“Dədə Qorqud
dastanları” ilə bağlı soraqlar ingilisdilli qaynaqlarda
Xalqımızın yüzillərdən bəri
özünəməxsus, bənzərsiz
düşüncə, yaradıcılıq
soraqları (inanclar, əfsanələr, nağıllar,
dastanlar və s.) çoxdandır ki, Avropada ciddi araşdırma mövzusuna
çevrilib. Araşdırmaçı Vəfa İbrahimova
bildirir ki, ingilisdilli qaynaqlarda ən çox araşdırılan, öyrənilən
dastan "Kitabi-Dədə
Qorqud"dur. "Kitabi-Dədə Qorqud"
dastanı ingilis dilinə bir neçə dəfə tərcümə olunub və bu mövzu
ilə bağlı çoxsaylı məqalələr
yazılıb.
İngilisdilli qaynaqlarda "Kitabi-Dədə
Qorqud" və "Koroğlu" dastanlarının
türk mifik düşüncəsi ilə
bağlılığına
toxunan araşdırmaçı bildirir
ki, türk alimi professor Ahmed Edib Uysal "Dastanlarımızdan
Dədə Qorqud hekayələri ilə
"Koroğlu"da fövqəltəbii
ünsürlər" adlı
məqalə yazıb,
bu məqaləni ingilis və türk dillərində
"Erdem" jurnalında
çap etdirib: "Hər şeydən öncə alim "Kitabi-Dədə Qorqud"
dastanı ilə
"Koroğlu" dastanını
müqayisə edib və bu dastanlarda
qədim türk düşüncəsi, eləcə
də dünya xalqlarının dastanlarında
olan mifoloji düşüncə sistemləri
ilə bağlılıqların
olduğunu göstərib.
Müəllif türk dastanları
ilə bağlı ümumi bilgi verdikdən sonra əsasən "Kitabi-Dədə
Qorqud" dastanı üzərində ayrıca
dayanıb, bir qədər də "Koroğlu" dastanına
toxunub. Alimin fikrincə, "Kitabi-Dədə
Qorqud"da fövqəltəbii
hadisələrin ayrıca
yeri var və bu qeyri-adi
hadisələr xüsusi
məqamlarda ortaya çıxır. Məsələn, dastanda Cəbrail, Şeytan, Nuh, İbrahim peyğəmbər,
Nəmrud, Musa, cənnət,
cəhənnəm kimi
anlayışların təqdimində
dini-mifoloji hadisələr
özünü göstərir.
"Qara qıyma gözlərin uyxu almış, açğıl,
axı!...
Ol ikicə sünücigin uzun olmış, yığışdır, axı!...
Tanrı verən tatlu canın, seyranda imiş, endi dəxi.
Üz-gözində canın varsa, oğul, ver xəbər mana!
Qara başım
qurban olsun, oğul, sana!"
Yeri gəlmişkən,
bu hissə ingilis dilinə çox emosional şəkildə tərcümə
edilib.
Alimin fikrinə
görə, bu şeir parçalarında
ifadə olunan düşüncə qədim
türklərin inancı
ilə bağlıdır. Alimin dəyərləndirməsinə
görə, "Koroğlu"
türk xalqının
qəhrəmanlıq anlayışının
ifadəsidir. Türk qəhrəmanlıq
anlayışı isə
güc, cəsarət,
xeyirsevərlik, nəzakət,
alicənablıq və
şərəfdir. O, Koroğlunun başqa qəhrəmanlardan seçilən
xüsusiyyətlərinə işarə edərək yazır: "Onu başqa qəhrəmanlardan
ayıran bir özəllik də saz çalması və bir xalq
aşığı olmasıdır.
O, həm dostları, həm də düşmənləri ilə
olan münasibətlərində
tez-tez saz çalır və şeir söyləyir".
Alimin araşdırmalarına görə,
Koroğlu bir övliyadır: "Ölməzlik
suyu olan abi-həyatı içmiş
Qıratın hələ
də Koroğlunun yanında - Qırxlar məclisində olduğu inancı Türkiyədə
geniş yayılıb.
Bolunun Koroğlu Ərənlər
kəndində Koroğlunun
məzarı var. Boluda
Koroğlunun bir övliya olduğu inancı çox geniş yayılıb".
İngilisdilli qaynaqlarda "Kitabi-Dədə
Qorqud" dastanı ilə bağlı öyrənilən məsələlərdən
biri də bu dastanın poetikası ilə bağlıdır. Türk folkloru, o sıradan
"Kitabi-Dədə Qorqud"la
bağlı ciddi araşdırmalar yazmış
professor İlhan Başgöz
bir məqaləsində
"Kitabi-Dədə Qorqud"
dastanında olan bədii təsvir və ifadə vasitələrini araşdırıb,
ayrıca olaraq epitetləri tədqiq edib.
