“İnsanlar qanun
qarşısında bərabər olmalıdır”
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri,
millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az
saytına müsahibəsinin davamını oxucularımıza
təqdim edirik.
- Milli Məclisdə
cəmiyyətin arzuladığı və nəticə
gözlədiyi sahələrlə bağlı demək olar
ki, Sizdən başqa barmaqla sayılacaq deputatlar məsələ
qaldırır. Bir müddət öncə AZAL ilə
bağlı parlamentdə fikir bildirib onların qiymət siyasətini
ifşa etmişdiniz. Amma heç bir nəticə olmadı.
Əksinə, artıq müalicəyə İrana gedən
kimi millət xaricə getmək üçün gedib Tiflisdən
uçmağa məhkum edilib. Çünki AZAL-ın təklif
etdiyi qiymətlər millət üçün sadəcə əlçatmazdır...
- Mən əvvəllər
də söyləmişəm və indi də deyirəm ki,
AZAL-da əsaslandırılmış qiymət sistemi yoxdur.
Xatırlayırsınızsa Naxçıvana
uçuşların qiyməti qaldırılanda da mən bunu
söyləmişdim və müqayisə aparmışdım
ki, eyni məsafəyə uçuşların qiyməti tutaq
ki, Rusiyada və ya Türkiyədə hansı qiymətədir,
AZAL-da hansı qiymətədir. Hətta aviayanacağı
xaricdən baha qiymətə alan xarici ölkələrdə
uçuşlar belə baha deyil. Halbuki Azərbaycanın
özü aviayanacaq istehsal edən ölkədir. Məhz ona
görə də bizim vətəndaşlar bir çox hallarda
xarici aviakompaniyalardan istifadə etməyə çalışırlar.
Amma bizdə sanki bunun fərqində deyillər ki, qiyməti
aşağı salmaqla daha çox sərnişin cəlb etmək
və daha çox gəlir götürmək olar. Dediyiniz kimi
mən bu məsələni parlamentdə də, mətbuatda da
dəfələrlə qaldırmışam ki, bu qiymətlərin
bir əsaslandırılması yoxdur. Bizdə bilirsiniz necədir,
adətən hökumətin hesabatı zamanı iqtisadi sektora
aid Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük
Komitəsi hesabat verir. Hə güc strukturları hesabat vermir,
nə Xarici İşlər Nazirliyi. Dəfələrlə bu
məsələni də parlamentdə səsləndirmişəm
ki, niyə bu qurum rəhbərləri parlamentə dəvət
olunmur və onlar hesabat vermirlər. Bu azmış kimi bizdə
dövlət büdcəsindən nəhəng maliyyələr
alan dövlət şirkətlərinin rəhbərləri də
hesabat vermirlər. Elə AZAL-ın özü, Xəzər Dəniz
Gəmiçiliyi və bir çox başqa açıq səhmdar
cəmiyyətlər və şirkətlər hesabat vermirlər.
Axı bu qurumlar Nazirlər Kabinetinin üzvü olmasalar da
dövlət şirkətləridir. Özü də bunlar
inhisarçı şirkətlərdir. Ona görə də hər
zaman etdiyim çıxışlarda xüsusi olaraq vurğulamışam
ki, parlament nəzarəti gücləndirilməlidir və bu
qurumlar təkcə prezident deyil, həm də parlament
qarşısında öz məsuliyyətlərini bilməlidirlər,
üzərlərində bir nəzarətin olduğunu hiss etməlidirlər.
Yəni ölkədə bu istiqamətdə doğrudan da
görüləsi çoxlu işlər var.
- Bir
neçə gündür ki, gələn ilki büdcə
paketi bir tapmaca kimi sosial şəbəkələrdə
virtual müzakirə olunur. Hamı da bir suala cavab axtarır
ki, bir həftədən sonra parlamentin müzakirəsinə
çıxarılacaq bu paketin içindəkilərdən nəinki
cəmiyyətin və müstəqil
iqtisadçıların, heç deputatların da xəbəri
yoxdur.
