Mətbuatın
“Ziya”sı
Milli mətbuatdakı
boşluğu "Əkinçi"nin
bağlanmasından iki il sonra Səid Ünsizadə
"Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı
tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən
sonra "Ziya" qəzeti öz möhürünü vurdu.
Mətbuat yaratmaq istəyini reallaşdırmaq
üçün Səid Ünsizadə 1878-ci il
dekabrın 4-də qəzetin nəşrinə icazə almaq
üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə
müraciət edir. O, öz müraciətində
yazırdı ki, şərqlilər də qərblilər qədər
işığa və həqiqətə can atırlar,
onları bir-birlərinə düşmən edən cəhalətdir.
Səid əfəndi "Ziya" qəzetinin məram
və məqsədini açıqlayır və bildirirdi ki, nəşr
öz qarşısına ölkənin daxilində, xarici
ölkələrdə baş verən yenilikləri oxuculara
çatdırmaqla onların inkişafına kömək etmək
istəyir. Səid əfəndi tərəfindən təqdim
olunan sənədləri təftiş edən Senzura Komitəsi
Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda
təqdimat göndərmişdi: "Senzura Komitəsi mətbuat
haqqında qanuna əsasən Hacı Səid əfəndi
Ünsüzadənin ərizəsini, habelə "Ziya" qəzetinin
məramnaməsini nəzərdən keçirib, belə qərara
gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb
olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan -
red.) dilində nəşri xüsusi fayda verə bilər.
Məhz buna görədir ki, Hacı Səid
Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən
xahiş edir".
Beləliklə,
qəzetin 1879-cu il yanvar ayının 1-dən
etibarən nəşrinə icazə verildi. Senzura Komitəsi
"Ziya"nın nəşrinə icazə
verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar
arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət
orqanlarına, çenovniklərə dəstək
olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid
Ünsizadənin ruhani zümrəsinə mənsubluğu,
keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə
zidd mövqe tutmaması nəzərə
alınmışdır. Nəşrinin ilk
vaxtlarında "Ziya"ya yaxşı münasibət
göstərilməsinin başlıca səbəbləri də
bu idi.
Səid
Ünsizadə "Ziya"nın nəşri
üçün xüsusi mətbə almışdı.
Naşir bu münasibətlə yazırdı: "Necə bir
laziməli əhvalatlara nəzərən basmaxana
büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini
mühəyya söylədik. Və ruz-bə-ruz
təliminə səy edəcəyik. Nəbənə
baqaidə kitablar dəxi çıxaracayıq". Azərbaycan mətbuatı tarixində ilk şəxsi
mətbəə olan "Ziya" Tiflisdə Zailov soyadlı
şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun
ayının 21-dən Voronsov küçəsindəki 35
saylı evə - Ağa Ələsgər Məşədi
İsmayıl oğlunun evinə köçürüldü.
İsmayıl bəy Qasprinskinin "Ziya"dakı ilk məqaləsi
qəzetin 7 noyabr 1879-cu il tarixli 42-ci
nömrəsində dərc olunub. İsmail Mirzə
- imzalı müəllif (İsmayıl bəy Qasprinski-N.N.)
"Bağçasaraydan göndərilən məktub"
adı ilə verilən bu yazıda iki-üç milyondan ibarət
olan Rusiya tatarlarının ədəbiyyatsız və qəzetsiz
olduqlarına təəssüflənir. O, yazının
bu yerində birinci ədəbiyyatın adını çəksə
də, mətbuatdan daha çox danışır: "Qazetə
məmləkətin lisanıdır. Qazetələr millətə
mühafiz ola bilirlər. Ticarət və hər
cins islahat sırasında (cərgəsində) yol göstərici
ola bilirlər. Qısası,
qəzetəsiz və ədəbiyyatsız millət kor, dilsiz
adamə bənzər. Bu halda "Ziya" qəzetəsi
nəşr olunmasının çox faidəli, iftixarlı
iş olduğundan ziyadəsilə xoşnud olduq. "Ziya" qəzetəsinin gündən-günə
ilərü (irəli) getməsini istəyiriz (istəyirik) və
məful (adət etmiş) edəriz. Bundan
sonra bəz-bəz "Ziya" qəzetəxanəsinə məktub
və kağızlar göndərməyi kəndimizə borc
ediriz".
Bir müddət sonra Səid Ünsizadə mülk
alır və mətbəəni daimi olaraq öz evinə
köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin,
mətbəə işçilərinin olmaması
"Ziya"nın nəşrini çətinləşdirdi.
