“Qarabağın arxeoloji
abidələri xəritəsi”
Qarabağ neolit-eneolit
ekspedisiyası tərəfindən tədqiqatlar
aparılır
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alıməmmədov rəhbəri olduğu Qarabağ neolit-eneolit ekspedisiyasının əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri ilə yanaşı, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat işləri aparib. AMEA-nın məlumatına görə, İsmayılbəytəpə neolit dövrü yaşayış yerində 2013-cü ildə qazıntılarına başlanılmış 15 saylı tikili qalığı bütünlüklə qazılaraq təmizlənmişdir. Düzbuçaqlı plan quruluşuna malik olan tikili qalığı iki otaqdan ibarət olub, samansız çiy kərpiclə inşa edilmiş, divarların möhkəmliyi kontraforslar vasitəsilə təmin edilmişdir. Otaqlar arasında havalandırmanı təmin etmək üçün xüsusi dəlik açılmışdır. Divarlar bünövrəsiz olub, birbaşa xam torpağın üzərində inşa edilmişdir. Döşəmələr isə oxra əlavə edilmiş samansız palçıqla suvanmışdır. Ən maraqlı tapıntılar isə böyük sapand daşlarıdır. Çəkisi-250-650 qr arasında dəyişən samansız çiy palçıqdan hazırlanmış bu sapand daşları ancaq İsmayılbəytəpə üçün xarakterikdir.
Qazıntılar zamanı C14 və paleonoloji analizlərin aparılması üçün hər bir təbəqədən nümunələr götürülmüşdür. Qeyd etmək istərdik ki, aşkar edilmiş bu artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz neoliti üçün bir yenilikdir. Abidənin əlverişli yerləşmə vəziyyəti və tarixi-arxeoloji baxımdan unikallığı onun müzeyləşdirilməsi məsələsini aktual edir.
Arxeoloji kəşfiyyat işləri əsasən Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılmışdır. Ilk dəfə olaraq Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş nəticədə 30-dək müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir. Meşə ərazisində aparılmış kəşfiyyat işlərinin əsas maraqlı cəhəti ondan ibarətdir ki, bu abidələrin böyük əksəriyyəti neolit və eneolit dövrünə aiddirlər və onlar ilk dəfə olaraq qeydiyyata alınmışdılar.
Bərdə rayonu ərazisində Xaçınçayın sol sahili və onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılmış, 10 neolit və Leylatəpə mədəniyyətinə aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınmışdır. Bu abidələr də ilk dəfə olaraq qeydiyyata alınmışdır. Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxmışdır. Ağcabədi rayonu ərazisində Sarıcalı və Hindarx kəndləri arasında olan 40 kv.km ərazidə aparılmış kəşfiyyat işləri nəticəsində 11 yeni neolit dövrünə aid yaşayış yeri qeydiyyata alınmış, ölçü işləri aparılaraq topoqrafiq planları hazırlanmışdır.
Çöl-tədqiqat mövsümündə ekspedisiyanın topoqraf qrupu tərəfindən 115 neolit və eneolit dövrü yaşayış yerlərində ölçü işləri aparılmış, onların topoqrafiq planı və relyef görüntülərinin 3D formatı hazırlanmışdır. Neolit dövrü abidələrilə yanaşı Qarabağın ən böyük kurqanı olan Sultanbud kurqanında da topoqrafiq-ölçü işləri aparılmışdır. Diametri 300 m-də çox olan kurqan hündürlüyü 14 m olan platforma üzərində inşa edilmişdir. Platforma ilə birlikdə onun hündürlüyü 33 m-dir.
AMEA Rəyasət Heyətinin tarixli qərarına əsasən “Qarabağın arxeoloji abidələr toplusu”nun I cildinin tərtibi artıq başa çatmaq üzrədir. Bu kitabda “Qarabağ neolit-eneolit ekspedisiyası”nın 2010-2013-cü ildə apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydiyyata alınaraq xəritələşdirilmiş 100 neolit və eneolit dövrü abidəsi haqqında məlumat verilmişdir. Belə ki, topluda hər bir abidənin 3 dildə-azərbaycan, rus və ingilis dilllərində təsnifatı, onların fotoları, topoqrafiq planları, relyef görüntülərinin 3D formatı və onlardan aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin foto və qrafiq illustrasiyaları veriləcəkdir. Bunlardan əlavə oluraq topluya 1:50 000 miqyasında tərtib edilmiş “Qarabağın arxeoloji abidələri xəritəsi” də əlavə olunacaqdır.
Tərlan
Xalq Cəbhəsi.- 2014.- 26 noyabr.- S.15.