-
Bilirsiniz ki, o büdcə paketi ən sonda deputatlara verilir.
Nazirlər Kabineti artıq bilirsiniz ki, müzakirə edərək
onu prezidentə göndərib, yəqin ki, prezidentin köməkçiləri
baxacaq və yalnız ondan sonra həmin sənəd Milli Məclisə
gələcək. Özü də Milli Məclisə gələn
kimi onun müzakirəsi keçirilmir, həmişə arada
1-2 həftə fərq olur ki, deputatlar büdcə layihəsiylə
yaxından tanış ola bilsinlər.
- Kənd
təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycanın
kənd təsərrüfatı təyinatlı
torpaqlarının Rusiyaya icarəyə verilməsi barədə
dedikləri cəmiyyətdə elə narazılıqla
qarşılandı ki, nazir dediklərini bir gün sonra
danmağa məcbur oldu...
- Hesab
edirəm ki, o da heç cür əsaslandırılmamış
və xətalı bir açıqlama idi və mən izlədim
ki, iqtidarlı-müxalifətli bir çox insanlar bu
açıqlamanı qınadı və mən də qətiyyətlə
pisləyirəm. Azərbaycan kəndlisinə imkan yaratmaq
lazımdır ki, o torpaqlardan lazım olan məhsulu
götürsün. Elə kənd təsərrüfatı
nazirinin borcudur ki, ölkədə şoranlaşmış
torpaqları münbitləşdirsinlər və həmin
torpaqlar da əkilib-becərilsin. Fikir verin, azərbaycanlı gənclər
iş dalınca Rusiyaya gedir, bir çox hallarda gedib oradakı
münbit torpaqları baha qiymətə icarəyə
götürərək qeyri-əlverişli şərtlər
altında məhsul becərərək bazara
çıxarır, qazancın da çoxu heç sonda onlara
qalmır. Nazirsə deyir ruslar gəlib burda bizim torpaqlarda məhsul
becərəcək. Onlar elə əkib-becərəndirlərsə
ağzı günə qalmış milyonlarla hektar münbit
torpaqlarında bunu etsinlər, kimsəyə də bu cür
möhtac olmasınlar. Bu təklifin siyasi tərəfi də
çox qorxuludur, görünür, Heydər Əsədov da
bu təklifin siyasi tərəfini hesablamaq imkanında
olmayıb. Yəni beyninə gələni dərhal da dilinə
gətirib. Düşünürəm ki, o artıq çox
böyük səhvə, xətaya yol verdiyinin fərqindədir.
- Cəmiyyətdə
belə bir müqayisə cəhdləri sezilir ki, AXCP-nin
şinelindən 7 partiya çıxdı, görəsən
Müsavatdan gedənlər neçə partiya yaradacaq?
-
Bilirsiniz ki, AXC-nin və ondan sonrakı dönəmdə
AXCP-nin üzvlərinin sayı çox idi, ona görə də
ordan ayrılan funksionerlər tərəfindən yeni
partiyaların yaradılması mümkün idi. Axı
Müsavatın hər şey bir yana, heç say etibarı ilə
bu potensialı yoxdur ki, bir neçə partiya yaratamaq təşəbbüsündə
olanlar olsun. Partiya təsis etmək üçün ən
aşağısı min nəfər adam lazımdır.
