“Yazıçı hər şeydən əvvəl
vətəndaş olmalıdır”
Ismayıl
Şıxlı oxucuların məhəbbətini qazanmaq
üçün məhz yaxşı yazmağı əsas məsələlərdən
biri hesab edirdi
II
yazı
Xalq
yazıçısı İsmayıl Şıxlının
publisistikasında yaradıcılıq psixologiyası,
yaradıcı məsuliyyəti məsələsinə də
xüsusi toxunulur. Professor Buludxan Xəlilov bildirir ki,
İ.Şıxlı gənc nasirlərin mövzu rəngarəngliyi
və eləcə də bir sıra vacib məsələləri
təhlil edir, fikir, mülahizələrini
bölüşürdü. O, bədii nəsr
üçün ən zəruri şərhlərdən biri
kimi “Dərin həyati müşahidə, hadisələri,
insanları bütün təfərrüatı ilə öyrənmək
və bunları dövrün ictimai məsələləri ilə,
qabaqcıl ideyaları ilə üzvi bir vəhdətdə
götürüb təsvir etmək” bacarığını məsuliyyətə
çevirməyə çalışırdı: “O, gənc
nasirlərə mövzu seçmək, seçilmiş
mövzunu işləmək və onu həyat hadisələri
ilə bağlamaq, bu həyat hadisələrini bədii
yüksəkliyə qaldırmaq baxımından yanaşır
və iki əsas xüsusiyyətin nəzərə
çarpdığını qeyd edir”.
İsmayıl
Şıxlı “Gənc nasirlər haqqında”
yazısında (“Xatirəyə dönmüş illər”
kitabı (Xatirələr və məqalələr). Bakı,
Yazıçı, 1980) yazır: “Gənc nasirlərin əsərlərinə
bu cəhətdən yanaşdıqda iki xüsusiyyət nəzərə
çarpır: birincisi budur ki, onların bəzilərində
həyat müşahidəsi zəngindir, təsvir vasitələri
təbii və sadədir, ikincisi isə onların bəzilərində
müşahidənin azlığı, tiplərin
solğunluğu, dilin və hadisələrin süniliyidir”.
B.Xəlilov:
“İsmayıl Şıxlı ədəbiyyata bir qrup
sağlam nasirlərin gəldiyini görür, onların
yaradıcılığını qiymətləndirirdi.
Onların içərisindən gələcəkdə ən
gözəl roman müəlliflərinin yetişəcəyinə
inanırdı. Eyni zamanda gənc yazıçıların
diqqət yetirəcəkləri keyfiyyəti də unutmurdu”.
İndi də
İ.Şıxlının fikirlərinə diqqət edək:
“Gənc yazıçılar yadda saxlamalıdırlar ki,
realist sənətdə təbiilik və səmimiyyət
olmalıdır. Bu isə həyati və insanları
düzgün müşahidə etməklə yaradıla bilər”.
Araşdırmaçı
yazıçının publisistikasındakı bir məqama
da diqqət çəkir: “İsmayıl Şıxlı gənc
nasirlərin dili ilə bağlı maraqlı fikirlər irəli
sürür, onların dil və üslub xüsusiyyətlərinə
orijinal münasibət bildirir: “Bəzi gənc nasirlər əsərin
dilini, yaxşılığını ürəyə toxunan
sözlərin çoxluğunda görürlər. Bu, tamamilə
yanlışdır. Dilin gözəlliyi, hər şeydən əvvəl
onun sadəliyi təbiiliyindədir. Hər tipin xarakterinə,
yaşına, sənətinə, uyğun fikir tərzini, ifadə
formasını tapmaqdır”. İsmayıl Şıxlı ədəbiyyatda
müasirlik məsələsinə çox ciddi
yanaşır, bədii nəsrimizin materialları əsasında
inandırıcı və əsaslı müqayisələr
aparır, qənaətləri hesabına əsərlərin təhlilini
verir. O, müasirlik problemi və onun bədii ədəbiyyatda
inikasından bəhs edərkən üç başlıca cəhəti
qeyd edir. Hadisələr üç cür münasibətin
üzərində xüsusi olaraq dayanır. “Bu münasibətlərin
biri hər şeyi təsdiq edərək qeyd-şərtsiz qəbul
etmək, ətrafımızda baş verən hadisələrin
ictimai və fəlsəfi mahiyyətini dərk etmədən,
bu və ya digər məsələnin törəməsinə
səbəb olan sosioloji amilləri araşdırmadan, onun nə
kimi əxlaqi keyfiyyətlərlə bağlı olması ilə
maraqlanmadan bütün məsələlərlə
razılaşmaqdan ibarətdir”.
