Üzeyir Hacıbəyli
publisistikasının özünəməxsus cəhətləri
Açıq tendensiya, kəskin
satira, bədii keyfiyyət, müqəddiməsiz
başlanğıc...
II yazı
Çağdaş Azərbaycan publisistikasının təməl
sütunlarından biri XX yüzilin əvvəllərində
meydana çıxmış ictimai fikir daşıyıcılarıdır. Bu şəxslər
sırasında Üzeyir Hacıbəyli
yaradıcılığının ayrıca yeri var. Üzeyir
bəyin publisistikasının araşdırıcısı
Mirabbas Aslanovun fikrincə, bədii və publisist
tarazlığı saxlamaq etibarilə onun felyetonları,
pamflet, qaravəlli və parodiyaları da dəyərli sənət
əsərləridir. Sənətkarın
felyetonları, satirik hekayə, pamflet, qaravəlli və
miniatürləri şəkilcə rəngarəngdir.
Açıq məktub, hesab məsələləri,
nağıl, elan, səhnəcik, coğrafi məlumat,
lüğət, dialoq, monoloq, intibahnamə, xəbər,
sual-cavab və s. şəkillərdə yazılmış bu
əsərlərdə ədib məharət göstərib, hər
janrın səciyyəsindən irəli gələrək
yazılarını müxtəlif priyomlarla başlayır. "Ordan-burdan"ların bir çoxu öz əlamət
və keyfiyyətlərinə görə pamflet hesab edilə
bilər. Məsələn, "Molla Nəsrəddin"
əsəri ("İrşad", 12 iyul. 1907) pamfletin ən
gözəl nümunəsidir. Açıq
tendensiya, kəskin satira, şəksiz bədii keyfiyyətlə
bərabər publisist üslubun nisbi üstünlüyü,
müqəddiməsiz başlanğıc Ü.Hacıbəylinin
pamfletlərini felyetonlarından fərqləndirməyə imkan
verir. Pamfletlərin bədii keyfiyyətləri
sırasında müqayisə üsulu xüsusilə diqqəti
cəlb edir. Paralellər bir tərəfdən
pamfletin mənimsənilməsini asanlaşdırırsa, digər
tərəfdən publisist və bədii üslubun nisbətini
tarazlayır; kinayə, işarə və eyhamlar isə həmin
əsərlərə bir şirinlik gətirir, onların kəsərini
artırır.
Araşdırmaçı
Ü.Hacıbəylinin zamanında mətbuatda çap
olunmuş əsərlərinə diqqət çəkərək
bildirir: "Tənqid hədəfinin seçilməsi,
açılan atəşin sərrastlığı, dilin
şirinliyi, üslubun dadı-duzu ilə bu pamfletlər
içərisində "Dayaq" mühüm yer tutur; hadisələrə
gizli saxlanılmayan münasibət, ictimai eyiblərə
nümayişkaranə etiraz bu əsər üçün səciyyəvidir.
Ötən yüzilin əvvəllərində
yazılmış "Dayaq" pamfleti Ü.Hacıbəylinin
yaradıcılığındakı mübarizliyə, əqidə
sahəsində müəllifin heç kəslə kompromisə
girmədiyinə yaxşı nümunə sayıla bilər.
Müəllif Bakı şəhər
Dumasının deputatlarını rüsvay edir, fəaliyyətsiz
"qlasnıları" barsız ağaclara bənzədir.
Ü.Hacıbəylinin sənətinin xəlqiliyini
bariz nümayiş etdirən qaravəlliçilik həm kəmiyyət
və keyfiyyətinə, həm də idraki-tərbiyəvi əhəmiyyətinə
görə ədibin bədii publisistikasında xüsusi yer
tutur. "Bir intelligentin xəyalı", "Müalicə",
"Qafqazda müsəlman kəndlisinin halı", "Moizə",
"Stolıpinin xəyalı", "Müsəlman kəndlisinin
siyasi söhbəti", "Hilal və
Şiri-Xurşid", "Kimdən nə soruşdular",
"Ramazan ayında ibadət" qaravəlli səpkisində
yazılıb. Bir aktyorun iştirak etdiyi qaravəllidə
meydangir aparıcı və ya aşıq kimi nağıl
söyləyir, yeri düşəndə bayatı da
çağırır ("İrana dair aşıq
nağılı"); ya da xalq arasında geniş
yayılmış məsəldə deyildiyi kimi,
"Ağılı kimdən öyrəndin-ağılsızdan"
qaydasında camaata müəyyən sualla müraciət edib,
tamaşaçıları da oyuna qoşur. İki və daha artıq "aktyorun iştirak etdiyi
qaravəlli ("Müalicə", "Moizə",
"Müsəlman kəndlisinin siyasi söhbəti" və
s.) dialoq şəklində olur və
buraya bəzən sual-cavablar da daxil etmək
mümkündür. Həmin suallar elə qoyulur
ki, həm camaat (ya tək-tək, ya da xorla) onlara çavab
verməkdə işirak edə bilir, həm də meydangir aktyorun
hazırcavablığı gülüş bolluğu
yaradır. Sualın tapmaca səciyyəsi,
tamaşaçıların hadisələrin
iştirakçısına çevrilməsi,
gülüşün doğurduğu şuxluq qaravəllinin
emosionallığını artırdığı kimi, tənqid
hədəfinə nifrəti də şiddətləndirir".