Müsavatda neçə min adam var ki, hətta nəzəri
olaraq bir neçə partiya yaradılsın? Yəni heç
fiziki baxımdan insanların sayı buna imkan vermir. Amma mən
o qurultaydan öncə də söyləmişdim ki, orda bu
proseslər ağrılı keçəcək. Həm də
bunu Müsavatın faciəsi kimi qiymətləndirməmişdim,
vurğulamışdım ki, hələ də ölkədə
ümumi siyasi mədəniyyət aşağıdır. Ona
görə də nə qədər deyilsə ki, Müsavat
Partiyası müsavatçılıq ideologiyası üzərində
yaranıb və onlar əski Müsavatın varisləridir,
amma hamı bilir ki, ortada varislik deyilən bir şey
olmayıb. Yəni 70 il ərzində ortadakı o varislik
dönəmi tamam qırılmışdı. Az qala bir əsrə
yaxın müddətdə hansı partiya fəaliyyət
göstərirdi ki, varislik iddia olunsun? Sadəcə əski
Müsavatın bir neçə üzvü Türkiyədə
yaşayırdı. Müsavat sadəcə İsa Qəmbərin
ambisiyaları ətrafında, özü də əsaslandırılmamış,
təhlükəli nəticələri hesablanmadan
yaradılmış və AXC iqtidarının çökməsində
az rol oynamamış bir partiyadır. Necə ola bilər ki,
hakimiyyətə gələsən və ölkənin ikinci
şəxsi olduğun halda iqtidardakı siyasi qüvvəni
parçalayaraq yeni partiya yaradasan, Yəni mənəvi
baxımdan da bu qınanılası bir addım idi ki, o vaxt
İsa Qəmbər bunu atmışdı. Elə ona görə
də bu 21 il ərzində onun zillətini çəkir. Mən
qurultay öncəsi də söyləmişdim ki, bu partiya bir
nəfərin ətrafında yaranıb və orada İsa Qəmbəri
əvəz edə biləcək ikinci bir nüfuzlu partiya
funksioneri də hazırlanıb ortaya çıxmayıb ki,
bu proses ağrısız keçsin. Sadəcə olaraq onda da
demişdim ki, Müsavat başqanlığına kim gəlir
gəlsin o hökumətlə işləyəcək, əməkdaşlıq
edəcək. Ona görə ki, başqa alternativin
olmadığının fəqində olacaqlar. Yəni İsa
Qəmbər ki, bəzən Əli Kərimli ilə
radikallıq rəqabətinə girmişdi, yeni gələn
adamlar həmin siyasəti davam etdirsələr partiyanın
yaşamaq imkanları olmayacaq. Yəni bunları nəzərə
alaraq demişdim ki, kim gəlsə, yəni həm Qubad bəy,
həm Arif bəy hökumətlə işləyəcəklər.
Gördüyünüz kimi də hökumət heç bir
müdaxilə etmədi, çünki hər iksini
özünə yaxın insanlar sayırdı.
- Qüdrət
bəy, onların hər ikisi hakimiyyətə yaxın
adamlardır məgər?
- Birmənalı
şəkildə. Özünüz də gördünüz
ki, hakimiyyət baş verənlərə məsələrə
heç bir müdaxilə etmədi, yəni bütün
prosesləri öz axarına buraxmışdılar. Amma mən
söyləmişdim ki, seçkinin nəticələri
çox ağrılı olacaq. Bu məqamı bir daha
vurğulamaq məcburiyyətindəyəm: Bu, ancaq
Müsavatın özüylə bağlı məsələ
deyil, hər bir xalqın inkişaf indeksi var. Bu göstəriciyə
görə Azərbaycan heç də irəlidə getmir. Nə
qədər desək ki, bir Avropa ölkəsiyik, bu belə
deyil. Biz Avropa ilə Asiyanın kəsişməsində yerləşən,
həm müəyyən Avropa dəyərlərini mənimsəmiş,
həm Şərqin bəzi neqativ sterotiplərindən hələ
də xilas ola bilməmiş müsəlman ölkəsiyik.
Ona görə də bizim kimi ölkələrdə bu proseslər
ağrılı olur. Ona görə də mən burda rəhmətlik
Əbülfəz Elçibəyi xatırlamaya bilmirəm. Təbii
ki, kimlərsə idarəetmə ilə bağlı onu tənqid
edə bilər, amma o böyük bir Şərq filosofu idi,
deyirdi ki, elə məsələlər var, onun zamana
ehtiyacı var.
- Hər
iki namizəd hökumətlə işləməyə meylli
adam idisə niyə Qubad bəy yox, Arif bəy seçildi?
