Dünyada Azərbaycan xalçasına
maraq artır
Buta, budaq, gül,
damğalar və s. hamısı dil açıb
danışır
I yazı
Xalçaçılıq insanın
nağıllaşan dünyasıdır. Qədimlərdən bəridir
ki, bu sənət xalqımızın böyük ruhunun ifadəsi
kimi
yaşayır. Bu gün dünyada müasirləşmə,
qloballaşma əhvalı çox artır. Belə əhvallar istər-istəməz xalqların
qədimdən yol gələn yaradıcılıq
imkanlarının qarşısına dolayısı yolla sipər
çəkir. Xalçaçılıq
özündə müxtəlif yönlü xəlqi keyfiyyət
cəhətlərini birləşdirən sənətdir.
Azərbaycanda xalçaçılığın elmi əsaslarla
inkişafı bu sahədə yeni bir mərhələnin
başlandığından xəbər verir. Bu sahədə
tanınmış xalçaçı rəssamlardan biri olan əməkdar
rəssam Aydın Rəcəbov 1944-cü ildə anadan olub.
Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirib. Ardınca da Politexnik
İnstitutunun memarlıq fakültəsinə daxil olub, ikinci
kursdan İncəsənət İnstitutunun xalça
kafedrasında təhsilin davam etdirib. Ötən
illərdə dəfələrlə respublika, ümumittifaq və
beynəlxalq sərgilərin iştirakçısı olub.
Onun ustadı məşhur xalçaçı
rəssam Lətif Kərimov olub. O, ustadını belə
xatırlayır: "Lətif Kərimovun özünəməxsusluqları
çox idi. Hər şeydən əvvəl o,
istedadlı bir rəssam idi, özü də toxumağı
bacarırdı. O, Azərbaycanın bütün bölgələrində
toxunan xalçaları araşdırıb, bunları
kataloqlaşdırıb. Məsələn, Quba
xalçaçılığında Pirəbədil, Quba
xalçası, Qırız və başqa xalça tipləri
var. Onun yaradıcılığı Azərbaycan xalça sənətini
məktəb səviyyəsində öyrənməyə
imkan verir. Lətif müəllim bu sənətlə
bağlı təsəvvürlərə, qənaətlərə
elmi bir əsas gətirdi, hamısını ümumiləşdirdi
və zənginləşdirdi".
Xalçaçılıqda
dünyanın, həyatın, təbiətin, insanın mahiyyəti
son dərəcə gözəl, nağılvari bir dillə
ifadəsini tapır, rəmzilik gerçəklikdən dəfələrlə
üstün, yaşarı səviyyədə
xalçaçılıqda yaşayır. Bu, onu
göstərir ki, ulu babalarımız o zaman həyat
haqqında olduqca bitkin, mənalı düşünməyi,
üstəlik də onu gözəl ifadə etməyi
bacarıb. Azərbaycan Türk
xalçaçılığının günümüzdə
daha yetkin, gözəl yaşamasının bir əsas səbəbi
bu sənətin ruhumuzun ifadəsi olmasındadır:
"Xalçaçılıq qədim sənətdir. Bu təsvirlərdə
müxtəlif rəmzlərlə rastlaşırıq.
Buta, budaq, gül, damğalar və s. hamısı dil
açıb danışır. Azərbaycan
xalçasının dünyada analoqu yoxdur. Buna kifayət qədər sübutlarımız var.
Ermənilər nə qədər
çığır-bağır salsalar da, yalandan
dünyanın müxtəlif ölkələrində
xalça sərgiləri təşkil etsələr də,
iddialarının heç bir əsası yoxdur. Erməninin xalçaçılıq sənəti
yoxdur, bu, əslində ruh məsələsidir, zorla nə isə
qondarmaq olmaz. Dünya da bunu gözəl
bilir, ancaq etiraf etmir. Dünya muzeylərində
Azərbaycan xalçaları əsasən "İran" və
"Qafqaz xalçası" adıyla təqdim olunur. "Qafqaz xalçası" adıyla təqdim edilən
xalçaların əksəriyyəti Azərbaycan
xalçalarıdır, biz türklərindir. Erməninin Lətif Kərimov kimi
xalçaçı rəssamı yoxdur.
Xalçaçılıq başdan-ayağa fəlsəfədir:
erməni xalçaçılıqda bircə ornament göstərsin
ki, bu, məhz onundur. Xalça
kodlaşdırılmış sistemdir. Azərbaycan
Türk xalçaçılığındakı koloritlərin
hamısı özümüzünküdür.
Xalçaçılıqda elmi araşdırmaların dərinliyinə
getdikcə adam böyük sirlərlə
üz-üzə qalır. Hər halda bu sahədə
araşdırmalar bundan sonra da davam edəcək, türk
xalça sənətinin özünəməxsusluğu, sirləri
ilə bağlı yeni-yeni məqamlar meydana çıxacaq.
