Azərbaycanın ilk
xanım naziri
Tahirə Tahirova həm
də ilk xanım neft
mühəndisi idi
O elə bir dövrdə doğulmuşdu ki, oxumaq istyəyənləri təqib edirdilər, savad arzusunda olanlar cahillər tərəfindən qətlə yetirilirdi, ziyalı xanımlara barmaqarası baxılırdı. Elə bir dövrdə fəaliyyət göstərmişdi ki, fəalların başı üzərində “domokl qılıncı” asılmışdı. Ən kiçik büdrəmə həyatı bitirməyə səbəb ola bilərdi. Lakin bütün bunlar onu savadlanmaq, irəli getmək və nailiyyətlər qazanmaqdan saxlaya bilmədi. Bir xanım kimi uzaqlara getdiyi yolda daim təzyiqlərin hədəfi oldu. Amma dayanmadı , daim getdi…
Tahirə Əkbər qızı Tahirova 1913-cü il
noyabrın 7-də Zakaspi vilayətinin
(Türkmənistan) Bayraməli şəhərində müəllim
ailəsində anadan olub.
Onun əslən şuşalı olan ulu babası müsəlman
aləmində böyük hörmətə
və ensiklopedik təhsilə malik şeyxülislam Mirzə
Həsən Tahirzadə idi. Tahirzadə ali ruhani təhsilini Təbrizdə
almışdı. Burada ərəb, fars, tatar və bir sıra türk dillərini
mükəmməl öyrənmişdi. Təhsilini bitirdikdən
sonra Təbrizdə məktəb açan Mirzə Həsən Tahirzadə
buranın həm müdiri, həm də
müəllimi kimi fəaliyyət göstərir.
Bir müddət sonra
isə Mirzə Həsən Qarabağa
qayıdaraq Jəbrayıl qəzasının Qarğabazar
kəndində məktəb açır və kənd
uşaqlarının təhsil alması üçün
əlindən gələni edir. Sonralar Peterburq (indiki
Sankt-Peterburq) universitetinin fars dili
kafedrasına müəllim kimi dəvət alır. 1879-cu ildə isə Mirzə Həsən Tiflisdəki
Qafqaz müsəlmanları ruhani idarəsində yüksək
vəzifəyə təyin olunur. 1880-ci ildə Gəncə
quberniyasının Şuşa, Zəngəzur
və Javanşir qəzalarının qazısı və
Şuşa məclisinin sədri seçilir. Bu
sahədə göstərdiyi dəyərli xidmətlərinə
görə Mirzə Həsən Qafqaz şeyxülislamı və
şiə ruhani idarəsinin sədri təyin edilir. Tahirə xanımın atası Əkbər Tahirov isə
o zamanlar çox məşhur olan Qori müəllimlər
seminariyasını bitirir və rus dili müəllimi kimi
Türkmənistan vilayətinə göndərilir. İstedadlı pedaqoq qərib diyarda ona bəslənən
ümidləri doğruldur. Elə
qızı – azərbaycanın ilk xanım naziri - Tahirə
xanım da burada dünyaya gəlir. 1920-ci
ildə Tahirovlar ailəsi Bakıya köçür. Tahirə xanım Bakıda məktəbə
getmiş və 1929-cu ildə onu müvəffəqiyyətlə
bitirərək Azərbaycan Neft İnstitutunun nəzdindəki
fəhlə fakültəsinə daxil olur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun dağ-mədən
fakültəsini fərqlənmə diplomu ilə bitirərək
Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi
fəaliyyətə başlayır. Tahirə xanım həm
də neft sənayesi üzrə təhsil alan
ilk azərbaycanlı qadın idi.
1936-cı ildə Moskvada sovet partiya və hökumət
rəhbərləri, şəxsən İ.Stalin Azərbaycandan
gələn nümayəndə heyətini qəbul edir. Nümayəndə
heyətinin tərkibində gənc neft mühəndisi Tahirə
də vardı. Bakıya qayıtdıqdan
sonra Tahirə xanım istehsalatda işləməyə
üstünlük verir və neft mühəndisi kimi
Bakının bir sıra neft mədənlərində
çalışır. Sonradan Tahirə
xanım xatirələrində yazırdı ki, ilk vaxtlar ona
çox çətin idi, çünki mədənlərdə,
buruqlarda qadınlar yox səviyyəsində olduğundan
kişilər onu öz kollektivlərinə qəbul etmək
istəmirdilər. Amma çox keçmir ki, Tahirənin
istedad və bacarığı kişiləri onunla
barışmağa vadar edir: enerji və qətiyyətli
xarakterə sahib olan bu xanım onların etimadını və
hörmətini qazana bilir. Beləcə kişilərlə
çiyin-çiyinə çalışmağa
başlayır.
