Medianın “mötəbər
mənbə” problemi
Media təmsilçiləri
bu yanaşmanın düzgün seçim olmadığı qənaətindədilər
Bu gün mətbuatda yalan, şayiə xarakterli
informasiyaların yayılması adi hala çevrilib. Yalan
yazılar, "adının çəkilməsini istəməyən
şəxs", "mötəbər mənbə" ifadələri
ən çox müşahidə etdiyimiz məqamlardır.
Biz bu mənbələrin - "şəxslərin" dediklərinə
inansaq, indiyədək gərək bir məmur öz postunda
qalmamalıydı... Çünki mətbuatın
"adının çəkilməsini istəməyən mənbə"ləri
indiyədək müxtəlif məmurların vəzifələrindən
uzaqlaşdırılacağı ilə bağlı
proqnozları özünü doğrultmadığından belə
medanın digər xəbərlərinin
düzgünlüyünə də şübhələr
artır.
Beynəlxalq mediada da bu kimi ifadələrdən istifadə
olunur. Amma az hallarda müşahidə edilən belə
hallarda onların yaydıqları informasiyanın doğru
olduğuna inam var. Bizim bəzi media qurumlarının yalan xəbəri
isə cəmiyyətin ona inamının azalmasına səbəb
olur. Nəticədə qurunun oduna yaş da
yanır, nə qədər digər mətbu orqanlar doğru
informasiyalar yazsa belə, onu da yalan kimi yozurlar.
"Gündəlik
Bakı"nın əməkdaşı
Anar Rasimoğlunun fikrincə, bəzi orqanlarla xəbərin dəqiqliyini
müəyyənləşdirmək çətin
olduğundan media təmsilçisi "mötəbər mənbə"ni
istinad gətirmək məcburiyyətində qalır: "Bu
seçim bütün dövlətlərin mediasında
mövcuddur. Amma çox vaxt "mötəbər mənbə"nin verdiyi məlumat düz də
çıxmır. Mən jurnalistləri
qınamıram. İnformasiyanı almaqda
çətinlik çəkdiklərindən bu yola əl atmaq
məcburiyyətində qalırlar. Və
yaxud da hansısa mənbədən əldə etdikləri məlumatı
digərlərindən qabaq ictimaiyyətə çatdırmaq
istəklərindən bu varianta əl atılır. Bu
proses daha çox saytlarda özünü biruzə verir. Düzdür, "mötəbər mənbə"yə
istinad edilən xəbərlərin əksəriyyəti
jurnalistin təxəyyülünün məhsulu da olur. Amma bütün hallarda informasiyanı verməzdən
öncə onun dəqiqliyi yoxlanılmalıdır".
"Mənbələrlə
iş Azərbaycan jurnalistikasının ən zəif yerlərindən
biridir və xüsusilə anonim mənbələrə
müraciət sahəsində ciddi problemlər var. Bizdə
birinci əsas problem informasiyanın bir neçə mənbədən
yoxlanılmaması, ikincisi anonim mənbələrə
müraciətlə bağlı problemlərdir. Hər iki hal bütövlükdə informasiyaya olan
inamın aşağı salınmasına gətirib
çıxardır, əhalidə mediaya olan inam
azalır". "Yeni Nəsil"
Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyib.
O, bunun iki səbəbini görür: "Birinci səbəb
qeyri-peşəkarlıqdır. İnformasiya mənbələri
ilə iş jurnalistikasının ən çətin sahələrindən
biridir. Bir sıra tələblər var və bu
tələblər həmişə yerinə yetirilməlidir.
İkinci səbəb ondan ibarətdir ki,
dövlət orqanları mediaya qapalıdır. Onlardan informasiya almaq və ya hansısa məlumatları
dəqiqləşdirmək jurnalistlər üçün
çətin olur. Və onlar belə
hallarda şayiələrlə dolanmağa və onun
böyrünə "mötəbər mənbələrdən
aldığımız informasiyaya görə" ifadəsini
əlavə etməyə məcbur olurlar".
Arif
Əliyev qeyd edib ki, bu situasiyanı düzəltmək
üçün birincisi dövlət orqanlarının,
informasiya mənbələrinin açıqlığına
nail olmaq lazımdır: "Təəssüf ki, uzun illərin
səyləri bu sahədə heç bir nəticə vermir. Təcrübə göstərir ki, bu mənbələr
qapalı qalmaqda davam edirlər. Bundan təkcə
müxalifət mətbuatı deyil, eyni zamanda hökumətyönlü
KİV də əziyyət çəkir. Bu
barədə rəsmi qəzetlərdə də neçə
dəfə yazılar olub. Bu, əlbəttə,
jurnalist professionallığı ilə bağlıdır.