Məncə, bu sahədə bir kordinasiya
şurası yaradılmalıdır. Bəlkə
də dünyanın müxtəlif ölkələrindəki
xalçalarımız haradasa fondlarda saxlanılır, onlar
üzə çıxarılmır. Azərbaycan
xalçası muğamatımız səviyyəsində mənəvi
gerbimizdir. Azərbaycan xalçasına
dünyanın marağı gündən-günə artır.
Bu sənət bizə ulu əcdadlarımızdan
yadigar sənətdir, bu səbəbdən də onu daim
göz-bəbəyimiz kimi qorumalıyıq".
Aydın
Rəcəbov bildirir: "Lətif Kərimovun, Kamil
Əliyevin xalçalarının nümayişi ilə
yanaşı daim bu sırada yeni-yeni nümunələr də
olmalıdır. Millət daim yaradanda var olur.
Dünyanın müxtəlif ölkələrində
Azərbaycanın xalça sənətini dəfələrlə
təmsil etmişəm. Bir
xalçanın araya-əsəyə gəlməsi
böyük vaxt aparır. O deməkdir ki, bu gün Azərbaycanda
xalçaçılıq məktəbi davam edir. Qədimliyimizdən gələn bütün
yaradıcılıq üsullarını inkişaf etdirməliyik.
Sabah hər hansı bir millət bunları
toxuyub deyə bilər ki, mənimdir. Bu sənətin
daşıyıcları ucqar kəndlərdə
yaşayırlar, çoxu yaşlıdır. Onların ağlındakı, ürəyindəki sənət
yaşadılmalıdır. Cavan
xalçaçılarımız
xalçaçılığın bütün
texnologiyasını bilməlidirər. Müasir
xalçaçılıqda savad amili də əsasdır.
Hər bir kəs qədimliyimizdən soraq olan bu
xalçaları qorumalıdır. Xalça
sənəti bizi dünyaya tanıtdırır".
Qədimlərdən bəri xalçadakı
çoxçalarlı rəngləri təbiətdən
alıblar. A.Rəcəbov yenə də xalça rənglərinin
zəngin Azərbaycan təbiətindən
alınmasını gərəkli sayır.
Çağdaş Azərbaycan
xalçaçılıq sənəti ilə bağlı əməkdar
incəsənət xadimi Ziyadxan Əliyevin fikirləri də
maraqlıdır. O, son onillərdə çağdaş Azərbaycan
xalçaçılığını maraqlı əsərləri
ilə zənginləşdirməkdə davam edən Eldar
Mikayılzadənin əsərlərinə diqqət çəkir:
"Əgər sənətkarın arxada qalan
yaradıcılıq yoluna ötəri nəzər salıb
yaratdığı bir-birindən ecazkar "Şəbi-hicran-1"
(1981), "Nağıllar aləmi" (1983), "Azərbaycanın
poeziya və musiqi korifeyləri" (1983-1984), "Xətai"
(1990), "Xəmsə" (1991), "İslam" (1992),
"Təbriz" (1993), "Bürclər" (1994),
"Xilaskar" (1995-1997), "Üç din" (1998),
"Səttar" (1999), "Üç peyğəmbər"
(2003), "Şəbi-hicran-2" (2006),
"Yaranış" (2010) və s. nadir sənət
nümunələrini xatırlasaq, onda daim axtarışa
meylli olan ustadın ən tələbkar sənət
xiridarlarını belə heyrətləndirəcək
xalçalar yaratmağa imkan verən yaradıcılıq
potensialına malik olduğunu xüsusi
vurğulamalıyıq. Onun son vaxtlar ərsəyə
gətirdiyi "Yaranış" (2010), eləcə də
"Kəhkəşan" və "Səttarın
arzusu" (2012) xalçaları da bunun təsdiqidir.
Toxunuşu iki il çəkən "Yaranış"
xalçasının ölçüsü 150x230 sm-dir.
Mövzusuna və bədii həllinə görə xalça
sənətində oxşarı olmayan bu sənət nümunəsinin
sıxlığı 50x50-dir. Mürəkkəb
kompozisiyalı, çoxfiqurlu əsərin süjet xəttini
xalçanın yaranması təşkil edir.