Tələbə
vaxtı tanış olduğu
geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla ailə
həyatı qurur Tahirə xanım. Cəmi bir il
sonra müharibə başlayır. Çoxları
kimi, Tahirə xanımın həyat yoldaşı Abdulla da cəbhəyə
gedir. Tahirə xanımın neft sənayesi
sahəsində aldığı təhsil və göstərdiyi
fəaliyyət müharibə illərində onun daha da məsuliyyətli
bir işi üzərinə götürməsinə səbəb
olur. Belə ki, Tahirə xanım Mərkəzi
Komitənin neft sənayesi şöbəsinin müdiri kimi
ordunun yanacaq və sürtkü materialları ilə fasiləsiz
təmin olunmasına birbaşa cavabdeh şəxs idi.
Onu tanıyanlar deyirdilər ki, Tahirə xanım xaraktercə
azdanışan və dəbdəbəli həyatı sevməyən
bir insan olub. Hər kəsin fikrini sonadək dinləmək
qabiliyyəti göstərən xanım Tahirova ədalətli
və gərəkli bildiyi hər bir addımı kimsəylə
hesablaşmadan atırdı. Bu isə
sovetin «domokl qılıncı» insanlanın başı üzərində
olduğu bir zamanda elə də asan məsələ deyildi.
Amma Tahirə xanım öz vicdanının səsinə
qulaq asırdı. Müharibə illərində
onsuz da öhdəsinə götürdüyü məsuliyyətli
işlə cəbhəyə yardımını əsirgəməyən
bu xanım ailə üzvlərinin ona
bağışladığı və yeganə bəzək əşyası
olan brilyant üzüyünü də Müdafiə fonduna
vermişdi.
Müharibə qurtarandan sonra Tahirə xanım öz fəaliyyətinə
eyni gərginliklə davam edir. Azərbaycan Sənaye
institutunda elmi və pedoqoji fəaliyyəti ilə bahəm həm
də neft yataqlarının istismarı kafedrasının
müdiri vəzifəsinə təyin olunur. Tahirə
xanım Azərbaycan neft sənayesinin hərtərəfli
inkişafı, neft trestləri və mədənlərinin,
neftayırma zavodlarının öhdəsinə düşən
vəzifələri və dövlət planlarını
vaxtlı-vaxtında yerinə yetirməsi, «Azneft» birliyinin
işgüzar, bacarıqlı mütəxəssislərlə,
rəhbər işçilərlə, mühəndis-texniklərlə,
ustalarla təmin edilməsi və düzgün yerləşdirilməsi
barədə bir sıra işlər görür,
Bakının bəzi rayonlarının kadr şöbələrinin
hesabatlarını müzakirə edir, müşavirələrin
keçirilməsi və onların müəyyənləşdirilməsi
sahəsində var qüvvəsi ilə
çalışır. Eyni zamanda namizədlik
dissertasiyasını müdafiə edir və texniki elmlər
namizədi elmi dərəcəsi alır.
Yeri gəlmişkən, qazandığı bu qədər
uğurlar onu partiya töhməti almaqdan xilas etmir. 1949-cu il fevralın 3-də
Azərbaycan K(b)P Bakı Komitəsinin Büro iclasında
"T.Ə.Tahirova və A.S.Bayramov yolaşların partiyaya
zidd davranışı barədə" məsələ
müzakirə edilmiş və qərar qəbul edilmişdi. Qərarda
oxuyuruq: "Müəyyən edildiyi kimi, Azərbaycan K(b)P
XVII qurultayı vaxtı (qurultay 1949-cu il yanvarın 25-28-də
Bakıda keçirilmişdi - T.Q.) gizli səsverməyə
verilmiş namizədlərin siyahısının
araşdırılması zamanı Azərbaycan K(b)P Bakı
Plenumu üzvlüyünə gizli səsverməyə
verilmiş siyahının araşdırılması zamanı
müəyyən edilmişdir ki, Bakı şəhər
Partiya Komitəsinin katibi Tahirova yoldaş və onun əri, Azərbaycan
SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin məsul
katibi Bayramov yoldaş 1948-ci ilin yayında Dəstəfur
rayonunda istirahətdə olarkən, dini adətlərə riayət
edərək oğullarını sünnət etmişlər.
Azərbaycan K(b)P Bakı Komitəsi bürosu Tahirova və
Bayramov yoldaşların davranışını partiya
üzvünə yaraşmayan hərəkət kimi qiymətləndirir
və T.Ə.Tahirova yoldaşın rəhbər partiya
işindən kənarlaşdırılmasını Azərbaycan
KP MK-dan xahiş edir."
Azərbaycan
K(b)P MK-nın birinci katibi "BK" katibi
səlahiyyətindən istifadə edərək qərara
aşağıdakı bəndi əlavə etmişdir:
"Qeyri-partiyalı davranışı ilə T.Tahirova
yoldaş ÜİK(b)P sıralarından
çıxarılmaq cəzasına layiqdir. Lakin T.Tahirova
yoldaşın partiya sıralarında olduğu müddətdə
heç bir partiya cəzası almadığını, əksinə,
ona tapşırılan işin öhdəsindən ləyaqətlə
gəldiyini, xüsusən Böyük Vətən müharibəsi
illərində cəbhənin fasiləsiz olaraq yanacaqla təchizatında
böyük əməyini və gələcəkdə belə
hallara yol verməyəcəyi vədini nəzərə
alaraq, Tahirə Əkbər qızı Tahirova yoldaşa
töhmət elan olunsun".