İsmayıl
Şıxlı bu cür həyat anlayışı üzərində
yazılan əsərləri əhəmiyyətsiz əsərlər
hesab edir. Ona görə ki, belə “... əsərlərin mərkəzində
dərin ictimai konfliktlər, xarakterlər toqquşması,
psixoloji gərginliklərlə dolu olan səhnələr
dayanmır. Yazıçının özü və qəhrəmanları
müstəqil düşüncə qabiliyyətindən məhrum
olduqlarına görə oxucuya heç nə vermir, hər
şey səthi, hər şey ötəri təsvir edilir”.
İsmayıl Şıxlı hadisələrə ikinci münasibəti
hər şeyi şübhə altına almaq, hər şeyi
inkar etməklə bağlayır. O yazır: “İkinci
münasibət hər şeyi inkar etməkdən ibarətdir.
Bu cür anlayışa malik olan yazıçılar (xoşbəxtlikdən
belələri azdır və heç zaman ədəbi və
ictimai fikrə təsir göstərə bilmir) aqnostizm
silahını özlərinə qalxan edərək müasir
həyatımızda baş verən bütün hadisələrə
şübhə ilə yanaşırlar”. Bütün dövrlərdə
belələri olub və indi də var. Odur ki, İsmayıl
Şıxlının bu münasibəti bütün zamanlar
üçün özünü doğruldur”.
İsmayıl
Şıxlının bədii ədəbiyyatda analitik
münasibətlə bağlı fikirləri də
maraqlıdır: “Analitik münasibət deyərkən nəyi
nəzərdə tuturam? Məlum bir həqiqətdir ki,
yazıçı hər şeydən əvvəl vətəndaş
olmalıdır. Həm də ehtiraslı, öz
torpağına, öz ölkəsinə bağlı olan, onun
taleyi ilə daim maraqlanan, daim narahatlıq keçirən, daim
düşünən, daim çətinliklərdən
çıxış yolu axtaran, qüsurlara qarşı
amansız bir ehtirasla çarpışan, öz estetik
amalı uğrunda vuruşarkən özünü belə
unudan fədakar bir vətəndaş olmalıdır.
Yazıçı həyatımızın inkişafına
kömək etməlidir”.
B.Xəlilov:
“O, Azərbaycan sovet nəsrinə nəzər salır və
nəsrimizdə hadisələrə analitik münasibətin
qabarıq şəkildə özünü göstərdiyini
qeyd edir. Azərbaycan sovet nəsrində nasirlərin bir
çoxunun əsərlərində hadisələrin siyasi,
psixoloji təhlilinin verildiyi, hadisələrin xarakteri və
yaranma səbəblərinin düzgün müəyyənləşdirildiyi
açıqlanır”.
Araşdırmaçı
vurğulayır ki, İsmayıl Şıxlı ədəbiyyatda
müasirlik məsələsinə mövqeyini bildirərkən
müasir mövzular və tarixi mövzular məsələsinə
də toxunur, burada yazıçının düzgün
mövqe tutmasını, məsələyə həssas
yanaşmasını, prosesləri və hadisələri
düzgün dərk etməsini bir axtarış kimi qiymətləndirir.
“Müasir məsələlərdən yazmaq tarixi
mövzularda əsər yazmaqdan xeyli fərqlidir. Bu fərq
birinci növbədə ondan ibarətdir ki, tarixi mövzulardan
yazan yazıçı nisbətən tamamlanmış,
artıq müəyyənləşmiş hadisələrdən
bəhs edir, müasir mövzudan yazan yazıçı isə
hələ davam etməkdə olan prosesləri qələmə
alır. Bu prosesin düzgün bədii inikasını vermək
yazıçıdan uzaqgörənlik və həssaslıq tələb
edir”.
Ismayıl
Şıxlı ürəklərə yol tapmaq
üçün, oxucuların məhəbbətini qazanmaq
üçün məhz yaxşı yazmağı əsas məsələlərdən
biri hesab edir. Bunun üçün yazıçı, şair
müdrik olmalı, üzaqgörənliklə hadisələri
qələmə almalıdır. O, oxuculara təqdim edəcəyi
əsərin məsuliyyətini dərindən dərk etməli,
hadisələrə analitik münasibətlə
yanaşmalı, beyinlərə, ürəklərə təsir
edə biləcək bütün imkan və vasitələrdən
istifadə etməlidir. Ona görə də şair,
yazıçı özünü tapana qədər
axtarışda olmalıdır. O, özünü şeirdə,
yaxud da nəsrdə tapa bilmirsə, onda oxucuların hissi ilə
oynayacaq, onların tələbləri ilə ayaqlaşa bilməyəcək.
İsmayıl Şıxlı adətən gəncliyin ədəbiyyata
gəlişində şeirə marağın üstün
olduğunu qeyd edir. O yazır: “Adətən insan gənclik illərində
qəlbində doğan duyğuları poetik vasitələrlə
ifadə etməyə çalışır. O hər yerdə
və hər hadisədə şeriyyət axtarır. Bu, təbiidir.
