Dodaq
danışdıqca od tutar yanar...
1950-1980-ci illərin
Güney Azərbaycan şeiri
1950-1980-ci illərdə Güney Azərbaycanda da Quzey Azərbaycanda
olduğu kimi poeziyamızın ağır yükünü
çəkən şairlər onun dil və üslubca yeni
istiqamətlərdə inkişafına səy göstərirdilər. Güney Azərbaycan
şeirinin ən yaxşı nümunələrində bu
yeniləşmə məziyyəti aydın nəzərə
çarpır və buna 1950-ci illərdən sonra poeziya aləminə
qədəm qoyan ədəbi qüvvələrin
yaradıcılıq təcrübəsində sıx-sıx
müraciət olunurdu. Şairlər
gerçəkliyi fəal estetik mövqedən
işıqlandırarkən, sənət dilinin
orijinallığına xüsusi diqqət yetirirdilər.
Odur ki, 1950-1980-ci illər poeziyamızda sənətkarlıq
yetkinliyi, forma və məzmun birliyinin yeni mərhələsi
kimi dəyər qazanır. Şeir dilinə
təravətin gəlməsi təsvir və tərənnümün
istiqamətini, ruhunu təyin edən başlıca amilə
çevrildi, şeirin həyatı inikas üsuluna təsir
etdi. Nəticədə üslub yeksənəkliyi,
dil kasadlığı tədricən azalır, yenilik ruhu bədii
inikasa işıq saçırdı. Güney
Azərbaycan şeiri məhz bu məziyyətləri ilə dəyərli
görünürdü. Poeziya dilinin
möhkəm qanunları daxilində poetik mətn küll
halıında yüksək səviyyəyə qalxır,
güneyli şairlər lazımi yetkinlik səviyyəsinə
nail olurdu. Üslub müxtəlifliyi isə
1950-1980-ci illər Güney Azərbaycan poeziyasının
axtarışının əsasını təşkil edirdi.
Bundan əlavə bu dövr ərzində
Güney Azərbaycan şeirində mənəvi-psixoloji təhlili
gücləndirməyə ardıcıl meyl bədii təsvir
yollarının yeni istiqamətləri aşkarlanırdı.
Məhz bu dövr ərzində gen-bol təkrarlanan
deyim qəlibləri, söz düzümünün ənənəvi
imkanları tədricən aradan qalxmağa başladı.
Bu dövr ərzində eyni zamanda poetik
intellektin yüksəlməsi şeir dilinin aforitik məzmunla
dərinləşməsinə təsirsiz qalmadı, şeirin
obrazı və hikmət doğuran məzmununda dərin iz
buraxdı. Məhz Şəhriyar, Səhənd, Həbib
Sahir kimi şairlərin yaradıcılıq üslubu əsasında
belə bir fikri əminliklə vurğulamaq olar ki, 50-ci illərdə
şeirin varlığa fəlsəfi müdaxiləsinin
güclənməsi nəticəsində ifadə tərzində
də uğurlu dəyişikliklər baş verdi,
müdriklik düşüncəsinin dərinləşməsi
ilə şeir sənətinin dilində bu istiqamətdə
intensiv yeniləşmə hərəkatı vüsət
aldı. Həmin prosesin bir əhəmiyyətli
cəhəti də ondan ibarətdir ki, poeziya dili, bir çox
İran şairlərinin o vaxta qədərki dil
quruculuğundan irəliyə addım atdı, bədii təfəkkürün
müasir səviyyəsi poeziya dilinin müxtəlif meyllərində
yaranan püxtələşmə prosesində təzahür
etdi.
Bütün dövrlərdə ədəbiyyatın ən
tipik əlaməti ilk əvvəl onun dilində təzahür
edir.
1950-1980-ci illərin Güney Azərbaycan şeiri də
dövrünün narahatlığını, nigarançılğını
əks etdirərkən onun dilində ədəbi prosesin
üslubi təmayüllərini, estetik özünəməxsusluğun
izlərini hifz edir: şeirdə, dildə orijinallığa və
novatorluğa səylər özünü göstərməkdədir:
Ordakı
dil-ağız sözdən usanar,
Soruşun mətləbi tellər söyləsin.
Dodaq
danışdıqca od tutar yanar,
Gərəkdir zəxmələr, əllər söyləsin. (Səhənd)
Bu şeirdə şair ənənəyə sadiq qalaraq
qoşma formasının bütün tələblərini
yerinə yetirir. Lakin məna və deyiliş etibarilə
fikirlər tamamilə orijinaldır. Səhənd
bu poemanı sırf folklor abu-havasında yazıb.