Ortaya çıxan problemlərə baxmayaraq qəzet
"Ziya" adı ilə 76 nömrə
çıxdıqdan sonra "Ziyayi-Qafqaziyyə"
başlığı ilə nəşrini 1880-cı ilin
dekabrından davam etdirir. "Ziya"nın
başlığının dəyişdirilməsi yeni və
fərqli məna güdməmiş, yalnız texniki məqsəd
daşımışdır. Səid Ünsizadə bu məsələyə
aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində
yazmışdı: "Litoqrafiyamız üçün təzə
gətirdiyimiz həkkak və nəqqaş ustalarımız
"Ziya"dan ötrü nəqş və nigah eylədikləri
"Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi
rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə
məsdur qalan "Ziya" qəzetimizi məzkur sərlövhə
altında nəşr etməyə meyl olundu". Səid
Ünsizadə "beş aydan bəri qiyami ətalətlə
məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən
bağlanmasını işarə etmirdi. Bəhs
edilən məsələ Səid əfəndinin 1880-ci ilin
ortalarında yeni çap maşını alması ilə
bağlı idi.
Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçılarından
olan, maarifpərvər ziyalı, publisist Firudin bəy
Köçərli 1906-cı ildə qələmə
aldığı məqalələrin birində "Ziya"
qəzetinin müəyyən bir istiqamətə malik
olmadığını, yaradıcılıq
yükünün daha çox dini motivin materiallar təşkil
etdiyini yazırdı. Firudin bəy Köçərlinin təhlilinə
görə, qəzetdə mürtəce mahiyyət
daşıyan materiallar, mütərəqqi mahiyyət
daşıyan məqalələrdən çox idi.
("Zaqafqaziya" qəzeti. 1 yanvar 1906-cı il).
Səid Əfəndi Ünsizadənin şəxsiyyəti,
dünyagörüşü haqqında öz xatirələrində
maraqlı
fikirlər irəli sürən, milli publisistikamızın gözəl
nümunələrini ortaya qoyan, istiqlalçı-yazar Ömər
Faiq Nemanzadə isə fərqli yanaşma ortaya qoyur. Ömər Faiq Səid əfəndinin ruhani
olmasına baxmayaraq, liberal dünyagörüşünə
sahib olduğunu yazır. "Ziya" və "Ziyayi -
Qafqaziyyə" qəzetlərində İsmi Sədrəddinbəyov,
Möhsün Qübbən, Qumri Dərbəndi, Məşədi
Məhəmməd Şirvani kimi dini motivli yazılar yazan
müəlliflər ilə yanaşı, dövrün
açıq fikirli ziyalılarının da məqalələrinin
çap olunması Ömər Faiqin fikirlərinə haqq
qazandırır. Belə ki, qəzetin əsas əməkdaşları
sırasında Həsən bəy Zərdabi, Seyid Əzim
Şirvani, Nəcəf bəy Vəzirov, Cəlal Ünsizadə,
S.Vəlibəyov, Adolf Berje, A.O. Çernyayevski və
M.Şaxtaxtlının adları var. Dövrün mütərəqqi
ziyalıları olan bu şəxslərin "Ziya"
("Ziyayi-Qafqaziyyə"nin) səhifələrində elmi,
publisistik məqalələri çap olunur, onların
düşüncələri oxuculara
çatdırılırdı. Professor Fuad
Qasımzadə də "Səid Ünsizadə köhnə
ruhani təhsilli ziyalı kimi əsas yazıçı
qüvvəsinin də ruhanilərdən təşkil
olunduğu" fikrini qəbul etmir.
"Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetinin nəşri
ictimaiyyətin diqqətini daim özünə cəlb
etmiş, dərc olunan materiallar müzakirə və
mübahisələrə səbəb olmuşdu. Qəzet yeni ərəb
əlifbasının islahatı məsələsində Mirzə
Fətəli Axundovun fikirlərini tənqid edirdi. Qəzetin 1883-cü ildə çıxan
saylarının birində dərc olunan məqalədə
deyilirdi ki, bizim məqsədimiz bəziləri kimi əlifbamızda
dəyişikliklər etmək deyildir. Əksinə,
biz həmin insanlara söyləmək istəyirik ki, öz
fikirlərindən daşınsınlar. Müzakirələrə
səbəb olan bu cür yazılar Tiflisdə nəşr
olunan rusdilli mətbuat orqanlarının da diqqətini çəkmiş,
mübahisə doğuracaq məqamlarla bağlı onların
da reaksiyaları olmuşdur. Belə nümunələr
kimi "Kavkaz" qəzetinin "Ziyayi-Qafqaziyyə"nin
1880-ci il 23 dekabr, 1881-ci il 5, 31 yanvar və 1 fevral tarixli
sayı əsasında hazırladığı "XIX əsr
Şamaxının görkəmli adamları" məqaləsini
göstərmək olar. "Ziya"
("Ziyayi-Qafqaziyyə"dən) onun naşiri Səid Əfəndidən
və həmçinin Şamaxının mədəni-ədəbi
həyatından bəhs olunan yazı böyük mübahisəyə
səbəb oldu. Bu məqalənin ardınca
"Kavkaz" qəzetinin 1881-ci il 50-ci
sayında erməni mühərriri və ədibi
A.Əmirxanyansın və Matvey Vasilyeviç imzalı bir nəfərin
məqalələri dərc olundu. M.Vasilyeviç
"Ziyayi-Qafqaziyyə"nin baş məqalələrinin
məzmunu olmadığını iddia edir, çoxsaylı
qüsur və nöqsanlarını xatırladır, problemin
kökündə Səid Ünsizadənin rus dilini, habelə
öz ana dilini mükəmməl bilməməsi göstərilirdi.
