“Deyilənlər gerçəkdimi?”
Ədalət Əsgəroğlunun
xətirəsinə...
Şair Ədəlat Əsgəroğlunun ölümündən bir il ötdü. O, həmişə qayğılıydı. Elə bu səbəbdən son illərdə irfan şeirləri yarandı: halından, danışığından açıq-aşkar görünürdü ki, özünü tapmaq istəyir. Ədalətin faciəviliyi həyatın məngənəsindən çıxa bilməməsində idi. Yaşamındakı gərginlikdən şikayətlənirdi. Onun insana həyanlığı, doğmalığı vardı. Son illərdə yazdığı şeirləri içinə, insana bələdliyindən, həqiqət şəkərini dadmasından yaranmışdı. Daddı və gördü ki, həqiqət tamam başqadır. Həqiqət tələbi gerçəkliyi ötməyi, hər mənada o tələbi yaşama gətirməyi istəyir. Onun gerçək durumu isə buna yetmirdi.
Ədəbiyyatın işi - insanın özünə, dünyaya, həyata münasibətini doğru ifadə etməkdir. İnsan məhv olur, özündən ayrılır. Ədəbiyyat isə insanı xilas etməyin, yaşatmağın yanğılısı olmalıdır.
Ədəbiyyat həmişə gerçəkləşən inam, canlı ömür içsəsi, solmaz ruhaniyyat gülü olmağı bacarmalıdır. İnsana inam aşılamayan - ədəbiyyat deyil. Yalnız böyük, ciddi duyğuların yaşamaq haqqı olur. İnsana sevgi əsilliyində yaşayan ədəbiyyat - əbədiliyə yüksəlir, insanı var etdiyi üçün var olur.
Ədalət Əsgəroğlunun şeirlərində insana bələdlik, can yanğısı, həqiqətə təşnəlik var. Sonuncu kitabının ("Haqdan gələn gözəl gəlir") təqdimatında bu istəyin, halın mütləqilik imkanında gerçəkləşməsini, yeni, ciddi yaradıcılıq örnəklərinin yaranmasını arzulamışdım ona.
Onun "Xocam Xocalı" poemasında dərdi dərindən duyması, yaşaması var. Gərək dərdinlə bir olasan, dərdlənəsən, dərd belini əyməyə. Dərdi çəkənlər azalıb çağımızda. Haradasa dərdə yiyə durmaq, dərdi yaşamaq ənənəmiz azalıb. Dərdimizin bayağı ifadəsi yaranıb. Bu, dərdsizlikdən betərdir əslində.
Ə.Əsgəroğluya demişdim, bu əsərini irfan şeirlərini yazdığı sayaq hecada yazması yaxşı olardı. Bütün hallarda isə o, faciə mövzusunu ürəkdən duyduğu, yaşadığı dərəcədə ifadə edə bilmişdi. Fərd inamsızdırsa, xalq da inamsız olacaq. Ləlimək yox, zarımaq yox, dərdi, faciəni qürurla yaşamağımız, faciədən üstün olmağımız gərək.
Adətən ədəbiyyatda söz deyilir, ancaq yerimir, yəni ömürləşmir. Ona görə də ən gözəl söz belə söz olaraq qalır. Söz əməllə birləşməyincə yaşamaz. Əsərdə habelə ilahiyə üsyan var. Yurddaşdan ummaq var, hiddət var. Poeziya gerçək olaraq ulusal qayğını həll edə bilmir, ancaq heç olmasa, dərdi nişan verə bilir.
Onun irfan şeirlərində özüylə üz-üzə qalması var. İtirilmiş çağlarını həqiqətlə doldura bilməməsinə kədərlənir Ə.Əsgəroğlu. Ancaq ömrün bu məqamında da olsa, özünü ifadə etdiyinə sevinir. Həqiqət ona deyir ki, məni gec tapdığına görə təlaşlanma.
Yar yaxasın çəkə yana,
Amansız qala divana.
Aşiq
ki, qıymasın cana:
Cavabı
yox, sualdı ki...
Durma, içinin ucalığına
doğru yüksəl!
Həqiqətin yoluna düşdünsə,
gərək dayanmayasan.
Dayanmaq -
həqiqəti itirmək,
yiyəsiz qoymaqdır.
Ə.Əsgəroğlu içinin
həqiqətiylə üz-üzə
qalanda gerçəkliyinin
halını çox
gözəl görürdü:
Deyilənlər gerçəkdimi,
Könül onu göyçək saysın?
Yazılara qələm çalan
Gülün vursun, çiçək
saysın...
Onun özüylə
üz-üzə qaldığı
məqamlar fitrətini,
insan ilahiliyini dərk etdiyi məqamlardır. İnsan özümlüyünü şəxsində duymaq, fərəhlənmək, ilahiliyi
dərk etmək gözəldir. Həqiqətini
tapmısansa, ölümün
nə vaxt gəlməsinin də qorxusu yoxdur:
Əsgəroğlu, ayrılıq var,
Yol bitirməz
haça yollar.
Gedənə yar, gələnə
yar,
Mənəm zəvvar, nə istəyir?
Əsgəroğlu özünü yetə bildiyi məqamlarıyla, şeirləriylə ovundururdu. Bu, yarımçıq qalmış,
insani-ilahi imkanlarını
tam aşkarlaya bilməmiş
bir yaradıcının
kədəri deyil təkcə, elə hamının kədəridir.
Həyatdan yarımçıq gedən hər kəsin kədərində
özünün yarımçıq
qalmış arzularını
görmək gərək.
Bəs gedənlərin yarımçıq
arzularını necə
gerçəkləşdirməli? İnsanlığına yetməklə. Əgər varlığını təsdiq
edirsənsə, dünyadakı
bədbinliyi yox edirsən. Öz örnəyində yaratdığın insani dünyan həm də insanların istədiyi dünyadır.
İllərin acı-ağrısı
yığışdı, ona
dov gəldi: ölümünü gözləyirdi.
Gəldi
və onu apardı. Ancaq xatirəsini öldürə
bilmədi ölüm.
İnsanı yaşadan elə
budur. İnsan başqalarının xatirəsində gözəl
cəhətlərinə görə
yaşayır.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 9 oktyabr.- S.14.