Diriyəm nəfəsim var, ölməmişəm səsim var

 

Bilirəm, bilirsən, nədir kədərim...

 

Güney Azərbaycan şairlərinin şeirlərində də xalq adət-ənənələrinin bədii əksi daim ön planda olub, əcdadlarımızdan bizə miras qalan adət-ənənələr olduqca qabarıq bir şəkildə onların yaradıcılığında öz əksini tapıb və gələcək nəsillərə ötürülmək üçün olduqca böyük əhəmiyyət kəsb edib. 1950-1980-ci illərdə yazıb-yaradan şairlərin əsərlərində isə bu, daha parlaq şəkildə özünü nümayiş etdirməyə başlamışdı. Belə ki, bu dövrün şairləri də şah rejiminin bütün təzyiqlərinə baxmayaraq Azərbaycançılıq ideyaları ilə çıxış etməklə yanaşı, məhz Azərbaycan xalqına aid olan adət-ənənələri özlərinin olduqca dəyərli əsərlərində bədii mənzərələrlə, canlı lövhələrlə, estetik poeziya görüntülərilə əks etdiriblər. Məlum olduğu kimi bu dövr Əmir Xosrov Dərainin, Məmmədəli Məhzunun, Həbib Sahirin, Mir Mehdi Şavuşinin, Haşım Tərlanın, bütün türk dünyasının nəhəng şairi Şəhriyarın, Yəhya Şeydanın, Müzəffər Dirəfşinin, Sönməzin, Savalanın, Səhəndin, Firudun Hasarlının, Hüseyn Düzgünün, Gəncəli Səbahinin və başqalarının yaradıcılı¬ğının ən parlaq dövrüdür. Məhz bu dövrdə lirik, liro-epık şeirlər, bədii nida və bədii suallarla son dərəcə zəngin olan poeziya nümunələri meydana gəlib.

Məhz bu dövrdə Güney Azərbaycan şairlərinin yaradıcılığında yüksək sənətkarlıqla, həqiqi şeir, poeziya dilində, son dərəcə zəngin, emosional dildə yazılmış əsərlər yarandı. Misralardakı sərrast¬lıq, axıcılıq, sözə qənaət, yığcamlıq, üslubdakı qüvvət, Güney Azərbaycan şeirinin tarixi-milli zəmində inkişafı, ənənə və nova¬torluq daha qabarıq, daha parlaq bir şəkildə özünü göstərməyə başladı. Bu dövr Güney poeziyasında şifahi xalq yaradıcılığı ruhunda, aşıq şeiri ənənələri üzərində köklənən sadə və axıcı misralar, bənzərsiz deyim tərzi güneyli şairlərin rübabı üçün çox səciyyəvidir. Onlar duyğularını doğma dilimizdə bəzək-düzəksiz, son dərəcə təbii və səmimi ifadə edirdilər:

 

Çox da öz elimdə, Vətənimdəyəm,

Yadların əlində əzilən mənəm.

Öz doğma dilimdə danışsam da mən,

Dili xəncər ilə kəsilən mənəm.

 

Süleyman Rüstəmə dərd olub vətən,

Göz yaşı ələnib şeirlərindən.

Rüstəm olmasaydı, deyərdim ki, mən,

Əli hər tərəfdən üzülən mənəm.

 

Bilirəm, bilirsən, nədir kədərim,

Qaranlıq gecədir aydın səhərim.

Çap üzü görməyən söz incilərim,

Taxçada yan-yana düzülən mənəm.

 

Qan qardaşım deyir keçdim varından,

Ah çəkdi baxdıqca öz diyarından.

Zamanın eybəcər barmaqlarından

Babəkin al qanı süzülən mənəm.

 

Məlumdur ki, vaxtilə Süleyman Rüstəm Quzey Azərbaycan şairlərinin bir qismi ilə məktublaşıb və istər Süleyman Rüstəm, istərsə də güneyli şairlər Vətən həsrətini, Vətənin birləşməsi arzusunu, bundan da əlavə onları narahat edən ağrı-acıları şeir diliylə sətirlərə köçürərək bir-birinə bildirdirirdilər. Haşım Tərlan da Süleyman Rüstəmlə məktubla¬şan şairlərdən biri olub. Məlum olduğu kimi “Güney kə¬dəri” Süleyman Rüstəmin yaradıcılığında əsas ideya və mövzu dünyasını təşkil edirdi. Lakin Süleyman Rüstəm öz vəzifəsini təkcə yazışmalarla, məktublaşmalarla, ayrılıq nidaları altında tutarlı əsərlər yazmaqla bitmiş hesab etmirdi. Quzey Azərbay¬candakı qədər Güney Azərbaycanda da sevilən şair, Güney Azərbaycanda gedən ədəbi prosesi müntəzəm olaraq izləyir və mətbuatda buna öz münasibətini bildirirdi.

