“Tənqidi bacarmaq
lazım olduğu kimi, tənqidi dinləməyi də bacarmaq
lazımdır”
İsmayıl Şıxlı yazırdı: “Tənqidçi
həyatımızda və zəmanəmizdə baş verən
sosioloji proseslərin fəlsəfi əsaslarını
araşdırmağa çalışan və bu hadisələrin
şərhi fövqündə dayanan qüvvə
olmalıdır”
Xalq yazıçısı İsmayıl
Şıxlının yaradıcılığında
yazıçılıqla yanaşı ədəbi tənqidçilik,
publisistika əsas yer tuturdu. Məlum olduğu kimi
sovet dövründə ədəbiyyat geniş kütlələrə
gərəkli təsir vasitəsi olaraq ciddi nəzarətdə
idi. Çünki ədəbiyyat vasitəsilə bu və
ya başqa ideyanın təqdimi, insanları cəlb etmək
mümkün idi... Professor Buludxan Xəlilov
İsmayıl Şıxlının ədəbi-nəzəri,
publisistik yaradıcılığını
araşdırıb, kitablarını (Xatirəyə
dönmüş illər. Xatirələr
və məqalələr. B., Yazıçı,
1980; Daim axtarışda. B.,
Yazıçı, 1988,) tədqiqata cəlb edib. O,
bildirir ki, İsmayıl Şıxlı tənqidə peşəkar
bir səviyyədə yanaşır, onun vəziyyətini
xüsusi olaraq təhlil edir, başlıca cəhətləri
üzərində dayanırdı. O, ədəbi- tənqidin
vəziyyətindən danışarkən iki başlıca cəhət
barədə: “Birincisi, tənqidin özündən gələn
qüsurlar, ikincisi, bu qüsurların törəməsinə
səbəb olan şərait” haqqında dəqiq və konkret
mühakimələr yürüdürdü.
Araşdırmaçı
hesab edir ki, İsmayıl Şıxlı tənqidçinin
xidmətlərinə önəm verməklə yanaşı,
güclü bədii əsərin tənqidi fikrin geniş
meydan almasına imkan yaratdığını da unutmurdu:
“İsmayıl Şıxlı ədəbiyyatla tənqidin
bir-birinə təsirində hər iki tərəfin yüksək
səviyyədə olmasına üstünlük verirdi. O, hər
şeydən əvvəl tənqidçinin qarşısına
müəyyən tələblər qoyurdu: “Mənə elə
gəlir ki, hər şeydən əvvəl tənqidçinin
özünün böyük amalı və estetik tələbləri
olmalıdır”. Tənqidçi şərh
etdiyinin, təhlil etdiyinin, tənqid etdiyinin fövqündə
durmalıdır. Belə olmazsa, tənqidçinin
fikir və mülahizələri inandırıcı
görünməz. Tənqidçinin
elmi-nəzəri səviyyəsi, amalı və estetik
imkanları o qədər yüksəkdə olmalıdır
ki, onun bədii əsərlərə yanaşma tərzi, hadisələrin
mahiyyətinə varmaq imkanları meyara çevrilə bilsin.
Belə olduqda tənqid öz missiyasını yerinə
yetirir, ədəbi mühitin inkişafına xidmət edir,
yaradıcılıq prosesini istiqamətləndirir”.
İsmayıl
Şıxlı yazır: “Tənqidçi özü həyatımızda
və zəmanəmizdə baş verən sosioloji proseslərin
fəlsəfi əsaslarını araşdırmağa
çalışan və bu hadisələrin şərhi
fövqündə dayanan bir qüvvə olmalıdır. Bədii əsərlər tənqidçinin əlində
fikir söyləmək üçün bir vasitəyə
çevrilməlidir. Belə olduqda tənqidçi
bədii yaradıcılıq prosesinə yüksək tələblə
yanaşacaq və onda obyektivlik əsas meyar kimi istiqamətləndirici
rol oynayacaq”.
B.Xəlilov:
“İsmayıl Şıxlı tənqidçiləri qruplara
ayırır, bu qruplarda olan tənqidçiləri bir-birindən
fərqləndirir. O, üç qrup tənqidçilərdən
bəhs edir. Əlbəttə, o, tənqidçiləri
üç qrupa ayıran zaman ədəbi mühitdəki, ədəbi
prosesdəki vəziyyəti nəzərə alır, real və
obyektiv münasibət bildirir”. İsmayıl
Şıxlıya görə birinci qrup “... tənqidçilərimizin
bir qismi həyatda baş verən ictimai-siyasi prosesləri izləyir,
yazıçı ilə bərabər yanır, ədəbi
prosesə qaynayıb-qarışaraq, onun qüsurlarına qəzəblənir,
müvəffəqiyyətlərinə sevinir, müsbət cəhətlərin
inkişaf və istiqamətləndirilməsinə
çalışır. Bu cür tənqid
yüksək nəzəri səviyyədə olmaqla bərabər
vətəndaşlıq ehtirası ilə daha da zənginləşir”.
