Güney Azərbaycanda uşaq ədəbiyyatı

Gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, saf əqidəli, savadlı və hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatına bütün zamanlarda böyük ehtiyac olub. Lakin Azərbaycanda uşaq ədəbiyyatının yazılması və nəşri sahəsində həmişə müəyyən boşluqlar olub, ümumədəbiyyatdan fərqli olaraq uşaq ədəbiyyatının inkişaf yolu həmişə uğurlu, hamar və məhsuldar olmayıb. Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı ləngiyib, Bustan, Gülüstan, Divani-hafiz, Əbvabül-sinan Nanü-halva, Tarixi-Nadir, Sərbaz və s. müqabilində Azərbaycan türklərinə öz doğma dillərində uşaqların mütaliəsi üçün əsər yaratmağa imkan verilməyib. Ona görə də qədim və orta əsrlər ədəbiyyat xəzinəsi uşaq mütaliəsi üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır. Bu mənada Azərbaycan uşaq ədəbiyyatı məfhumu da yeni dövrə XIX əsrə aid ədəbi-pedaqoji hadisədir.

XIX və XX əsrin əvvəllərində kifayət qədər ictimaidini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq oxusu nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanaraq bütöv halda araşdırılmayıb, nəşr edilərək xalqa çatdırılmayıb. Təsadüfi deyil ki, bu gün bizim A.Bakıxanov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, S.S.Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş, Mirzə Nəsrullah, Hacı Səid və Cəlal Ünsizadələr, Həsənəli Ağa Xan Qaradaği, Çernyayevski, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Cavanşir, Məhəmmədtağı Sidqi və digər görkəmli nümayəndələri haqqında təsəvvürümüz belə yoxdur. Onların bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf mənzərəsində ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalıb. Bu gün Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin qida mənbəyinə çevirmək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir. Qeyd edək ki, Güney Azərbaycanda və İranda uşaq ədəbiyyatının təməlini Səməd Behrəngi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşı və qələmdaşı Mərziyə Üskülü Dalğa ilə birlikdə qoyub.

Bu gün Güneydə Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin (Pifaqor) həqiqətini anlayır və gerçəkləşməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına çağdaş dövrdə daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət Söhbətül-əsmar (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda Həmid Araslı tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-cı ildə Əsmər nəşriyyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazılmasını duyuruq; ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə Söhbətül-əsmarın da uşaqlar üçün təmsili bir dillə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də mən deyərdim Şərqdə) Füzuliyə aiddır.

Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri var. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikirduyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı burda mənəm, Bağdadda kor xəlifə zərbül-məsəlini yada salır.

Əkbər Azadın Firəngiz ilə qırmızı don, Ramin Cahangirzadənin Ay suda, Zöhrə Vəfayinin Əl-ələ. Uşaq məktəbi 3, Ana. Uşaq məktəbi 5, Məsumə Əjdərinin Biz Qurduq, Pərviz Firuhərin Xoruzun pulu, Yaqub Vilhem Qıreym-Səməd Cabbarpurun Xoşbəxt oğlan, Ruqiyyə Əliqulunun Lay-lay çaldım yatınca, V. SutayevEldar M. Sadığın Miyov eləyən kimdir?, Məhəmməd Abidinpurun Alqış əmi, Yağış, Fatimə Mir Həsənpurun Dərsə gedən bir uşaq, Şirsiçan, Molla Nəsrəddin yoldaSehrli torba, Haşım Tərlanın Uşaq dünyası, Murtuza Məcidfərin İşlər və uşaqlar: Bax gör kimdir, nəçidir, Fəridə Dadxahın Göyqurşağı, Zəhra Vəlizadə və M.Şimşəyin Açıl çətirim, açıl, Məhəmmədrza İsmayılzadənin Meyvələrin söhbəti Söhbətül əsmar çeşməsindən və s. əsərləri Urmu Turuz saytında yayımlanıb.

Çağdaş Güney Azərbaycan ədəbiyyatının məhsuldar yaradıcılığa malik nümayəndələrindən biri olan Ramin Cahangirzadə III cildlik Peşələr və Ailələr adlı uşaq şeir məcmuəsini hazırda çapa təqdim edib. Doymuram səni içməkdən (yeni satirik şeirlər), Mayallaq (satirik nəsr əsərləri), Minimal satirik şeir və nəsr əsərləri I və II cild, həmçinin uşaqlar üçün yazdığı Sel qızı, Nazlı, Əlifba, Dörd fəsil, Xallı və allı, Qarışqam, Rəqəmlər, Boyalar , Çiyələk, Elayİlkay, Heyvanlar (3 cilddə), Küçə, Tiraxtur basdı qaza, Dörd fəsil şeir, Orxanmani hekayə məcmuələrini isə nəşr üçün hazırlayıb. Güneydə uşaqların böyümə və inkişaf, xəyal, duyğu, düşüncə və duyarlılıqlarına, zövqlərinə əyilərkən əylənmələrində iştirak etmək məqsədiylə reallaşdırılan çocuqsu bir ədəbiyyata son dönəmlərdə marağın bu dərəcədə artması və inkişafının təminilə bağlı çalışmalar üzərinə Nadir Əzhərinin yazdığı fikirlərin tam bir gerçək olduğunu yansıdır: İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən uşaq böyük ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzünlərlə kitab rəfləri doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa gücü çatmayan uşaqlar üçün xalq kitabxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin də xüsusi kitabxanası var. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. XVII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər kitab deyilincə, uşaqların ağılına, başdan sona yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı.

 

Esmira Fuad,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 20 noyabr.- S.14.