Poetiklik, bədiilik, canlılıq, səlislik,
aydınlıq...
Xalq dilinin incəlikləri
və gözəllikləri
qaravəllilərdə əksini
tapıb
Qaravəlli mətnləri epik
növə daxil olan nağıl, lətifə, əfsanə,
rəvayət və
s. kimi janrlardan ciddi şəkildə fərqlənir: epik və dramatik növün fövqündə
dayanan, mətn-təhkiyə
tərəfilə epik
folklora, mərasimi tərəfilə dramatik folkora aid olan janrdır.
Azərbaycan folkloru olduqca zəngindir. Son illər
folklorşünaslığımızda bir çox problemlərlə bağlı
maraqlı araşdırmalar
yaranıb. İlk dəfə
olaraq 200-ə qədər
qaravəlli mətni geniş araşdırmaya cəlb edilib. Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi
uzun onilliklər ərzində diqqətdən
kənarda qalıb.
Folklorun epik və dramatik növlərini əhatə
edən bu janrın poetikasını
dəyərləndirmək çətin iş olub. Bu janrın
toplanması və tədqiqinə dair mövcud işlər isə qaravəllilərin
zənginliyinə uyğun
olmayıb. Şifahi xalq
ədəbiyyatı Azərbaycan
ədəbi düşüncəsinin
və Azərbaycan xalqının misilsiz söz inciləri xəzinəsidir.
Qaravəllilər epik növün əsas janrlarından olan nağıllarla lətifələr arasında
dayanan bir janr olduğundan onda nağıla və lətifəyə oxşar, həm də onlardan fərqli xüsusiyyətləri
var. İndiyə qədər
qaravəlli haqqında
söylənilənlər məlumat
xarakterli olub. Başqa tərəfdən,
qaravəllilərin toplanması
və nəşri, süjet və kompozisiyası, onların məzmunlarına görə
təsnifatı heç
bir tədqiqatçı
tərəfindən araşdırılmayıb.
Qaravəllilər haqda məlumatların
azlığı səbəbindən
indiyə kimi bir çox nağıl və lətifə kitablarında
yanlış olaraq qaravəllilər "nağıl"
və ya "lətifə" adı altında çap edilib.
Qaravəlli janrı indiyə kimi müstəqil, sistemli elmi araşdırma
mövzusu olmayıb; qaravəllilərin ayrıca,
müstəqil janr olmasına baxmayaraq indiyə qədər onların mövzularına
görə təsnifatı
verilməyib. Qaravəlli janrı Azərbaycan folklorunda ayrıca, müstəqil bir janr olsa da,
dünya xalqlarının
folklorunda "satirik nağıl", "nağıl-novella",
"novellavari nağıl",
"lətifə", "anekdot" və s. adlar altında ümumiləşdirilib.
Bu nümunələr sayca çox olmasa da, mövzu,
məzmun və ideya cəhətdən bir-birini tamamlayır. Qaravəllilər hansı adla təqdimindən asılı
olmayaraq əslində
hər bir xalqın etnik-milli yaddaşı, tarixi və yüzillər ərzində formalaşan
mənəvi dünyasının
əks-sədası olub,
xalqın öz dilini, adət-ənənələrini,
eləcə də milli xüsusiyyətlərini
özündə əks
etdirir.
Xalq yaradıcılığı
məhsulu olan qaravəllilərin dili ümumxalq dili olub, xəlqiliyilə seçilir. Folklorun digər epik
janrlarında, xüsusilə
satirik nağıllarda
və lətifələrdə
olduğu kimi, qaravəllilərin də əsasını canlı
xalq dili təşkil edir. Qaravəllilərdə həddən artıq
uzunçuluq, sözçülük,
artıq ifadələr
və kəlmələr
yoxdur. Poetiklik, bədiilik, canlılıq,
səlislik, aydınlıq
və oynaqlıq qaravəlli dilinin əsas xüsusiyyətidir.
Xalq dilinin bütün incəlikləri və gözəllikləri qaravəllilərdə
əksini tapıb.
“Keçmişdə fağır
bir kişi var idi. Bu kişi arvadını
çox istəyirdi. Arvadı da evdən bayıra
çıxmazdı. Əri
ona "qapı-bacaya çıx" deyəndə
o cavab verərdi: - A kişi, quşların,
heyvanların içərisində
erkəkləri də
var. Onlar naməhrəmdi,
onun üçün qapı-bacaya çıxmıram.
Mənim
üzümü görərlər,
günaha bataram, o dünyada cəhənnəmlik
olaram". Hər bir
qaravəllidə onun yarandığı dövrün
ab-havası, o zamanın
nəfəsi duyulur.
Qaravəllilərin əksəriyyəti
orta yüzillərdə
yarandığı üçün
onların dilində də daha çox
həmin dövrə uyğun olan sözlər - "padşah",
"şah", "vəzir",
"vəkil", "qazı",
"tacirbaşı", "əkinçi", "cütcü",
"molla", "axund",
"dərviş", "şeyx" və s. işlədilir.
Qaravəlli tamaşaları Azərbaycan
xalq meydan teatrı formalarından biri olub. Qaravəlli tamaşalarında
zəngin xalq tamaşalarının, xalq
dramlarının və
xalq oyunlarının ənənələrindən geniş
istifadə edilirdi.
Azərbaycan xalq tamaşalarında
yuxarı təbəqənin
nümayəndələri ilə
aşağı təbəqənin
nümayəndələri, eləcə də azad, mütərəqqi düşüncə sahibləri
ilə mürtəce və mühafizəkar fikir sahibləri arasında daim ölüm-dirim mübarizəsi
gedib, onlar həmişə bir-birlərilə
əsaslı şəkildə
qarşıdurmada olublar.