Bu cür tənqidçilər-birinci qrup tənqidçilər
kifayət qədər elmi-nəzəri
hazırlığı olan tənqidçilərdir. Onlar müntəzəm olaraq ədəbi prosesi izləyir,
ədəbi proseslə nəfəs alır, ədəbi
prosesdəki uğurları və qüsurları vaxtlı
-vaxtında təqdim edir, bununla da ədəbiyyata xidmət
edirlər. Ədəbiyyatın və ədəbi
prosesin bu cür tənqidə hər zaman ehtiyacı var. Ona
görə ki, bu cür tənqid təkcə tənqidin nəzəri
səviyyəsinin yüksək olması ilə işini
qurtarmır, həm də ədəbiyyatı yüksək bədii-estetik
tələblər səviyyəsində görmək istəyir.
Yazıçının uğurlarına
yazıçının özü qədər sevinir, ona
görə də yazıçıya geniş yollar
açır, xüsusilə də gənc ədibləri
ruhlandırır, yaradıcılığın ən yüksək
zirvəsinə doğru yüksəlməsi üçün
müsbət enerji ilə təmin olunmasına imkan yaradır.
İstedadlara qol-qanad verir, eyni zamanda ədəbi
mühitdə obyektiv, qərəzsiz münasibətlərin
yaranmasını gücləndirir.
İsmayıl Şıxlıya görə, ikinci qrup tənqidçilər
adi seyrçilərdir. Onları ədəbi prosesdəki problemlərdən
daha çox meydana gələn əsərlərin miqdarı
maraqlandırır. Bu cür tənqidçilər
hesablayıcı maşın kimi hər şeyi qeyd edir, bütün
yazıçılar, bütün əsərlər
haqqında eyni soyuqqanlıqla, eyni qəliblərlə, standart
və şablon ifadələrlə soyuq mühakimələr
söyləyirlər. Bu cür tənqidin
nə müəllifə, nə də ədəbi prosesə
xeyri var.
B.Xəlilov:
“Əslində bu cür tənqid tənqiddən daha çox ədəbiyyat
və ədəbi mühit barədə informasiya söyləyəndir.
Bu informasiyanı təqdim edən tənqidçinin
fikir və mülahizəsi təhlildən, analizdən,
süjetlərin, obrazların obyektiv mühakiməsindən
çox-çox uzaq olur. Ədəbi prosesə bu
cür biganəlik ədəbi proses barədə donuq bir təsəvvür
yaradır...”
İsmayıl Şıxlıya görə, “...
üçüncü qrup tənqidçilər də var ki,
bunları bədii yaradıcılığın ümdə məsələləri
yox, yazıçının avtoriteti maraqlandırır. Bu cür tənqidçilər
yalnız ədəbi avtoritetlərə xidmət etməyə
cəhd göstərir və bu ədəbi avtoritetlərin ən
zəif əsərlərini belə şedevr kimi qiymətləndirirlər.
Bunun da nəticəsində yalançı təriflər
və yaltaq tənqidlər yaranır. Beləliklə də
saxta etalonlar, toxunulmaz “müqəddəslər” meydana
çıxır”: “Üçüncü qrupdan olan tənqidçilər
ədəbi prosesin bütün mərhələlərində
mövcud olub, indi də mövcuddur. Doğrudan
da bu qrup tənqidçilər yazıçının
avtoritetini əsas götürərək onun
yazdığı əsəri tənqidin obyektinə
çevirir. Bəzən belə məqamlarda
tənqidçi avtoritetin əsərinin lap aşağı səviyyədə
olmasından asılı olmayaraq hörmət, izzət sahibinə
çevrilir, tənqidçi avtoritet müəlliflər
hesabına nüfuz qazanır. Avtoritet hesab
olunan müəllifin əsəri zəif olsa da, avtoritetin
kölgəsində tənqidçi yaşayır, fəaliyyət
göstərir. Əlbəttə,
“yalançı təriflər və yaltaq tənqidlər” belə
yaranır. Nəticədə ədəbi proses barədə
qeyri- obyektiv münasibət meydan alır, “saxta etalonlar”,
toxunulmaz “müqəddəslər” meydana çıxır”.
İsmayıl Şıxlı “saxta etalonlar”, toxunulmaz “müqəddəslər”
meydana çıxır” deməklə “Bu cür meylin obyektiv
zərəri nədir?” sualına cavab axtarır. Axtardığı cavab nəsrimizdəki,
şeirimizdəki vəziyyəti olduğu kimi təqdim edir.
O yazır: “Son illərdə bizim istər bədii nəsrimizdə,
istərsə də şeirimizdə çox istedadlı
yazıçılar meydana gəlib. Həmin
yazıçıların yazdığı əsərlər
bədii dəyəri cəhətdən respublikamızdan kənara
çıxıb geniş ümumittifaq oxucularına
çatdırıla bilər və ədəbiyyatımızın
siqlətini gücləndirər. Lakin tənqid
belə əsərlərin yanından çox zaman sükutla
keçir. Çünki bu əsərlərin
müəlliflərinin hələ ədəbi adı-sanı,
vəzifələri, təsiredici rütbələri yoxdur.
