Ölkəmizdə plüralizm
və tolerantlıq ənənələri
Azsaylı xalqların həyatı yerli mediada geniş şəkildə öz əksini tapır
II yazı
Milli azlıqlar üzrə araşdırmaçı-jurnalist Niyaz Niftiyev deyib ki, mediada
etnik xalqların təbliğatına, onların
problemlərinin, mədəniyyətinin
işıqlandırılmasına heç bir məhdudiyyət qoyulmur. Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu tərəfindən media üçün
elan olunan layihələrdə azsaylı
xalqlarla bağlı mövzular təklif olunur: "Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində
milli azlıqların hüquqlarının qorunmasına
xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin
çoxmillətli olmasını
özünün tarixi
nailiyyəti hesab edir və milli-mədəni
rəngarəngliyi cəmiyyətin
zənginliyinə xidmət
edən amil kimi dəyərləndirir.
Azərbaycan qanunvericilik
aktlarında milli azlıqların hüquqlarının
qorunması ilə bağlı konkret maddələr var. Bu müddəalardan
dolayı milli azlıqlar nəinki Azərbaycanda mətbuatda çıxış edə
bilər, hətta kütləvi informasiya vasitələri belə təsis edə bilərlər. Necə ki, edirlər. Bu gün Azərbaycanda sayından asılı olmayaraq bir çox
milli azlıqlar həm yazılı, həm də internet portallara sahibdirlər. Məsələn, "Samur",
"Talişo Sədo",
"Dəngi Kürd"
ləzgi, talış
və kürd dillərində nəşr
olunur, Yəhudi Cəmiyyəti "Soxnut"
isə "Əziz"
qəzetini nəşr
edir. Talış.org, udi.az, www.xinaliq.com və s. onlarla internet saytlar mövcuddur.
Eyni zamanda Azərbaycan dövlət radiosu bir ay ərzində talış, kürd, ləzgi dilində ayrı-ayrılıqda 1 saat
20 dəqiqə, gürcü
dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saatdan çox verilişlər yayımlayır.
Sonuncu rəqəm həm də AzTV-1-ə aiddir. Bütün ölkə ərazisində
yayımlanan özəl
kanallardan "ANS", "Lider", "Azad Azərbaycan"
və "Space" kanallarında
rus dilində verilən verilişlərin
həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir. Regional telekanallarda rus dilindəki verilişlərin
həcmi 25-40% təşkil
edir. Həmçinin milli azlıqların kompakt şəkildə yaşadığı Xaçmazda
"Xaçmaz TV", Qubada
"Xəyal TV" və
"Qütb TV", Lənkəranda
"Cənub TV" kimi
yerli telekanallar fəaliyyət göstərir.
Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində,
Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır".
N.Niftiyev
deyir ki, bunlardan əlavə istər dövlət, istərsə də özəl teleradio kanallarında musiqili, sənədli və etnoqrafik xarakterli verilişlərdə milli
azlıqların dillərindən
geniş istifadə olunur: "Burada xüsusi məqam ondan ibarətdir ki, Milli Televiziya
və Radio Şurası
ölkədə yayımlanan
teleradio yayımçılarına
milli azlıqların hüquqlarına hörmətlə
yanaşmağı tövsiyə
edir, yeni yaranan teleradio kanallarından bəziləri
milli azlıqların dillərindən istifadəyə
meylli yayımçılara
üstünlük verir.
2002-ci il 01-31 dekabr və 2003-cü il 15 yanvardan - 15 fevrala qədər milli azlıqlarla bağlı gündəlik qəzetlərin
monitorinq aparılıb.
Monitorinq zamanı məşhurluq reytinqinə
və bu mövzuya daha çox müraciət etmələrini nəzərə
alıb 8 qəzet tədqiq olunub. Bunlar "Xalq qəzeti", "Yeni Azərbaycan", "Azadlıq",
"Yeni Müsavat",
"Şərq", "525-ci qəzet", "Zerkalo",
"Exo" və
s-dir.
Bu, qəzetlərdəki informasiya
xəbərləri, reportaj,
analitik məqalələr,
oçerklər, müsabiqələr,
müraciətlər, mətbuat
konfransları və
s. tədqiq olunub. Monitorinq zamanı aydın olub ki, 2002-ci ilin 1-31 dekabr tarixlərində bu qəzetlərdə üst-üstə 178 dəfə
milli azlıqların bu və ya
digər məsələlərinə
yer verilib. Qəzet səhifələrində
gedən materiallar isə müxtəlif xarakterlidir. Bura
onların ümumi-nəzəri və tarixi materialları ilə
yanaşı, etnik və dini ümumiliklərin müasir vəziyyəti,
ictimai təşkilatların tədbirləri haqqında məlumat
və s.daxildir.
