Nizami Gəncəvi və etnoyaddaş
XII əsr Azərbaycan
humanitar-ictimai fəlsəfi-siyasi
düşüncəsinin zirvəsi
Şeyx Nizami Gəncəvinin poeziyası
aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına hopub, onun bədii təfəkküründən süzülərək
cilalanıb, şifahi
ənənədə dastanlara,
nağıllara çevrilib. Dövrünün ictimai-siyasi, ədəbi-mədəni
proseslərini dərindən
bilən şair hadisələrin təsvirində
xalq yaradıcılığı
ənənələrindən də istifadə edib. Eyni zamanda xalq bilimlərini, mərasim və təntənəli xalq bayramları haqqındakı bilgiləri
əsərlərində canlandıraraq
onlara yaşamaq haqqı verib. Biz bir çox
ənənəvi xalq
yaradıcılığı nümunələri haqqında
informasiyanı böyük
Nizaminin əsərlərindən
almış oluruq.
Azərbaycan xalq ədəbiyyatının
tarixi köklərinə
baxdıqda bir fakt öz möhtəşəmliyi
ilə diqqəti çəkir; türk etnosuna daxil olan xalqların - türkmənlərin, qazaxların,
qırğızların, özbəklərin,
istərsə də azərbaycanlıların ağız
ədəbiyyatı bir
çox xalqların yazılı ədəbiyyatında
öz izlərini buraxıb.
Nizami Gəncəvinin
əsərlərində ənənəvi
biliklərin çeşidi
əlvanlığı ilə
bərq vurur. Tapmacalardan tutmuş
xalq təbabətinədək
bir çox bilgilər şairin əsərlərində əks
olunub. Xalq yaradıcılığına önəm verməsi, Hizaminin əsərlərindən
bir çoxunun sonradan atalar sözü statusunda təqdim olunmasına rəvac verib.
İnci
lətafəti olsa da su da,
Çox içsən insanı incidər o da.
Nizami Gəncəvi
yaradıcılığında onlarla belə misralar var ki,
artıq xalq tərəfindən yüz
illərdir ata sözü, müdrik kəlam kimi işlədilir. Məşhur folklorşünas alim M.H.Təhmasib "XII əsrə
qədər Azərbaycan
şifahi xalq ədəbiyyatı" məqaləsində
Nizami Gəncəvinin
xalq yaradıcılığı
ilə bağlılığından
bəhs edir: "Qədim Azərbaycan ədəbiyyatı haqqında
məlumat mənbələrindən
biri də Nizami kimi dahi
sənətkarların əsərləridir.
Nizami şifahi ədəbiyyatın
bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə
qədim eposdan da bacarıqla faydalanıb. Bu dahi sənətkarın
"Xəmsə"sindən yüzlərlə kiçik,
böyük əfsanələrə,
rəvayətlərə, əsatirlərə
təsadüf edilir.
Bunlardan bəzilərini o, özü
yaradıb, bəzilərini
isə yazılı qaynaqlardan, şifahi ədəbi əsərlərdən
istifadə edərək
yenidən işləyib,
təkmilləşdirib, xalqdan
alaraq yenidən xalqa qaytarıb".
Nizami Gəncəvinin
"Xəmsə"də istifadə etdiyi rəvayətlər xalq yaradıcılığının ən əski nümunələri sayıla
bilər. "Sultan Səncərlə qarının
əhvalatı"nda dahi
sənətkar "iş
üz ağardar" xalq ibarəsini fəlsəfi-didaktik baxımdan
elə təsvir edir ki, 1000 ilə
yaxın zaman keçməsinə baxmayaraq
mövzu hələ də öz aktuallığını saxlayıb.
İntibah dövrü humanitariyanın
incilərindən olan
Nizami xalq ölçü vahidlərini
poeziyaya gətirməklə
həm xalqın zəngin mənəvi resurslarını təsvir
edir, həm də Şərq poeziyasının fonopoetika
cəhətdən zənginləşməsinə
xidmət etmiş olur.
"Sirlər xəzinəsi"
poemasında "Ovçu
ilə itin və tülkünün hekayəti"ndə şair
yazır:
"Ovçu dözdü, səbrinin misqal boyda arpası
Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı".