-
Çünki Arif bəy siyasi məsələlərdə
Qubad bəydən daha təcrübəli idi. O uzun illər
partiyanın daxili həyatında olduğundan vəziyyəti
Qubad bəydən daha müfəssəl bilirdi.
Özünüz də gördünüz ki, seçkilərə
az qalmış Arif Hacılı özünü növbəti
başqan kimi təqdim edirdi. Yəni belə bir fikir
formalaşdırmağa çalışırdı ki, bunun əksi
sadəcə olaraq mümkün deyil. Bir sözlə, mesaj
verirdi ki, o başqan olmayacağı təqdirdə bu
partiyanın parçalanması 100 faiz labüddür və
bundan qaçmaq olmayacaq. Yəni partiyanın
bütünlüyünü hər şeydən üstün
tutan adamları, hətta İsa Qəmbərin
özünü də sadəcə qorxudaraq partiyanı
parçalamaq iqtidarında olduğunu ortaya qoydu. Nəticədə
İsa Qəmbəri də ona loyal davranmağa sövq etdi.
Amma mən hiss edirdim ki, İsa Qəmbərin daxili
simpatiyası bəlkə də Arif Hacılıdan daha
çox Qubad İbadoğluna idi. Unutmayaq ki, Müsavat həm
də o dövrdə regional zəmində yaradılmış
bir partiya idi. O partiyada başqa regionlardan adamlar olsa da adətən
partiyanın hərəkətverici qüvvəsi
regionçuluq amilinə söykənirdi. Təsəvvür
edin ki, İsa Qəmbərin qardaşı da açıq
şəkildə Qubad bəyi dəstəkləmişdi. Bir məqam
da xüsusilə diqqət çəkdi. Bəlli oldu ki,
konfrans keçirilməyən rayonların əvəzinə
qurultaya başqa rayondan adam gətiriblər. Seçkilərdə
də pozuntularla bağlı çoxsaylı iddialar ortaya
çıxdı. Təsəvvür edin, bunlar 450 nəfərin
arasında normal seçki keçirə bilmədilər. Sən
indi hansı haqla iqtidarı saxta seçkilər keçirməkdə
ittiham edə biləcəksən? Televiziyalar da göstərdi
ki, 3-4 nəfər yığışıb bir yerdə bir
bülleten doldurur. Müqayisə aparın. Seçkilərdə
bir məntəqədə orta hesabla 1500 adam səs verir.
Ölkədə də 5 mindən artıq seçki məntəqəsi
var. Bəs yaxşı, siz 5000 məntəqədə bu qədər
adamın səsverməsini necə təşkil edə bilərsiniz?
Yəni 20 ilən artıq eyni partiyada olan insanlar öz
aralarında vicdanlı bir seçki keçirə bilmirlərsə,
tutaq ki, hakimiyyəti kənara qoyuram, Arif Hacılı sabah
Əli Kərimli ilə seçki yarışına girib ədaləti
təmin edəcək? Yəni əgər 20 illik mübarizə
yoldaşı ilə o cür ədalətsiz seçki
keçirdilərsə, başqasına qarşı fərqli
münasibət sərgiləyə bilərlərmi? Əlbətdə
ki, yox! Bilirsiniz, Müsavatın son qurultayından sonra
xalqın seçkiyə inamına o qədər böyük
zərbə vuruldu ki, bunun nəticələrini hələ
xeyli müddət hiss edəcəyik. Əslində
insanların seçkilərdən uzaq düşməsinin də
bir səbəbi də bu cür hərəkətlərdi.
Onlar düşünürlər ki, əgər illər boyunca
bir yerdə olanların bir-birinə münasibəti bu
cürdüsə, sabah bunlar hansı demokratik seçki
keçirə bilər? Bundan başqa beynəlxalq birlik
qarşısında Azərbaycanda siyasi mədəniyyətin
səviyyəsini bir daha göstərmiş oldular ki, özlərini
100 illik bir partiya hesab edənlər bu cür bərbad
seçki keçirdilər. Mən də uzun illər bunu
deyirdim ki, maksimalist olmayaq, biz bir xalq olaraq buyuq və gəlin
yavaş-yavaş xalqı seçki prosesinə hazırlayaq.