N.Niftiyev
bildirir ki, bütün bu faktlar ölkə mediasının
azsaylı xalqlara, onlarn problemlərinə, eləcə də
mədəniyyətinin təbliğinə kifayət qədər
yer ayırdığının nəticəsidir:
"Göründüyü kimi, milli azlıqlarla bağlı
hər bir məsələ Azərbaycan KİV-ləri
üçün prioritet mövzu olub".
Azərbaycan
Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin
eksperti Lalə Hovruzovanın bildirdiyinə görə, Azərbaycan
beynəlxalq prnisiplərə istinad edərək öz milli adətlərinə
uyğun şəkildə sosial tolerantlıq siyasətini həyata
keçirir. Burada "tolerantlıq" termini çox əsrlik
tarixə malik dinlərarası və millətlərarası
birgə yaşayış təcrübəsinə əsaslanır.
Əsrlər boyu müxtəlif xalqların, millətlərin,
dinlərin mövcud olduğu, mədəniyyətlərin birləşdiyi
bir ölkə olmasına baxmayaraq, Azərbaycanda heç bir
zaman dini zəmində qarşıdurmaya,
qarşılıqlı nifrətə yer verilməyib. Bu amillər
Azərbaycanın müasir həyatında da öz əksini
tapır. Azərbaycan Qərb və Şərq, Qərb və
İslam dünyası arasında bir körpü rolunu
oynayaraq, mədəniyyətlər və svilizasiyalar
arasında dialoqa böyük əhəmiyyət verir. Azərbaycanda
islam, xristianlıq və iudaizm kimi ənənəvi dinlər
mövcuddur. VII əsrin əvvələrində Ərəbistan
yarımadasında yaranmış islam dini tezliklə
dünyanın böyük bir hissəsinə
yayılmışdı. Azərbaycanın islamlaşması
erkən fütuhatları ilə başlanmışdır. Bu
tarix hicrətin 18-ci ilinə aiddir. Burada islam cərəyanları
şiə-imamlar, sünni-hənəfi və şafilər
kimi təmçil olunur. Ölkədə 1800-ə yaxın məscid,
o cümlədən, "Təzəpir", "Bibiheybət",
"Ağdam", "Əjdərbəy",
"Buzovna", "İmam Hüseyn",
"Maştağa" və s. mövcuddur. Ən məşhur
məscid isə dünyanın ən qədim məscidlərindən
biri hesab edilən və 1270-ci ildə inşa olunan
Şamaxı Cümə məscididir. Müsəlmanlar ölkə
əhalisinin 96 faizini təşkil edirlər. Tarixçilər
yəhudilərin Azərbaycanda yaşamasının təxminən
iki min il yaşı olduğunu qeyd edirlər. Azərbaycanda məskunlaşmış
yəhudilərə qarşı nə tarixən, nə də
müasir dövrdə heç bir düşmən münasibət
faktı aşkarlanmayıb. Bu da yerli əhalinin tarixi ənənəyə
əsaslanan etnik konfessiyalara dözümlülük səbəbindən
irəli gəlir. Buna sübut kimi Quba rayonunda yerləşən
məşhur "Qırmızı qəsəbə"də
1920-ci ildə 11 sinaqoqun olması faktdır. Burada indiyədək
təxminən 4000 dağ yəhudisi yaşayır. Bu qəsəbə
bütün postsovet məkanında yəhudilərin kompakt
şəkildə yaşadığı yeganə yerdir. Bu
gün Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri,
əşkinaz (avropalı) yəhudilər və gürcü yəhudiləri
icmaları mövcuddur. Dini icmaların verdiyi məlumata
görə, bütövlükdə ölkədə yəhudilərin
sayı 16000-dir. Xristianlığa gəldikdə isə demək
olar ki, Azərbaycanda xristianlıq təxminən 1700 il bundan əvvəl
yaranıb. Sonralar ölkə əhalisinin əksəriyyətinin
islam dinini qəbul etməsinə baxmayaraq, Azərbaycanda
müxtəlif konfessiyaların sülh içində
yaşamaq ənənəsi davamlı xarakter alıb.
