Kino tariximizdə ilk
milli kinoaktrisa
İzzət Orucova həm
də Azərbaycanın ilk qadın kimyaçı-alimidir
"Məni ilk Azərbaycan kino aktrisası
adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən,
bu, düzgündürmü? Ümumiyyətlə,
mən aktrisa olmuşammı? Axı, mən
oynamamışam... Yox, mən kamera
qarşısında iki qadın taleyini yaşamışam.
Bunlar mənim müasirlərim, demək olar ki,
yaşıdlarım idi..." Bu sözlər vaxtilə
"Sevil" və "Almaz" bədii filmlərində
baş rolları ifa edən Azərbaycanın ilk kino
aktrisası, görkəmli kimyaçı alim, akademik İzzət
Orucovaya məxsusdur.
İzzət
Orucova 1909-cu il sentyabrın 16-da Bakıda
dünyaya göz açıb. Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) texnoloji
fakültəsini bitirib. Mühəndis diplomunu alıb
Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat Neft
Emalı İnstitutunda işləmiş, həmin institutun əsasında
yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya
müdiri, Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda direktor,
Aşqarlar Kimyası İnstitutunda motor yağları
üçün aşqar kompozisiyaları hazırlama
laboratoriyasının müdiri olub.
Texnika
elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Azərbaycan
dövlət mükafatı laureatı, respublikanın əməkdar
elm xadimi İzzət Orucova bir alim kimi dünyanın bir
çox ölkələrində yaxşı tanınır,
elmi kəşfləri yüksək qiymətləndirilir. Onu kino üçün isə görkəmli
dramaturq Cəfər Cabbarlı kəşf etmişdi.
Kinorejissor
Cəmil Quliyevin fikrincə, Azərbaycan kino tarixində
İzzət xanım əfsanəvi bir obrazdır:
"Çünki o təkcə ilk kino aktrisa deyil, həm də
fədakar bir qadındır. O dövrdə - 1929-cu ildə gənc
bir qızın filmə çəkilməsi müşkül
iş idi. Mövhumat hökm sürürdü.
Qadınların kinoda çəkilməsinə
çox pis baxırdılar. Belə bir
zamanda bu xanım kinoya çəkilməyə razı olur və
özü də filmdə çox təbii oynayır. Bu gün də, o filmə baxmaq
tamaşaçıya çox təsir edir".
Kinoşünas
Aydın Kazımzadə deyir ki, o dövrdə qızlar,
qadınlar məlum səbəblərdən kinoya çəkilməkdən
imtina edirdilər: "Ona görə də, "Sevil"
filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı
küçəbəküçə gəzib Sevil roluna
qız axtarırdı. Günlərin bir
günündə o "Təyyarə" kinoteatrında bir
qızla rastlaşır. Qızın xarici
görünüşündə Sevil obrazının cizgilərini
görür. Düşür bu
tanımadığı qızın arxasınca, harada
yaşadığını müəyyənləşdirir.
İsmayıl Hidayətzadəni (görkəmli
rejissor və aktyor) götürüb gedir onlara. Atası, qardaşları heç cür onun filmdə
çəkilməsinə razı olmurlar. Düzdür,
o zamanlar aktrisalar ilk addımlarını atmağa
başlamışdılar. Amma İzzət
aktrisa deyildi, axı. Ürəyindən
olsa da, özü də çəkilməyə qorxurdu.
Amma Cəfər Cabbarlı da Cəfər
Cabbarlı idi...Cavan olsa da, onun ilanı yuvasından
çıxaran (bu söz Qəmər Salamzadənindir - ilk
qadın kino rejissorumuz) şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin
razılığını alır".
İzzət
xanım xatirələrində bu barədə belə
yazır: "Sevil" filminin həm ssenari müəllifi, həm
də quruluşçu rejissoru görkəmli dramaturq Cəfər
Cabbarlı idi. Filmin digər rejissoru Beknazarov
Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza
tapşırmaq istəyirdi. Lakin Cəfər
Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin
baş rolunda azərbaycanlı qızı çəkilməlidir.
Mən Cəfərin adını
eşitmişdim, üzünü görməmişdim. Günlərin birində o mənə
yaxınlaşdı, məqsədini bildirdi. Amma mən nə
"hə", nə də "yox" dedim. Qarşıya
çıxan qismətdən qaçmaq olmazmış".
Kinorejissor
Cəmil Quliyev danışır ki, "Sevil" filmində
süni heç bir şey yoxdur: "Filmdə bir səhnə
vardı, orda İzzət xanım ağlamalıydı. Səhnə təbii alınmaqdan ötrü Cəfər
Cabbarlı İzzət xanımı bir yanda əyləşdirirdi.
Tarçalan çalırdı və İzzət
xanıma bu çalğı elə təsir edirdi ki, o təbii
ağlayırdı".