Çünki əslində gənclik özü şeriyyət
deməkdir. Lakin bu həyati şeiriyyəti poetik vüsətlə
vermək üçün təbii və böyük istedad
lazımdır. Həyatın şeiriyyətini nəsrlə də
vermək mümkündür, nəzmlə də. Lakin bir
şərtlə: istedad təbii olmalıdır. Qafiyə
kasadlığı çəkməklə, fikir
yoxsulluğunun əlində həlak olmaqla yaxşı əsər
yazmaq olmaz. Necə deyərlər, şair olmaq
üçün şeir yazmaq, nasir olmaq xatirinə
kağız qaralamaq boş zəhmətdir”.
İ.Şıxlının sənətlə bağlı düşüncələrini təhlil edən B.Xəlilov bildirir ki, o, sənətdə zahiri cəhəti axtarmağı acizlik sayıb, yazıçının, şairin, sənətkarın uğur qazanmasında məsuliyyət hissini meyar hesab edib. Həyat yolu, sənətkar yolu, eləcə də niyyəti düzgün olduğu üçün çəkinmədən özü-özünü təhlilə cəlb edərək yazıb: “Hadisənin daxili dramatizmini açmaqda çətinlik çəkdiyimə görə təsiredici ifadələr, “şairanə” sözlər axtarmışam. Əlbəttə, bu, zəiflik əlamətidir. Mən bu qənaətə gəlmişəm ki, sənətdə zahiri effekt axtarmaq ancaq acizlik əlamətidir. Mən hər hansı bir sənəti seçərkən, hər hansı bir peşəyə sahiblənərkən insanlarda məsuliyyət hissinin güclü olmasını əsas meyar kimi qəbul etməyi vacib bilirəm. Yaradıcılıq aləminin adamlarında isə bu məsuliyyət hissi birə-on qat güclü olmalıdır”. Yazıçı əsəri, şair şeiri təkbaşına yazır, ancaq bu yazılanlar ümumxalqın malı olması üçün müxtəlif proseslərdən üzüağ çıxmalıdır. Belə ki, şair, yazıçı yazdıqlarını dəfələrlə ölçüb-biçməlidir. Böyük məsuliyyət hissi ilə yanaşaraq yazdıqlarının üzərində dəfələrlə işləməlidir. Yazılmış əsər üzərində bütün işlər çapa qədər görülüb qurtarmalıdır. Bu mənada İsmayıl Şıxlı nəyi təqdir etdiyini, nəyi inkar etdiyini çox dəqiq və dürüst bilməklə yanaşı, onu dəqiq və dürüst şəkildə təqdim etməyi də ustalıqla bacarır. Fikir verək: “Yazıçı müdrik olmağa çalışmalıdır. Oxucular onun fikir ziyasından azacıq da olsa işıqlanmaq istəyirlər. Onlar yazıçıya ideal fikirlər carçısı kimi baxırlar, məhz buna görə də yazıçı hər sözünə, hər əsərinə, hər hərəkətinə böyük məsuliyyət hissi ilə baxmalıdır. O, əsərini oxuculara təqdim edənə qədər onun üzərində dönə - dönə işləməlidir”. Yaxud: “Mən əsəri oxuculara təqdim edildikdən sonra onu dönə - dönə işləməyin, yeni-yeni variantlar yazmağın əleyhinəyəm. Bütün bu proseslər mümkün qədər çapa qədər baş verməlidir”.
İsmayıl Şıxlı istedadlı gənclərin yaradıcılığı ilə bağlı maraqlı fikir söyləyir, məsləhətlər verir. Bununla bir növ ədəbiyyata gələn istedadlı gəncləri məsuliyyətli olmağa çağırır, eyni zamanda onların yaxşı əsər nümunələri yaratmasını müqəddəs borc kimi nəzərlərinə çatdırır. İsmayıl Şıxlının gənc istedadlara verdiyi məsləhətlərin tezisi bunlardır: “... Mən gənclərə məsləhət görərdim ki, həmişə yaxşı nümunələri əsas götürsünlər. Gənc yazıçılar ilk növbədə onların əsas silahı olacaq dili mükəmməl öyrənməlidirlər. Bizim Azərbaycan dilinin zəngin poetik imkanlarından istifadə etməlidirlər. Sadəliklə adiliyi seçə bilməlidirlər. Elə ifadələr tapmalıdırlar ki, hər sözün özündə belə daxili dramatizm olsun. Ancaq çox vaxt dilin adi axınını duymayın, qrammatik qaydaları belə bilməyən adamların roman və povestlərinə rast gəlirik. Bəzən belə hallar da olur ki, hər şey yerindədir, ancaq əsərin emosional təsir gücü hiss edilmir. Kəlmələr ölü olur”. İsmayıl Şıxlı axtarışda olan və bu yolda narahatlıq hissindən məhrum olan gənc istedadlara da yol göstərir. Təkcə istedadına arxayın olmaqla yazıb yaratmağı məqbul saymır. Belə hesab edir ki, təkcə istedadına arxayın olanlar “müasir tələblərlə ayaqlaşa bilməz”.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 26 noyabr.- S.11.