Xəyalımın quşu qanad
açaraq…
Güney Azərbaycanda
milli-mənəvi dirçəliş hər şeydən
öncə ədəbi dilin bədii üslubuna təsir edib
1950-1980-ci
illərdə olduqca möhtəşəm əsərlər
yaratmış, eyni zamanda yaradıcılığını hələ
də davam elətdirən Hüseyn Düzgün müasir həyatın,
bugünkü ictimai varlığın pafosunu, əsas və
aparıcı meylləri ilə duyan və ona əsərlərində
tez əks-səda verən, həmişə poetik
axtarışlarda olmağı xoşlayan, əsərlərinin
məna, ifadə və forma gözəlliyinə xüsusi diqqət
yetirən, sözün həqiqi mənasında sənətin,
bədii yaradıcılığın əzablarından
zövq alan, eyni zamanda folklor ənənələrinə
bağlı poeziya mücahidlərindən biridir. Şah rejiminə qarşı mübarizə aparan
şair milli istiqlala çağırış nidası
altında “Azadlıq beşiyi və ictimai sənətin
xüsusiyyəti” adlı jurnal buraxır. Jurnalda dərc
olunan yazılar məmurları narahat etdiyi üçün
Hüseyn Düzgün 2 il müddətində
Təbriz Universitetindən xaric edilir. Sonra isə
şahın tacqoyma mərasimi zamanı həbs edilib düz 6
ay həbsxanada yatır. Bununla
yanaşı müəllimlikdən də məhrum edilir.
Sonrakı illərdə də təqiblərə məruz
qalan Hüseyn Düzgün öz əqidəsindən dönməyərək
yenə də qəddar hakimiyyətə qarşı əzm və
qətiyyətlə mübarizə aparır…
Şair əsərlərində böyük fəallığa,
cavabdehliyə, vətəndaşlıq məsuliyyətinə
malik olmaqla, həm də dərin bir səmimiyyət, öz
daxili hiss və duyğularını açıq şəkildə
ifadə edərək onu narahat eləyən problemləri
olduqca canlı lövhələrlə öz oxucusuna
çatdıra bilir. O, azadlıq həsrəti ilə
yandığını, eyni zamanda güneyli, quzeyli Azərbaycanın
birləşdirmək arzusu, bir tərəfdə fars
şovinistləri, başqa bir tərəfdə isə qəddar
Sovet rejiminin azərbaycanlıların başına gətirdikləri
müsibətləri, bəlaları “Açıq məktub”
şeirində poetik lövhələrlə açıq
şəkildə bəyan edir:
Xəyalımın
quşu qanad açaraq,
Yenə
uçmaq istir sərhəddən qıraq,
Gedə
doğma qardaş Kərkük elinə,
Xalq şairlərindən ala bir bir soraq.
Diləyirəm
sərin bir nəsim əsə,
Salamımı
sərpə Salah Növrəsə,
Məhəmməd
İzzətə, Osman Məzluma,
Şanlı bayatlar da görsə hər kəsə.
Əlimdə
qələmim var, ovrağım var,
Kərkükü
gəzməyə iştiyağım var,
Mən
ki, qardaşımı unutmamışam,
Günün tıncıqdıran bir fərağım
var.
Vətənimə
mənim bağlıdır köküm,
Bilirəm
yamandır, ağırdır yüküm,
Kudatəlar
içrə necə boğulur,
Azadlıq həsrətli mənim Kərküküm.
Vətəndən
Vətənə gələ bilmirəm,
Bir ləhzə olsa da gülə bilmirəm.
Qan
axıb burada dağdan, dərədən,
Şəhidlər
məzarı aşıbdır həddən,
Bəs mənim
halıma kim yansın qardaş,
Vətəndəyəm mən, vətənsizəm mən.
Hüseyn Düzgün xalqa bağlı bir sənətkar
olduğu üçün yaradıcılığı da
folklor ənənələri üzərində köklənib. Odur ki, folklor
elementləri başqa şeirlərində olduğu kimi bu
şeirdə də özünü büruzə verir. Göründüyü kimi, şeir qoşma
formasındadır. Lakin şair ictimai-siyasi və fəlsəfi
fikri çatdırmaq, eyni zamanda fikri və mənanı
saxlamaq üçün onu formaya qurban verməməkdən
ötrü qoşma forması qəlibindən azca kənara
çıxsa da, təbii təşbeh və ifadələrin
zənginliyi şeirə heyrətamiz bir gözəllik verdiyinə
görə, şeirdə hər bənddəki
üçüncü misralar birinci və ikinci misralarla həmqafiyə
olmasa da, şeirə tamamilə xələl gəlməyib, əksinə,
şeirə ahəngdarlıq gətirib.
