Can nənə, bir
nağıl de...
Nağıl oyunlar qədər
uşaqların normal böyüməsi və tərbiyəsi
üçün vacibdir
Psixoloqlar deyir ki, uşaqlar artıq iki yaşından
başlayaraq nağılları dərk edirlər. Nağıllar
sayəsində uşaqların həyat, insanlar arasında olan
münasibət haqqında ilkin təsəvvürləri
formalaşır. Nağıl oyunlar qədər
uşaqların normal böyüməsi və tərbiyəsi
üçün vacibdir.
Psixologiya
və Konsultasiya Mərkəzinin uşaq psixoloqu Anarə
Baxşəliyeva deyir ki, uşaqları ilk dəfə kitabla tanış etməmişdən öncə
mütləq onu dinləmə vərdişi ilə
tanış etmək lazımdır: "Bu vərdişə
isə körpəni ana bətnində olarkən
alışdırmaq lazımdır. Nəzərə
alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən
formalaşmağa başlayır, deməli, bu ayından sonra
uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq
gərəkdir. Mütləq ana hamiləlik
vaxtı körpəsinə maraqlı nağıllar
danışmalıdır, xüsusən, bunu axşam,
yatmamışdan öncə etməlidir. Bir
növ körpəni hazırlamalıdır". Mütəxəssisin fikrincə, ana hamiləlik
vaxtı hansı saatda körpəsinə nağıl
danışıb, daha sonra onu əzizləyirsə, həmin
uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və
idarə olunabilən olur.
Körpəlikdən valideyn uşağı gələcək
həyata sağlam və düzgün şəkildə
hazırlamalıdır. Uşağın gözü
açılmamış onu nəyə öyrətsən,
hansı vərdişə alışdırsan, elə o
cür də davam edəcək. Sadəcə
sonadək kənardan nəzarət etmək lazımdır.
Psixoloq uşaqlarda dinləmə qabiliyyətini artırmaq
üçün analara həmişə layla oxuyaraq
uşağı yatızdırmağı məsləhət
görür: "Uşaqlarda bu cür dinləmə qabiliyyətini
formalaşdırdıqdan sonra onu kitabla birbaşa tanış
etmək olar".
Layla dövrü bitdikdən sonra uşaqlarda dinləmə
mədəniyyətini inkişaf etdirmək üçün
nağıl danışmaq lazımdır. Bu prosesə
uşaq 2 yaşında olarkən başlamaq lazımdır.
Nağıl danışmaq üçün ən
yaxşı məqam isə yatmazdan qabaqdır. Psixoloq deyir ki, düzgün dinləmə qabiliyyəti
formalaşan uşaqlar 2 yaşından nağıl dinləmək
istəyəcəklər. Bu qabiliyyət
düzgün formalaşmayıbsa, uşaqlar nağıl
eşitmək istəməyəcəklər. Bu da onların gələcək psixi inkişafı
üçün mənfi təsir göstərəcək.
Çünki uşaqların idrak fəaliyyətinin
inkişafı üçün, yəni duyğusunun,
qavrayışının, yaddaşının, diqqət-hafizəsinin,
həmçinin təfəkkür və təxəyyülünün
inkişafı üçün nağıl dinləmə və
oxuma çox önəmli rol oynayır.
Psixoloq Leyla Kazımovanın dediyinə görə,
nağıl uşağa gerçəkliyi anlamağa kömək
edir. Həyatı, birdən-birə olduğu kimi
uşaqlara göstərmək çətindir. Həm də bunun nəticəsində uşaq psixiki
zədə ala bilər. Nağıllar isə onun
dünyasını təkrarladığı üçün
uşaq tərəfindən daha asan qavranılır:
"İstənilən nağılda insanların bir-birinə
və ətrafa olan münasibəti, davranışı
verilir. Nağılların dili sadədir. Onu başa düşmək üçün uşaq
özünü yormur. O, əylənərək eyni
zamanda yeni şeylər öyrənir. Uşaq
qadağaları, məsləhətləri sevmir, nağıl
isə onu maraqlandıraraq düzgün düşünməyə
kömək edir. Nağıllarda
uşaqların diqqətini çəkən obrazlar
yaradılır. Vacib informasiya isə
öz-özünə mənimsənilir. Bununla
yanaşı nağıllar uşaqların təxəyyülünü
inkişaf etdirir. Uşaqlar bəzən özünü
nağıldakı qəhrəmanın yerində hiss edir, bəzən
isə özü yeni bir nağıl fikirləşir
oradakı obrazları hərəkətə gətirir. O,
müxtəlif hadisələr zamanı öz
davranışını da fikirləşməyə
başlayır".
