Biz necə
oxuduq..
Şərqdə müsəlman qızları üçün
ilk dünyəvi məktəb
Bakıda açılıb
Rusiyada və Avropada qadın azadlığı ilə bağlı proseslər Şimali Azərbaycanda da öz əksini
tapmaya bilməzdi. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda ölkə tarixində, onun mədəniyyətində iz
qoyub getmiş parlaq şəxsiyyətlər
olan qadınlar yaşayırdı. Həmin qadınlar
arasında Qarabağ xanının qızı,
XIX əsrin tanınmış
şairi Xurşudbanu Natəvanın adını
xüsusi qeyd olunmalıdır. 1830-cu ildə
Qarabağda doğulmuşdu;
Şuşa şəhərindəki "Məclisi-Fəramuşan"
(1870) və "Məclisi-Üns"
(1872) kimi ədəbi
cəmiyyətlərin əsasını
qoymuşdu. Natəvan özünün poetik və bədii istedadı ilə, həmçinin istedadlı aşıqlara,
xanəndələrə, musiqiçilərə
himayədarlığı ilə,
xeyriyyəçiliyi ilə
məhşur idi.
Şairə yüksək zövqlü
bədii əl işləri yaradır və gözəl şəkil çəkirdi.
Aleksandr Düma Azərbaycana gələrkən
Bakıda Xurşudbanu
Natəvanla və onun əri, general
Xasaybəy Usmiyevlə
görüşmüş, bu müsəlman qadınının erudisiyasına
və mədəniyyətinə
heyran qalmışdı.
Natəvan hədiyyə olaraq
fransız yazıçısına
muncuqla tikdiyi tənbəki kisəsi bağışlamışdı. Bu barədə A.Düma
öz xatirələrini
Parisdə fransız dilində 1859-cu ildə üç cilddə nəşr olunmuş
"Qafqaz" əsərində
yazmışdır.
XIX əsrin sonlarından
başlayaraq, Şimali
Azərbaycanda ictimai-siyasi
münasibətlərin güclü
inkişafı Azərbaycan
qadınının özünə
cəmiyyətdə yer
tapması üçün
geniş imkanlar və perspektivlər yaradır. Şimali Azərbaycanda XIX əsrin sonunda kişi
təhsili ilə yanaşı qadın orta təhsili də
inkişaf etməyə
başlayır. 1874-cü ildə Azərbaycanda
1883-cü ildən sonra
Mariinskaya adını
almış ilk gimnaziya
açılır. Bakı
quberniyasında XIX əsrin
sonunda 4915 şagirdin,
o
cümlədən 64 qızın
təlim keçdiyi
245 məktəb fəaliyyət
göstərirdi. Eyni zamanda
Yelizavetpol quberniyasındakı
268 məktəbdə 4384 şagird,
o cümlədən 145 qız
oxuyurdu. XIX əsrin
sonu - XX əsrin əvvəli xeyriyyəçiliyin
imkanlı insanlar üçün
yazılmamış qanun olduğu bir dövr idi. Fəxri himayəçilik institutunun
geniş yayılması
buna parlaq sübutdur; Bakının bütün məktəblərində,
gimnaziyalarında və
progimnaziyalarında şəhər
tacirləri və zadəganlarının ən
görkəmli nümayəndələrindən
ibarət olan himayədarlıq şuraları
fəaliyyət göstərirdi.
Onların böyük
həcmdə etdiyi
ianələr çox
vaxt inqilabdanqabaqkı
Bakının tədris
müəssisələrinin əsasını təşkil
edirdi.
Ən iri sənayeçi və mesenat Hacı Zeynalabdin Tağıyevin geniş və çoxcəhətli xeyriyyəçilik
fəaliyyəti hamıya
məlumdur. Bakı inşaat-texniki və Bakı kommersiya məktəblərinin, Bakı
Mariinskaya qadın gimnaziyasının fəxri
himayəçisi olan
H.Z.Tağıyev Bakı
Aleksandrinskaya adını
almış ilk rus-müsəlman
pedaqoji məktəbini
açmışdı ki,
bu onun maarif
sahəsindəki fəaliyyətinin
tacı sayılır.
Qadın məsələsinin
həllini H.Z.Tağıyev
cəmiyyətin normal fəaliyyət
göstərməsi, ictimai
inkişafın sürətlənməsi
üçün vacib
şərt
hesab edirdi. H.Z.Tağıyev maarifə böyük
üstünlük verir,
onu qadın məsələsinin həllindəki
əsas halqa sayırdı. Azərbaycan qızları
üçün xüsusi
məktəbin yaradılması
barədə Tağıyev
hələ XIX əsrin
90-cı illərində düşünmüşdü.
Belə ki, tanınmış ictimai xadim M.A.Şaxtaxtinskiyə
yazdığı 4 may 1896-cı il tarixli
məktubunda Tağıyev
qeyd edirdi: "Müsəlman qadınını
olduğu qapalı həyatdan çıxarmaqdan
ötrü yeganə bir yol var
- yalnız məktəb;
bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər".