Şair olduqca məharətlə keşməkeşli,
ziddiyətli, təzadlı illəri, günləri şeirə
çevirə bilir. O, xalqının, torpağının, vətəninin
ağrı-acılarına heç vaxt biganə qalmır və
ürək yanğısı ilə öz poetik imkanları
daxilində bütün bunları poeziyanın tələblərinə
uyğun olaraq qələmə alır. Şair onu incidən
problemləri ağ vərəqə
köçürdükcə sanki içindən bir səs gəlir;
“Xalqımın dərdləri mənim şeirimin məğzi,
mahiyyətidir”. Bir sözlə, Hüseyn
Düzgün və bu qəbildən olan şairlər subut
edirlər ki, şeir-sənət, sənətkar zamanla,
dövrlə dialektik vəhdətin ünsiyyətindən
yaranıb. Əgər şair bu başlıca cəhəti
görə bilmirsə və ya görmək istəmirsə,
şübhəsiz, o kütlələrin, cəmiyyətin,
müasir həyatın tərcümanı da ola
bilməz. Şəhriyarın, Sönməzin, Savalanın,
Sahirin, Səhəndin, Hüseyn Düzgünün və bir
sıra güneyli şairlərin şeirlərində ecazkar
bir vəhdət də ondan ibarətdir ki, məzmun, məna
aspektindəki mütərəqqi ənənələrlə
yeniliyin qəribə uyuşması forma və bədii
boyalarda da xəlqi, folklor poetikasının
naxışları ilə yeni şeirin əsrarəngiz ritm,
ahəng və ifadə səsləşmələri duyulur. Lakin bütün bunlardan əlavə, onların ən
böyük dərdi, ən ağır möhnəti elin qəmi,
elin kədəridir.
Bütün Türk Dünyasında çox
böyük çəkisi olan Seyid Məhəmmədhüseyn
Şəhriyarın “Heydərbabaya salam” poeması yuxarıda
qeyd olunduğu kimi xalq həyatını özündə
güzgü kimi əks etdirən olduqca möhtəşəm
bir əsərdir. İlk növbədə hamı tərəfindən qəbul
olunmuş dil faktorunun xalq arasında sürətlə
yayılmasının ilkin səbəbkarı olan, eyni zamanda
ictimai-siyasi-iqtisadi vəziyyəti real boyalarla özündə
əks etdirən, birliyə, azadlığa, istiqlala
çağıran, şairin xatirələri fonunda xalqın
keçmişə nəzər salmasına səbəb olan, milli
varlığı coşqun və dərin vətənpərvərlik
hissi ilə göstərən, qəsbkarlığa nifrətini
bildirən, hər biri ayrılıqda bütöv bir əsərin
mənasını ifadə edə bilən, gözəl, bitkin
tablolara material verə biləcək beşliklər, unudulmaqda
olan yeni, sıx çalarlarla həyata qaytarılan sözlər,
məcazlar, təşbehlər, sadə sözlərlə dərin
fikirləri ifadə etməkdən əlavə, xalq adət və
ənənələrini olduqca gözəl, yığcam bir
şəkildə əks etdirən bir əsərdir:
Bayram idi
gecə quşu oxurdu,
Adaxlı
bəy corabın toxurdu,
Hər kəs
şalın bir bacadan soxurdu,
Ay nə
gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal
istədim, mən də evdə ağladım,
Bir
şal alıb tez belimə bağladım,
Qulamgilə
qaçdım şalı salladım,
Fatma xala
mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Heydərbaba,
Mirzəmmədin bağçası,
Bağçaların
turşaşirin alçası,
Gəlinlərin
düzmələri, taxçası,
Hey
düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.
Bayram olub
qızıl palçıq əzərlər,
Naxış
vurub otaqları bəzərlər,
Taxçalarda
düzmələri düzərlər,
Qız-gəlinin
fındıqçası, hənası,
Həvəslənir
anası, qaynanansı…
Bakıçının
sözü, sovu, kağızı,
İnəklərin
bulaması, ağızı,
Çərşənbənin
girdəkanı, mövizi,
Qızlar
deyər: “Atıl-matıl çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə”.
“Şəhriyar
“Heydərbabaya salam” mənzuməsində
Azərbaycan türklərinin düşüncə tərzində,
bədii yaddaşında, mifoloji təfəkküründə,
folklorunda yaşadaraq bu günümüzə ərməğan
etdiyi adət-ənənələri, mərasim və ayinləri,
təntənəli bayram günlərini yüksək
pöetik dildə vəsf etmişdir”. (Esmira Fuad. “Söz sərrafı Şəhriyar”).
Ədəbiyyatşünas,
eyni zamanda Şəhriyarşünas alim Esmira xanım Fuad,
dahi Şəhriyar haqqında çox gözəl fikir
söyləyib, daha doğrusu Şəhriyar qələminin
qüdrətindən yaranan “Heydərbabaya salam” əsərinin
bizim tariximizə nəzər salıb milli dəyərlərimizi,
adət-ənənələrimizi, mərasim və ayinlərimizi
bizə göstərən və genetik yaddaşımızda nələrin
həkk olduğunu sanki bir kinolentinə çevirib bizim
üçün nümayiş etdirən misilsiz bir ləl
olduğunu hər bir azərbaycanlıya xatırladıb.