Çünki professional standartlara görə hətta
mənbə qapalı olmasını tələb etdikdə belə,
mütləq müəyyən detallar yazıya əlavə
edilməlidir ki, mənbəni tanıtmadan onun
reallığını göstərə bilsin. Məsələn, "filan nazirlikdən mötəbər
mənbələrdən aldığımı məlumatlara
görə" ifadəsi boş ifadədir. Bunun arxasında 90 faiz heç bir mənbə
dayanmır".
Birlik sədri
bildirib ki, peşəkar jurnalistikada "mötəbər mənbələrdən
aldığımız informasiya" ifadəsinə az rast gəlinir. "Hətta belə
olduqda da, o informasiyaların əlavə mənbələrdən
yoxlanılması nəticəsində nələrsə
üzə çıxır. Mənbə
qapalı olduqda belə, onun hansısa bir cəhətini
göstərmək lazımdır ki, oxucuda müəyyən
inam yaransın. Beynəlxalq mediada da bu
ara-sıra istifadə olunur. Amma bu Azərbaycan
mediasında istifadə olunan qədər deyil. Rəqəm kimi götürsək, bunları
müqayisə etmək mümkün deyil".
Oxucu.info
portalının rəhbəri Məhərrəm
Ağalaroğlunun fikrincə isə, "mötəbər mənbə"
məsələsi bütün saytlarda mövcuddur: "Bəzən
elə informasiyalar olur ki, o həqiqətdir. Lakin
onu verən mənbə adının gizli saxlanmasını
xahiş edir, istəmir ki, xəbərin ondan gəldiyi
bilinsin. Müxbir də məcbur olub həmin
inaformasiyanı "mötəbər mənbə" və
yaxud da "mənbə"sinə istinadən verir. Belə
"mənbə"lər düz də ola
bilər, yalan da. Çox çaxt isə jurnalist
xəbəri ehtimallar üzərində də qurur. Bu isə yerli mediamızda qəbul olunmayan prinsiplərdəndir.
Bu həm də həmin sayta olan inam
azlığının nümunəsidir. Xəbəri
dəqiqləşdirmək vacibdir".
Media
eksperti Zeynal Məmmədli qeyd edib ki, bu medianın ciddi problemlərindən
biridir: "Bu gün biz heç cür öyünə bilmərik
ki, Azərbaycanda media ilə bağlı inam var. Çap mətbuatının
satışına, televiziyalarda çoxbaxımlı
verilişlərin reytinqinə baxsaq, (ən populyar verilişə
100-150 minlik tamaşaçı sayı yüksək reytinq gətirirsə)
görərik ki, Azərbaycanda mediaya inam nə qədər
aşağıdır. Qaynağın
adını bildirmədən xəbər yazmaq Azərbaycan
mediasının öncədən xəstəliyidir ki,
hansısa qaynaqdan aldığı məlumatı təsdiqlədə
bilmir. İndiki halda birbaşa jurnalistikanı, media əməkdaşlarını
günahlandıra bilmərəm, başlanğıcda bəlkə
ola bilərdi, amma indi yox".
Z.Məmmədli
Azərbaycanda məlumat almaqla bağlı az
qala çözülməz bir çətinliyin olduğunu və
son nəticədə bu cür vəziyyətin
yarandığını vurğulayıb: "Jurnalistlərin
məlumat alma prosesi son qanun dəyişikləri ilə lap
çətinləşdirilir. Belədirsə,
onda Azərbaycan jurnalistləri bilərəkdən dedi-qodunun,
söyləntilərin, təsdiqlənməyən məlumatların
yayılmasına sürükləndirilir. Bu
da sanki hökumətin medianın cəmiyyətdə inam
qazanmasında, nüfuzunun artırılmasında
marağı olmadığını göstərir. Məntiqi
olaraq bu nəticəni çıxartmaq olar ki,
televiziyaların, radioların, rəsmi saytların aktual məsələlərdən
yayınması, auditoriyanı ehtiyacı olan məlumatlarla təmin
etməməsi, ikinci tərəfdən, jurnalistin məlumat
almaqla bağlı məsələlərin çətinləşdirilməsi,
bununla bağlı məhkəmə işlərini
gözardı etməsi və informasiya əldə etmək, məlumat
azadlığı ilə bağlı qanunun işləməməsi,
məlumatı gizlədənlərin cəzalandırılmaması,
əksinə vəzifəcə yüksək pilləyə
qaldırılması Azərbaycanda mediaya inamın
azalmasına səbəb olur.