Əksər hallarda belə istedadlara qeyri-obyektiv
münasibət bəslənir”. Deməli,
avtoritet hesab olunmayan ədiblərin əsərlərinin
yanından diqqətsiz keçmək, həmin əsərlərin
çapını sükutla qarşılamaq, həmin əsərlərə
biganəlik göstərmək mövcud olub və olacaq.
İstedad bir vergidir. Məsuliyyət
və zəhmətkeşlik, həmişə axtarışda
olmaq isə istedadı daha da zənginləşdirir. Bu işin bir tərəfidir, ikinci tərəfi isə
odur ki, istedadın özünü də axtarıb üzə
çıxarmaq lazımdır. Odur ki,
istedadlı ədibin əsərini tənqidçi oxumalı
və təhlil etməlidir, onun
yaradıcılığına biganə qalmamalıdır.
Bəzən belə də olur ki, istedadlı bir
ədibin yazdıqları tənqid olunur. Nəticədə
istedadsızlar “etalona”, “meyara”, “nümunəyə”
çevrilir. İsmayıl Şıxlının
sözləri ilə desək, “Ədəbi “etalonlar”dan
hansınasa xidmət göstərmək, onların “əlçatmazlığını”
saxlamaq naminə istedadla yazılmış əsərləri
(tənqidçi – B.X.) əzişdirir ki, yollar açıq
olsun””.
B.Xəlilov:
“İsmayıl Şıxlı yazıçıların əsərlərindəki
zəif cəhətlər, lüzumsuz uzunçuluqlar barədə
açıq, qətiyyətli fikir söyləməyi tənqidçilərin
qarşısında mühüm vəzifə hesab edir. Odur ki, o tənqidi də, tənqidi dinləməyi də
bir bacarıq sayır. Müstəqil fikirdən
uzaq olanları tənqidçi kimi qiymətləndirmir. Özlərindən başqa, digərlərinə
meydan verməyən ədiblərin fəaliyyətini ədəbiyyatımızın
inkişafına maneçilik kimi təqdim edir. Bu barədə söylədiyi fikirlərin biri o
birindən mənalı, məzmunlu və kəskin səslənir.
Məsələn, “Tənqidi bacarmaq lazım
olduğu kimi, tənqidi dinləməyi də bacarmaq
lazımdır. Ancaq bizim
yazıçılar mühitində tənqidi dinləmək
və lazımi nəticə çıxartmaq qabiliyyətinə
malik olmayanlar da çoxdur. Çox təəssüf
ki, bu bəla ən çox tanınmış və ədəbi
xidməti olan yazıçılara aiddir. Buraya
onların vəzifələrini və imtiyazlarını da əlavə
etsək mənzərə daha da aydınlaşar. Belə yazılar bir qayda olaraq çox vaxt
yaradıcılıqda geriləyirlər”.
İsmayıl Şıxlının tənqidçi və
yazıçı barədə bu dedikləri bütün
zamanlarda ədəbi tənqidin problemi olub və indi də belədir. İsmayıl
Şıxlı ədəbi-tənqidi görüşlərində
bəzilərinə qarşı olduqca qətiyyətli və
cəsarətli mövqe nümayiş etdirir. Əlbəttə, əsərin açıq
müzakirəsi, müzakirə prosesində fikir mübadiləsinə
imkan verilməsi, bir sözlə, obyektiv müzakirə ədəbi
prosesin inkişafına xidmət edir. Tənqidçinin
də, yazıçının da, oxucunun da məsuliyyətini
artırır. Nəticədə yüksək
bədii keyfiyyətləri ilə seçilən əsərlər
geniş meydan alır, yazıçının qiyməti
düzgün dəyərləndirilir, tənqidçinin
ümumən ədəbiyyatımızdakı rolu və
mövqeyi bilinir. Ancaq bunu da qeyd etmək
yerinə düşər ki, açıq, obyektiv müzakirələr,
fikir mübadiləsi hər bir şeyin həlli demək deyil.
Bu, ədəbiyyatın və ədəbi
mühitin taleyində mühüm amillərdən biridir.
Ədəbi-bədii təcrübə göstərir
ki, bəzən açıq, obyektiv müzakirələr və
fikir mübadiləsi üçün hər cür şəraitin
yaranmasına baxmayaraq yenə də yalançı təriflər,
saxtakarlıqdan, yaltaqlıqdan və şəxsi mənfəətdən
qaynaqlanan mövqelər ədəbiyyatın,
bütövlükdə ədəbi mühitin
inkişafına maneçilik göstərir. Müqayisə üçün qeyd edək ki, çağdaş
ədəbi mühitimizdə tənqid üçün hər
cür şərait var. Respublikada çap olunan qəzet və
jurnalların sayı indiki qədər çox
olmamışdı. Ancaq bu qəzet və
jurnallarda ədəbi tənqidin meydanı arzu olunan səviyyədə
deyil.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 20 noyabr.- S.11.