SSRİ-nin süqutundan sonra rus dilli əhalinin ölkədən
köçməsi ilə Azərbaycanda pravoslav
xristianların sayı azalıb. Lakin xristianlığın bu
istiqamətinə etiqad edən əhalinin sayı 200 min nəfərdir.
Onlar müxtəlif millətlərin - rusların,
ukraynalıların, belorusların və s. nümayəndələridir.
Qeyd edək ki, indiki dövrdə mövcud olan və fəaliyyətlərini
28 dekabr 1998-ci il tarixində bərpa etmiş rus pravoslav məbədləri
ölkənin Bakı-Xəzəryanı yeparxiyasında birləşdirilib.
Ekspert onu
da bildirib ki, Azərbaycan dövləti tolerantlığın
inkişafı siyasətini ölkəmizin hüdudlarından
kənarda da davam etdirir. Əsasən də bu işləri
xarici ölkələrdə fəaliyyət göstərən
diaspor və dünyaya yayılan tələbə gənclərin
yaratdığı QHT-lər vasitəsilə həyata
keçirir: "Ən mühüm təşkilatlardan biri
kimi Rusiyada fəal işləyən AMOR, həmçinin
UNESCO, DHƏF və digər beynəlxalq humanitar təşkilatlarda
da Azərbaycan öz ərazisində yaşayan digər
xalqların irsinin qorunub saxlanılması məsələlərinin
müzakirəsində fəal iştirak edir.
Qeyd edək
ki, mehriban qonşuluq, tolerantlıq və dini
dözümlülük sahəsində beynəlxalq təcrübə
mübadiləsi naminə 2010-cu ilin aprel ayında Bakıda Ermənistan
belə daxil olmaqla dünyanın 5 ölkəsindən təxminən
150 dini liderin toplaşdıqları dinlərarası sammit
keçirilib. Sammitdə bütün ermənilərin
katolikosu II Qaragin də iştirak edib. Erməni tərəfi Qərbə
və Rusiyaya Azərbaycandan "islam təhlükəsi"nin
gəldiyini təlqin etməyə, dəfələrlə din
amilindən istifadə etməyə cəhd etsə də, Ermənistan-Azərbaycan,
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
heç bir zaman dini çalara sahib olmayıb. Samitin
gedişatı və qəbul edilmiş qərarlar bir daha
sübut etdi ki, Azərbaycanda dünyanın müxtəlif
ölkələri ilə tarixən formalaşmış mədəni-mənəvi
əlaqələrin yalnız qorunub saxlanmasına deyil, həm
də bu əlaqələrin yeni keyfiyyət müstəvisində
inkişafına nail olunub. Eyni zamanda tolerantlıq siyasətinin
həyata keçirilməsində əsas məqsəd ölkənin
gənc nəsli ilə işdir. Hazırda "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" adlı Dövlət
Proqramının bu məsələ ilə bağlı
müxtəlif bəndləri üzrə işlər icra
olunur. Azərbaycanın tolerantlığın inkişafı
sahəsində əldə etdiyi təcrübə bir sıra
dünya ölkələrinin də marağına səbəb
olub. Qeyd etmək lazımdır ki, dünyada
dözümlülük faktlarının sayının
artmasına baxmayaraq bəzi Avropa ölkələrindən fərqli
olaraq, Azərbaycanda mədəni və dini müxtəlifliyin
unikal tarixi harmoniyası formalaşıb. Azərbaycanın
dini və mədəni tolerantlığı dövlət
siyasətinin mühüm elementinə çevrilib. Bu gün
Azərbaycan dünyaya dini tolerantlığı,
multikulturalizmin inkişaf modelini, millətlararası münasibətlərin
bariz örnəyini nümayiş etdirir və dinlərarası
dialoqu aktivləşdirir. Çünki hər hansı bir
dözümsüzlüyün qarşısını ala bilmək
üçün insanları yalnız dialoq yolu ilə bir araya
gətirmək olar. Azərbaycan dövləti son illər
konstruktiv mədəniyyətlərarası və dinlərarası
dialoq və əməkdaşlıqlara əhəmiyyət verərək
həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə
fəaliyyət göstərir. Beləliklə, Azərbaycanın
yenidən müstəqilliyə qovuşmasının çox
qısa tarixi olsa da, bu dövrdə əldə etdiyi
mühüm nailiyyətlərlə özündə müxtəlif
dini mədəniyyətləri birləşdirərək
dünyada toderantlıq məkanı kimi tanınır".
Cavid
Xalq Cəbhəsi.- 2014.- 11 oktyabr.- S.11.