Arpa burada çəki vahididir. Bu gün də xalq arasında bu vahiddən istifadə olunur. Əsərlərində insanların
əski inamları ilə bağlı, səma cisimlərinə, Göy tanrısına tapınma, kultlarla əlaqəli beytlər gələnəkdə olan
inanclar sisteminə daxildir:
Kəmbərstə deyildi Əkizlər
bürcü onda,
Qan almağın
azaddı o şişkin
damarından".
Əcdadların əski inamına görə, göydəki
on iki ulduzlar topasından biri sayılan çevrə, yaxud baş-başa vermiş iki qızcığaz şəklində
Əkizlər bürcü
Külək tanrısına
çevrilmiş hesab
edilir.
Yenə də mövzu xalq inam və
sınamalarından gəlir. İbtidai insanlar
Aya sehrli qüvvə kimi baxır, onun gecənin hamisi hesab edir, şər
və qorxulu qüvvələrdən yalnız
onun vasitəsilə qurtaracaqlarını zənn
edirdilər. Həmin insanlar
Ay tutulanda teşti, ləyəni döyəcləyib,
yaxud mis qapaqları bir-birinə çırpıb haray-həşir
qopararaq Ayı şər qüvvələrdə
xilas etməyə çalışardılar. Bu türlü mövzular
Nizami Gəncəvinin
yaradıcılığında əksəriyyət təşkil
edir.
Nizami Gəncəvini yeni elmi metodlarla öyrənən Siracəddin
Hacı şairin xalq inancları ilə bağlı görüşlərini şərh
edərək yazır:
"O, günəş kimi Dolçanın Yusifi oldu,
O, su Dolçası kimi Balığın Yunisi oldu.
Həzrəti Nizami bu beytin
ideyasını da zəngin bilgilər əsasında təqdim edib. Bu bürclərlə bağlı çoxsaylı
əfsanə, əsatir
var. Qədim astronomiya
xəritələrində, atlaslarda Dolça bürcü əslində
içərisindən su
axan kuzə tutmuş adam
şəklində təsvir
edilirdi. Bunun fəslin əlamətləri
ilə bağlı olduğu güman edilir. Günəş bu bürcə
daxil olanda bahar yağışları
başlayır, dağlarda
qar əriyir, çaylarda daşqın olur. Su Dolçanın
rəmzi sayılır.
Qədim
xalqların düşüncəsinə
görə, su hər şeyin həm əvvəli, həm də axırı idi. Bir sıra miflərdə Dolça bürcünü
ümumdünya tufanı
ilə bağlayırlar".
Professor M.Mübariz "Nizami yaradıcılığına Azərbaycan
folklorunun təsiri"
məqaləsində qeyd
edir ki, "Nizami klassik şairlərimiz içərisində
hamıdan artıq xalq yaradıcılığı
xəzinəsindən istifadə
edib".
Nizaminin
folklor əlaqələri
müxtəlif şəkildə
təzahür edir ki, bunları da prof. Sədnik
Paşayev üç
qrupda tədqiq etməyi mümkün sayır:
1) Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsanələr,
yaxud da başqa folklor nümunələri;
2) Xalq ruhuna dərindən
bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən
yaradılmış folklor
nümunələri və
onların folklorda izləri;
3) Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin
süjet və motivləri əsasında
yaranmış yeni folklor nümunələri,
yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər.
Nizami Gəncəvinin
yaradıcılığı aşıqların da repertuarını zənginləşdirib. Bir çox
aşıqlar Nizamiyə
şeirlər həsr
ediblər və eyni zamanda Nizaminin
xalq əfsanəsindən
mövzusunu götürdüyü
"Leyli və Məcnun" əsəri
aşıqların dilində
dastana dönüb.
"Leyli və
Məcnun" poemasının
el variantı olaraq çoxsaylı bayatılarla
və əfsanələrlə
yanaşı "Leyli
və Məcnun" adlı bir xalq
dastanı da yaradılıb".
"Nizaminin mənəvi
arsenalı, bədii irsi sözlü ədəbiyyatla cilvələnən
və folkloru zənginləşdirən üfüqləri
geniş bir yaradıcılıq aləmidir".
Azərbaycan sözlü və yazılı ədəbiyyatında
Nizami poeziyası və yaradıcılığının
qüdrətli yüksəlişi
bilavasitə onun qədim və zəngin türk kulturoloji qaynaqları ilə əlaqədardır.
Qalib Sayılov,
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 9 oktyabr.- S.14.