Buradan görünür ki, belə məktəbin açılması o zaman
üçün aktual
və eyni zamanda olduqca mürəkkəb iş idi. Tağıyevin qətiyyəti və inadı, üstəgəl
müdrikliyi və
bakılılar arasındakı
nüfuzu, həmçinin
onun vəsaiti bu ideyanı sona çatdırmağa imkan verdi. Bu yolda Tağıyev yerli hakimiyyətin gizlin narazılığını
və həm də şəhərin
ortodoksal dairələrinin
açıq müqavimətini
dəf etməli oldu. Bütün bunlar Hacı
Zeynalabdini bir sıra diplomatik manevrlər etməyə vadar etdi. Belə ki, 24 aprel 1896-cı ildə Qafqaz Tədris Dairəsinin nəzarətçisi
K.P.Yankovskiyə ünvanladığı
məktubda o, "məktəbin
açılışını II Nikolayın taxta
çıxmağına həsr
etdiyini elan edir: "İmperator Əlahəzrətlərinin tacqoyma
mərasimini Bakıda
mənim vəsaitim hesabına rus-müsəlman
məktəbi açmaqla
qeyd etməyi qərara
aldım". Eyni zamanda
H.Z.Tağıyev gələcək
məktəbə imperatriçə
Aleksandra Fyodorovnanın adını
verərək - "Aleksandrinskaya"
adlandırmağı vəd
etdi. Bu diplomatik addım təsirsiz qalmadı: tezliklə Azərbaycanlı qızlar
üçün ilk məktəbin
açılışına "yuxarıdan" icazə verildi. İkinci maneəyə gəldikdə
isə burada məsələ daha çətin idi, çünki müsəlman
qızları
üçün məktəbin
açılmasını şəriət
qanunlarının tapdanması
kimi qəbul edən ruhanilərin müəyyən hissəsinin
etirazını dəf
etmək lazım gələcəkdi. Sonralar
tanınmış Azərbaycan
artisti Sidqi Ruhulla Axundovun xatırladığı kimi,
əvvəl Z.Tağıyev
quberniyanın qazısı
Mirməhəmməd Kərimin
və Axund Mir Abutarabın, həmçinin
bir neçə mollanın razılığını
ala bildi. Daha qatı
yola gəlməyənləri
inandırmaq üçün
isə H.Z.Tağıyev
molla Mirzə Məmmədoğlunu "diplomatik
səyahət" olaraq
Mədinə, Xorasan və Bağdad şəhərlərinə göndərdi
və o da, ən iri, hamının
hörmət etdiyi müctəhidlərlə (şiələrin
mənəvi liderləri)
görüşərək onlardan müsəlman qızları üçün
məktəb açılmasına
yazılı icazə
ala bildi.
Mirzə Məmmədoğlu qayıtdıqdan
sonra Tağıyev Bakıda açılacaq məktəbin hər bir əleyhdarına həmin şəxsin ən çox inandığı müctəhidin
məktubunu təqdim etdi. Bu da işin
istedadlı mütəfəkkir-mesenatın
xeyrinə həlli ilə nəticələndi.
1896-cı ildə bütün
razılaşmalardan sonra
Bakı Şəhər
Upravası H.Z.Tağıyevin
yaratdığı məktəb
üçün ayırdığı
qızılla 150 min rubl
(bundan 125 mini assiqnasiya
şəklində toxunulmaz
kapital olaraq bankda yerləşdirilmişdi)
ianəsini Dövlət
bankına verdi.
1896-1901-ci illər ərzində
Bakının mərkəzi
küçələrindən birində, hazırkı Əlyazmalar Fondunun binasında
məktəbin tikintisi
davam etdirildi və bu tikinti
183 min rubla başa gəldi. 1898-ci il
mayın 16-da İmperatriçə
Aleksandra Fyodorovna adına
Bakı qadın rus-müsəlman pedaqoji
məktəbinin nizamnaməsi
təsdiq edildi. Bu - Qafqaz tədris dairəsinə aid olan qapalı tədris-tərbiyə
müəssisəsi idi
və məktəbə
gəlib-gedən tələbələri
də vardı. Qızları məktəbə
4 il müddətinə
7 yaşdan başlayaraq
qəbul edirdilər. Tərbiyə müsəlman ailəsinin
adət və ənənələri üzərində
qurulmuşdu. H.Z.Tağıyev
o zamanın təhsil sistemini, ən tanınmış tədris
müəssisələrinin strukturunu dərindən öyrənərək Şərqin
özünəməxsusluğunu nəzərə
almışdı. Məktəbin Himayədarlar şurası
təşkil olundu.
Bu şuraya Tağıyev
və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya)
başçılıq
edirdi. Nizamnaməyə əsasən, bu
vəzifə irsən
keçməli idi.