Kök bundadır ki, biz jurnalistlərin məlumatları
təsdiqlətdirmək imkanlarımız çox məhduddur. Üstəlik
bazar da inhisarda olduğundan və bəlli mətbu qurumu
yaşatmaq məcburiyyətində qaldığımızdan,
qeyri-peşəkar jurnalistikanı özü üçün
normal sayanlar və media menecerləri mətbuatı sürətlə
sarılaşdırmağa başlayırlar".
Z.Məmmədli
bildirib ki, "mötəbər mənbələr",
"redaksiyamızın mənbəsi", "etibarlı mənbələr"
adı ilə Azərbaycan jurnalistikasında
yağışdan sonra göbələk kimi çoxalan o
istinadlar ciddi problemdir. "Jurnalistlər bilməlidir
ki, o cür qaynaqdan istifadə edirlərsə, onun mütləq
xarakterini bildirməlidirlər. Mütləq
oxucu, dinləyici bilməlidir ki, məlumat
qaynağının gizlədilməsində məqsəd nədir.
İkincisi bu qaynağın xarakteri
çatdırılmalıdır. Ancaq
görürük ki, istər müxalif, istər dövlətdən
maliyyələşən, istər bitərəf mətbuatda
yanlış informasiyalar baş alıb gedir".
Müstəqil
jurnalist Alçina Amilqızının fikrincə isə hər
bir media işçisinin, müxbirin müxtəlif yerlərdə
öz mənbəyi olmalıdır: "Amma yaxşı
olardı ki, həmin mənbə informasiyanı verdikdə
öz adının açıqlanmasından ehtiyat etməsin.
Əgər adını gizli saxlayıb
informasiya verirsə, onda həmin xəbəri yayan jurnalist onun
həqiqiliyini dəqiqləşdirməlidir. Dəqiqləşdirilmədən informasiyanı verməyin
özü naşılıq və KİV haqqında qanunumuza
ziddir. Müxbir digər tərəfin də
mövqeyini mütləq işıqlandırmalıdır.
"Mötəbər mənbə"lər
jurnalistə çox vaxt qərəzli, bitərəf
informasiyalar da ötürə bilər. Saytların
elektron ünvanlarına belə xəbərlər çox gəlir
və onlar da bunu dəqiqləşdirmədən verirlər.
Mənim fikrimcə, bu düzgün seçim
deyil".
Media
Hüquqi İnstitutunun direktoru Rəşid Hacılı da
hesab edir ki, "mötəbər mənbə" adı
altında və yaxud "adını bildirmək istəməyən
mənbə" kimi və s. ifadələrdən sui-istifadə
edilməsi həmin informasiyanın etibarlığını
şübhə altına alır. "Nəticə
etibarı ilə bu jurnalist etikası, media etikası
standartlarından kənara çıxır. Bunu yazan həmin media qurumuna və yaxud jurnalistə
etibar azaldır. Ümumilikdə
götürəndə bu sözə, mətbuata cəmiyyətin
inamının azalmasına gətirib çıxarda bilər.
Bu jurnalistikanın ümumi problemidir".
R.Hacılı qeyd edib ki, ümumi əxlaq məcəlləsi
çərçivəsində jurnalistlər bir araya gəlib
bunu həll etməli və ya hansısa formada bunu aradan
qaldırmağa çalışmalıdır. "Burada
hüquqi problem yoxdur. Bu sırf jurnalistin
öz peşəsinə, öz oxucusuna hörmət etməsi
məsələsidir. Rəsmi şəxslərin,
xüsusilə hökumət nümayəndələrinin,
tanınmış ictimai xadimlərin fəaliyyətləri ilə
bağlı məlumatların bu şəkildə
yayılması təkcə jurnalistlərin günahı və
problemi deyil. Bu həm də həmin
qurumların, şəxslərin mətbuat üçün nə
qədər açıq olmasının göstəricisidir.
Hansısa rəsmi şəxs barəsində şayiə
yayılırsa, biz görmürük ki, o çıxıb
bununla bağlı təkzib versin. Biz jurnalistləri tənqid
etdiyimiz kimik, eyni zamanda həmin o şəxslərin, dövlət
məmurlarının və s. öz imicləri haqqında
heç cür qayğı çəkmədiklərini, mətbuata
saymazyana münasibət göstərdikləri
üçün diqqətsiz münasibət göstərdiklərini
mütləq qeyd etmək lazımdır", - deyə Rəşid
Hacılı vurğulayıb.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 2 oktyabr.- S.11.