İndi hətta Qubad bəy istefa verməsə belə o
partiyaya partiya demək olmaz. Partiya həmfikirlərin bir araya gəldiyi
bir qurumdur. O yerdə ki, artıq insanların bir-birinə
patoloji nifrəti yaranıb, hansı birlikdən söhbət
gedə bilər? Vaxtilə AXC-nin də tərkibində biz
bunun sonradan hansı nəticələrə gətirib
çıxardığını gördük. Ona görə
də mən bu qənaətdəyəm ki, Müsavat
Partiyası İsa Qəmbərlə doğulmuşdusa İsa
Qəmbərlə də öldü. Söhbət Rəsulzadə
Müsavatından yox, yeni yaradılmış Müsavatdan
gedir.
- Azərbaycanın
son illər ənənə halını almış bir
acı reallığı da ağır xəstə olan
görkəmli adamlarla bağlı bəzən çox
gecikmiş, bəzən min kərə xahiş-minnətdən
sonra müalicəsi üçün ən yüksək səviyyədə
qərar verilməsidir. Sonuncu belə olay görkəmli alim
Firudin Cəlilovu ölümün pəncəsindən almaq
üçün Kəmaləddin Heydərovun onu Türkiyəyə
müalicəyə göndərməsi oldu. Olmazmı ki, bir
fond yaradılsın və heç olmasa millət
üçün əlindən gələni əsirgəməmiş
cəfakeş məhşurlarımızın harayına
vaxtında çatmaq mümkün olsun, iş işdən
keçəndən sonra nə dövlət, nə
ayrı-ayrı məmurlar əl-ayağa düşməsin?
- Hesab
etmirəm ki, tanınmış adamlar üçün
dövlət irəli durduğu halda deyək ki, bir kasıb
müalicə pulu tapmadığına görə ölməlidir.
Ona görə də ölkədə tibbi sığorta həyata
keçirilməsi üçün biz illərdi
danışırıq. Bu yaxınlarda baş nazirin müavini
Əli Əhmədov açıqlama vermişdi ki, biz icbari
tibbi sığortanın tətbiqinə başlamağa
hazırlaşırıq. Mən o zaman söyləmişdim
ki, onu ya şantaj edəcəklər, ya da pulla ələ
almağa çalışacaqlar ki, bu məsələ
gündəmdən çıxsın, ən azı məsələ
mümkün qədər yubansın. Ona görə ki, ortada
çox böyük pullardan söhbət gedir. Ölkədəki
səhiyyə sisteminə rəhbərlik edən şəxslər
imkan verməzlər ki, bu proses tezliklə həyata
keçirilsin. Həkimin xəstədən aldığı
pulun hamısı onun özünə çatmır ki. O
yığdığının böyük hissəsin
şöbə müdirinə verir, şöbə müdiri də
aparıb baş həkimə verir, baş həkim də
öz növbəsində daha yuxarıların
"haqqını" verir. Yəni bu cür eybəcər
mexanizm bu formada davam edir. Elə Əli Əhmədovun
müsahibəsində də vardı ki, icbari tibbi
sığorta tətbiq edilsə xəstədən pul alma məsələsi
də aradan qalxar. Yəni deməyim odur ki, biz
insanlarımızın hamısına icbari tibbi
sığortanı tətbiq etməliyik ki, heç kimin
hansısa xeyriyyəçiyə və ya xeyriyyə təşkilatlarına
ehtiyacı olmasın. Elə sistem tətbiq edilməlidir ki,
sığorta şirkəti hər bir vətəndaşımızın
bütün müalicə xərcini qarşılamaq
iqtidarında olsun, bu xərc 50 min manat da olsa, 100 min manat da.