Himayədarlar şurasına
həmçinin Bakı
Şəhər Başçısı
L.L.Bıç, Bakı
quberniyasının qazısı
Mirməhəmməd Kərim
Mircəfərzadə, Bakının
qadın gimnaziyalarından
birinin müdiri və kişi gimnaziyalarından birinin direktoru, iki nəfər fəxri şəhər müsəlmanı,
Həsənbəy Məlikov
(Zərdabi), Nəcəfbəy
Vəzirov, Əlimərdanbəy
Topçubaşov daxil
idi. H.Z.Tağıyev məktəbə Həsənbəy
Məlikovun (Zərdabi)
həyat yoldaşı
Hənifə xanım
Məlikovanı direktor təyin etdi. Paytaxt qəzetləri vasitəsi
ilə Tağıyev bütün müsəlman
qadın müəllimlərinə
ilk müsəlman qadın
məktəbinə kömək
çağırışı ilə müraciət etdi. Tağıyev məktəbinin cəmiyyətdə
öz potensial intellektual imkanlarını
reallaşdırmağa imkan
verdiyi görkəmli qadın maarifçilərin
adlarını çəkmək
yerinə düşərdi:
Rəhilə xanım
Terequlova (Hacıbababəyova),
Məryəm xanım
Sulikeviç, Adilə
xanım Şaxtaxtinskaya,
Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım
Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanı
xanım Şabanova,
Səkinə xanım
Axundzadə (ilk qadın
dramaturq, yazıçı).
Tədris
proqramına gəldikdə
isə bura Azərbaycan və rus dili (dil,
ədəbiyyat), hesab,
tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxət, nəğmə,
musiqi, etika, anatomiya, tibbin əsasları
və şəriət
daxil idi. 1901-ci il oktyabrın
9-da Aleksandriya rus-müsəlman
qadın məktəbinin
təntənəli açılışı
oldu. Bu, Şərqdə
müsəlman qızları
üçün açılan
ilk dünyəvi məktəb
oldu.
20 nəfər şagird üçün nəzərdə
tutulmuş məktəb
pansionu açılış
günü 35 pulsuz məktəbli, 15 nəfər
isə ildə 100 rubl ödəməklə
gəlib-gedən tələbə
qəbul etdi. Qızlar
Zaqafqaziyanın hər
yerindən, Şimali Qafqazdan qəbul olunurdu. Bakıda
Tağıyev qız məktəbinin açılması Azərbaycan
ziyalı cəmiyyəti tərəfindən böyük
heyranlıqla qarşılandı. Məşhur vəkil,
sonradan
Azərbaycan Demokratik Respublikasının xarici işlər
naziri olmuş Əlimərdanbəy Topçubaşov məktəbin
açılışında söyləmişdi: "Gələcək
tarixçi bu hadisəni müsəlman qadının,
bütün başqa xalqlarda olduğu kimi, ailə
ocağını yandıran bu gözəl varlığın
yüksəliş dövrünün başlanğıcı
kimi qeydə alacaqdır". Görkəmli jurnalist Əhmədbəy
Ağayev qeyd edirdi: "İndən belə müsəlman
qadınları ailəyə maarifin canlandırıcı
şüasını səpmək imkanı qazanacaqlar... Onlar
gələcək nəsillərə inkişafa,
yaxınlarına, xeyirxah insanlara və işlərə sevgi təlqin
edəcəklər ki, bunsuz hər hansı
cəmiyyət ölümə məhkumdur". Qazan müsəlmanlarının
H.Z.Tağıyevə göndərdiyi məktubda deyilirdi:
"Bu ilk məktəbdir ki, bütün şəriət
qaydalarına riayət olunmaqla
müsəlman qızları Qərb sivilizasiyası ilə
tanış olacaq və bu təhsil məbədində müsəlman
əhalisinin müxtəlif təbəqələri
qarşılaşacaq və ümuminsani qardaşlıq və
məhəbbə hisslərinə malik olacaqdır".
Tağıyev məktəbi 1918-ci ilə kimi mövcud
oldu və böyük sayda təhsilli intellektual şəxsiyyətlər
pleyadası yaratdı. Artıq 1906-cı ildə bunabənzər məktəb
Tiflisdə açıldı; sonradan İqlimə xanım
Əliyeva və Mədinə xanım Qiyasbəyli
Balaxanıda və Qazaxda öz məktəblərini
açdılar; Qubada, Lənkəranda, Dərbənddə,
Naxçıvanda, İrəvanda da qız məktəbləri
meydana gəldi. Maarifçilik sahəsində görkəmli
xidmətlərinə görə imperator II Nikolay 25 yanvar
1907-ci ildə H.Z.Tağıyevə Həqiqi Mülki
Müşavir rütbəsi verdi.
Göründüyü kimi Azərbaycan qadının təhsil yolu heç də asan olmayıb. Bu yolda mücadilə edənlər həm də qiymətli itkilərlə üzləşiblər. Hadan və cahil insanların oxuduğuna görə qətlə yetirdiyi qadın və qızların axıtdığı qanın, ziyalıların üzləşdikləri təhqir və təqiblərin sonucu qadınların elm və təhsildə uğurlara imza atması oldu. Bu gün isə qız uşaqlarının təhsildən, qadınların ictimai həyatadan uzaq tutulmasına edilən cəhdlər zorla çıxdığımız qaranlığa qayıtmaqdan başqa heç nə vəd etmir. Düşünün, cənablar!
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 4 oktyabr.- S.13.