Özlüyündə çox maraqlı olan bu prosesi
ardıcıllıqla izləməklə müəllif ona ilk
dəfə xalçaçılığın özündə
cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə
nail olub. Eldar Mikayılzadənin ilmələrdən
hördüyü "Yaranış nağılı"
xalçanın aşağı hissəsindən
başlanır. Çobanın qoyun
otarması, südün sağılması, nehrənin
çalınması taleyini kəndə bağlamış azərbaycanlıların
gündəlik həyatının tərkib hissəsi
olduğundan, görüntüyə gətirilənlər bu səhnəni
nə vaxtsa bircə dəfə müşahidə edən hər
kəsə çox duyğulandırıcı
görünür. Yunun
qırxılması, onun çayda yuyulub-qurudulması,
ardınca isə çırpılması, daranması və əyrilməsi
səhnəsi toxunulacaq yeni xalça üçün xammal
hazırlığının növbəti mərhələsi
kimi kompozisiyaya daxil edilib. Növbəti süjetdə təbii
boyağın hazırlanması və ipin boyadılmasından
sonra qurudulmasının təsviri də artıq toxucuların
az sonra başlayacaqları maraqlı
işin həsrəti ilə yaşadıqlarından xəbər
verir. Kələfin və ipəyin açılması səhnəsi
ilə xalçaçı-rəssam "yaradıcı
qrup"un çətin və
duyğulandırıcı prosesə başlamağa
hazırlaşdıqlarına işarə edib, toxunulacaq yeni
xalça üçün çeşninin artıq ərsəyə
gətirildiyini göstərib. Kompozisiyaya
keçə və həsirin toxunulmasının daxil edilməsi
də məqsədli olub, sonralar zərif naxışları
ilə dünyanı heyrətləndirəcək
xalçalarının qədim "sələflərini"
xatırlatmaq məqsədi daşıyır. Ərişin uzadılması, üfüqi dəzgahda
toxunma prosesinin baş tutması, cecimin ərsəyə gətirilməsi,
ən nəhayət, xalçanın toxunub tamamlanması və
kəsilməsi prosesinin davamını və cəlbedici
süjetin sonrakı məqamlarını əyaniləşdirir".
Araşdırmaçı
bildirir ki, artıq hazır olan xalçanın yuyulması və
qurudulması ilə toxucuların həyəcanlı anları
arxada qalsa da, bundan sonra onların baxışlarına fərqli
məzmuna bələnmiş "həsrət qonur", desək,
bu prosesə xas olan çoxsaylı psixoloji yaşantılardan
birini ifadə etmiş olarıq: "Eldar Mikayılzadə
buna ilk baxışda təzadlı, ancaq mahiyyətcə
nikbinliyə köklənmiş iki motivi kompozisiyaya daxil etməklə
nail olub. Belə ki, əgər sağ yuxarı
küncdəki süjetdə ulaqla bazara xalça satmağa
gedən atasının onu özü ilə
aparmadığı üçün ağlayan uşaq,
soldakı süjetdə isə atanın uğurlu
alış-verişdən sonra dəvə ilə
dönüşü, uşaqların oynaması, sevinc
içində olmaları təsvir olunub. Xalçaçı-rəssamın
səhəri günəşli, axşamı isə aylı təsvir
etməsi baş verənlərə zaman konkretliyi vermək
baxımından diqqət çəkir. Bu
iki təzadlı süjet əslində görülən
çoxsaylı işlərin müsbət nəticəsini
özündə əyaniləşdirib. Xalçanın
mərkəzində bir ailənin görüntüyə gətirilməsi
də bu maddi mədəniyyət nümunəsinin birləşdirici
qüvvəyə malik olduğunu göstərmək istəyindən
irəli gəlib. Onların başı üzərindəki
hanada bir neçə toxucunun ilmə-ilmə Azərbaycan
xalçaçılığının şah əsərlərindən
sayılan "Şeyx Səfi" kompozisiyasını
gerçəkləşdirməsi də rəmzi məna
daşıyıb, milli-mənəvi dəyərlərimizin zəngin
tutumunun dünya miqyaslı olduğunu göstərmək məqsədi
daşıyır. Xalçadakı təbiətlə
bağlı motivlər, xüsusilə ağacların təsviri
heyranedici biçimdədir. Xalçaçı-rəssamın
bu motivləri məna-məzmun daşıyıcıları
olan obrazlarla əlaqələndirməsi bütünlükdə
əsərin çox inandırıcı görkəm
almasını şərtləndirib. Bu çoxfiqurlu
kompozisiyada Eldar Mikayılzadə özünü Azərbaycan
miniatür sənətinin görkəmli nümayəndəsi
Sultan Məhəmməd doğma yurdun bənzərsiz tərənnümçüsü
dahi Səttar Bəhlulzadə, xalça sənətimizin
korifeyi sayılan Lətif Kərimov və heç vaxt öz məsləhətlərini
ondan əsirgəməyən sənət bilicisi Cəfər
Mücirinin obrazları ilə yanaşı təsvir etməklə,
onun sənətkar kimi formalaşmasında əməyi olan bu
şəxsiyyətlərin işıqlı xatirəsinə
ehtiramını bildirmək istəyib. Xalçanın
kəsilməsində iştirak edənlər arasında
xalçaçı-rəssam Afətin, təcrübəli
toxuculardan Zümrüd və Səfurənin təsvir
olunması da müəlliflə uzun illər ərzində əməkdaşlıq
edənlərin əməyinin dəyərləndirilməsi
kimi qəbul olunur".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 14 oktyabr.- S.14.