Bundan başqa əlbəttə müəyyən xeyriyyə
fondları da ola bilər ki, sığorta şirkətləri
tələb olunan vəsaitin hamısını ödəmək
imkanında olmayanda həmin fondlar yardımçı olsunlar.
Amma qlobal şəkildə bu problemin həlli icbari tibbi
sığortanın tətbiqindən keçir.
- Bir
müddət öncə xoşməramlı kampaniya
başlatdıq ki, Firudun Cəlilov kimi görkəmli
ziyalıya, keçmiş istiqlalçı deputata, bu millət
üçün canını, enerjisini fəda etmiş elm
xadiminə prezident təqaüdü verilsin...
- Firudin müəllimi mən illər öncədən çox yaxşı tanıyıram. Firudin müəllim doğrudan da prezident təqaüdünə layiq bir adamdır. Onun səhhətindəki problemləriylə bağlı mən özüm də müxtəlif şəxslərlə söhbət etmişəm, bu məsələni onların qarşısında qaldırmışam. Deməyim odur ki, mən onun səhhətindəki problemlərdən xəbərdar idim və heç zaman ona qarşı diqqətsiz qalmamışam. Ona da bir Azərbaycan ziyalısı kimi çox böyük hörmətim var. Hesab edirəm ki, ona prezident təqaüdü verilsəydi, çox yaxşı olardı. Çünki o buna layiqdir və öz fəaliyyətiylə həm də bir istiqlalçı deputat kimi bunu qazanıb. Amma bayaq da qeyd etdiyim kimi qlobal mənada mənim baxışlarım bu məsələdə bir qədər fərqlidir. İnsanlar qanun qarşısında bərabər olmalıdır. Mən tələbələrə xüsusi təqaüdlərin də verilməsinin əleyhinəyəm. Bu baxımdan mən insanlara ünvanlı təqaüdlərin də verilməsini doğru hesab etmirəm. Çünki bu vətəndaşların konstitusiya ilə qanun qarşısındakı bərabərliyi prinsipini pozur. Tutaq ki, ziyalısı, şairi və yazıçısı da kitabını satıb yaşamalıdır. Yəni biz bir sivil Avropa ölkəsi olub Avropa dəyərələrini mənimsəmək istəyiriksə bu belə olmalıdır. Yoxsa bizdə məsələn, kimsə professordur və ali məktəbdə dərs deyir maaş alır və pensiyaya çıxır. Çıxandan sonra ona əlavə olaraq prezident təqaüdü də verirlər. Bəs o biri professorlar? Bəs qanun qarşısında hamının bərabərliyi prinsipi harda qaldı? Xüsusi xidmətlərə görə birdəfəlik mükafatlar verilə bilər. Yoxsa daimi əsaslarla kimsə kiminsə təqdimatını verəcək, onun adın həmin siyahıya salacaqlar, başqaların yada da salan olmayacaq, bu cür meyarla elmi hörmətdən salırıq. Obyektiv araşdırma aparaq görək prezident təqaüdünə düşən professorun digər professorlardan hansı üstünlüyü var? Bu fərqi kim müəyyənləşdirir, kriteriyalar nədir, hansı komissiya bunu seçir? Yaxud fəxri adların verilməsini götürək. Bəzən görürsən ki, incəsənətdən, mədəniyyətdən xəbəri olmayan birinə xalq artisti və ya əməkdar artist adı verilir, canını bu sənətə qoyanı heç yada da salan olmur. Burda hansı kriteriyalsr əsas götürülür bəs? Yəni deməyim odur ki, bu sahədə bizdə bir xaos var və qanunun gücündən yox, acizliyindən danışmaq lazım gəlir. Bayaq tələbələrdən danışdım, kimsə məni ittiham etməsin ki, tələbələrə xüsusi təqaüd verilməsinin əleyhinəyəm. Bilirsiniz, hər şey qanunla tənzimlənməlidir. Təhsil haqqında qanunda konkret