O, yenidən
elmi-tədqiqat və müəllimlik işinə qayıdaraq
1949-1954-cü illərdə Azərbaycan Neft və Kimya
İnstitutunun neft və qaz yataqlarının istismarı
kafedrasının müəllimi kimi fəaliyyət göstərir.
Eyni zamanda «Orconikidzeneft» trestinin 8-ci mədəni
üzrə tədqiqat işi apararaq 1953-cü ildə namizədlik
dissertasiyasını müdafiə edərək texniki elmlər
namizədi elmi dərəcəsi alır.
Azərbaycan Sülhü müdafiə komitəsinin rəhbəri,
Sovet Qadınları komitəsinin Rəyasət heyətinin
üzvü, Azərbaycan-Çexoslovakiya dostluq cəmiyyətinin
sədri və sairə. Təbii ki, bütün bunlar ondan gərgin
əmək və güc tələb etsə də Tahirə
xanım istənilən çətinliyin və gərginliyin
öhdəsindən mətanətlə gələ bilirdi.
1950-ci illərdə Tahirə xanım müxtəlif
təşkilatların nümayəndə heyətinin tərkibində
bir çox xarici ölkələrə səfər edir.
1959-1983-cü illərdə o, Azərbaycan SSR xarici
işlər naziri və Nazirlər Soveti sədrinin müavini
kimi çalışır. Nazir işlədiyi dönəmdə
Tahirə xanım iti ağlı, mədəni-siyasi
davranışı, ünsiyyət bacarığı və s.
bu kimi şəxsi keyfiyyətləri ilə istər ölkəyə
gələn xarici qonaqların, istərsə də özü
xarici səfərlərdə olarkən həmkarlarının
və siyasi xadimlərin rəğbətini qazana bilir. Heç şübhəsiz ki, bütün bunlar nazir
xanımdan gərgin zəhmət, yuxusuz gecələr, əsl
diplomat səriştəsi, məsuliyyət, ən əsası
isə səbr, dözüm və iradə tələb edirdi.
O,
dünya ölkələrinin bu ali məclisində
diplomat kimi iştirak etmiş ilk azərbaycanlı qadın
olub. T.Tahirova 1960-cı ildə SSRİ nümayəndə heyətlərinin
tərkibində Hindistan, Birma, İndoneziya, Əfqanıstanda,
1961-1962-ci illərdə isə SSRİ Qadınlar Komitəsi
nümayəndə heyətlərinin tərkibində Tunis,
Türkiyə və Əlcəzairə səfər edir. 70-80-ci illərdə Azərbaycanın beynəlxalq
iqtisadi, mədəni, elmi-texniki və b. əlaqələri
xeyli artdı, coğrafiyası daha da genişlənir. Moskvanın vasitəsi və ciddi nəzarəti
altında həyata keçirilən bu əlaqələrə
bilavasitə Azərbaycan KP MK və beynəlxalq əlaqələr
şöbəsi rəhbərlik edirdi.
Həmin illərdə Azərbaycanda bir sıra beynəlxalq
tədbirlər keçirildi. T.Tahirova deputatı kimi SSRİ Ali
Sovetinin, Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan
Kommunist Partiyası Bakı Komitəsinin plenumlarında,
konfranslarında iştirak edərək Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin, AKP MK üzvü seçilir. 1984-cü
ilə qədər xarici işlər naziri kimi fəaliyyət
göstərən Tahirə Tahirova sonra təqaüdə
çıxır. 1991-ci ildə 78
yaşında vəfat edir.
Azərbaycanın
ilk xanım naziri, həm də neft sənayesi üzrə təhsil
alan ilk azərbaycanlı qadın Tahirə
Tahirova öz tərcümeyi-halında yazırdı: “Mən
gənc yaşlarımdan ictimai fəaliyyətlə məşğul
olmağı sevmişəm. İctimaiyyət və
insanlar arasında olmaq, onların həyatına təsir
göstərəcək müsbət və ən vacib
sayılan qərarları qəbul etmək mənim
üçün çox maraqlı idi. Ailəmə
vaxtım və imkanım çatan qədər diqqət
göstərməyə çalışmışam. Baxmayaraq ki, mənim ömrüm daha çox siyasi
hadisələrlə dolu aləmdə, fərqli insanlarla
görüşlərdə, xarici səfərlərdə
keçib, yaşadığım ömür payından
narazı deyiləm. Çünki
bütün bu etdiklərim sadəcə, xalqımın və
millətimin rifahı, xoş gələcəyinə xidmət
edirdi”.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 29 noyabr.- S.13.