Kinoşünas
Aydın Kazımzadə danışır ki, Cəfər
Cabbarlı hər an, hər dəqiqə İzzətin
yanındaydı: "Xoşbəxtlikdən, bu filmin
bütün çəkilişi Cəfərin iştirakı
ilə olub. Elə epizodlar var idi ki, İzzət
xanım bu barədə həm xatirələrində
yazıb, həm də mənə də danışıb.
Çəkilişdə hətta elə anlar olurmuş ki,
İzzət xanımı öyrətmək üçün
Cabbarlı çadranı başından açıb
özü Balaşın sifətinə
çırpırmış..."
Cabbarlı dediyi sözə əməl edir. Hər gün
İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə
təhvil verir. Film çəkilir və
ekranlara çıxanda, böyük uğur qazanır.
İzzət özü xatirələrində yazırdı:
"Rəhmətlik Cəfər müəllim çox tələbkar
idi. Bəyənmədiyi kino kadrlarının dəfələrlə
yenidən çəkilməsini israr edərdi. Dünən
olubmuş kimi xatırlayıram: Sevilin çarşabı
başından atması epizodu bir neçə dəfə təkrar
çəkildi. Lakin bu səhnə - azərbaycanlı
qızının tərəqqiyə can atması mənzərəsi
işıqlı təfəkkür sahibi Cəfər müəllimin
xoşuna gəlmədi. O, hər dəfə yumşaq tonda,
ancaq hiss edirdim ki, hirsini gizlədib deyərdi: "Yox, İzzət
olmadı. Çarşabı başından
atmağın çox süni çıxır, qondarma
görünür. Unutma, əsərin
kulminasiya nöqtəsi də elə burdadır. Sən müdhiş, qorxunc çarşabı
başından elə atmalısan ki, bu səhnə
tamaşaçıda cəhalətin və mövhumatın
qara pərdəsi olan çarşaba nifrət, qəzəb
oyatsın".
Beləliklə, İzzət Orucova baş rolda iştirak
etdiyi "Sevil" filmi böyük uğur qazanır. İzzət
xanım peşəkar aktrisa deyildi. Lakin
ürəyini ağrıdan hadisələrin çox
şahidi olmuşdu. Hansısa bir nailiyyətdən
fərəhlənmək istəyəndə gözəgörünməz
qüvvə onun sevincini ürəyində boğmuşdu.
İzzət xanım xatirələrində yazıb: "Bəlkə
də dünyada bənzəri olmayan günləri, anları
yaşamışam. "Sevil" bədii filmi
ekranda göstərilən gün anamı da kluba
aparmışdım. Qohum-əqrəbalarımız
da gəlmişdi. Tamaşaçıların
çoxunun biletini Cəfər Cabbarlı almışdı.
Həmin gün birinci anam, sonra neçə-neçə
tamaşaçı çarşabı başından
açıb atdı. Ancaq yenidən qara
örpəyə, çarşaba büründülər.
Çünki dünyanın ən dəhşətli
zülmü - repressiya başlamışdı. İncə duyumlu, zərif qəlbli, kövrək
ürəkli şair Mikayıl Müşfiqin sanki ərşə
çəkilməsi rəhmətlik Cəfər Cabbarlıya
da qənim kəsildi".
Lakin filmin uğurundan ruhlanan Cəfər Cabbarlı
özünün eyniadlı pyesi əsasında "Almaz"
kinossenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində
lazımi təcrübə topladığı
üçün böyük həvəs və ruh yüksəkliyi
ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə
götürür. C.Cabbarlı yaradıcı
qrupu özü komplektləşdirir. Aktyorlar
arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində
çəkilmiş İzzət Orucovanı təsdiq edir.
Lakin Cəfər Cabbarlının vaxtsız
ölümü ona bu arzusunu həyata keçirməyə
imkan vermir. Filmi onun həmkarları -
Ağarza Quliyev və Braginski davam etdirdilər. Ölümünün bir illiyində film ekranlara
çıxır.
Dövlət
Film Fondunun direktoru Cəmil Quliyevin dedikləri:
"Bəxti mərhum İzzət xanımın
üzünə gülmüşdü. Bütün
sarsıntılara, sıxıntılara baxmayaraq, o,
ömrünün ən bəxtəvər
çağlarını yaşayırdı. 20-22 yaşında gənc qız oynadığı
Sevil roluna görə dövrün populyar şəxsiyyəti,
ifaçısı kimi tanınmışdı. "Sevil" filmindən sonra Cəfər
Cabbarlı onu özünün ssenarisi əsasında
quruluş verəcəyi "Almaz" filmində yenə
baş rola - Almaz obrazını yaratmağa dəvət
etmişdi. Amma dramaturqun arzusu ürəyində
qalır. O, zamanın amansızlığına
dözüm gətirə bilmir, dünyasını dəyişir.