göstərilməlidir ki, yaxşı oxuyan tələbə filan qədər təqaüd almalıdır. İndi ixtisaslar üzrə seçimlər edilir və ən yüksək bal toplamış abituriyentlərə bəri başdan prezident təqaüdü verilir. O uşaqların çoxu heç gedib oxumurlar. Amma ən azından həmin tələbənin heç olmasa bir ilinin nəticəsini gözləmək lazımdır ki, bu adam doğrudanmı bu təqaüdə layiq birisidir? Amma bu gün həmin tələbələr təhsil aldıqları universitetin adına xələl gəlməsin deyə, hətta oxumasalar belə universiteti bitirənədək əlaçı qalırlar. Bu formada təhsil və bu cür qiymətləndirmə olmaz. Ona görə də hesab edirəm ki, bu məsələyə də mütləq yenidən baxılmaldır. Deməyim odur ki, 10 milyonluq bir ölkədə dövlət bütün xəstələnən ziyalısının xərclərini öz üzərinə götürə bilməz. Onda gərək ayrı-ayrı şirkətlər ancaq xəstə müalicə etdirməklə məşğul olsun. Bilirsiniz müraciət edənlərin sayı nə qədərdir? Hətta "Heydər Əliyev Fondu" da müraciətlərin hamısını qarşılaya bilmir. Çünki müraciət edənlərin sayı-hesabı yoxdur. Məhz ona görə sığorta şirkətləri yaradılır və vətəndaşa da deyilir ki, sən əvvəlcədən həmin şirkətlərə pul ödə ki, sabah səhhətində problem yarananda sənin əməliyyat xərcini həmin sığorta şirkəti ödəyə bilsin. Biz inkişaf etmiş dünyanın keçdiyi yola çıxmaq üçün sürətlə addımlamalıyıq. Yoxsa lap Heydər Əliyev Fondu kimi 10 dənə fond yaradılsa da mümkün olan şey deyil. Tutaq ki, Heydər Əliyev Fondu ildə min xəstəni əməliyyat etdirir, o biri fondlar da lap hərəsi min xəstəni müalicə etdirsin. Amma təkcə ildə İrana müalicəyə bir milyon adam gedir. Ona görə də ilk növbədə Azərbaycanda səhiyyənin səviyyəsini qaldırmaq lazımdır. Cəmiyyətin diqqətini xırda işlərə deyil, bu cür fundamental məsələlərə yönəltmək lazmdır ki, niyə Azərbaycanda bu qədər dövlət səhiyyə müəssisələri var? Axı biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Niyə səhiyyə obyektlərini də özəlləşdirmrik? Məqsəd və maraq nədir burda? Yaxud niyə bu qədər dövlət universitetləri var? Niyə bazar iqtisadiyyatına keçəndən sonra zavod və fabiklər özəlləşdirildi, amma ali məktəbləri özəlləşdirmək "yaddan çıxdı"? Yəni bu məsələləri biz zaman-zaman qaldırırıq, sizlərin də bir jurnalist kimi borcunuzdur ki, daim gündəmdə saxlayasınız və sual verəsiniz ki, niyə buna olar, o birinə olmaz? Yəni hamı da yaxşı anlayır ki, universitetlər özəlləşdirilməyənədək və təhsil kreditləri verilməyənədək ali məktəblərdəki neqativ halları aradan qaldımaq mümkün olmayacaq. 50 rektor dəyişsələr də heç nə olan deyil. Olsa-olsa müəyyən kosmetik dəyişikliklər ola bilər ancaq. Ancaq təhsildə fundamental dəyişiklikər baş verəsi deyil. Eləcə də icbari tibbi sığortaya keçməyənə və xəstəxanalar özəlləşdirilməyənə qədər səhiyyə sistemində də ciddi nailiyyətlərdən söhbət gedə bilməz. Təhsillə səhiyyəsi zəif olan ölkədə isə vətəndaşın sosial rifahından danışmağın yeri qalmır.