Əlbət ki, iradlar həqiqətdən uzaq
idi və bu yalnız qısqanclıqdan doğurdu.
"Ziya"nın rəsmi senzoru Melik
Meqrabov idi və qəzeti çapa o imzalayırdı. Lakin qəzet Qafqaz Senzura Komitəsinin başqa
senzorları V.Bezabrazov, həmçinin "Kavkaz" qəzetinin
rəsmi əməkdaşlarının da nəzarəti
altında çətinliklə işıq üzü
görürdü. Senzorlar qəzet
materiallarını nəşrədək baxışdan
keçirərək "ziyanlı" yazıları
başqa məqalələrlə əvəz etməyi tələb
etdikləri halda, yaranan bu boşluğu "Kavkaz"ın əməkdaşları
öz hazır məhsulları ilə doldururdular. Belə bir vəziyyyətdə "Ziya"
("Ziyayi-Qafqaziyyə") çətinliklə nəşr
olunurdu.
Hacı Səid Əfəndinin işi təkcə
senzorlarla deyil, özünün də mənsub olduğu ruhani
zümrəsinin təhdid və təzyiqlərini dəf etmək
idi. 1879-cu
ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı
münasibətilə keçirilən mərasim barədə
"Qurban bayramı" başlıqlı məqalə dərc
edən "Ziya"nın ruhanilərlə uzun bir çəkişməsi
başlayır. Mərasimdə xütbə
oxuyan Əhməd Əfəndi barəsində məqalədə
əksini tapmış "pis, xoşagəlməz səsə
malik olub, özünü "xoş avaz sayan" ifadəsi kəskin
etiraz doğurur. Ən böyük təşvişə
düşən, məqalə barəsində etiraz edən isə
şübhəsiz ki, Əhməd əfəndi və onun
baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən
Əhməd əfəndi müfti Hüseyn Əfəndi
Qayıbova şikayət etməklə kifayətlənməmiş,
Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi
knyaz Çordcadzeyə də ərizə verib, tədbir
görülməsini xahiş etmişdi. Əhməd
əfəndi "Qurban bayramı" məqaləsini rus dilinə
çevirib şikayət ərizəsinə əlavə
etmişdir. Təhqir olunduğunu iddia edən
Əhməd əfəndi özünün sonrakı
danoslarında qeyd etdiyi kimi, ruhani idarələri üzrə nəzarətçi
onun şikayətinə laqeyd yanaşmış, Səid
Ünsizadə cəzasız buraxılmışdı.
Səid Əfəndi Ünsizadənin çar rejimi tərəfindən
təhdid olunması barəsində türk
dünyasının böyük şəxsiyyəti,
Atatürkün yaxın silahdaşı olan Yusuf
Akçuralı "Türkçülüyün tarixi" əsərində
məlumatlar verib. Yusuf Akçuralı
türkçülük hərəkatının müxtəlif
mərhələləri ilə bağlı
araşdırmasına "Ünsizadələr mətbuatı"
başlığı adı altında məlumatlar daxil edib.
Bu yazıdan bəlli olur ki, Y.Akçuralı Səid
və Cəlal əfəndi Ünsizadələri yaxından
tanıyıb, onların düşüncələrinə bələd
olub. "Ziyayi-Qafqaziyyə"nin iki nüsxəsi
kitabxanada var"- deyərək Ünsizadələrin
yaratdıqları mətbu orqanlarının ideya istiqamətlərini
müəyyənetməyə çalışan
Y.Akçuralı yazır: "Əlimdəki "Ziya"
nüsxələrindən, bu qəzetin Qafqazda yaşayan
türkləri dünyada baş verən hadisələrdən
xəbərdar etmək istəyir, müsəlman və
Osmanlı məmləkətlərinə aid xəbərləri
öncəlik verərək yazdığı
anlaşılır, fəqət dil, ədəbiyyat, tarix və
qayəsində türk millətçiliyi ilə ilgiləndiyinə
dair bu nüsxələrdə bir işarə yoxdur".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 14 oktyabr.- S.11.