Güney Azərbaycanda milli-mənəvi dirçəliş
hər şeydən öncə ədəbi dilin bədii
üslubuna təsir etmişdi. Ədəbi dilin
inkişafı üçün isə əsas mənbə
şübhəsiz ki, folklor dili idi. Güney
Azərbaycanda ədəbi dilin bədii üslubunda canlanma məhz
1950-ci ildən etibarən folklor təfəkkür tərzinin
bilavasitə təsiri ilə müşahidə edilirdi. Ustad Şəhriyar folklorun dilində danışaraq
yeni folklor nümunələri yaradırdı. 50-ci ildən
etibarən Güney Azərbaycanda ədəbi-bədii dil
folklor ənənələrinə əsaslanaraq elə bir tərzdə
inkişaf eləməyə başladı ki, təkcə ustad
Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri
ilə Quzey Azərbaycanda da folklora qayıdış, folklor
ifadə tərzinə maraq güclənməyə
başladı.
Şübhəsiz
ki, Güney Azərbaycanda klassik ənənələrə
malik dil, qəzəl ifadə tərzi də mövcud idi, lakin
folklor ifadə tərzinin aparıcı imkanı 50-ci ildən
etibarən bütün gücü ilə reallaşmağa
başladı və bəzən elə nümunələr əmələ
gəldi ki, bunları folklor nümunələrindən
seçmək mümkün olmadı.. Ustad Şəhriyar ədəbi-bədii
dilin inkişafı üçün eksprementlər eləməyə
başladı və bədii sözün ibtidai ibtidai təşbehlər
və oxşatmalar şəklindən daha dolğun və zəngin
ifadə vasitələri ilə bitkin formalar yaratmağa
başladı:
Qarı nənə
uzadanda işini,
Gün
bulutda əyirərdi teşini,
Qurd
qocalıb çəkdirəndə dişini,
Sürü
qalxıb dolayıdan aşardı,
Badyaların südü aşıb daşardı.
Şəhriyarşünas alim Elman Quliyev ustad Şəhriyarın
bu misraları ilə əlaqədar “Şəhriyar
poeziyası və milli təkamül” adlı monoqrafiyasında
yazır; “Xalqımızın folklor
yaradıcılığıda qə¬dim¬liyinə görə
seçilən janrlardan biri əmək nəğmələridir. Aydındır
ki, burada əsas məqsəd əməyi ritmləşdirmək,
yüngülləşdirmək olmuşdur. O biri tərəfdən
bu nəğmələr hər hansı əməyin yerinə
yetirilməsi barədə müfəssəl məlumat
baxımından əhəmiyyətlidir. Məlumdur
ki, əmək nəğmələri əvvəllər bəsit
olmuş, sonralar kamil nümunələr
yaradılmışdır. Əmək nəğmələrində
demək olar ki, əməyin bütün növləri əhatə
olunub. Azərbaycanda adi üsulla yun əyirmək
geniş yayılmış işdir. Saf əmək
adamları bu işi “cəhrə” deyilən alətlə həyata
keçirirlər. Bu zaman yundan əyrilmiş
ip milə dolanır və düyünçə şəklində
hazır məhsula çevrilir. Güney Azərbaycanda
həmin milə teşi deyilir. Ustad sənətkar bu
xüsusda əmək nəğməsi yaratmasa da bu gözəl
əməyi-adəti poeziyada əks etdirir”...
Xalqın dünənindən, bu günündən və
sabahından bəhs etmək üçün şairlərin
tez-tez müraciət etdikləri mövzulardan biri də ana
dili məsələsidir. Xalqın
varlığının ümdə əlaməti, beynində,
şuurunda, təfəkküründə qoruya-qoruya
yaşatdığı doğma dilin uzun bir dövr
üçün qayğıdan məhrum olmasında daim
söz ustaları, söz sərrafları özlərini
günahkar hesab edir. Ümumiyyətlə,
insan elə bir varlıqdır ki, əgər ətrafında
baş vermiş mənfiliklərə, problemlərə
görə ilk növbədə özünü qınağ
obyekti olaraq seçirsə, bu onun xəlqiliyini, vətənpərvərliyini,
vicdanlı olmasına dəlalət edir. Əgər
bir insan çevrəsində baş verən
çatışmazlıqlara görə
özü-özünə hesabat vermirsə, deməli mənəviyyatı
boşdur. Belə olan halda isə həmin şəxsdən
heç bir zaman sənətkar ola bilməz.
Şairlər isə xalqın həyatının
bütün bəşəriyyətə aşılan
güzgüsüdür. Şübhəsiz ki, Güney
Azərbaycan şairləri də tək İranda və yaxud
Azərbaycanda baş verən təlatümlü hadisələrə
biganə qalmayıblar, eyni zamanda bütün dünyanın dərdinə
daim acıyıb, imkan daxilində iti qələmləri vasitəsilə
bütün əyrilikləri, haqsızlıqları xarakterizə
ediblər.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-
2014.- 29 noyabr.- S.14.