Çünki “Dədə Qorqud”un öz
dili, ideyası, obrazları bizim gen yaddaşımdızın
güzgüsüdür. Qələmi əlinə
təsadüfi götürməmiş, istedadı bulaq kimi
qaynayan Səhənd “Dədə Qorqud”a müraciət edərkən
hansı əziyyətlərə qatlaşacağını,
hansı çətinliklərdən keçəcəyini
çox yaxşı bilirdi. Bunu da
yaxşı bilirdi ki, hökmən folklor deyilən xalq
kitabına mükəmməl bələd olmalıdır ki,
Azərbaycan ədəbiyyatının ana kitabı sayılan
“Dədə Qorqud” eposunun motivləri əsasında əsər
yarada bilsin. Lakin şairin özünə inamı,
folklor ənənələrinə intəhasız sevgisi və
onu əhatə eləyən problemləri folklor ənənələri
üzərində çözmək istəyi onu bu gur
çeşməli dəryaya baş vurmağa inandırdı
və şair bu dəryanı mahir bir dalğıc kimi
üzüb keçərək gələcək nəsillərə
ərməğan edəcəyi olduqca nəfis bir əsər
yaratdı:
Keçənlər
demişlər: “Hər həqiqətin,
Minlər surəti var, minlər üzü var.
Kimsə
nə baxışda baxarsa ona,
Öz baxışı qədər Haqqa yol tapar.
Səhəndin
hamımıza tanış olan “Dədə Qorqud” eposunun motivləri
əsasında yazdığı “Sazımın sözü” əsərində
həqiqət anlayışı, şairin bədii fəhminin,
heyrətamiz təxəyyülünün meydana gətirdiyi
olduqca mənalı, məntiqli, fəlsəfi cəhətdən
dərinliyi dərhal özünü biruzə verir.
Səhənd tarixi şəraitin böyük
ideyalarını əks etdirən bədii kəşflər
aparan sənətkardır. Şair bütün
yaradıcılığı boyu üfüqləri olduqca
geniş və aydın bir yolla – həqiqi şeir-sənət
yolu ilə addımlayıb, folklorun bütün ənənələrinə
millilikdən yoğrulmuş qəlbilə riayət edib.
Poeziya tarixinin zəngin təcrübəsi dəfələrlə
sübut edib ki, şeir dilində özünütəkrar
yaradıcılıq böhranının
başlanğıcıdır. İstənilən
obrazın və onun maddi ifadəçisi sözün ifrat təkrarı
geriləmə əlamətidir və bu geriləmədən
yeganə xilas yolu isteda¬dın zəhmətə
qatlaşmasıdır. Şeir dili zəhmətlə
yoğrulmasa, cilalana bilməz. Poeziyada dil
vasitələrinin təkmilləşməsi, təravətlənməsi
daimi və gərgin yaradıcılıq prosesinin nəticəsidir.
Hazır obraz və söz təkrarları
estetik tələblərə uyuşmur. Buna
görə də şair sözün estetik tələblərini
incəliklərinə qədər bilməsə, onun gözəl
cəhətlərini, ülvi əlamətlərini, ən
xırda cəhətlərini duymasa, sözün tam mənasında
sənət hadisəsinə çevrilən əsər yarada
bilməz. Təsadüfü deyil ki, daim
öz əsərlərində təkrirlərdən, təşbihlərdən,
istiarələrdən, cinaslardan çox məharətlə
istifadə edən və heç zaman təkrara yol verməyən
klassiklərimiz daim misilsiz sərvətlər
yaratmışlar. 1950-1980-ci illər Güney Azərbaycan
poeziya dilinin cəhətlərinin bu sahədə əldə
edilən uğurların təsdiq və təqdiri
üçün kifayət qədər nümunələr
var:
Qorxma, bu
mavi göy altında yanan günəşin
Və üfüqlərdə gülən al şəfəqin
sönməyəcək.
İlk
baharında açacaq gül, ötəcək bülbüllər,
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək.
Dünya
durduqca Səhəndin uca bürcündə yanan,
Ol
gümüş rəngli ay yolları
aydınlaşdıracaq,
Axacaq nəhrlərin,
həm açacaq lalələrin,
Bir də
evlərdə inan, sönməyəcək od
və ocaq.
Ey mənim
şanlı elim, həmvətənim, al günəşim,
Ayna tək parlaq üfüq, dərya təkin çərx
əsir.