- Hər dəfə Həcc mövsümündə cəmiyyətdə və mətbuatda bu mövzu dartışılır ki, 4 min adam gedib Həccdə 5 min manat pul xərcləyir, amma tutaq ki, qonşusu 500 manat tapıb əməliyyat oluna bilmədiyinə görə dünyasın dəyişir, yaxud pulsuzluqdan digər faciələr yaşanır. Bu məsələyə Sizin baxışınız necədir?
- Həcc ziyarəti hər bir zəvvara təxminən 5 min manata başa gəlir. Amma siz heç təsəvvür edirsinizmi hər il turist kimi xaricə dincələməyə nə qədər soydaşımız gedir? İl ərzində təkcə 60-70 min adam Gürcüstana gedir. Özü də bir çoxunun həmin istirahəti 5 minə yox, 10 min manatdan baha başa gəlir. Yəni bunları eyniləşdirmək istəməzdim, biri gəzmək, istirahət etmək üçün o qədər pul xərcləyir, bir başqası isə Allah qarşısında borcunu yerinə yetirmək üçün müqəddəs yerləri ziyarət etmək istəyir. Bilirsiniz, demək olmaz ki, ay filankəs, sən Həcc ziyarətinə getmə, amma həmin pulu apar bir ürək əməliyyatı üçün xərclə. Mən bu cür yanaşmanı qəbul edə bilmirəm. Bu məsələni hərənin öz vicdanlına, baxışlarına və dünyagörüşünə buraxmaq lazımdır. Amma elə məsələlər var ki, orda qayda-qanun yaratmaq lazımdır. Məsələn, indi restoranlarda qayda-qanun yarada bilmirlər, ki, səsi çox verib toya gələnlərin əsəblərin pozmasınlar, kondisioneri toy başlayan kimi söndürməsinlər, bahalı yeməkləri toyun sonunda gətirməsinlər. Bunu nizama salmaq istəmirlər, indi də təklif səsləndirirlər ki, gəlin Tacikistandakı kimi toya 100 nəfərdən artıq adam çağırılmasın, toyda da tutaq ki, ancaq iki növ yemək verməlisən. Adama deyərlər ki, mənim qonağıma nə verəcəyimi sənmi müəyənləşdirməlisən? Tutaq ki, bir biznesmen oğluna toy edir, o qonaqlara kürü verəcək, o birisi kasıbdırsa bunu verməyəcək. Bazar iqtisadiyatına keçmiş ölkədə bu cür bərabərlik işarəsi qoymaq nə dərəcədə doğru olar? Bunları ona görə söyləyirəm ki, biz bəzən sahibkarın üstünə gedə bilmirik ki, sən orda qanunlara hörmət elə, başlayırıq ümumi təbliğat kampaniyası aparmağa. O ki, qaldı Həcc ziyarətinə, burda da artıq eybəcərliklərə əl atılmasına başlanılıb. Bir də görürsən ki, kimsə gedib o Müqəddəs yerlərdən özü öz şəklin çəkib göndərir Bakıya ki, qoy baxsınlaar bu adam hardadır. Halbuki həmin məqamda o bütün varlığıyla, ruhuyla Allahına bağlanmalıdır. Yəni orda olan adam ibadətdən savayı başqa nə düşünə bilər ki? Amma təəssüf ki, ora reklam naminə gedən də var. Belələri də var, amma əksəriyyət inanclı insanlar Kəbəyə Allah qarşısında günahlarını yumağa gedirlər. Ona görə də bu məsələdə bir qədər ehtiyatlı olmalıyıq. Mən bilirsiniz nədən qorxuram? Azərbaycanda dini ekstremizm güclənir, ölkədən xeyli sayda gənclər gedərək terror təşkilatlarının tərkibində döyüşürlər. Biz bunun qarşısını ala bilmirik. Yəni Azərbaycanda münbit baza var ki, İŞİD burdan əsgər yığdığını bəyan edir. Hesab edirəm ki, diqqəti daha çox bu məsələlərə yönəltməliyik.
Xalq Cəbhəsi.- 2014.- 14 oktyabr.- S.3.