədə ayrı-seçkilik, milli azadlıq hərəkatları, Sərdari-milli Səttarxan hərəkatı, Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin, Güneydə isə Xiyabaninin rəhbərliyi ilə Azərstan cumhuriyyətinin yaranması, daha sonra hər ikisinin qana boyanması söz sərraflarının bədii irsində müstəsna yer tutdu. ABŞ-ın məhşur yazıçılarından biri deyib: “Həqiqi ədəbiyyatı əzabkeş insanlar yaradır”.
Güney Azərbaycanda əsasən 1950-ci ildən etibarən şahlığın süqutuna qədər gedən ədəbi proses də şübhəsiz ki, bilavasitə üsyankar, milli-azadlıq arzusu ilə səciyyələnən, haqsızlığa, zülmə qarşı mübarizə aparan bədii ədəbiyyatla xarakterizə olunur. Bu dövr ərzində Güney Azərbaycanda bir çox şairlər bəzən mətnaltı ifadələrlə, bəzən isə açıq-aşkar səslənən poetik xitablarla, nidalarla qəddar rejimdən qorxmadan xalqı zülmə, haqsızlığa qarşı səfərbər olmağa çağırırdılar. Bədnam pəhləvi rehiminin tüğyan etdiyi, qatı fars millətçiliyinin at oynatdığı, türkçülük, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan olunduğu bir dövrdə necə deyərlər, boynuna kəfən salıb Azərbaycan türklərinin haqq səsini bütün dünyaya bəyan etmək missiyasını şərəf və ləyaqətlə yerinə yetirən və məhz buna görə də cəmisi 28 yaşındaykən şah cəlladları tərəfindən həbs edilib, ağır işgəncələr veriləndən sonra edam olunan Əlirza Nabdi Oxtay “Tozlu piano” şeirində yazırdı:
Sazaqlı bir səhər parçalayaraq,
Qara səssizliyi tozlu piano.
Qızğın barmaqlardan axacaq o gün,
Səhəndin buzlaşmış ağca gülləri!
Qorxulu bir rəqsə başlayırlar, bax,
Dağların açmamış solan gülləri!
Canlanır dənizlər, qıvrılır çöllər,
Qaçırlar ulduzlar qanlı göylərdən,
Ulduzlar- gecənin bahadırları.
Şübhəsiz, nakam şair bu misralarda mətnaltı ifadələrlə tozlu pianonun rəsmini çəkmək istəməmiş, o susmuş pianonu dilləndirmək və dillənmiş pianonun sədaları altında inqilabi nəğmələrin oxunacağına öz oxucusunu inandırmaq istəmişdi. Odur ki, nə vaxtsa tozlu pianonu dilləndirəcək adamların ünvanını da şair bədii lövhələrlə nişan verir və fəlsəfi tutumu heyrətamiz dərəcədə geniş olan şeirini belə bir sonluqla tamamlayır:
Uşaqlar əlizi mənim qəlbimin
İtiliyi ilə qızdırın gedin.
Yoxsa soyuq əllər nə edə bilər?
Sazaq dan yerində bizi gözləyir,
Soyuq əllər ilə aça bilmərik.
Gələcək günlərin qızıl qapısın,
Soyuq əllər ilə çala bilmərik,
Günlərin sazında zəfər mahnısın.
Şahlıq istibdadı əleyhinə baş vermiş tələbə hərəkatına başçılıq etmiş, buna görə həbs olunmuş, işgəncələrə məruz qalmasına baxmayaraq sınmamış, cəlladlara əyilməmiş, öz qururunu, şərəfini daim uca tutmuş, cəlladlara əyilməmiş, öz qururunu, şərəfini daim uca tutmuş, fəqət eynən Oxtay kimi cəmisi 28 il ömür sürmüş Mərziyə Üsgülü (Dalğa) kimsədən qorxub çəkinmədən əsərlərində şah rejiminə, ərbablara, kafir və qaniçən amerikan hərbçilərinə qarşı bədii cəhətdən olduqca yüksək, bitkin əsərlərlə çıxış etmişdi:
Qapıda dayanıb bir çopur əfsər,
Kartlarımıza baxır, icəri qoyur,
Gözləri qızarıb, ağzı kəflənib,
Hirs onba baxanda adamı boğur.
Bir əlində
batum, birində bisim,
Bir ucdan bağırır, döyür, savaşır.
Həmqatarları
da durublar orda,
Hamısına
gözətçilik yaraşır...
1950-1980-ci illər Güney Azərbaycan ədəbiyyatı
ictimai-siyasi hadisələr fonunda yaranıb və şübhəsiz
ki, İranın həyatında baş verən hadisələrdən
deyil, başqa ölkələrdə də gedən prosesdən
təsirlənib. Eyni zamanda küll halında
götürülən çoxəsrlik Azərbaycan klassik ədəbiyyatının,
xalq yaradıcılığının və aşıq
poeziyasının ölməz ənənələri əsasında
inkişaf edib.