Ancaq İzzət xanım Almaz roluna çəkilir və s.
tamaşaçılarının rəğbətini
qazanır. Onun hər iki filmdə
oynadığı rolları bu gün də örnək kimi qəbul
edir, nümunə göstərirlər".
İzzət xanım kino aktrisası kimi məşhurlaşsa
da, əsas məqsədindən - elmə sevgisindən
ayrılmır. "Sevil" və "Almaz" filmlərindən
sonra gənc aktrisa kinodan uzaqlaşır və həyatını
bütünlüklə Azərbaycan elminin inkişafına sərf
edir.
O, uzun illər
Elmi-Tədqiqat Neft Emalı İnstitutunda müxtəlif vəzifələrdə
işləyir. Elmi dərəcələr
qazanır. O, elm sahəsində uğurlar qazandıqca,
milli kinomuzda iki məşhur rol oynadığını nəzər-diqqətə
çatdırmırdı. Bəlkə ona
görə ki, ötən illərin ürək ağrıdan
müsibətlərini yenidən yaşamaq istəmirdi. Amma bəzən Sevillərin, Almazların
çadralarını atmalarına, arzularına
çatmalarına sevinərdi. Elm xadimi
kimi tanındıqca, ucaldıqca, müxtəlif fəxri adlar,
dövlət mükafatları alanda, istər-istəməz
ötən günlərini xatırlayır, fərəh,
qürur hissi duyurdu.
Tanınmış
kinoşünas, əməkdar incəsənət xadimi
Aydın Kazımzadə deyir: ""Almaz" filmi kino
ulduzunun şöhrətini möhkəmləndirdi. Tənqidçilər istedadlı qızın
gözəl gələcəyindən xəbər verirdilər.
Lakin İzzət xanım onların həyəcanlı
və tərifli məqalələrini oxuyaraq, öz həyatı
barədə daha çox düşünürdü. Ailədə ona heç bir söz demirdilər.
Hamı diqqətlə onun hansı yolu seçəcəyini
gözləyirdi. Nəhayət, məhəbbət elmə
qalib gəldi"...
İzzət
xanımı gözəl insan, səmimi iş yoldaşı,
daim axtarışda olan elm xadimi kimi tanıyır və
sevirdilər. Elmi sahədə onunla uzun illər birgə
çalışan Həqiqət Cəbiyevanın xatirələrindən:
"30 ilə yaxındır ki, İzzət xanım haqq
dünyasına qovuşub. Amma mən buna hələ
də inanmıram. Həmişə, hər
vaxt elə bilirəm ki, indicə qapımız
açılacaq, həmişəki kimi şən ovqatla əhvalımızı,
nəyə ehtiyacımızın olmasını soruşacaq.
Onun simasında qadın şərəfinin, ləyaqətinin
ucalığını görmüşəm. Portretini böyüdüb evimdən asmışam.
Hər dəfə televiziya ekranlarında onun
ifasında Sevili, Almazı görəndə kövrəlirəm.
İzzət xanım son dərəcə həssas
duyumlu insan idi. Şükürlər olsun
ki, o unudulmur. Çünki xatirələrdə
özünə əbədi yer qazanıb".
İzzət Orucovanın yüksək ixtisaslı kadrlar
hazırlanmasında xidməti olub. İzzət xanım 1962-ci ildə
texnika elmləri doktoru, professor elmi dərəcəsi, iki il sonra əməkdar elm və texnika xadimi fəxri
adını almış, dövlət mükafatına layiq
görülmüş, Elmlər Akademiyasının akademiki
seçilmişdi. "Şərəf
nişanı", "Qırmızı əmək
bayrağı", "Lenin" və "Oktyabr
inqilabı" ordenləri ilə təltif olunmuşdu. Yeri gəlmişkən, şaxtalı havada donmayan
tank yağının kəşfi də İzzət xanıma
məxsusdur. Bu kəşf Böyük Vətən
müharibəsi zamanı qiymətli tapıntı idi.
Kinonun ilk Sevili 1935-ci ildə qonşuluğunda yaşayan
həkim Mövsüm İsmayılzadə ilə ailə
qurur. Lakin bu xoşbəxtlik uzun sürmür. 1937-ci ildə Mövsüm İsmayılzadəni
xalq düşməni kimi həbs edirlər. Əvvəlcədən
həbs olunacağını hiss edən ər dərhal
arvadından ayrılır. Bununla da İzzət
xanımı və körpə oğlu Yılmazı
sürgündən xilas edir. Həyatın
ağrı-acılarına dözərək İzzət
Orucova sonralar qarşısına qoyduğu məqsədə
doğru inamla irəlilədi, ekranda yaratdığı Sevil və
Almaz obrazlarının yolunu həyatda davam etdirdi. İzzət xanımın adı Azərbaycan kino
tarixinə ilk milli kinoaktrisa, Azərbaycan elm tarixinə isə
ilk azərbaycanlı qadın kimyaçı-alim kimi daxil oldu.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 2 oktyabr.- S.13.