Onun görüşünə
görə, "Kitabi-Dədə
Qorqud" dastanındakı
epitetlər burada təsvir olunan insan xarakterlərini təqdim etmək üçün istifadə
olunub. O, bu epitetləri iki yerə bölür. Birinci qrupa daxil olan
epitetlər sadə və mürəkkəb epitetlərdir. Məsələn,
Qara Günə, Dəli Domrul, Şir Şəmsəddin,
At ağuzlu Aruz, Qaracuk Dağının Qurdu Bayandır Xan kimi birləşmələr
bu qəbildəndir.
İkinci
tip epitetlər isə
geniş yayılmış,
formula çevrilmiş olub,
fərdlərin xarakterini
müəyyən edir,
adətən bir neçə sifət birləşməsindən ibarətdir.
Alim bu məsələ
ilə bağlı yazır: "Dastanda Oğuz cəngavərləri,
kişi və qadınların hamısının
epiteti var. Dastandakı
yetmiş bir xarakterdən yalnız ikisi epitetsiz verilib".
Dastanda epik və fərdi
xarakterin epitetləri bu yollarla düzəlir:
rəng; insan atributları; mifik atributlar; fiziki atributlar; heyvan adları; qohumluq; yaş; tayfa adı; sahibkarlıq və var-dövlət; sosial təbəqə; peşə; nüfuz və hörmət; paltar və geyimlər; adət; dini kimlik; qəhrəmanlıq;
doğum yeri. Alim "Kitabi-Dədə Qorqud"dakı
epitetlərlə bağlı
bu təsnifatı verməklə yanaşı
epitetlərin aid olduğu
şəxsləri də
göstərib".
Dastanda Oğuz eli ayrı-ayrı tayfalardan təşkil olunub: "Bu cəmiyyətdə ciddi qaydalar var və oğuzların təşkilatlanması yüksək səviyyədədir. Dastanda epitetlər Oğuzları bir cəmiyyət, Oğuz igidlərini bir fərd olaraq hərtərəfli təqdim edir. Hər Oğuz igidi sahib olduğu imkanlara görə epitet qazanır. Buna görə də Oğuzların dünyagörüşü, qəhrəmanlıq anlayışı, hər bir Oğuz igidinin imkanları ilə epitetlər arasında qırılmaz bağlılıq var. Məsələn, dastanda Bamsı Beyrəyi təqdim etmək üçün müxtəlif epitetlərdən istifadə olunur. Onun igidliyini göstərmək üçün ona "boz atlı" deyilib, onun Bay Börənin oğlu olduğu önə çəkilir və bu qayda ilə ona aid keyfiyyətlər epitetlərə çevrilərək, qəhrəmanın mükəmməl obrazını yaradır. "Qanlı Oğuzun sevimlisi", "yeddi qızın ümidi", "ala (rəngbərəng) toy çadırının yanına gələn", "Qazan bəyin yınağı (vəziri)" və bu tipli başqa epitetlər Bamsı Beyrəyin şəxsiyyətini göz önündə canlandırır. Bu prinsip, yəni hər bir Oğuz igidini ona məxsus olan epitetlə təqdim etmək yolu bütün dastan boyu özünü göstərir. Alim məqalədə dastandakı epitetlərin türk onomostikası ilə bağlılığına da toxunub. "Kitabi-Dədə Qorqud" dastanında epitetlərin yeri və rolu ilə bağlı yazılmış bu məqalədən ortaya çıxan başlıca nəticələr bunlardır: Bu epitetlər zəngin Oğuz dünyagörüşü, idarəçilik sistemi ilə sıx bağlıdır. Dastanda epitetlər bir sıra mənbələrdən götürülür. Bu mənbələr sırasında qədim dövrlərdə insanların düşüncəsində olan Tanrının xarakteristikası, ruhlar, peyğəmbərlər, liderlər, əfsanəvi qəhrəmanlar ayrıca yer tutur. Epitetlərin təkrar olunması qəhrəmanları təqdim edir, dastanı dinləyənlərə həzz verir, insanlar arasında həmrəylik yaradır. Məsələyə ideoloji baxımdan yanaşdıqda isə deyə bilərik ki, qəhrəmanlıqla bağlı seçilmiş epitetlər Oğuz cəmiyyətinin üzvü olan insanların qəhrəmanlıq anlayışını göstərir. Bu birliyi, milli varlığı qorumağın yeganə yolu da qəhrəmanlıqdır. Dastanda Oğuz ellərini idarə edənlərin həyat anlayışı, insani münasibətləri, ailə quruluşu və dəyərləri ideallaşdırılır. Bu hədəfə çatmaqda isə epitetlər xüsusi rol oynayır".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 2 oktyabr.- S.14.