Nağıllar vasitəsilə uşağa nəyin pis,
nəyin yaxşı olduğunu izah etmək daha asandır. Uşaqda
zövqün formalaşması üçün müxtəlif
nağılların deyilməsi vacibdir. Psixoloq
nəzərə çatdırıb ki, bu gün daha çox
uşaqların intellektual səviyyəsinin yüksəldilməsinə
diqqət ayrılır. Uşaqlar
kiçik yaşlarından dərslər, intellektual
çalışmalarla yüklənir. Amma
çox kiçik yaşlarında uşaqları yükləmək
olmaz. Onlar dərs oxumağa hələ
hazır olmurlar. Belə ki, onların normal
inkişafı üçün oynamaq, nağıllara qulaq
asması vacib amildir. Balacalar mütləq
bu mərhələni keçib tədricən böyüməlidirlər.
Nağıl uşağın yaşına və psixoloji
inkişafına uyğun seçilməlidir. Artıq iki
yaşında uşaq nağılda baş verən sadə
hadisələri və obrazları yadında saxlaya bilir. Bu yaşda uşaqlar, xüsusilə də heyvanlarla
bağlı nağılları dinləməyi sevir. Onlar həvəslə nağıldakı
obrazların hərəkətlərini və sözlərini təkrarlayırlar.
Nağıllarda təkrarlanan hadisələr
daha yaxşı yadda qaldığından uşaqlar
nağılların bu hissələrini xoşlayırlar.
Nağıl kitablarının maraqlı və rəngli
şəkillərlə tərtib olunması da
nağılları daha yaddaqalan edir. Psixoloq
məsləhət görür ki, valideynlər özləri
nağıl danışarkən şəkil əvəzinə
oyuncaqlardan istifadə edə bilərlər. Nağıl obrazı kimi oyuncaqların
iştirakı uşaqların çox xoşuna gəlir.
İki və
beş yaş arasında olan
uşaqların təxəyyülü daha da inkişaf etdiyindən
sehirli, macəralı nağıllara qulaq asa bilirlər. Lakin bu dövrdə uşaqda sehirli
nağıllardakı mənfi obrazlara qarşı qorxu hissi
yarana bilər. Həmsöhbətimizin
dediyinə görə, valideynlər nağıl
danışarkən uşaqların sevdiyi və sevmədiyi
obrazlara fikir verməlidir. "Əgər
uşaq hansısa bir obrazdan qorxursa, ona başqa nağıl danışmaq
lazımdır. Uşaq nağıldakı
hadisələri başa düşməyəndə isə ona
hadisələri izah etməyə
çalışılmalıdır". Leyla xanım
deyir ki, bəzi valideynlər uşaqlara nağıl
danışmır və bunu mənasız bir məşğuliyyət
hesab edir: "Bununla da onlar uşağın normal
inkişafının qarşısını alırlar. Nəticədə uşaq daha çox böyüklərin
baxdığı seriallara, filmlərə maraq göstərir
ki, bu da onların gerçəkliyi vaxtından əvvəl
yanlış anlamasına, düzgün nəticə
çıxarmamasına səbəb olur".
Beş və yeddi yaş arasında olan uşaqlara isə
istənilən nağılları danışmaq olar. Beş yaşından
başlayaraq, uşaq artıq eşitdiyi nağılları
danışmağa başlayır: "Əgər uşaq bu
dövrdə nağılları yadda saxlayıb danışa
bilmirsə, ona nisbətən sadə nağılları
danışmağa başlayın. Əgər
uşaq buna baxmayaraq, sözləri deməyə çətinik
çəkirsə, demək onun psixoloji inkişafında
problemlər var. Bu halda mütəxəssisə müraciət
etmək lazımdır".
Ekspert
bildirir ki, uşaq özü oxumağı öyrənsə
belə, ona nağıl danışmaq lazımdır:
"Əgər uşaq bunu istəyirsə, onu
nağıllardan birdən-birə ayırmayın. Nağılların birgə oxunması həm
uşaqlar, həm də böyüklər üçün
faydalıdır. Nağıllar
böyüklər və balacalar arasında münasibətin
düzəlməsinə, bir-birini daha yaxşı başa
düşməsinə kömək edəcək".
Psixoloq Elmir Əkbərin sözlərinə görə,
nağıllar uşaqların dünya
görüşünü formalaşdırır. Çünki
uşaqlar yaxşı, pis xarekterləri nağıllardan
öyrənərək tərbiyə alırlar.
Nağıl kitabları uşaqların həm psixoloji, həm
də ictimai inkişafında əhəmiyyətli rol
oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və
hadisələrdən doğru çıxmaq kimi xüsusiyyətlərin
təkmilləşməsinə kömək edən hekayələr,
uşaqların yaşlarına uyğun seçildiyi halda
xarakterin inkişafına da doğru yöndə təsir edir.