Lakin Süleyman Rüstəm tək deyildi. Güney şairlərin quzeyli şairlərə olduqca güclü sevgisi və marağı olduğu kimi, quzeyli şairlərin də güneyli şairlərə intəhasız bir məhəbbəti vardı. Səməd Vurğun, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və başqaları Şəhriyarın, Səhən¬din, Həbib Sahirin, Haşım Tərlanın, Balaş Azəroğlunun, Əli Tudənin, Mədinə Gülgünün, Hökümə Billurinin və bir çox güneyli şairlərin yaradıcılığına maraq göstərirdilər. Özü də bu sevgi, bu maraq yuxarıda qeyd olunduğu kimi qarşılıqlı idi. Şəhriyar “Süleyman Rüstəmə cavab” şeirində Quzey Azərbaycana, onun əhalisinə, şairlərinə hududsuz eşqini bu cür bəyan edirdi:

 

Qardaşların gözündən öp,

Bəxtiyarın üzündən öp,

Səmədin də sözündən öp,

Mən də təkəm sizə qurban,

Tək canım hammuza qurban!

 

Şair Sönməz Quzey Azərbaycana səmimi qəlbdən necə bağlı olduğunu, Quzey Azərbaycanın görkəmli şairi Nəbi Xəzriyə həsr etdiyi şeirdə bu cür izah edirdi:

 

O, gözəlliklərin uca zirvəsi

Mən o zirvələrdən qalxıb aşıram.

Görərkən müşküldür onun görməsi,

Xəyalən onunla qucaqlaşıram.

 

Göründüyü kimi o taylı, bu taylı Azərbaycan şairləri ayrı-ayrı quruluşlarda, ayrı-ayrı dövlətlərdə yaşasalar da, ruhən bir-birinin əlindən tutaraq, yalnız bir-birilərini başa düşəcək gizli, səssiz bir fəryadla Vətən həsrətinə son qoymaq üçün mübarizə aparırdılar. Bu isə çox çətin və ağır bir iş idi. Özü də quzeylilərdən çox güneylilərin öhdəsinə düşürdü. Çünki quzeyli şairlər caynaqlarını xalqın boğazına keçirmiş Sovet İttifaqının yox olacağına ümid eləmirdilər. Lakin güneyli şairlər şahlıq rejiminin bir gün çökəcəyinə və quzeyli qardaşlarını qorxub-çəkin¬mə¬dən bağırlarına basacaqlarına böyük ümidlər bəsləyirdilər. Şübhəsiz, bu, onların yaradıcılığında açıq-aşkar özünü biruzə verirdi.

Məhəmmədəli Fəxrəddin Məhzunun yaradıcılığının böyük bir hissəsi Təbrizlə, Tehranla bağlı olsa da, 1899-cu ildə Quzey Azərbaycanın Gədəbəy elində anadan olduğu və 39 il Quzey Azərbaycanda yaşadığı üçün bu ona, quzey mühitində yazıb-yaradan şairlərin əsərlərini mütaliə eləməyə, onların da müsbət cəhətlərini mənimsəməyə imkan yaratmışdı. Məhzun daim yenilik axtaran sənətkar olmuşdu. Belə ki, şeirləri həmişə ictimai məzmun daşıyıb. Məhzunun məziyyətlərdindən biri də şeirin cürbəcür növlərindən, o cümlədən qəzəl, rübai, bayatı, qoşma, eyni zamanda klassik poeziyadan miras qalmış şərqi və nəğmələrdən olduqca peşəkarcasına istifadə etməsidir.

Bundan əlavə qəddar şah rejimindən bezib Quzeyə üz tutan güneyli soydaşlarımızda daim bir Güney həsrəti olduğu kimi, Məhzunun bir çox əsərlərində Quzey həsrəti, Quzey yanğısı olduqca qabarıq şəkildə özünü biruzə verməkdədir:

 

Diriyəm nəfəsim var,

Ölməmişəm səsim var,

Çırpınıb uçammıram,

Dəmirdən qəfəsim var.

Gəzim haranı, dağlar,

Dağı, aranı dağlar,

Mən istərəm görüşəm,

Kəsib aranı dağlar.

Bağbanam, gülüm yandı,

Gülsüz bülbülüm yandı,

Vətən, vətən deməkdən,

Ağzımda dilim yandı.

 

Məhzunun bu kimi bayatılarında fəallıq, kəskinlik və mübarizlik ruhu şairin müraciət etdiyi bədii forma və üsullarda özünü göstərir. Ustad şair ümumiyyətlə, bu cür əsərlərini polemik dillə, yaxud lirik monoloq səpkisində yazıb və bu formaların hamısında şairin lirik “Mən”i çox fəal şəkildə təzahür edir.. “Mən” onun yaradıcılığında adi ifadə vasitələrindən biri deyil, bir sistemdir, bütöv bir üslub, vahid poetik mübtədadır:

 

A dostlarım, qürbət elə düşəndən,

Qohum-qardaş, Vətən deyən mən oldum,

Qumru kimi ayrı düşən çəməndən,

Qəfəs içrə çəmən deyən mən oldum.