Araşdırmaçı
qeyd edir ki, irticanın başlanmasına üç gün
qalmış Ü.Hacıbəylinin meydan tamaşası
formasına müraciət edib, Stolıpinin özünü məsxərəyə
qoyması ədibin təkcə yüksək sənətkarlığını
deyil, eyni zamanda böyük hünərini də
nümayiş etdirir: "Ü.Hacıbəylinin zəngin
yumoristik söz yaradıcılığı xəzinəsində
vaxtilə dövri mətbuat səhifələrində
"Ordan-burdan" ümumi başlığı altında dərc
etdirdiyi yazılar xüsusi yer tutur. Satirik hekayə,
satirik oçerk, felyeton, pamflet və başqa publisistik janrlar
arasında mövcud olan sədləri nəzəri cəhcətdən
müəyyənləşdirməyi qarşıya məqsəd
qoymasaq da, deyə bilərik ki, Ü.Hacıbəylinin
"Ordan-burdan"larını ucdantutma felyeton adlandırmaq
olmaz. Nəinki təkcə Ü.Hacıbəylinin
bədii-publisistik əsərləri, habelə müxtəlif
müəlliflərin "Molla Nəsrəddin" jurnalında
dərc olunmuş yazıları arasında da dəqiq sədd
qoymaq, hansıların satirik hekayə, satirik oçerk və
ya felyeton olduğunu dürüst göstərmək çətindir.
Bununla belə tam inamla deyərik ki, Ü.Hacıbəylinin
"Bazar söhbəti", "Məzhəkə",
"Təhsil" kimi əsərləri aşkar seçilən
komponentləri ilə satirik hekayə; "Rəfiqimdən məktub",
"Üçüncü dəllək", "Məclisimizin
duzu" "Tərəqqi və gerilik", "Ha fikir edirəm
başa düşmürəm!" kimi yazıları öz
publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii
dəyəri ilə felyetondur".
Üzeyirin publisistik özünəməxsusluğu onun
milli musiqi sahəsindəki yazılarında da
özünü göstərir. Onun "Maarif və mədəniyyət"
jurnalının 1926-cı il 4-cü
nömrəsində çap olunmuş fikirləri bu mənada
diqqətçəkəndir. Böyük bəstəkar
Sovet dönəmində də müstəqil düşüncəsini
heç olmasa, musiqi yönündən ifadə etməyə
çalışır, açıqfikirliliyindən
qalmır.
O deməkdir
ki, Üzeyir bəy ulusal düşüncələrini çətin
də olsa, musiqinin dili ilə ifadə etməyə
çalışır və bunu publisistikası vasitəsilə
ağıllarda təsdiqləyirdi: "Vətəndaş
Samit möhtərəm "Kommunist" qəzetinin 203-cü
nömrəsində türk opera və operettalarına dair
yazdığı tənqidin səbəbini bildirmək
üçün bizim "opera və operettalarımız bədii
və musiqi gözəlliyindən aridir" - deyir. Hərgah məzkur
vətəndaş bunu deyib buradaca sükut etsəydi, məsələnin
üstünü bir az örtülü
qoyub özü üçün mənfəət yetirmiş
olurdu. Fəqət vətəndaş Samit "çılpaq
sözlü" olmaq istəməyib "dəlil"
götürmək dəxi istəyir...
Türk
opera və operettalarının bir "güngahı" da bu
imiş ki, "gənc səhnə xadimləri lotu Cabbar oyunu
göstərmək və intihasız şarja düşməklə
və camaat dəxi "çırtma" çalmağa
müğayir "ədəb" işlər əmələ
gəlirmiş, məntiqə müğayir olan bu nəzər
digər tərəfdən dəxi yanlışdır;
operalarda camaatın çırtıq çaldığı
heç bir diqqət müşahidə edilməmişdir. O ki
qaldı operettalara, yüngül musiqisi və duzluca (məzhəkə)
ilə xalqın özünə öz eybini güldürmək
qəsdilə yazıldığından oyun vaxtı
tamaşaçıların - hər kəsin öz tərbiyəsinə
görə ənva surətlə izhar həyat etməsi
heç də qərib deyildir. Bu hal
avropalıların teatrlarında dəxi görünən adi
bir haldır. 1907-ci ildən bəri Azərbaycan səhnəsində
və o səhnə vasitəsilə Azərbaycan türklərinin
tərəqqi və tərbiyəsi işində az rollar oynamayan türk opera və
operettalarını bu gün vətəndaş Samitin istədiyi
kimi səhnədən qaldırmaq Azərbaycan teatr və
musiqi tarixinin mühüm səhifələrini cırıb
atmaq deməkdir. Halbuki bu səhifələr
göstərir ki, Türk opera və operettalarına qədər
həvəskarlar vasitəsilə hərdən bir əsər
- həyat göstərən türk səhnəsi opera və
operettalardan sonra təzə həyata girib qanuni bir hala gəldi.