Belə bir mübarizə şəraitində
xalq ümumi inkişafa mane olan mənfilikləri, nöqsanları,
naqislikləri - ümumiyyətlə,
hər növ ictimai bəlaları aradan qaldırmaq üçün "Məsxərə",
"Hoqqa" oyunları,
o cümlədən "Məzhəkə"
və "Qaravəlli"
kimi komediya tamaşaları yaradıb.
Bununla da xalq cəmiyyətin bütün eybəcərliklərinə
qarşı mübarizə
aparıb, yumor və satira silahı ilə tənqid hədəflərini
sərrast nişan
alıb, tamaşaçıları
bəşəri ideyalar
uğrunda mübarizəyə
səsləyib. Bu
tamaşalarda gülüş həqiqəti, ədaləti,
humanizmi ifadə etmək üçün bir vasitə olub,
ağılla hisslərin, arzu və həqiqətin arasında
üzvi bir əlaqə yaratmağa yönəldilib. Qaravəlli tamaşaları qədim azərbaycanlıların
müxtəlif münasibətlərlə təşkil etdikləri
ayrı-ayrı mərasimlərdən və onların müəyyən
istəklərindən yaranıb, inkişaf edib. Zaman keçdikcə xalq tamaşaları, xalq
dramları və qaravəlli tamaşaları da tamamilə
müstəqilləşib, mövzu rəngarəngliyi və
gözəl sənətkarlığı ilə diqqəti cəlb
edib.
Ə.Haqverdiyev qeyd edir ki, xalq tamaşaları hər
zaman xalqın həyatında mühüm rol oynayıb. Açıq
meydançalardan, həvəskar camaatın gözü
qabağında heç bir dekorasiyadan istifadə etmədən
oyun çıxaran müxtəlif sehrbazlar, kəndirbazlar və
yalançı pəhləvanlar kütlənin diqqətini
özünə cəlb edib. Məşhur ədib bir
zamanlar Azərbaycanda meydan aktyorlarının göstərdiyi
"Şəbi oyunu" adlı teatra oxşayan
tamaşanı da xatırlayır və bu tamaşanın
qısa məzmununu da verir: "Tamaşada iştirak edənlər
tənbəl Şəbi və onun atasından ibarət idi. Şəbi işləmək istəmir, atası onu
danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib
işə qurşansın. Şəbi isə
evdə oturmaq üçün min cürə bəhanə gətirir.
Onun hər bir bəhanəsi şiddətli
gülüş doğurur".
Qaravəlli tamaşaları tamaşaçıları
güldürüb, eyni zamanda düşündürüb. Bu cəhətlərinə
görə qaravəlli tamaşaları həmişə
tamaşaçılar tərəfindən sevilib və qiymətləndirilib.
Qaravəlli yaradıcıları onları yaradarkən bir
neçə məqsəd güdüblər: birincisi, o
dövrün gopçu, yalançı adamlarına,
xüsusilə, şişirtmə, reallıqdan kənar ov macəraları
uyduran ovçularına gülmək; ikincisi, bəzən bir
şeyə nail olmaq istəyəndə bu tip yalanlar
danışmaqla kimin daha çox fantaziyaya malik olduğunu
nümayiş etdirməklə həmin əşyaya sahib olmaq;
üçüncüsü, reallıqdan kənar olan,
gülüş, məzəlik doğuran epitet və təşbehlərlə,
dinləyicilərdə təbəssüm, xoş ovqat yaratmaq.
Bu növ qaravəllilərdə "Çaxmağı yox
tüfənglə quş vurulur", "Tiyəsi yox
bıçaqla ov soyulur", "Ördəyin əti
altı yox qazanda bişirilir", "Qarışqa
şıllaq atıb, dəvənin buynuzunu
sındırır", "Aftafadan su zəmiyə
töküləndə o, gurhagurla yanmağa
başlayır", "Qarpızın üstündə
körpü salınır və onun içərisində
üç gün-üç gecə yol gedilir",
"Baldırı qırıq hörümçəyin belinə
xurcunla minib, Araz çayı keçilir", "Dəvənin
qarnı yarılıb oradan fil çıxarılır" və
s. Bu ifadələr qaravəlli oxucularında və dinləyicilərində
təbəssüm, xoş əhvali-ruhiyyə yaradır,
günlərlə davam edən nağıl, dastan məclislərində
tamaşaçıların bir növ yorğunluğunu çıxarır,
onlara sanki yeni nəfəs, yeni ruh bəxş edir. Bu tip
nümunələr, dünyanın əksər xalqlarında
geniş yayılıb və populyarlıq qazanıb. Bu növ qaravəllilərin belə populyarlıq
qazanması yazılı ədəbiyyata da təsir edib.
Azərbaycan ədəbiyyatında
Ə.Haqverdiyevin, S.S.Axundovun və başqalarının bir
sıra əsərlərində bu tip qaravəllilərin təsiri
hiss olunur. Dünya ədəbiyyatında isə E.Rapsenin
"Baron Minhauzenin sərgüzəştləri" əsərində
Baron Minhauzenin başına gələn sərgüzəştlərin
əksəriyyətində belə qaravəllilərin əlamətlərini
açıqca hiss etmək mümkündür. Gopçu
Baronun "Top gülləsinə minib aya uçması",
"Qışda kilsə qülləsinə
bağladığı atının qar əridikdə qüllədən
asılıb qalması", "Maralın başında
albalı ağacının bitirməsi", "Bir neçə
ördəyi eyni vaxtda sünbəyə keçirməsi və
o andaca onların göydə kabab olaraq yerə düşməsi"
və s. qaravəllilərin yalan-palan növündəki
söylənən şişirtmə, uydurma, yalan və
goplarla çox uzlaşır.
Tahir Orucov,
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 22 noyabr.- S.13.