Yuxarıda
qeyd olunduğu kimi XX əsrin ortalarında İranda bədnam
pəhləvi rejiminin tüğyan etdiyi, eyni zamanda fars
şovinizminin zəhər püskürdüyü,
türkçülük, azərbaycançılıq məfkurəsinin
dövlət tərəfindən rəsmən qadağan
olduğu məqamda ictimai fikir meydanında azərbaycanlı
şairlər Azərbaycan türklərinin haqq səsini
dünyaya bəyan etmək missiyasını şərəflə
və ləyaqətlə yerinə yetirirdilər.
Bu dövrdə Azərbaycan şeirinin tarixində tək
Güney Azərbaycanda deyil, elə Quzey Azərbaycanda da bir
dönüş yaranmışdı. Quzey Azərbaycan
30-50-ci illərdə tüğyan etmiş repressiya sənətə,
mədəniyyətə, milli dəyərlərə dəhşətli
bir divan idi. Məhz bu illərdə Azərbaycan ədəbiyyatı
özünün bir çox görkəmli simalarını -
H.Cavid, Y.V.Çəmənzəminli, Ə.Cavad,
M.Müşfiq, S.Hüseyn şəxsiyyətlərini, Ə.Nazim,
M.Quliyev, V.Xuluflu, S.Mümtaz, M.K.Ələkbərli kimi ədəbiyyat
xadimlərini itirdi və bu cür hadisələr istər-istəməz
ədəbiyyatda, yaradıcılıq mühitində bir vahimə
yaratdı ki, bütün bu kimi hallar ədəbiyyatı, onun
yaradıcılıq azadlığını, sərbəst və
müstəqil düşüncə imkanlarını əzib
tökürdü. Quzey Azərbaycanda totalitar rejimin iti
qılıncı altında demək olar ki,
düşündüklərinin əksinə yaranan ədəbiyyat,
Stalinin ölümü və Mircəfər Bağırovun həbsindən
sonra rejimin onu saldığı dar çərçivədən
çıxaraq nisbətən azad, sərbəst şəklə
düşmüş, yazıçılar, şairlər
istedadlarını göstərməyə, hətta hər yerə
alov püskürən qara əjdaha kimi iyirmi ildən
yuxarı hər tərəfi yandırıb-yaxan repressiya
dövrünün gətirdiyi bəlaları ürək
ağrısı ilə qələmə almağa başlamışdılar.
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində
Güney Azərbaycanda sosial-siyasi və iqtisadi böhran
ölkənin başqa bölgələrinə nisbətən
daha çox dərinləşmiş və kəskinləşmişdi. İranın
hakim dairələrinin yaranmış vəziyyətlə
bağlı xalqın artan narazılığının
qarşısını almaq üçün istifadə etdikləri
terror və güc tətbiqi gözlənilən nəticəni
vermədi, buna görə də yenə həmişəki
kimi olduqca riyakar bir üsula əl atıldı və əsrlər
boyu huququ tapdalanmış azərbaycanlalılara qarşı
yenə haqsız qərarlar qəbul edildi. Onsuz da çörəyi daşdan çıxan azərbaycanlılara
məxsus olan torpaqlar əllərindən alınıb icarədarlar
arasında bölüşdürüldü. Azərbaycanlı ailələrinin vəziyyəti əvvəlkindən
də qat-qat ağır vəziyyətə düşdü.
Şübhəsiz, istər Təbriz, istər Ərdəbil
ədəbi mühiti, istərsə də azərbaycanlıların
yaşadığı başqa ərazilərdə həyat
sürən sənətkarlar bütün bunlara biganə qala
bilməzdi. Əli qələm tutan hər
bir vətənpərvər kəs həm şah rejiminin azərbaycanlılara
qarşı törətdiyi bu haqsızlığa, həm də
ümumiyyətlə, o dövrdə İranda baş vermiş
sosial-iqtisadi, eyni zamanda siyasi hadisələrə öz
imkanları daxilində, bəzən açıq-aşkar, bəzən
sözaltı mənalarla münasibətlərini bildirdilər.