Bunun sayəsində idi ki, həvəskarlıq
aradan götürülüb, onun əvəzinə professional
artistlik meydana çıxıb, bir tərəfdən dram və
digər tərəfdən isə opera artistləri ittifaqı
yaradılmış oldu. Opera və
operettalar türklər arasında gizli qalmış olan bir
çox talantları, gözəl səs sahiblərini meydana
çıxarıb, türk sənaye-nəfisiyəsi yolunda
böyük addımlar atıldı, dram və opera
yazıçıları arasına bədii bir rəqabət
salıb, bir çox ciddi dram əsərlərinin meydana
çıxmasına səbəb oldu. Yalnız toyxanalara
və lehviləbə münhəsir qalmış olan şərq
musiqisi teatr səhnəsinə köçürülməklə
bu zərif və incə sənəti alçaq və zəlil
bir mövqedən qaldırıb ali bir məqamə
vəz etdi. Bu surətlə musiqi sənətinin
qiymətini artırıb xalq nəzərində böyük
bir rəğbət qazandı. Bir çox
el mahnılarını nalayiq göftələrdən azad
edib, səhnəyə köçürməklə guşəyi-nisyana
atılmaq təhlükəsindən qurtardı. Opera və operettalardan sonra idi ki, Şərq
musiqisinin gələcək tərəqqi məsələsi
meydana çıxıb, bu yolda əlləşib
çalışmağa məcburiyyət hiss edildi. Bu
gün:
1) Şərq
musiqisinin Avropa aləti-musiqiyyəsi və bilümum
"orkestr" vasitəsilə icrası;
2) Şərq
musiqisinə, Avropada olduğu kimi, ahəng (harmoniya) qoşmaq.
3) Şərq
musiqisini kəsirüləsvat (poloqoniya) etmək,
4) Şərq
musiqisinin üsul, vəzn və bəhrini müsbət surətdə
təyin etmək.
5) Dəstgahları
eynilə nota sala bilmək kimi mühüm suallara cavab aramaq və
bu yolda kamal ciddiyyətlə çalışmaq arzusu ancaq
opera və operettalar zühuri ilə əlaqədar olub, bu
yolda kamal kərəmi ilə işlədilməkdədir.
Opera və operettaların musiqini "həram" ikən
"həlal" etməsini hər bir insaf əhli təsdiq
etməlidir.
Əvvəla, Bakı şəhəri sanki daimi bir yas
içində idi: heç kəs öz evində, azad surətdə
çalğı çalmaq və ya hava oxumaqla məşğul
ola bilməzdi; çünki qonşusundakı
hacı, molla və ya axund filankəs eşidər - deyə
çəkinirdi. Opera və operettalardan sonra
havalar camaatın ağzına düşüb, hər bir yerə
yayılmağa və hətta mollaların evlərinin
içinə qədər icrayi-hökm etməyə
başladı. Bu gün bu musiqiyə olan rəğbət
nəticəsidir ki, hökumət tərəfindən
açılmış olan Azərbaycan türk musiqi texnikumuna
elə şəxslər uşaqlarını qeyd etdirirlər
ki, əvvəllərdə musiqi səsi eşidəndə
qulaqlarını yumardılar. Opera və
operettalar tamaşası - musiqi ilə şeirin bahəm təsiri
camaatın əxlaq və təbiətində də təsirsiz
qalmadı. Qanı qəlblərin
boşalmasına; qaba adətlərin tərk edilməsinə
dəxi xidmətlər göstərmiş olduğunu bitərəf
şəxslər təsdiq edirlər.
Arvadlarımızın və qızlarımızın
teatrlara daha sərbəst gəlməsi və gördükləri
opera və operetta tamaşalarından aldıqları dərsi
- ibarət kor-korana evlənmək və mal kimi satılmaq və
nəhayət, evlənərkən sevmək və sevilmək
kimi təbii ehtiyacat qəlbiyyədən məhrum qalmaq bollu məzmun
adətlərin kökündən sarsılmasına səbəblər
törətməyə başladı.
Opera və
operettaların tamaşasından hasil olan müdaxildən bir
çox tələbələrin, məktəblilərin bəhrəmənd
olduğunu dəxi yada salmaq, burasını dəxi qeyd etməyə
məcburam ki, türk opera və operettalarından
"Arşın mal alan" hər yerdə rəğbət
qazanıb, dildən-dilə tərcümə edilib,
Rusiyanı, Türkiyəni, İranı, Fransanı,
Amerikanı, İspaniyanı, İtaliyanı və Misiri
müvəffəqiyyətlə dolaşıb... Vətəndaş Samitin bu əsərin səhnədən
qaldırılmasını və qadağan edilməsini tələb
etməsinə heç bir məna verməyirik".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 9 oktyabr.- S.11.