Ey
qadınlar, analar, bircə açın pəncərəni,
Sübh açılmaqdadı, sübhün yeli
dağlardan əsir.
(Həbib
Sahir)
Güney Azərbaycan poeziyası heç zaman şeir
qıtlığından əziyyət çəkməyib,
istər Təbriz, istər Ərdəbil, istərsə də
başqa azərbaycanlılar yaşayan bölgələrdə
ədəbi mühit bütün dövrlərdə ümumi
Azərbaycan poeziya xəzinəsinə töhfələr verməkdə
öz səxavətini əsirgəməyib. Lakin poetik
yaddaşda ancaq keyfiyyət dəyişmələrinə məruz
qalan nümunələr qallb. Bu mənada
1950-1980-cı illər də istisna deyil. Zamana uyğun
poetik ovqat dəyişdikcə onun üslubi funksiyasında
müəyyən təbəddülatlar özünü biruzə
verib və bu keyfiyyət əlamətləri ən çox
M.H.Şəhriyar, Səhənd, Sahir və b. kimi orijinal qələm
sahibləri¬nin yazı tərzində özünü olduqca
qabarıq şəkildə hiss etdirib.
Məlum məsələdir ki, şeir dili adi fikir ifadəsi
hududlarına sığmır, bu hududları aşıb həyat
həqiqətini öz poetik vüsətilə
canlandırmağa başlayır. Bu mənada yuxarıda
adı çəkilən şairlər möcüzəvi
işlər görmüşlər. Bu sənətkarlar
öz əsərlərini yüksək intellektə malik olan
insandan tutub, tamamilə savadı olmayan bir insan
üçün də anlaşıqlı edib, onların
şeirlərini oxuyan və yaxud eşidən insanlarla öz
aralarında olduqca səmimi bir dioloq, eyni zamanda hamıda əsərlərini
əzbər söyləmək həvəsi yaradıblar.
Həmin dövrdə Güney Azərbaycan poeziyasının
başlıca və diqqətəlayiq keyfiyyətlərindən
biri xalqımızın ictimai və mənəvi həyatına
daha yaxından təması olub. Eyni zamanda ulu
babalarımızdan bizə miras qalan mənəvi sərvətimizin
dərin köklərinə prinsipal şəkildə, yeni
baxışlarla yanaşmaq ədəbi prosesin tərəqqisinə
geniş imkanlar açıb. Bədii təfəkkürün
inkişafında 1950-1980-ci illərdə meydana gələn
poetik dil cilalanıb, yeni məziyyətlərlə zənginləşərək
həmin dövr şairlərinin yaradıcılıq
laboratoriyalarında olduqca mühüm keyfiyyətlər kəşf
edib.
Çox zaman şairləri üç yerə
bölürlər. Vətən haqqında yazan şairlər,
təbiət şairləri və aşiqanə şeirlər
yazan şairlər. Lakin ən əsasını
unudurlar. İrfan şairlərini. Azərbaycanın bütün klassikləri öz
yaradıcılıqlarını təsəvvüf
poeziyası üzrərində kökləyib və məhz bu
səbəbdən də misilsiz əsərlər meydana gətiriblər.
70 il Sovet rejimi zamanı Quzey Azərbaycan şairləri
qəddar quruluşun qorxusundan “Allah” kəlməsini belə
dillərinə gətirmədiklərinə görə, təsəvvüf
poeziyasından uzaq qaçıb, əsərlərini əsasən
diktatura rejiminin tələblərinə uyğun olaraq müsbət
sovet adamı obrazını yaratmağa qurban veriblər.
Əlbəttə, bununla yanaşı Quzey Azərbaycan
şairləri bəzən sözaltı mənalarla, bəzən
qəddar rejimin anlamadığı dərin fəlsəfi
fikirlərlə, bəzən adət-ənənə mənzərəsi
altında, bəzən poetik formalardan qaçmağın
poeziyaya ləkə gətirəcəyi bəhanəsilə
yuxarıda qeyd olunduğu kimi milli dəyərləri əziz
tutub, daim doğma dilə, genetik koddan qaynaqlanan yüksək mənəvi
keyfiyyətlərə lazımi qiymət verərək
onları yaradıcılıqlarının əsas ideya
qüvvəsinə çevirib və əslində hakimiyyətə
yarınmaq üçün deyil, xalqını, millətini, vətənini,
torpağını sevən qələm ustaları kimi
yazıb-yaradıblar.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-
2014.- 22 noyabr.- S.14.