Başına döndüyüm ağır ellərim,

Ömrümün bağında qızıl güllərim,

Vəfalı, hörmətli qara tellərim,

Qərib elə yalqız köçən mən oldum.

Bəlalı olubdur əzəldən başım,

Uzaq ölkələrə atılmış daşım,

Qurumaz üzümdən qanlı göz yaşım,

Qohumlardan əlin üzən mən oldum.

 

Məhzun öz əsərlərində bütün mümkün vasitələrdən, xüsusən klassik şeirin müxtəlif bədii formalarından istifadə edərək, şeirin bədii gücünü və imkanlarını, ənənəvi təsir qüvvəsini yüksək peşəkarlıqla səfərbər edir. Şairin novatorluğu açıq formal əlamət¬lərdə, texniki elementlərdə əks olunmasa da, şeirin ruhunda və mənasında özünü qabarıq şəkildə göstərir və bədii novatorluğun müxtəlif formalarını təşkil edir.

Bu dövrdə Güney şeiri istər tematik, üslubi, istərsə də proble¬matika baxımından zəngin və çoxcəhətlidir. Sadə, səmimi, rəvan və axıcı, bir sözlə, xəlqi hisslərlə yanaşı, siqlətli mənanın, ictimai məzmunun ifadəsinə çox səy edlilir. Məhz bu səbəbdən də o dövrdə yazıb-yaradan şairlərin lirikasında ilkin şərtlərdən biri varlığın, xilqətin, predmetin poetik mənasıdır:

 

Mən zaman şairiyəm,

Qələmim qan yazacaq, qan yazacaq.

Məni şair yaradıb ölkəmizin faciəsi,

Nə gözəl qız, nə yaban göz

Nə gözəllər baxışı, nə yarın şux yerişi

Şeirimin bülbülü yox, meyi yox, mütrübü yox,

Daha yer yox onlara söz qoşasan,

Daha tarix onlara yer verməz,

Bu zaman qan günüdü,

İndsi tarix risalət istər.

İndi şair əgər

İnsanların azadlığına söz qoşsun.

 

Əmir Xosrov Darainin sərbəst vəzndə yazdığı bu ictimai-fəlsəfi şeirdə təsvir obyektinin müstəqim müraciət üsulu, eyni zamanda aydın bir şair təfəkkürü nümayiş olunur. Folklora və klassik ədəbiyyata münasibətdə ən doğru mövqe tutan, ənənənin rolunu çox düzgün başa düşən Güney Azər¬baycan şairləri istər şifahi xalq şeirinin, istərsə də klassik poeziyanın poetik formalarına həmişə həssaslıqla yanaşıb, bun¬lardan çoxunu; qoşma, gəraylı, bayatı, oxşama, məsnəvi, üçlük, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq (müqəddəs), yed¬dilik (müsəbbə), səkkizlik (müsəmmən), tərcibənd, tərkib¬bənd, müstəzad və s. əsərlərində işlədiblər.

Milli zəmində inkişaf və poetik ümumiləşdirmə bacarığına malik olan şairlərdən biri də Abbas Barizdir. Barizin əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə tərzi var. Barizin poe¬ziyasını küll halında “bəşəriyyət haqqında nəğmə” adlandırmaq olar. Şair bəşər övladının ağrı-aclarını dərindən duyduğu və öz hiss və duyğularını müxtəlif formalarla oxucusuna çatdıra bildiyi üçün buna nail olub.

Şairin poeziyasının təsiri və əhatə dairəsi çox genişdir. Onun şeirləri formaca klassik poeziyanın ənənəvi qəliblərinin xatırlatsa da, folkordan qaynaqlanır, eyni zamanda məzmun və mahiyyətcə öz dövrünün tələbləri, zövq və duyğuları baxımından xeyli fərqlənir. Başqa sözlə desək, onun lirik qəhrəmanı öz dövrünün, mənsub olduğu cəmiyyətin, münasibətdə olduğu adamların əməl və arzularına xidmət edir, xalqın ümumi mənafeyi uğrunda əlindən gələni əsirgəmir:

 

Xudaya, mən bu qəmdən daru-giryan olmayım, neylim?

Tutub od yanmayım mən, sinə-süzan olmayım, neylim?

Məgər qəm çəkməyə canımda bir də tabü-taqət var?

Məgər bu dərdi-bidərmana məndə istiqamət var?

İlahi, dərd əlindən gör mənə bir dəm fərağət var?

Mühiti-qəmdə mən biçarə, nalan olmayım, neylim?

 

Vüqar Əhməd,

professor

Xalq Cəbhəsi.- 2014.- 27 noyabr.- S.14.