Demək olar ki, bütün uşaqlar hekayə
və nağıllarla böyüyür, xəyal
dünyasına çoxlu qəhrəmanlar qonaq edir və
onları yuxularında görürlər. Bu
xəyallar və xəyali qəhrəmanlar, o
uşağın eyni zamanda xarakterinin də meydana gəlməsində
böyük rol oynayır. Nağıllar
uşağın zəkasını inkişaf etdirməsi,
qavrama və diqqət gücünü artırması, söz
ehtiyatını zənginləşdirməsi, öyrənmə
istəyini və maraq hissiyatını artırması
yönü ilə uşağın inkişafında əhəmiyyətli
rol oynayır. Psixoloqlar bildirir ki,
nağıllarla uşağın dünyasına girmək və
xarakterin inkişafı dəstəkləmək olar. Uşaq nağıllarda özünü tapır.
Nağıldakı xarakterlə qaynaşır,
inteqrasiya olunur, ondan təsirlənir. Psixoloqlar
nağılların diqqətli seçilməsini məsləhət
görürlər. Çünki
nağıllar uşaqların təxəyyülünü
genişləndirir. "Ailələr
nağıl oxumaq üçün uşaqlarına vaxt
ayırmalıdır. Bu nağıllar
haqqında uşaqlarla danışmalıdırlar. Nağıllar uşaqların öz
dünyalarında qarşılaşdıqları çətinlikləri
həll etməsinə köməkçi olub, mühakimə,
məntiq, səbəb-nəticə əlaqəsi qurma
bacarıqlarını təkmilləşdirir".
Ailə, hekayə və nağıllar vasitəsilə
uşaqlarına çatdırmaq istədiklərini - məsələn,
yaxşı ilə pis, çalışqan ilə tənbəl,
məsuliyyətli ilə məsuliyyətsiz xarakterlərini
uşaqlarının dünyasında canlandıraraq, hekayələr
vasitəsilə çatdıra bilər. Psixoloqlar uşaqlar
üçün hekayə seçimi ilə bağlı
bunları təklif edir: "1-3 yaşda olanlar üçün
qalın kartonlu və ya parça kitablar, şəkillərin
olduğu, parlaq, uşağın diqqətini cəlb edən
kitablar seçilməlidir. 3-5 yaşda uşaqların həyatın
içindən olan şəkillərlə zəngin, təxəyyülü
inkişaf etdirən hekayə kitabları ola
bilər. 5-8 yaşlı uşaqlar
üçün nağıllarda doğrunu və səhvi bir
yerdə saxlayan və daha çox gerçək hekayələrdən
ibarət olan bol şəkilli, uşağın diqqətini cəlb
edən nağıl kitabları seçilməlidir. 8-12
yaşlı uşaqlar üçün kitabları isə
uşağın istədiyi, təxəyyülü inkişaf
etdirə bilən macəra, nağıl, hekayə, lətifə,
şeir, tapmaca, roman və əfsanələrdən ibarət ola bilər".
Psixoloqlar deyir ki, nağıllarla uşaqlar ətraf aləmi
dərk edir. Çünki hər bir nağıl insanların
münasibətindən bəhs edir. Nağıl
dili isə uşağa tanışdır. Uşaq məntiqi düşünmür, nağıl
isə ondan məntiq tələb etmir. Uşaq
məcburiyyəti sevmir, nağılın isə məqsdi
öyrətməyə məcbur etmək deyil. Nağıllar uşaqlara obrazlar təqdim edir, məsələn,
cırtdan, tıq-tıq xanım. Vacib
informasiyaları onlar yavaş-yavaş özünküləşdirir.
Valideyinlərin əksəriyyəti isə uşaqlara nağıl oxumağa və ya izah etməyə çalışmır. Buna görə də uşaqlar ana-atayla söhbətdən, ünsiyyətdən məhrum olur. Halbuki nağıllar uşağın dünyasındakı gerçəklərə və duyğulara təsir edir. Uşaq o nağıllarda özünü tapır, özünü axtarır. Nağıl qəhrəmanlarının qarşılaşdıqları maneələri saymaqla bitməz. Uşaq özünü onların yerinə qoyarkən, öz-özlüyündə çıxış yolu axtarır. Beləcə uşağınız nağıldakı qəhrəmanlarla qorxularını paylaşıb, duyğularını dilə gətirir. Bu səbəbdən psixoloqlar uşağın fərdi inkişafında nağılların çox böyük bir əhəmiyyəti olduğunu bildirirlər. Eyni zamanda onların söz ehtiyatı daha zəngin olur. Çünki uşaqlar danışılan nağılla bağlı çoxlu sual verirlər. Bu sualların əksəriyyəti onların aktual dərdlərini ortaya qoyur. Bu yolla hətta uşağın qorxularına və ümumi problemlərinə də bir çarə tapmaq olar. Amma nağıllar qorxulu olmamalı, yaxşı bir sonluqla nəticələnməlidir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 9 oktyabr.- S.13.