Güney
Azərbaycan şeiri də bilavasitə ümumi Azərbaycan
xalqının həyatı ilə bağlı olduğu
üçün bu dövr, Quzey Azərbaycanda da baş verən
siyasi-ictimai hadisələr, eyni zamanda tünd sirkə kimi nəhayət
özü öz qabını çatlatmış repressiya
dövrünün sona yetməsi ilə əlaqədar Quzey Azərbaycan
sənətkarlarının birdən-birə dar çərçivədən
çıxaraq öz parlaq istedadlarının
işığında möhtəşəm əsərlər
yaratmağa başlaması, Güney Azərbaycan şairlərinin
də təfəkkür tərzində bir dönüş
yaratmış, onlar Cənubi Azərbaycan ədəbiyyatında
bir növ inqilab edərək, daha mənalı, daha məntiqli,
daha əhatəli əsərlər yaratmağa
başlamışdılar. Bu əsərlərin əsas mahiyyəti,
qayəsi isə artqı əsrlərdir İranda daim təqiblərə
məruz qalan, eyni zamanda bütün hüquqları əlindən
alınan Azərbaycan xalqının hüquqlarını
müdafiə etmək, onu istiqbala yetişdirmək, eyni zamanda
bütün şimaldakı sənətkarlar kimi iki yerə
parçalanmış Azərbaycanın birləşərək
vahid bir məmləkətə çevrirmək arzusu idi. Xalqın ruhunu, arzularını əks etdirən vətənpərvər
şairlər Azərbaycan ədəbiyyatının
bütün tarixi boyu dilimizi, milli dəyərlərimizi, milli
mədəniyyətimizi müdafiə və əks etdirən
bədii cəhətdən olduqca zəngin, təsirli və
dolğun əsərlər yaradırdılar. Şəhriyarın
“Heydərbabaya salam” poeması 1954-cü ildə çap
olunduqdan sonra tək azərbaycanlılar deyil, İranda
yaşayan bütün xalqlar bu əsərin hər bir sətrini
şəfaverici bir bulağın suyu kimi içməyə,
bu misilsiz sənət əsəri onların sanki bütün
ağrı-acısını, əzab-əziyyətini, qəm-kədərini
unutdurmağa başladı, xalq bu sənət məbədindən,
sənət abidəsindən təkcə poeziya nümunəsi
kimi mənəvi zövq almadı, mədəniyyətinin zənginliyindən
xəbər tutdu, kimliyini, tarxini, adət-ənənənəsini
daha dərindən öyrəndi və bütün bunlar onun
şüuruna, zəkasına olduqca müsbət təsir
göstərərək, onun ruhi cəhətdən yüksəlməsinə
bir vəsilə oldu.
Müdriklər
buyurmuşlar: “Xalının altını süpürmək
lazımdır, ətrafdakı zibilləri xalının
altına süpürmək isə eybəcərlikdir”.
Şəhriyar və onun kimi haqqı, ədaləti, həqiqəti
yaradıcılıq şüarı eləyən bir sıra
sənətkarlar yalnız və yalnız həqiqəti
söyləyirdilər.
Şah
rejiminə, eyni zamanda fars şovinizminə
yaradıcılığa başladığı andan etibarən
öz kəskin etirazını bildirən, doğma dil,
azadlıq uğrunda mübarizə aparan və bu səbəblərdən
də qəddar şah rejiminin həbsxanalarına atılan
Bulud Qaraçorlu Səhənd özünün şah əsərlərindən
biri olan “Araz” poemasını 1952-ci ildə noyabr-dekabr aylarında
həbsxanada qələmə almışdı.
Əsərin başlıca qayəsi, xalqı onun
özünə tanıtmaq və bəşər
övladının xoşbəxtlik idealı olan azad
dünyaya vurğunluqdur. Poema janrının ən yaxşı nümunələrindən
olan “Araz” poema¬sında Səhənd maddi və mənəvi həyatın
məngənəsində mərhumiyyətlərə
düçar olan xalqın qiyamətə qədər
sağalmaz ağrı-acısını olduqca bədii
boyalarla, poetik lövhələrlə, eyni zamanda böyük
sənətkarlıqla öz oxucusuna çatdırır:
Arazı
ayırdılar,
Qum ilə
doyurdular,
Mən səndən
ayrılmazdım,
Zülmünən ayırdılar.
Sənətkarlıq sirrlərini dərindən mənimsəmiş
mahir söz ustası olan Səhənd konkret söz mətnlər
üçün zəruri olan frazeoloji dil materialları üzərində
novatorcasına üslubi əməliyyat aparmağa qadir bir sənətkar
idi. Məlum
məsələdir ki, ancaq sənət və sənətkarlıq
təcrübəsinə malik yaradıcı şəxslər
frazeoloji şeirin poetik atmosferinə daxil ola
bilər:
Dünyada
bundan ağır
Milli əsarət də var?
Öz
dilimizdə bizi,
Danışmağa
qoymurlar..
Şair
bu parçada qəddar şah rejiminin, eyni zamanda fars şovinizminin zülmündən şikayətlənməklə
yanaşı bütün əsərlərində olduğu
kimi xalq dilinin tükənməz üslub və
çalarları ilə şeiri rövnəqləndirir.
Professor Vüqar
Əhməd.
Xalq Cəbhəsi. –
2014.- 19 noyabr. S. 15.